· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Məlumdur ki, müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı və tətbiq edəni isə insandır. Bu səbəbdən biliklərin əldə edilməsi və fəaliyyətdə tətbiqi üçün ən vacib amil yalnız təhsil, o cümlədən ali təhsil hesab edilir. Məhz ali təhsil intellektual potensialın formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində müstəsna əhəmiyyət daşıyır. Digər tərəfdən, "biliklər cəmiyyəti"nin formalaşmasında da ən başlıca amil ali təhsildir. "Biliklər cəmiyyəti" elə bir cəmiyyətdir ki, onun əksər üzvləri yeni biliklər əldə edir, daha çox sayda insanlar isə bu biliklərdən faydalanır, istifadə edirlər. Faktiki olaraq, biliklər insanın yaşadığı və inkişaf etdiyi cəmiyyətdə əlverişli və inkişafetdirici mühit formalaşdırır.

Təhlil göstərir ki, inkişafda və yüksək nailiyyətlərin əldə edilməsində insan potensialı həlledici rol oynayır. Biliyə əsaslanan inkişafı qiymətləndirmək üçün BMT XXI əsrin əvvəllərində yeni göstərici olan Texniki Nailiyyətlər Əmsalını (TNƏ) təklif etmişdir. Bu əmsalın hesablanmasında bir sıra göstəricilər, o cümlədən yeni ixtiralar və onların xaricdə istifadəsinə görə ölkəyə daxil olan gəlirlər, yüksək ixtisaslı mütəxəssislərin sayı, təbiət və texniki ixtisaslar üzrə təhsil alan tələbələrin ictimai elmləri öyrənən tələbələrə nisbəti və sair amillər nəzərə alınır. Hazırkı dövrdə yeni biliklərin yaradılması, bu biliklərin bacarıqlara çevrilməsi və onların əsasında yaradılmış yeni texnologiya və məhsulların müxtəlif ölkələrə ixrac edilməsi iqtisadiyyatın çox gəlirli bir istiqamətinə çevrilmişdir. Artıq bir sıra ölkələr öz iqtisadiyyatını bu yolla inkişaf etdirməklə əhəmiyyətli nailiyyətlər əldə etmişlər.

BMT hesablamalarına əsasən, TNƏ göstəricilərinə görə dünya ölkələri dörd qrupa bölünürlər: bu sahənin liderləri, potensial liderlər, yeni texnologiyalardan və biliklərdən geniş istifadə edən ölkələr və bu sahədə geridə qalan ölkələr. Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə dünyanın 18 ölkəsi bu sahədə lider hesab edilə bilər ki, onların arasında ABŞ, Yaponiya, Böyük Britaniya, Norveç, İsveç ən qabaqcıl yerləri tuturlar. BMT-nin təsnifatına görə Azərbaycan ikinci qrupa, potensial liderlər qrupuna aiddir. Şübhəsiz, ölkəmizin potensial liderlər siyahısında olması ali təhsilin inkişafı ilə bilavasitə bağlıdır. Bunun üçün, ilk növbədə, təbiət və texniki elmlərə diqqət artırılmalı, bu istiqamətdə yüksək ixtisaslı mütəxəssislər hazırlayaraq insan potensialı yüksəldilməli, eyni zamanda ölkədə yüksək texnoloji məhsulların istehsalı və ixracdakı payının artırılması istiqamətində daha ciddi addımlar atılmalıdır.

Ali təhsil sadəcə yüksək səviyyəli mütəxəssis yetişdirmir, o, həm də ölkənin insan kapitalını artırır. İnsan kapitalı dedikdə isə, insanın malik olduğu qabiliyyət, qazandığı bilik, bacarıq, vərdiş və motivasiya ehtiyatı başa düşülür. Bu kapitalın xüsusiyyətləri kifayət qədər özünəməxsusdur, o, bir insana məxsus olsa da, eyni zamanda cəmiyyətin mülkiyyətidir. Dövlət, cəmiyyət öz üzvlərini təhsillə təmin etmək üçün sərmayə qoyur, lakin bu xərclər sayəsində onun kapitalı da artır. Beləliklə, təhsil xərcləri nəinki humanist yanaşmanı əks etdirir, həm də istənilən digər xərclərdən daha effektivdir.

