· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Liseyin 10 yaşı tamam oldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iclas zalında 147 nömrəli texniki-humanitar liseyin 10 illiyi və görkəmli alim, akademik Azad Mirzəcanzadənin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilmişdir.

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış ziyalılar, millət vəkilləri, paytaxtın bir sıra məktəblərinin rəhbərləri, habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak edirdilər.

Tədbiri liseyin fəxri direktoru, Milli Məclisin üzvü, professor Nizami Cəfərov açaraq əsası görkəmli alim Azad Mirzəcanzadə tərəfindən qoyulan liseyin gördüyü işlərdən, onun bu səviyyəyə çatmasında Azad müəllimin zəhmətindən söz açdı. Sonra məruzə etmək üçün söz liseyin direktoru, respublikanın əməkdar müəllimi Həlimə Mehdiyevaya verildi. H.Mehdiyeva liseyin yaranma tarixindən danışaraq qeyd etdi ki, bu təhsil ocağı fəaliyyət göstərdiyi dövrdə bir sıra uğurlara imza atmışdır. Hazırda burada 420 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. ötən il liseyi bitirmiş 69 şagirddən 59-u ali məktəblərə qəbul edilmişdir. Liseyin 3 məzunu Prezident təqaüdçüsüdür. 8 şagird Rumıniya, Koreya, Almaniya, Türkiyə, ABŞ, Rusiya və başqa ölkələrdə öz təhsillərini davam etdirir. Lisey Tatarıstanın və Ufa şəhərinin Texniki humanitar liseyləri, Almaniyanın Drezden şəhərindəki Texniki humanitar liseyi, ABŞ-ın Montana ştatının Texniki liseyi ilə geniş əlaqələr saxlayır. Liseyin özünün elmi şurası vardır. Tədris ocağında təhsilin keyfiyyətini izləyən liseydaxili idarə sistemi fəaliyyət göstərir. Burada qabaqcıl təcrübəyə geniş yer verilir. "Açıq dərs"lər, "dəyirmi masa"lar, interaktiv üsulla dərslərin aparılması, ixtisaslar üzrə alimlərin məsləhət saatları, onların mühazirələri təhsilin keyfiyyətinin yüksəlməsinə təkan verir. Məktəb İnternet şəbəkəsinə qoşulmuşdur.

Təbrik üçün söz təhsil naziri Misir Mərdanova verildi. İlk öncə qonaqları salamlayan nazir qeyd etdi ki, bu təhsil ocağı 10 yaşı qeyd olunan yeganə liseydir. Bu gün, sözün əsl mənasında, bizim üçün həm də ona görə əlamətdardır ki, biz bura Azərbaycan təhsilinin işığına yığışmışıq. Azad Mirzəcanzadə böyük alim, böyük vətəndaş idi. Gənclərin təhsili daim onu düşündürürdü. O çox istəyirdi ki, hər bir alimin məktəbi olsun və özü bu işdə bir nümunə oldu.

Azad müəllimin Azərbaycan elminin ən yüksək zirvəsində durduğunu qeyd edən nazir daha sonra bildirdi ki, görkəmli alimin yaratdığı bu lisey yeganə deyil və Bakıda daha bir məktəb də Azad müəllimin təşəbbüsü ilə yaradılıb. Uzun müddətdir ki, bizim ziyalılar məktəblərdən, tərbiyə müəssisələrindən uzaq düşüblər. İndi isə onlar yavaş-yavaş təhsilə qayıdırlar. Onlar anlayırlar ki, millətin gələcəyi təhsillə bağlıdır. Ona görə də ziyalılarımızın məktəbə qayıdışı bizi fərəhləndirir. Bu tədbir məni bir də ona görə sevindirdi ki, burada respublikanın görkəmli ziyalıları iştirak edirlər.

Daha sonra nazir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatlarının ölkəmizdə böyük uğurla həyata keçirilməsindən, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan, Heydər Əliyev Fondunun təhsillə bağlı təşəbbüslərindən danışaraq qeyd etdi ki, son 5 ildə ölkəmizdə 283 məktəb, uşaq bağçası və digər tədris ocaqları tikilib istifadəyə verilmişdir.

10-illik yubileyini qeyd etdiyimiz Həlimə xanımın rəhbərlik etdiyi liseydə qısa müddət ərzində çox böyük işlər görülmüşdür. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə liseyin kollektivi "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibləri sırasına düşmüş, H.Mehdiyevanın əməyi isə layiqincə qiymətləndirilərək ona "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilmişdir.

çıxışının sonunda nazir Təhsil Nazirliyinin liseyə ünvanlanmış təbrikini direktora təqdim etdi. Sonra nazir liseyin bir qrup müəlliminə Təhsil Nazirliyinin Fəxri fərmanını, 3 nəfər müəllimə isə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanını verdi.

Sonra çıxışlar oldu. Professorlar Eldar Şahbazov, S.İmamverdiyev, xalq şairi Zəlimxan Yaqub, liseyin məzunu Validə Qafarova, professorlar Paşa Qəlbinur, Elmira Ramazanova, Vaqif Abbasov, T.Salavatov, liseyin məzunu T.Şükürova, Milli Aerokosmik Agentliyinin direktoru A.Şirinzadə, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev və başqaları çıxış edərək Azad Mirzəcanzadə ilə bağlı xatirələrini söylədilər və yubileyi qeyd edilən liseyin kollektivinə  yeni-yeni  uğurlar  arzuladılar.

 

Malik NOVRUZOV