· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ulu öndərə həsr olunan respublika inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi

Mayın 8-də "Gülüstan" sarayında ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş respublika inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi oldu. Tədbirdə təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, təhsil nazirinin müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov, İradə Hüseynova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, respublikanın bir sıra ali və orta ixtisas məktəblərinin rəhbərləri, millət vəkilləri və digər şəxslər iştirak edirdilər.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq bu günlər respublikamızın hər yerində - bütün idarə və təşkilatlarda, dövlət qurumlarında, həmçinin təhsil müəssisələrində müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş  silsilə tədbirlərin keçirildiyini söylədi. Qeyd olundu ki, Təhsil Nazirliyinin "ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında" 26 fevral 2009-cu il tarixli, 222 nömrəli əmri ilə təsdiq olunmuş  Fəaliyyət Planına uyğun olaraq gerçəkləşdirilən kompleks tədbirlərdən biri də ölkənin ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsinin keçirilməsidir. Müsabiqə haqqında mərasim iştirakçılarına geniş  məlumat verən təhsil naziri bildirdi ki, "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur", "Ulu öndər Heydər Əliyevi düşünərkən" nominasiyaları üzrə 700 mindən artıq ümumtəhsil məktəb şagirdinin qatıldığı bu möhtəşəm bilik yarışı 3 mərhələdə təşkil olunub. Məktəb mərhələsi martda, rayon (şəhər) mərhələsi apreldə keçirilib, sonuncu - respublika mərhələsinə vəsiqə almış 88 nəfər məktəblinin "Ulu öndər Heydər Əliyevi düşünərkən" nominasiyası üzrə yekun müsabiqəsi  isə aprelin 25-də Bakıda, akademik Zərifə Əliyeva adına orta məktəbdə təşkil edilib. Respublika mərhələsində iştirak edən həmin 88 şagirdin yazdığı inşa yazı işləri nazirliyin xüsusi əmri ilə yaradılan ekspert komissiyası tərəfindən qiymətləndirilib. Bu şagirdlərdən 20 nəfəri qalib elan olunmuş, onlardan 5-i I yerə, 5-i II yerə, 10-u III yerə, 56 nəfəri isə fəxri  fərmana layiq görülüb. Təhsil naziri onu da qeyd etdi ki, müsabiqənin respublika mərhələsində iştirak edən VII-XI sinif şagirdlərinin ümummilli lider Heydər Əliyevin şərəfli həyat yoluna, parlaq siyasi və zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş inşa yazılarının artıq ənənəyə çevrilmiş "Heydər Əliyev məktəblilərin gözü ilə" adı altında ayrıca kitab  şəklində nəşr etdirilib qaliblərə və oxuduqları məktəblərə hədiyyə edilməsi qərara alınıb. Naxçıvan Muxtar Respublikasında həmin nominasiya üzrə keçirilmiş müsabiqənin 10 nəfər qalibinin inşa yazısı da adıçəkilən kitaba daxil edilib.

Bu müsabiqənin hər il keçirilməsinin artıq bir ənənəyə çevrildiyini deyən təhsil naziri Misir Mərdanov məktəblilərimizin öz inşa yazılarında ulu öndər Heydər Əliyevin hamıya örnək olan həyat yolunu, ümummilli lider haqqında fikir və  düşüncələrini, uşaq (yeniyetmə) təbiətinə xas olan səmimi,  ülvi hisslərlə dahi şəxsiyyətə dərin hörmət, sonsuz ehtiram duyğuları ilə dolğun şəkildə ifadə etdiklərini söylədi. Ulu öndərin hər zaman uşaqları sevdiyini, onlara qayğı ilə yanaşdığını deyən təhsil naziri ölməz şəxsiyyətin təhsillə bağlı dediyi qiymətli fikirləri bir  daha mərasim iştirakçılarının diqqətinə çatdıraraq, əbədiyaşar liderin hər zaman müəllimlərə  yüksək ehtiramla yanaşdığını söylədi. Nazir ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyalarının onun layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirdi. Heydər Əliyev Fondunun təhsillə bağlı gördüyü işlərdən də ətraflı söz açan nazir Misir Mərdanov Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin inkişafındakı əvəzsiz xidmətlərini yüksək dəyərləndirdi.

çıxışının sonunda təhsil naziri bütün təşkilatçılara, müsabiqənin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirdi.  Nazir Misir Mərdanov müsabiqə qaliblərini, onların valideynlərini və təhsil aldıqları məktəblərin kollektivlərini təbrik  etdi.

Gözlənilən an gəlib çatdı. Müsabiqənin fəxri fərmanına layiq görülən 56 nəfər səhnəyə dəvət olundu. I, II, III yerlərin sahiblərinin adları açıqlandı.  Diplomlara layiq görülən I, II, III yerlərin sahiblərinə noutbuklar, fəxri fərmanla təltif olunanlara isə həmin gündən xatirə olaraq hədiyyələr təqdim olundu.

çıxış üçün söz alan Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov keçirilən bu müsabiqənin ulu öndərə məhəbbətin ifadəsi olduğunu, məktəblilərin yazdıqları inşa yazılarının hamısında Heydər Əliyev şəxsiyyətinə dərin hörmət və sonsuz sevginin öz əksini tapdığını söylədi. YAP sədrinin müavini ötən il olduğu kimi, bu il də I, II, III yerləri tutmuş şagirdlərin hər birinə gələcəkdə arzu etdikləri hansı ali məktəblərə qəbul olunmasından asılı olmayaraq, Yeni Azərbaycan Partiyası tərəfindən hər ay təqaüdlərin verilməsinin nəzərdə tutulduğunu dedi və bütün qaliblərə uğurlar arzuladı.

Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da çıxış edərək müsabiqənin qaliblərinin pulla  mükafatlandırılacaqlarını bildirdilər.

Mərasimi nazir Misir Mərdanov yekunlaşdıraraq müsabiqənin qaliblərinə ən xoş istəklərini çatdırdı, onlara müvəffəqiyyətlər arzuladı.

 

Samirə KƏRİMOVA