ötən məqalələrdən birində qeyd etdiyim kimi, sübut olunmuşdur ki, müasir dövrdə hər hansı bir dövlətin inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsidir. Bu da bir həqiqətdir ki, öz maddi resurslarını ən səmərəli üsulla və qısa müddətdə insan kapitalına çevirməyə nail olan ölkələr daha çox uğurlar qazanmışlar. Təsadüfi deyil ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya və digər ölkələr məhz insan kapitalından böyük gəlirlər əldə etməklə bugünkü inkişaf səviyyəsinə çatmışlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliklə söylədiyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir", "Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır" kimi konseptual müddəaların əsasında da məhz həmin yanaşma dayanır.

Təhsil elə bir sahədir ki, ona nə qədər büdcə vəsaiti sərf edilməsini hesablamaq çox asandır. Bu səbəbdən də bəziləri təhsilə qoyulan investisiyaları faydasız, təhsil prosesinin iştirakçılarını, tələbələri və müəllimləri isə az qala "havayıyeyən" hesab edirlər. Əfsuslar olsun ki, bir çox hallarda bu sahəyə yatırılan sərmayələrin iqtisadi effektini əvvəlcədən hesablaya bilmirik, bəzən isə sadəcə istəmirik və nəticədə təhsil qalıq prinsipi əsasında maliyyələşir.

Dünyada isə bu yanaşmadan çoxdan imtina edilmişdir. Tədqiqatlar onu da göstərir ki, insanın inkişafına erkən yaşlardan qoyulan investisiyalar sonradan daha çox gəlir gətirir. Bu mənada biz də öz iqtisadi təfəkkürümüzü dəyişməliyik. Dərk etməliyik ki, təhsilə vəsait qoyuluşundan keyfiyyət əldə olunmaqla yanaşı, həm də iqtisadi səmərə əldə olunur, gələcək inkişaf təmin edilir. Eyni zamanda həmin iqtisadi səmərəni qiymətləndirməyi də bacarmalıyıq.

Bu gün tez-tez ölkəmizdə ali təhsilli insanların çox olması fikri səslənir. Əslində bu, belə deyildir. ötən məqalələrdə qeyd etdiyim kimi, bu sahədə Azərbaycan həm region, həm də digər postsovet ölkələrindən geridə qalır. İnkişaf etmiş ölkələrlə müqayisədə isə bu gerilik daha kəskin müşahidə olunur. Qeyd etmək vacibdir ki, ölkədə ali təhsillilərin sayı insan inkişafının əsas indekslərindən biridir və dünya ölkələri daim bu indeksi yüksəltməyə can atırlar. Digər tərəfdən ali təhsilli olmağın nəyi pisdir ki? Nə üçün bu məziyyət üstünlük deyil, zəiflik hesab olunmalıdır? Bir şərtlə ki, ali təhsilli dedikdə, cəmiyyətimizdə yanlış yanaşma olan diplomluları nəzərdə tutmamalıyıq. Təəssüf ki, bir çox hallarda həqiqətən ali təhsil almaq, mütəxəssis olmaq əvəzinə, diploma sahib olmaq, "qonşudan geri qalmamaq" stereotipləri daha çox üstünlük təşkil edir.

Əfsuslar olsun ki, bəzən hətta yüksək vəzifəli şəxslər ali təhsil müəssisələrini bitirən məzunların iş tapa bilməməsini problem kimi ortaya atır, bu səbəbdən ali məktəblərə qəbul planının azaldılmasını təklif edirlər. Lakin qəbul etmək lazımdır ki, əmək bazarı qloballaşdığından artıq bu arqumentlər də öz əhəmiyyətini itirmişdir. Belə ki, hər hansı bir sahə üzrə bacarıqlı və səriştəli mütəxəssis üçün beynəlxalq əmək bazarı açıqdır və o, istədiyi yer uğrunda rəqabət apara bilər.

