· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümüdür. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər altıncı ildir bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.

ümummilli liderin ad günü ərəfəsində olduğu kimi, mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar.

Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.

Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət etdilər və gül dəstələri qoydular.

ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.

AzərTAc

   

 

 

 

 

 

ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə paytaxtda möhtəşəm gül bayramı keçirilib

 

Azərbaycan Prezidenti İlham Əliyev bayramda iştirak edib

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm gül bayramı təşkil edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları gül bayramında olmuşlar. 

Dövlətimizin başçısına məlumat verildi ki, səhər tezdən başlayaraq paytaxt sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xarici ölkələrdən gətirilmiş gül-çiçəklə bəzədilən parka gəlirlər. Gül bayramında dünyanın 81 ölkəsindən gətirilmiş 1,5 milyondan çox müxtəlif güllərdən istifadə olunmuşdur.

Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament güllərlə hörülmüşdü.

Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət etdilər, gül-çiçəyə qərq olmuş parkın gözəlliyini seyr etdilər.

Müxtəlif çiçəklərdən yığılan "xalça"lar və türk dünyasının böyük oğlu Heydər Əliyevin portreti orijinallığı ilə göz oxşayırdı. Yer kürəsinin maketi üzərində səkkizguşəli ulduzun içərisində qızılgüllərdən yığılmış "86" rəqəminin təsvir olunduğu kompozisiya gözəlliyi ilə diqqəti cəlb edirdi. Xarici ölkələrdən gətirilmiş və Azərbaycanda yetişdirilmiş cürbəcür çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar buraya gələnləri heyran qoyurdu. Fəvvarələrin ətrafından tutmuş hər tərəf bir-birindən gözəl, bahar təravətli gül-çiçək içində idi. Bir-birini əvəz edən musiqi nömrələri bayram ovqatını daha da yüksəldirdi.

Prezident İlham Əliyevə və ailə üzvlərinə Hollandiyadan gətirilmiş zanbaq buketləri təqdim olundu. Məlumat verildi ki, qızılı-bənövşəyi rəngli bu güllər Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən dünyada ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin adına yetişdirilmişdir. Sertifikatın iki nüsxəsi Prezident İlham Əliyevə təqdim olundu. Sertifikatlardan daha biri Zanbaqların Kultivasiyası Beynəlxalq Reyestr Təşkilatına, digəri isə Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyasına təqdim edilmişdir. Dövlətimizin başçısı yeni uğurlu növ yetişdirilməsi münasibətilə assosiasiyanın nümayəndələrini təbrik edərək onlara müvəffəqiyyətlər arzuladı. 

Gül kimi bəzənmiş və bayramı daha da gözəlləşdirən uşaqlar Prezident İlham Əliyevi və ailə üzvlərini özlərinə xas səmimiyyətlə salamladılar. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva uşaqlarla söhbət etdilər, xatirə şəkli çəkdirdilər.

Prezident İlham Əliyev və ailə üzvləri gül kompozisiyalarına maraqla tamaşa etdilər. Güldən hazırlanmış müxtəlif mənzərələr, orijinal lövhələrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər böyük maraq doğurdu.

Dövlətimizin başçısı və ailə üzvləri ümummilli lider Heydər Əliyevin güllərdən yığılmış portreti önündə xatirə şəkli çəkdirdilər.

AzərTAc

 

 

 

 

M.A.Əliyevanın Heydər Əliyev mükafatı ilə təltif edilməsi haqqında

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Mehriban Arif qızı Əliyeva Heydər Əliyev mükafatı ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 may 2009-cu il

 

 

 

 

 

 

 

 

A.C.Məlikovun Heydər Əliyev mükafatı ilə təltif edilməsi haqqında

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi  xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov Heydər Əliyev mükafatı ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 may 2009-cu il

 

 

 

 

ö.H.Eldarovun Heydər Əliyev mükafatı ilə təltif edilməsi haqqında

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə ömər Həsən oğlu Eldarov Heydər Əliyev mükafatı ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 may 2009-cu il