Əlbəttə, ali təhsilli olmaq ideyası özü - özlüyündə mütərəqqi və anlaşılandır. Birdən-birə ölkədə ali təhsillilərin sayının artırılması da mümkün deyildir. Bunun üçün imkanlar və zaman lazımdır. Biz bu gün insanın tələb edəcəyi hər bir şeyi vermək üçün kifayət qədər varlı da deyilik. Lakin ali təhsilli insanların iş yerlərinin sayından çox olması nəinki insaflı və ədalətli haldır, həmçinin özünün mədəni nəticələrinə görə də perspektivlidir.

Düşünürəm ki, yüksək təhsilli insan artıq böyük sərvətdir! öz qarşısına məqsəd qoyub ən təhsilli əhalisi olan ölkəyə çevrilmək milli ideya olmağa layiqdir! çünki biliklər kultu dirçəldikcə xalqın özünəhörməti də artır. Mənə belə gəlir ki, ölkəmizdə vətəndaşların daha keyfiyyətli ali təhsil almasının əhəmiyyəti getdikcə artacaq.

Bəs nə üçün hamı rəqabətqabiliyyətli ali təhsil sistemi qurmaq istəyir? Nə üçün Hindistan və çin kimi yoxsul ölkələr tədqiqat universitetləri və dünya səviyyəli elmi mərkəzlərin yaradılmasına böyük vəsaitlər yatırır, öz həmyerlilərini ABŞ-dan qaytarmaq üçün çox yüksək məvaciblər ödəyir? Səbəb çox sadədir, ali təhsil xüsusi sahədir. Müasir iqtisadiyyatda ölkənin dinamik rəqabətqabiliyyəti üçün istedadlar kütləsini məhz universitetlər yaradır.

Dünya sürətlə dəyişir və biz də sadəcə öz iqtisadiyyatımızı yenidən qurmaq üçün deyil, həm də dəyişikliklərin ön sırasında olmaq üçün kifayət qədər mobil olmalıyıq. Beləliklə, müasir iqtisadiyyatda ali təhsil sistemi ölkənin başlıca inkişaf amili kimi çıxış edir.

İqtisadi inkişaf üçün təbii və istehsalat ehtiyatlarının mühüm olduğu ötən onilliklərdən fərqli olaraq, hazırda ən əsas amil insan kapitalıdır. İstedadlı və ixtisaslı kadrlar varsa, qalan hər şey özü düzələcək. Bu fikir böyük bir alimin məşhur əsərində dəqiq ifadə olunub: "İstənilən cəmiyyətin taleyi, ilk növbədə, onun üzvlərinin xüsusiyyətlərindən asılıdır. Bacarıqsız insanlardan ibarət cəmiyyət heç zaman inkişaf edən cəmiyyətə çevrilməyəcək. Savadsızlar qrupuna isə əla konstitusiya verin, yenə də ondan gözəl cəmiyyət yarada bilməyəcəksiniz. Əksinə, istedadlı və yüksək təhsilli, iradəli şəxslərdən ibarət cəmiyyət mütləq daha mükəmməl ümumi yaşayış formaları yaradacaq və inkişaf edəcək".

Hazırda belə bir tendensiya yaranıb ki, qlobal bazar mütəhərrik olduğundan kapital daha çox gəlir gətirə biləcəyi ölkələri axtarır. Buna görə də daha yüksək keyfiyyətli işçi qüvvəsinə malik ölkələr resursları cəlb edir və daha sürətlə inkişaf edir. Bu səbəbdən təhsil və elmdə kritik kütlə effekti vacibdir: bir yerdə nə qədər çox istedad toplanarsa, onlardan hər birinin məhsuldarlığı və bunun sayəsində ölkənin rəqabətqabiliyyəti bir o qədər yüksək olar.

Ali təhsil sahəsində qloballaşmanın ən nəzərəçarpan təzahürlərindən biri vahid Avropa təhsil məkanının formalaşdırılması olmuşdur ki, onun da təməlində Avropada ali təhsilin inkişafının magistral xəttini təşkil edən və bir sıra vacib prinsiplər əsasında qurulan Boloniya prosesi durur. Təbii ki, həmin prosesdən özünütəcridetmə mümkün deyil, ona görə ki, bu, ali təhsil sahəsində ciddi geriliyə səbəb ola bilər.

Azərbaycan tədricən ümumavropa təhsil məkanına qovuşmaq kursunu götürdüyündən, biz ali təhsil sistemimizdə ciddi keyfiyyət və struktur dəyişiklikləri ərəfəsindəyik. Bununla əlaqədar ali təhsil sahəsində mövcud olan başlıca problemlər artıq müəyyənləşdirilib, onlardan bəziləri barədə ötən məqalələrimizdə məlumat vermişik, digər problemlərə isə burada və gələcək yazılarımızda toxunulacaqdır. Hazırda qarşımızda bir sıra vacib suallar dayanır ki, ali təhsilin inkişafı həmin sualları nə dərəcədə cavablandıracağımızdan və atacağımız konkret addımlardan asılı olacaq. Onları aşağıdakı kimi xarakterizə etmək olar:

-qloballaşmanın Azərbaycanın təhsilinə, o cümlədən ali təhsilinə təsiri;

-Avropa təhsil məkanının formalaşması və onun Azərbaycanla qarşılıqlı əlaqələrinin perspektivləri;

-qloballaşma və Avropaya inteqrasiya kontekstində Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən islahatlar.

Bu sualları cavablandırmazdan əvvəl ölkəmizdə ali təhsilin inkişaf mərhələləri və mövcud vəziyyət barədə fikirlərimi oxucularla bölüşmək istərdim.

Şübhəsiz, Azərbaycanda ali təhsil sovet hakimiyyəti illərində müəyyən inkişaf yolu keçib. Həmin dövrdə ali məktəb şəbəkəsinin inkişafı, mütəxəssis hazırlığının genişləndirilməsi, problem laboratoriyalarının, hesablama mərkəzlərinin, elmi-tədqiqat institutlarının təşkili sahəsində bir sıra addımlar atılmışdı. Lakin dünya ali təhsil sistemindən təcridolunma, sərt mərkəzləşdirmə və ideoloji müdaxilələr ümumilikdə sovet təhsil sisteminə xas olduğu kimi, Azərbaycanda da ali təhsilin inkişafına mənfi təsir göstərirdi.

Müstəqillik illərində, 1993-cü ildən başlayaraq ali təhsildə əsaslı dəyişikliklərin həyata keçirilməsinə, ikipilləli kadr hazırlığına, ali təhsilin strukturu, məzmunu, idarəolunması və bir çox digər sahələrdə islahatlarla başlandı. 1997-ci ildə bakalavrların ilk buraxılışı baş tutdu, eyni zamanda həmin il respublikanın 26 ali məktəbində magistr hazırlığına başlanması ilə əlamətdar oldu. Ali təhsildə struktur dəyişiklikləri aparıldı, müəssisələrin şəbəkəsi optimallaşdırıldı, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olundu. Təhsil müəssisələrinin müstəqilliyi, səlahiyyətləri genişləndirildi, bir sıra ali məktəblərə özünüidarəetmə hüququ verildi. 2001-ci ildən etibarən həmin ali məktəblər dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşdirilməyə başladı.

Müasir tələblərə cavab verən, dərin təfəkkürə, pedaqoji və metodik ustalığa malik müəllim kadrlarının hazırlığı istiqamətində 2003-2008-ci illərdə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası" hazırlandı, 2007-ci ildə hökumət tərəfindən təsdiq edildikdən sonra pedaqoji kadr hazırlığının məzmununda islahatların aparılması işinə başlanıldı.

Azərbaycan Boloniya prosesinə qoşulduqdan sonra ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirildi. Buna müvafiq olaraq Boloniya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən Tədbirlər Planı hazırlanıb təsdiq edildi. Tədbirlər Planına əsasən, "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu" təsdiq edildi və buna müvafiq istiqamətlər üzrə beynəlxalq təcrübəyə əsaslanaraq yeni nəsil dövlət təhsil standartları hazırlandı.

Ali təhsil müəssisələrində tələbələrin biliyinin çoxballı qiymətləndirmə sisteminin tətbiqi kredit sisteminə keçilməsi üçün baza rolunu oynadı. Kredit sisteminin tətbiqi ilə bağlı müvafiq normativ-hüquqi bazanın yaradılması üçün bir sıra xarici ölkələrin təcrübəsi öyrənildi, "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə" hazırlanıb təsdiq edildi, ilkin mərhələdə 10 ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiqinə başlandı, 2008-2009-cu tədris ilində artıq 21 dövlət ali məktəbini əhatə etdir.

Bundan əlavə, xarici ölkələrdə təhsil alanların diplomlarının Azərbaycanda tanınması üzrə müvafiq tədbirlər həyata keçirildi, "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları"na uyğun olaraq Təhsil Nazirliyində Daimi Komissiya yaradıldı. Burada əsas məqsəd, bir tərəfdən, ölkəyə keyfiyyətsiz ali təhsilli mütəxəssis axınının qarşısını almaq idisə, digər tərəfdən, ölkənin əmək bazarının qorunmasından ibarət idi.

Avropa Komissiyası, Avropa Şurası və UNESCO-nun ekspertlərindən ibarət işçi qrupu tərəfindən hazırlanmış diploma əlavənin modeli əsasında ali təhsil haqqında diploma əlavənin nümunəsi hazırlandı və respublikanın ali təhsil müəssisələrində tətbiq edilməkdədir. Bu əlavənin tətbiqində məqsəd Avropa ölkələrində diplomların qarşılıqlı tanınması ilə bağlı yaranmış problemləri aradan qaldırmaq, ixtisas dərəcələrinin beynəlxalq tanınmasında şəffaflığı təmin etmək, məzunların akademik və əmək bazarında mobilliyinin səviyyəsini artırmaq, diplomların xaricdə tanınmasına şərait yaratmaqdan ibarət olmuşdur.

Eyni zamanda "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 2008-ci il 31 yanvar tarixli sərəncamının icrası istiqamətində Təhsil Nazirliyi yeni klassifikatorun hazırlanması üzərində iş aparırdı. Bu sənədin hazırlanması üçün nazirlikdə xüsusi işçi qrupu yaradılmış, beynəlxalq təcrübə öyrənilmiş, UNESCO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun yeni siyahı hazırlanmış, bütün ali məktəblərdə və nazirlikdə geniş müzakirələrdən sonra hökumətə təqdim edilmişdi. Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarı ilə "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramların) yeni siyahısı" təsdiq edilmişdir.

Yeni ixtisas siyahısının hazırlanması zərurəti bir sıra səbəblərlə bağlı idi. İlk növbədə, qeyd edilməlidir ki, əvvəlki klassifikatorda 515 ixtisas var idi ki, onların da təxminən 386-sı üzrə kadr hazırlığı həyata keçirilirdi. Bu sayda ixtisasların mövcudluğu şəraitində, nazirlik tərəfindən görülən tədbirlərə baxmayaraq, bakalavr pilləsində genişprofilli mütəxəssis hazırlığına nail olmaq mümkün olmurdu, bir çox hallarda tətbiq sahələri üzrə dar çərçivəli mütəxəssis hazırlığı həyata keçirilirdi. Bu da həm bakalavr hazırlığı qarşısına qoyulan genişprofilli mütəxəssis hazırlığı vəzifəsinin reallaşdırılmasına imkan vermirdi, həm də məzunların əmək bazarının sürətlə dəyişən tələbatına uyğun gəlməməsinə səbəb olurdu.

Daha bir səbəb onunla bağlı idi ki, ali məktəblərimizdə verilən bir sıra ixtisaslar beynəlxalq aləmdə tanınmırdı. Universitetlərimizdə kadr hazırlığı aparılan beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər, qiymətin əmələ gəlməsi, gömrük ekspertizası, beynəlxalq jurnalistika və sair bu kimi ixtisaslar dünyada qəbul olunmur.

Hökumət tərəfindən təsdiq edilmiş yeni siyahı Azərbaycan ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində atılmış mühüm addımlardan biridir. Eyni zamanda bu sənədin qəbul olunması Boloniya Bəyannaməsinin tələblərinə də uyğundur.

Avropa məkanına inteqrasiyanı və məzunlarımızın rəqabətqabiliyyətliliyini təmin etmək məqsədilə Beynəlxalq Təsnifat Strukturuna müvafiq olaraq təsdiq olunmuş yeni siyahıda ixtisas qrupları üzrə 149 ixtisas saxlanılmışdır. Belə ki, təhsil ixtisasları qrupu üzrə 21, humanitar və sosial ixtisaslar qrupu üzrə 15, mədəniyyət və incəsənət ixtisasları qrupu üzrə 21, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə 11, təbiət ixtisasları qrupu üzrə 10, texniki və texnoloji ixtisaslar qrupu üzrə 49, kənd təsərrüfatı ixtisasları qrupu üzrə 9, səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə 13 ixtisas müəyyənləşdirilmişdir.

Lakin ixtisasların belə azaldılması heç də ixtisaslar üzrə bakalavr hazırlığının ixtisarı kimi qəbul olunmamalıdır, çünki yeni klassifikatorda ixtisasların mexaniki ixtisarı deyil, onların kifayət qədər qruplaşdırılması aparılmışdır. Beləliklə, bu klassifikatora uyğun olaraq, ali təhsilin bakalavr pilləsinin tələb etdiyi kimi, daha genişprofilli mütəxəssis hazırlığı həyata keçiriləcək. Eyni zamanda əvvəlki illərlə müqayisədə bakalavr pilləsinə tələbə qəbulu planının azaldılması da planlaşdırılmır.

Bununla yanaşı, yeni ixtisas siyahısının təsdiq olunması ali məktəblər qarşısında bir sıra ciddi vəzifələr də qoymuşdur. Belə ki, kadr hazırlığı sistemində müvafiq dəyişikliklərin aparılması, yeni standartların hazırlanması, kafedraların sayının optimallaşdırılması, bəzi fakültələrin birləşdirilməsi, bağlanması, ali məktəblərin strukturunun və idarəetmənin təkmilləşdirilməsi istiqamətində sistemli iş aparılmalıdır.

İxtisas siyahısının təsdiqi ilə bağlı ayrı-ayrı ixtisaslar üzrə yeni dövlət təhsil standartlarının hazırlanması zərurəti meydana çıxdı. Bununla bağlı ilk addım olaraq nazirlikdə mütəxəssislərin iştirakı ilə ixtisas (proqram) üzrə bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələbləri müəyyənləşdirən dövlət təhsil standartının strukturunun layihəsi hazırlanaraq müzakirə üçün ali məktəblərə göndərildi. Ali məktəblərin təklifi əsasında həmin struktur nazirliyin müvafiq əmri ilə təsdiq edildi. Yeni struktur əvvəlkindən fərqli olaraq üç blokdan (humanitar, peşə hazırlığı və xüsusi fənlər) ibarətdir. Həmin strukturda seçmə fənlərin çəkisi xeyli artırılmışdır. Belə ki, əvvəlki strukturda onların çəkisi 15,7 faiz idisə, yeni strukturda 27 faiz təşkil etmişdir.

Bununla yanaşı, ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısına müvafiq olaraq ayrı-ayrı ixtisas qrupları üzrə nazirliyin müvafiq əmrilə işçi qrupları yaradıldı. İşçi qrupları qarşısında vəzifə qoyuldu ki, növbəti tədris ilinin əvvəlinədək yeni struktura uyğun standartlar hazırlasınlar. Onu da qeyd etmək lazımdır ki, yeni standartlar kredit sisteminə uyğunlaşdırılmış formada hazırlanacaq.

Beləliklə, son illərdə ölkəmizdə ali məktəblərin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi, müasir avadanlıqlarla təminatı sahəsində ciddi addımlar atılmış, təhsildə müasir texnologiyaların təitbiqi üçün şərait yaxşılaşmış, Avropa ali təhsil məkanına inteqrasiya məqsədilə Boloniya prosesinə qoşulmaq istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş, təhsilin keyfiyyətinə nəzarətin yeni mexanizmlərinin tətbiqinə başlanılmış, müasir tələblər baxımından normativ-hüquqi baza formalaşmışdır, dövlət başçısının qərarı ilə ali məktəb işçilərinin əməkhaqqı hissolunacaq dərəcədə artırılmışdır. İndi hər şey, necə deyərlər, özümüzdən, ali məktəb rəhbərlərindən, fakültə dekanlarından, kafedra müdirlərindən və ali məktəblərdə çalışan müəllimlərdən asılıdır.

Bütün bunlarla yanaşı, ölkənin ali təhsil sistemində mövcud olan problemlər nəzərdə tutulan tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə, kadr hazırlığı keyfiyyətinin yüksəldilməsinə mane olur. Hesab edirik ki, bu problem aradan qaldırılmadan ali təhsildə əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq qeyri-mümkündür.

İndi isə həmin problemlər barədə. Məlumat və təhlil üçün bildirim ki, hazırda respublikamızda 49 ali təhsil müəssisəsi (34 dövlət, 15 qeyri-dövlət) fəaliyyət göstərir. Ali məktəblərin bakalavr pilləsində 128626, magistratura pilləsində isə 6169 tələbə təhsil alır. Dövlət ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali məktəblər istisna olmaqla) 11566 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 1148 nəfəri elmlər doktoru, professor, 5243 nəfəri isə elmlər namizədi, dosentdir.

Universitetlərdə kadr tərkibinin təhlili göstərir ki, bir sıra hallarda ştatda olan və əvəzçiliklə cəlb olunan müəllimlərin nisbətində uyğunsuzluqlar mövcuddur. Belə ki, hazırda ümumilikdə ali məktəblərə əvəzçiliklə cəlb edilənlər 20 faiz təşkil edir. Bəzi ali məktəblərdə isə bu göstərici daha yüksəkdir. Məsələn, Azərbaycan Dəniz Akademiyasında əvəzçi müəllimlər 63,2, Bakı Slavyan Universitetində 50,9, Azərbaycan Dövlət İdarəçilik Akademiyasında 50, Azərbaycan Milli Konservatoriyasında 48,9, Azərbaycan Dövlət Aqrar Universitetində 32,6 faiz təşkil edir.

Cədvəldən göründüyü kimi, bəzi ali məktəblərdə əvəzçiliklə işləyən müəllimlərlə yanaşı, saathesabı işləyən müəllimlərin sayı da çoxdur. Bu da şübhəsiz ki, təhsilin keyfiyyətinə mənfi təsir edən amillərdəndir. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində tam ştatda olan müəllimlərin sayı 552 olduğu halda, saathesabı ilə işləyən müəllimlərin sayı 382, Azərbaycan Dövlət İqtisad Universitetində isə bu rəqəmlər müvafiq olaraq 864 və 308-dir. Bir neçə il bundan əvvəl yaranmış Azərbaycan Turizm İnstitutunda ştatda 46 nəfər olduğu halda, saathesabı ilə işləyənlərin sayı 96-dır.

Cədvəldən o da aydın görünür ki, 26 dövlət universitetində çalışan professor-müəllim heyətinin ümumi sayı 11333 olduğu halda, rəhbər, inzibati təsərrüfat, tədris-köməkçi heyətin sayı 12350 nəfər təşkil edir. Əlbəttə, acınacaqlı vəziyyətdir.

Növbəti cədvəldən göründüyü kimi, ali məktəblərin strukturunda 140 fakültə, 823 kafedra, 100-dən çox elmi-tədqiqat laboratoriyası və 4 elmi-tədqiqat institutu, 17 müxtəlif istiqamətli elmi-tədqiqat qurumları fəaliyyət göstərir.

Bu sahədə aparılan təhlillər göstərir ki, ali məktəblərin idarəetmə strukturu müasir tələblərə tam cavab vermir, mövcud əsasnamənin tələbləri gözlənilmədən bir çox hallarda əsassız olaraq kiçik fakültələr və kafedralar yaradılıb ki, bu da maliyyə resurslarının qeyri-səmərəli istifadəsinə və əlbəttə, təhsilin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Buna misal olaraq Bakı Dövlət Universitetinin jurnalistika, kitabxanaçılıq-informasiya, Azərbaycan Dillər Universitetinin alman dili, fransız dili, Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə, Gəncə Dövlət Universitetinin filologiya, Azərbaycan Milli Konservatoriyasının tarix nəzəriyyəsi-ifaçılıq, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə, Azərbaycan Rəssamlıq Akademiyasının təsviri sənət, sənətşünaslıq və sair fakültələrini göstərmək olar. Yeri gəlmişkən onu da qeyd edim ki, yaxın günlərdə Almaniyada Axen Universiteti ilə tanış olarkən məlumat verdilər ki, 40 minə yaxın tələbəsi olan bu universitetin cəmi 10 fakültəsi vardır.

Daha bir problem dərs yükü ilə bağlıdır. Əgər ayrı-ayrı universitetlər üzrə passiv (auditoriyadankənar) dərslərə ayrılan saatların miqdarı ümumi dərs yükünün 28-30%-ini təşkil edirsə, universitetlərin bəzi kafedraları üzrə bu göstəricilər 40-50 faizdir. Məsələn, BDU-nun  diferensial və inteqral tənliklər, torpaqşünaslıq, ADNA-nın neft yataqlarının işlənməsi və istismarı, rus dili, AzTU-nun nəzəri mexanika, materiallar müqaviməti, AMİU-nin dəmir-beton və daş konstruksiyası, metal, ağac və plastik kütlə konstruksiyaları və sair kimi kafedralarda belə hallar mövcuddur. Təsəvvür edin ki, müəllimin illik dərs yükü 450 saatdırsa, onun gündəlik dərs yükü 3 saat təşkil edir, aktiv saatı isə bir-iki saat intervalındadır. Əgər müəllim universitetdəki vaxtının qalan hissəsini elmi-tədqiqat işlərinə, tədris vəsaitlərinin hazırlanmasına, tələbələrlə sərbəst ünsiyyətə sərf etsəydi, bu hal normal sayıla bilərdi. Əslində isə vəziyyət tam fərqlidir. Təhlil göstərir ki, əksər hallarda müəllimlər auditoriyada dərsini deməklə öz vəzifəsini yerinə yetirmiş hesab edirlər. Qeyd olunanlar onu göstərir ki, bir çox hallarda müəllimlərin fəaliyyətinin əsas hissəsi auditoriyadan kənardır, bu da onlara eyni zamanda bir neçə təhsil müəssisələrində işləməyə şərait yaradır. Təbii ki, belə bir vəziyyətdə heç bir keyfiyyətdən söhbət gedə bilməz. Böyük həcmdə passiv (auditoriyadankənar) dərs yükünün yaranmasının səbəblərindən biri də müəllimlərin müvafiq normadan artıq bakalavr buraxılış işlərinə, magistrant, aspirant və dissertantlara rəhbərlik etməsidir. 

  

(Ardı var)

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor