|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyinin kollegiyasında ötən
il təhsil sahəsində görülmüş işlər,
əldə olunan uğurlar diqqətə çatdırıldı,
cari ildə qarşıda duran vəzifələr geniş
müzakirə olundu Yanvarın
10-da Təhsil Nazirliyində növbəti
kollegiya iclası keçirildi. İclasda kollegiya üzvləri
ilə yanaşı, Milli Məclis sədrinin birinci müavini
Ziyafət Əsgərov, Nazirlər Kabinetinin Elm,
mədəniyyət, təhsil və sosial problemlər
şöbəsinin müdir müavini Qurban Əmirov, millət
vəkilləri, ali məktəblərin rektorları,
Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri,
orta ixtisas təhsili müəssisələrinin,
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının,
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin, bir sıra rayon və şəhər
təhsil şöbələrinin rəhbər işçiləri,
məktəb direktorları, KİV nümayəndələri
iştirak edirdilər. Təhsil naziri, kollegiyanın sədri Misir
Mərdanov iclası açaraq hamını salamladı,
qonaqlara dəvətlərini qəbul edib gəldikləri
üçün minnətdarlığını
bildirdi. Nazir yeni ilin ilk kollegiya iclasının
2008-ci ildə təhsil sahəsində görülmüş işlər
və 2009-cu ildə qarşıda duran
vəzifələrin müzakirəsinə həsr olunduğunu
deyərək son
illər hesabat
xarakterli belə kollegiya iclaslarının keçirilməsinin
artıq ənənəyə çevrildiyini qeyd etdi. Təhsil naziri Misir Mərdanov müzakirə
olunan məsələ barədə geniş
məruzə-təqdimatla çıxış etdi. Proyektor
vasitəsi ilə ekranda nümayiş olunan və nazirin
ətraflı şərhi ilə müşayiət edilən
məruzə-təqdimatda 2008-ci ildə təhsil
sahəsində görülmüş işlər, qazanılmış
uğurlar, bu sahədə mövcud olan problemlər və qarşıda
duran vəzifələr geniş faktik material, statistik
rəqəmlər və fotogörüntülərlə əyani
olaraq kollegiya iştirakçılarına çatdırıldı. Təhsil naziri ilk olaraq hamının
diqqətini ölkə Prezidenti
cənab İlham Əliyevin dediyi "Biz maddi
dəyərlərimizi, iqtisadi potensialımızı insan
kapitalına çevirməliyik" fikrinə
yönəldərək ölkəmizin təhsil
sahəsindəki uğurlu inkişafından çöz açdı.
Qeyd etdi ki, son 5 ildə əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş siyasi və
iqtisadi kurs möhtərəm Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilmişdir.
Azərbaycan yalnız regionun deyil, həm də Avropanın
siyasi cəhətdən ən stabil ölkəsinə çevrilərək
beynəlxalq aləmdə nüfuzu artmış, iqtisadi inkişaf
tempinə görə dünyada lider ölkələr sırasına
daxil olmuşdur. Bu uğurlu fəaliyyətin
nəticəsidir ki, ötən ilin oktyabrında cənab
İlham Əliyev xalqın mütləq
əksəriyyətinin dəstəyi ilə yenidən
Prezident seçilmişdir. ölkə başçısı
tərəfindən təhsilə xüsusi diqqət və
qayğı göstərildiyini deyən nazir təhsilə
ayrılan büdcə vəsaitinin, onun inkişafına yönəlmiş
xərclərin ilbəil artdığını qeyd etdi
və təhsilin maliyyələşdirilməsinin inkişaf
dinamikasını əks etdirən cədvəlləri,
statistik rəqəmləri iclas iştirakçılarının
nəzərinə çatdırdı. Verilən məlumatdan
aydın oldu ki, təhsilə ayrılan büdcə 2003-cü
illə müqayisədə 5 dəfədən çox artaraq
2008-ci ildə 1,1 milyard manata çatmış, 2009-cu ildə
isə 1,3 milyard manat təşkil etmişdir. İnvestisiya
qoyuluşları 2004-cü ildəki 5,8 milyon manatdan 38
dəfə artaraq 220 milyon manata yüksəlmişdir. Hazırda
təhsil xərcləri dövlət büdcəsində çəkisinə
görə ilk yerdə dayanmışdır . Məruzə-təqdimatının
əsasən cədvəllər və diaqramlar
üzərində qurulduğunu bildirən nazir
diqqəti daha sonra bir təhsil alana düşən xərcin
inkişaf dinamikasına yönəltdi. Təhsilin
məktəbəqədər, ümumi orta, o cümlədən
ibtidai, əsas və orta, texniki peşə, orta ixtisas, ali
təhsil pillələri üzrə bir təhsil alana düşən
xərcin miqdarını 2007, 2008 və 2009-cu illər üzrə
açıqlayaraq, onların müqayisəli təhlilini apardı
və ilbəil artdığını vurğuladı. 2008-ci
ilin təhsil sahəsində bir çox hadisələrlə
yaddaqalan olduğunu söyləyən təhsil naziri həmin
hadisələrin bəzisini qeyd etdi. Bildirdi ki, ötən il
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev dərs ilinin ilk günündə Bakı şəhəri
60 nömrəli məktəbin və Bakı Dövlət
Universitetinin yeni korpusunun açılışında iştirak
etmiş, il ərzində bir sıra təhsil müəssisələrində
olmuş,regionlara səfəri zamanı
müəllimlər, şagirdlər və
valideynlərlə görüşmüşdür.
Azərbaycanın təhsil tarixində
ilk dəfə olaraq ümumi təhsil pilləsində bütün
məktəblərin I siniflərindən yeni kurrikulumların
tətbiqinə başlanılmış,
ilk dəfə olaraq dövlət başçısının
sərəncamı ilə "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələri keçirilmiş,
qaliblərə müvafiq olaraq 10 min və 5 min manat
olmaqla ümumilikdə 1 milyon manat pul mükafatları verilmişdir.
Dövlət başçısının sərəncamları
ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət
Proqramı", "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı"
təsdiq edilmişdir. 2008-ci ildə 201 nəfər, son 5
ildə isə 900-dən çox təhsil işçisi
Prezident sərəncamları ilə yüksək dövlət
təltiflərinə layiq görülmüşlər. Nazir Azərbaycan hökuməti ilə Dünya
Bankı arasında Təhsil Sektorunun İnkişafı üzrə
İkinci Layihə ilə əlaqədar sazişin
imzalanmasını, təhsil tariximiz üçün xüsusi
əhəmiyyət kəsb edən Azərbaycan müəllimlərinin
XIII qurultayının, Bakı şəhərində
"Dünyada savadlılığın
dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional
konfransının, İslam ölkələri
ali təhsil və elmi-tədqiqat nazirlərinin IV
konfransının keçirilməsini, paytaxtımızda
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının
fəaliyyətə başlamasını, bütün təhsil
işçilərinin əməkhaqlarının və
təhsilalanların təqaüdlərinin artırılmasını,
"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununun layihəsinin Milli Məclisdə ikinci oxunuşdan
keçməsini, dövlət başçısının son 5
ildə ölkədə təhsilin inkişafı
sahəsində həyata keçirdiyi siyasəti özündə
əks etdirən, beynəlxalq və yerli ekspertlər
tərəfindən yüksək qiymətləndirilən
"Prezident İlham Əliyev və Azərbaycanda
təhsilin inkişafı: 2003-2008" fundamental kitabın
ölkə ictimaiyyətinə təqdim
olunmasını da ilin
ən mühüm hadisələri kimi qeyd edərək
təhsilimizin tarixində özünəməxsus yer tutan bu
hadisələrin hər biri haqqında
ətraflı şərh verdi. Misir
Mərdanov daha sonra təhsil sistemi haqqında statistik
məlumatları diqqətə çatdırdı. İlk
olaraq məktəbəqədər təhsil sistemi haqqında
danışan nazir bildirdi ki, 2008-ci ildə belə müəssisələrin
sayı 1658, orada tərbiyə olunan
uşaqların sayı 103902, bu müəssisələrdə
çalışan pedaqoji işçilərin
sayı isə 13765 nəfər olmuşdur. ötən il ölkədə
5 özəl məktəbəqədər təhsil müəssisəsi
fəaliyyət göstərmiş, bunlarda
uşaqların sayı 346, pedaqoji işçilərin
sayı isə 94 nəfər təşkil etmişdir.
2009-cu ildə bu bağçaların sayı 6, uşaqların
sayı 368, pedaqoji işçilərin sayı 105-dir. Daha sonra
ümumi təhsil sisteminə aid
faktlar və rəqəmləri diqqətə çatdıran
nazir bildirdi ki, 2007-2008-ci tədris ilində 4545 dövlət
və 16 özəl ümumtəhsil məktəbində müvafiq
olaraq 1 483 311 və 6841 şagird təhsil alıb. Dövlət
ümumtəhsil məktəblərində onların
təlim-tərbiyəsi ilə 175 221, özəl ümumtəhsil
məktəblərində isə 1 122 nəfər müəllim
məşğul olub. 2008-2009-cu tədris ilində dövlət
ümumtəhsil məktəblərinin sayı 4 540, şagirdlərin
sayı 1 424 353, müəllimlərinin sayı 173 100
nəfərdir. Bu il özəl məktəblərin sayı
17, şagirdlərinin sayı 7162, müəllimlərinin sayı
isə 1 021 nəfərdir. 2007-2008-ci tədris ilində I
sinif şagirdlərinin sayı 117 921 olub, 2008-2009-cu
tədris ilində isə 119 600 nəfər təşkil
edir. Nazir bu statistik rəqəmlərin müqayisəli
təhlilini apararaq ətraflı şərh etdi. Ekranda məktəbdənkənar, texniki peşə,
dövlət və özəl, orta ixtisas, ali təhsil və
əlavə təhsil sistemlərində müəssisələrin,
təhsil alanların, müəllimlərin sayını göstərən
cədvəllər nümayiş
olundu. Nazir həmin cədvəllərdən bəzi
rəqəmləri diqqətə çatdıraraq qeyd etdi ki,
2007-2008-ci tədris ilində 107 texniki peşə
təhsili müəssisəsi fəaliyyət göstərirdisə,
2008-2009-cu tədris
ilində onların sayı
108-ə çatıb. ötən tədris ilində dövlət
ali təhsil müəssisələrinin sayı 35 olduğu
halda, 2008-2009-cu tədris ilində bu rəqəm 36-dır.
Məruzə-təqdimatda qeyd olundu ki,
təhsil sistemində bu gün respublika üzrə 1800 elmlər
doktoru, 8725 nəfər elmlər namizədi çalışır.
Keçən illə müqayisədə bu sahədə artım
tempi müşahidə olunur. Təhsil sahəsində həyata keçirilən
proqram və layihələr barəsində ətraflı
danışan nazir ölkə başçısı cənab
İlham Əliyev tərəfindən 14 inkişafyönümlü
Dövlət Proqramının təsdiq olunaraq uğurla
həyata keçirildiyini vurğuladı. "Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı (2007-2010-cu illər)"ndan söz açan təhsil
naziri bu sahədə
əldə olunan nailiyyətlərdən danışdı.
Bildirdi ki, Bakı şəhərində 11 yeni uşaq bağçası
tikilib istifadəyə verilmiş, 21 uşaq bağçası
isə (Bakı şəhərində 20, Sumqayıt şəhərində
1) əsaslı təmirdən çıxmışdır.
Yeni inşa olunan və əsaslı təmir edilən 32
məktəbəqədər
təhsil müəssisəsi müasir avadanlıqlarla
təmin edilmişdir. Məktəbəqədər
təhsil müəssisələri üçün 24 adda 254 min nüsxədə
təlim materialları hazırlanmışdır. Paytaxtda
113 uşaq bağçasının özəlləşdirilməyə
açıq elan olunmasına baxmayaraq, həyata keçirilən
tədbirlər nəticəsində ötən dərs
ilinə nisbətən cari dərs ilində
məktəbəqədər təhsil müəssisələrinə
gedən uşaqların sayı 1305 nəfər artmışdır.
Bundan başqa, erkən yaş dövründə uşaqların
inkişafı üzrə vahid siyasətin həyata keçirilməsi
və Dövlət Proqramının daha səmərəli
idarə edilməsi məqsədilə Təhsil
Nazirliyində Məktəbəqədər təhsil
sektoru yaradılmışdır. Bu sahədə qarşıda duran
vəzifələrə də toxunan nazir onların sırasında
məktəbəqədər təhsil müəssisələri
şəbəkəsinin optimallaşdırılmasını,
maddi-texniki bazanın möhkəmləndirilməsini,
əsaslı təmir və avadanlıqlarla təminat işinin
davam etdirilməsini, müasir tələblərə cavab
verən kurrikulumun hazırlanması istiqamətində
tədbirlərin həyata keçirilməsini,
məktəbəqədər təhsil xidmətlərinin
keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi
sisteminin yaradılmasını,
məktəbəqədər təhsilin
əhəmiyyəti barədə valideynlərin
maarifləndirilməsi işinin təşkilini, media
resurslarından səmərəli istifadə olunmasını,
5 yaşlı uşaqların icbari
məktəbəqədər təhsilə cəlbi
istiqamətində tədbirlərin həyata keçirilməsini
və s. məsələləri xüsusi qeyd etdi. 5 yaşlı
uşaqların icbari məktəbəqədər
təhsilə cəlbinin ən vacib və
məsuliyyətli bir iş olduğunu
vurğulayan təhsil
naziri iclas iştirakçılarının diqqətini bu yaşda
uşaqların məktəbəqədər
təhsilə cəlbi ilə əlaqədar
ölkə və Bakı şəhəri üzrə göstəricilərə
yönəldərək bununla bağlı müəyyən
məqamlara aydınlıq gətirdi. Ekranda, həmçinin
yeni tikilib istifadəyə verilmiş, əsaslı
təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmiş,
uşaqların rahat məşğul olmaları üçün
hər cür imkan və şəraitə malik bağçalardan
fotolar da nümayiş olundu. Məruzə-təqdimatında
məktəb tikintisi proqramlarına toxunan nazir qeyd etdi ki,
son illərdə 350 min şagird yerlik 1300-dək yeni
məktəb binasının tikilməsi çağdaş
təhsil tariximizin ən parlaq
səhifələrindəndir. Cari ildə 161 yeni
məktəb istifadəyə verilmiş, 129 məktəb
əsaslı təmir edilmişdir. ümumilikdə, son
illərdə 700 mindən çox şagird, yəni bütün
şagirdlərin təxminən 50 faizi müasir
tələblərə cavab verən
məktəblərdə təhsil almaq imkanı
əldə etmişdir. Məktəblərin infrastrukturunun
yeniləşdirilməsi istiqamətində Heydər Əliyev
Fondunun təşəbbüsü ilə son illərdə 226
yeni məktəb tikilmiş, 39 məktəb, 10 uşaq bağçası
əsaslı təmir olunmuşdur.
Məktəb tikintisi sahəsində 2003-cü
ildən başlayaraq 2008-ci il də daxil olmaqla görülən
işlərin təhlilini aparan nazir
Misir Mərdanov bu istiqamətdə nəzərdə
tutulan perspektivlərdən danışdı.
Belə ki, ölkə Prezidenti tərəfindən təsdiq
edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və davamlı
inkişaf Dövlət Proqramı"na əsasən
2009-2012-ci illərdə 450 məktəb üçün yeni binanın
inşası, 600 məktəb üçün əlavə korpusların
tikintisi, 1200 məktəbin əsaslı təmiri
nəzərdə tutulmuşdur. Bundan əlavə, 2009-cu
ildə 100-dən çox yeni məktəbin inşası
planlaşdırılmışdır. Əsas
hədəf çoxnövbəliliyin ləğvi və beşgünlük
tədris həftəsinə keçilməklə bütün şagirdlər
üçün əlverişli təlim şəraitinin yaradılmasıdır.
Məktəblərin əsaslı təmiri proqramına müvafiq
olaraq isə son illərdə Təhsil Nazirliyi
tərəfindən 300-dək məktəb əsaslı
təmir edilmişdir. 2008-ci ildə 129 məktəbdə
əsaslı təmir aparılmış və onlar müasir
avadanlıqlarla təchiz olunmuşdur. 2009-cu ildə
100-dən çox məktəbin əsaslı təmiri
nəzərdə tutulub. "Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin avadanlıqlarla təmin olunmasına
dair İnkişaf Proqramı (2005-2009-cu illər)"na
əsasən yeni tikilən və əsaslı təmir
edilən məktəblərdən əlavə,
son illərdə Təhsil Nazirliyi
tərəfindən 506 məktəb müasir avadanlıqlarla
təmin olunmuşdur. 2008-ci ildə
180 məktəb şagird masası, yazı lövhəsi,
müəllim stolu və stulu ilə təmin edilmişdir.
2009-cu ildə 200 məktəbə müasir avadanlıqlar
veriləcəkdir. Ekranda nümayiş etdirilən fotolar
vasitəsilə iclas iştirakçıları paytaxtımızda,
eləcə də bölgələrimizdə fəaliyyət
göstərən orta ümumtəhsil
məktəblərində yaradılan şəraitlə
yaxından tanış oldular. Bir-birindən yaraşıqlı,
ən müasir avadanlıqlarla təchiz olunmuş sinif, kompüter
otaqları, fənn, linqafon kabinetləri, akt və idman
zalları, üzgüçülük hovuzu bu gün şagirdlərimiz üçün
yüksək səviyyədə təhsil və
tərbiyə mühitinin yaradıldığını göstərirdi. Məktəblərin istiliklə təminatının
son illər diqqətdə saxlanılan bir
məsələ olduğunu deyən təhsil naziri bu
istiqamətdə görülmüş və görülməsi
nəzərdə tutulan işlər haqqında da danışdı.
2008-ci ildə 350 məktəbin istilik sisteminin bərpa
edildiyini və onlardan 206-nın Təhsil Nazirliyinin
mərkəzləşdirilmiş vəsaiti hesabına
olunduğunu dedi. Bildirdi ki, 2009-cu ildə 300-dək
məktəbin istilik sistemi əsaslı təmir və
bərpa ediləcəkdir. Nazir bu sahədə bir sıra problemlərin mövcudluğunu istisna
etməyərək onların həlli istiqamətində mühüm
addımlar atılacağını söylədi. Daha sonra məruzə-təqdimatda
təhsilin məzmunu üzərində dayanıldı.
Təhsil naziri bu məsələyə çox ciddi yanaşıldığını
deyərək son illərdə Dünya Bankının
maliyyə yardımı ilə həyata keçirilən
islahatyönümlü tədbirlərin böyük
əksəriyyətinin məhz ümumi təhsilin
məzmununun yeniləşdirilməsinə və mütərəqqi
dünya təcrübəsinə uyğunlaşdırılmasına
yönəldiyini bildirdi. Qeyd etdi ki, həyata keçirilən
tədbirlərdə əsas məqsəd
şagirdlərin idrak fəallığını, ümumi
inkişafını ləngidən mövcud "yaddaş
məktəbi"ndən "təfəkkür və düşüncə
məktəbi"nə keçmək və bu əsasda ümumi
təhsilin müasir modelini qurmaqdan ibarətdir. Azərbaycanda
2004-cü ildən başlanan məzmun dəyişiklikləri
təlim-tədris prosesinin sistemli planlaşdırılmasını
özündə əks etdirən kurrikulum islahatları adı
altında aparılır. Azərbaycan hökuməti
tərəfindən 30 oktyabr 2006-cı ildə təsdiq
olunmuş "Azərbaycan Respublikasında ümumi
təhsilin Konsepsiyası (Milli Kurrikulumu)"
sənədinin və bu sənədin
tələblərinə uyğun hazırlanıb
təsdiq edilmiş fənn kurrikulumlarının didaktik
əsasını nəticəyönümlülük, tələbyönümlülük
və şəxsiyyətyönümlülük prinsipləri təşkil
edir. Nəticəyönümlülük təhsil pillələri,
siniflər və fənlər üzrə əldə olunacaq
təlim nəticələrinin əvvəlcədən müəyyən
edilməsini, tələbyönümlülük təlim
məqsədlərinin cəmiyyətin, dövlətin və
fərdin tələbatına cavab verməsini,
şəxsiyyətyönümlülük hər bir
təhsilalana meyil, maraq və qabiliyyəti
nəzərə alınmaqla zəruri həyati bacarıq
və vərdişlərin aşılanmasını özündə
ehtiva edir. Nazir bildirdi ki, yeni kurrikulumlarla
tədrisə cari dərs ilindən etibarən I
siniflərdən başlanmış
və beləliklə, ümumi təhsil sistemində yeni
mərhələnin təməli qoyulmuşdur. Bunu
Azərbaycan təhsilində çox ciddi bir hadisə kimi qeyd
edən təhsil naziri həmin istiqamətdə
əldə olunan nailiyyətlərdən və
perspektivlərdən söz açdı. Verilən məlumatdan
aydın oldu ki, yeni kurrikulumun tətbiqi ilə
əlaqədar I siniflərdə dərs deyən 9
minədək müəllim təlim kursları və
treninqlərdən keçirilmişdir. Təhsil Sektorunun İnkişafı
üzrə İkinci Layihə çərçivəsində
2009-2013-cü illərdə əsas və orta təhsil
pillələri üzrə (V-XI siniflər) fənn
kurrikulumlarının hazırlanıb təsdiqi və
tətbiqi nəzərdə tutulmuşdur. Son illərin ən böyük
nailiyyətlərindən birinin dərslik yaradıcılığı
sahəsində olduğunu bildirən təhsil naziri bununla
bağlı görülmüş işlərdən bəhs etdi.
Nazir qeyd etdi ki, 2006-cı ildə Azərbaycan hökuməti
ilə razılaşdırılaraq qəbul olunmuş
"Dərslik siyasəti" sənədi dərslik yaradıcılığı
sahəsində islahatlara böyük təkan vermişdir. Bu
sənədin tələblərinə müvafiq olaraq
dərsliklərin hazırlanması proseduru dünya təcrübəsinə
uyğunlaşdırılmış, müstəqil qurum olan
Dərslikləri Qiymətləndirmə Şurası yaradılmışdır. 2003-2008-ci illərdə milli mənəvi
dəyərlər əsasında müasir
tələblərə uyğun məzmunda ümumilikdə 30
milyon nüsxə dərslik çap edilmişdir. 2008-ci ildə
102 adda 4 milyon nüsxədən çox dərslik və müəllim
üçün vəsait şagirdlərə çatdırılmışdır.
İclas iştirakçılarının diqqətinə
2003-cü ildən başlayaraq 2008-ci il də daxil olmaqla
dərslik təminatı ilə bağlı statistik
rəqəmləri çatdıran nazir qeyd etdi ki, 2009-cu
ildə 87 adda 4 256 600 nüsxədə dərsliyin çap olunması
nəzərdə tutulur. Nazir xüsusi vurğuladı ki, cari dərs ili
təhsil tariximizdə yeni kurrikulumlar əsasında I
siniflər üçün hazırlanmış dərslik, müəllimlər
üçün vəsait və şagirdlər üçün iş
dəftərindən ibarət komplektlərin tətbiqi
ilə əlamətdar olmuşdur. Bu komplektlər yeni
dərslik siyasətinin ilkin nümunələridir. Artıq neçə illərdir ki, bütün şagirdlər
dərsliklərlə pulsuz təmin olunurlar. Problem kimi uzun
illər qalmış məktəblərin təlim
materialları və əyani vəsaitlərlə
təminatı məsələsi də öz həllini tapmışdır. Məktəb kitabxanaları
latın qrafikası ilə çap edilmiş 18 adda uşaq
ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazıçılarının
əsərləri ilə təmin edilmişdir. Heydər
Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı
fənlər üzrə 140 adda 1,4 milyon nüsxə
tədris-əyani vəsaitlər hazırlanaraq
məktəblərə verilmişdir. Bundan əlavə,
orta ümumtəhsil məktəblərinə 19 adda 351 595 nüsxə
xəritə verilmişdir. Ekranda 2009-cu ildə nəşr
ediləcək dərsliklər və metodik
vəsaitlərlə bağlı hazırlanmış xüsusi
cədvəllər nümayiş olundu. Həmin
cədvəllərdə təlim Azərbaycan və rus
dillərində aparılan məktəblər üçün
nəşr olunması nəzərdə tutulan dərslik
və metodik vəsaitlərin adları açıqlanmaqla yanaşı,
onların tirajı da göstərilirdi. Kollegiya iştirakçılarına təqdim
olunan hesabat məruzəsində şagird
nailiyyətlərinin qiymətləndirilməsinin müasir
tələblərə cavab verən yeni mexanizminin yaradılması,
bu sahədə tətbiq edilən yeniliklər barədə
də geniş söz açıldı. Bildirildi ki, ümumi
təhsilin məzmununun yeniləşdirilməsi şagird
nailiyyətlərinin qiymətləndirilməsi
sahəsində də yeni mexanizmlərin tətbiqini
zəruri etmişdir. Ənənəvi
qiymətləndirmə sistemi müəllimin subyektiv mülahizələrinə
əsaslanır, şagirdlərdə təlimə marağı,
məsuliyyət hissini artırmaq əvəzinə,
əksinə, azaldır, onların inkişafını
sistemli şəkildə izləməyə imkan vermir. Ona
görə də şagird, bir qayda olaraq, qiymət almaq
xatirinə oxuyur. Nazir qeyd etdi ki, dünyada qəbul olunmuş
və tətbiq edilən qiymətləndirmə sistemi
indikindən fərqli olaraq 3 komponent-məktəbdaxili,
milli və beynəlxalq qiymətləndirməni
əhatə edir. Yeni sistemdə şagird
nailiyyətlərinə kompleks şəkildə yanaşılır,
onun əvvəlki illərdə və buraxılış
sinfində nəticələri nəzərə alınır.
Bu sahədə görülən işlərdən, əldə
olunan uğurlardan danışan
nazir Misir Mərdanov məktəbdaxili
qiymətləndirmənin mühüm tərkib hissəsi olan
buraxılış imtahanlarının
forma və məzmunca təkmilləşdirilməsi,
yeni mexanizmlərin tətbiqi istiqamətində
əhəmiyyətli addımlar atıldığını
dedi. Bildirdi ki, inkişaf etmiş ölkələrin təcrübəsi
nəzərə alınaraq 2006-cı ildən etibarən
mərhələlərlə buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada test üsulu ilə
aparılmasına başlandı. 2005-2006-cı dərs
ilində 2 rayon üzrə 6 min, 2006-2007-ci dərs ilində 3
rayon və şəhər üzrə 13 min, 2007-2008-ci
dərs ilində 9 rayon və şəhər üzrə 52
min şagird əhatə olundu. Cari dərs ilində ölkənin
bütün ümumtəhsil məktəblərində 130 min şagird
əhatə olunmaqla mərkəzləşdirilmiş
imtahan formasının tətbiqi nəzərdə tutulur. Mərkəzləşdirilmiş imtahan
formasının üstünlüklərindən söz açan təhsil
naziri daha sonra beynəlxalq qiymətləndirmənin
nəticələrinə də toxundu. Təhsil
tariximizdə ilk dəfə olaraq beynəlxalq
qiymətləndirmə 2006-cı ildə PİSA proqramı
çərçivəsində aparılmış, 2008-cı
ildə nəticələr elan olunmuşdur. Beynəlxalq
proqram çərçivəsində 15 yaşlı şagirdlərin
ana dili, riyaziyyat və təbiət fənləri üzrə
bacarıqlarının səviyyəsi
qiymətləndirilmişdir. Şagirdlərimiz riyaziyyatdan
nəzəri qabiliyyətlər üzrə reytinq
cədvəlində iştirakçı 57 ölkə arasında
IV yeri tutmuşlar. Nazir daha sonra 2007-2008-ci dərs ilində XI
siniflərdə mərkəzləşdirilmiş qaydada
test üsulu ilə keçirilmiş buraxılış
imtahanlarının nəticələri haqqında
məlumat verərək əla
qiymətlərlə bitirmiş məzunların ali
məktəblərə qəbul imtahanlarında topladığı
balları diqqətə çatdırdı , hər iki
nəticənin müqayisəli
təhlilini apardı. Aydın oldu ki, orta məktəbdə buraxılış
imtahanını əla qiymətlərlə bitirən 227
məzundan 223-ü ölkənin ali məktəblərinə keçirilmiş
qəbul imtahanlarında iştirak edib. Onlardan 104-ü 600-700;
64-ü 500-600, 30 nəfəri 400-500 bal toplayıb. Orta ümumtəhsil məktəblərinin XI
siniflərində mərkəzləşdirilmiş qaydada
test üsulu ilə keçirilmiş buraxılış imtahanlarını
"3" qiymətlərlə bitirmiş məzunların
da ali məktəblərə qəbul imtahanlarında
topladıqları balların müqayisəli təhlili aparıldı.
Daha sonra 600-dən çox bal toplayan abituriyentlərin dinamikasını
əks etdirən cədvəl nümayiş olundu.2008-ci
ildə Bakı şəhəri
məktəbləri məzunlarının
ali məktəblərə qəbul göstəricisi
2006-cı ildəki 34,79 faizdən 39,22 faizə, 300-dən
çox bal toplayanlar 32,40 faizdən 40,12 faizə, əlaçı
məzunlardan 500-700 bal toplayanlar 41,70 faizdən 72,0
faizə, 600-dən yuxarı bal toplayanların sayı
isə 452-dən 702-yə yüksəlmişdir. Təhsil
naziri paytaxt
məktəblərinin bütün şagirdlərinin buraxılış
imtahanlarında aldığı qiymətləri doğrultmasını
müsbət hal kimi qiymətləndirdi. Bütün bunların Azərbaycanda təhsilin
keyfiyyətinin inkişafından xəbər verdiyini
deyən nazir iclas iştirakçılarını 1999-2008-cı
illərdə dövlət və özəl ali
məktəblərin müvafiq ixtisaslarına qəbul olunan
abituriyentlərin orta bal göstəriciləri ilə də
tanış etdi, şagird nailiyyətlərinin
qiymətləndirilməsi ilə bağlı
perspektivlərdən danışdı. Buraya ümumtəhsil
məktəblərinin buraxılış
siniflərində mərkəzləşdirilmiş imtahan
təcrübəsinin təkmilləşdirilməsi,
beynəlxalq qiymətləndirmə üzrə
tədbirlərin davam etdirilməsi PİSA ilə yanaşı,
TİMSS və PİRLS təşkilatları ilə
əməkdaşlıq edilməsi, cari dərs ili
ərzində məktəbdaxili qiymətləndirmənin
yeni modelinin elmi-metodik əsaslarının və təşkilati
mexanizmlərinin işlənib hazırlanması və
eksperimentdən keçirilərək növbəti dərs
ilindən tətbiqinə başlanması,
məktəbdaxili qiymətləndirmənin yeni modeli
və digər məsələlər daxildir. Kollegiya iştirakçıları
indikindən fərqli yeni
tətbiq ediləcək sinif jurnallarının nümunələri
ilə tanış
oldular. ölkə başçısı cənab İlham
Əliyev tərəfindən təsdiq olunmuş "Xüsusi
istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı
(2006-2010-cu illər)" çərçivəsində də müəyyən
işlər görüldüyünü qeyd edən nazir
bildirdi ki, Proqram çərçivəsində tədqiqat
obyektləri kimi 21 bölgədə 32 pilot məktəbi
təşkil olunmuş, 14 ümumtəhsil
məktəbində lisey sinifləri açılmış, 7
internat məktəb lisey və gimnaziyaya çevrilmiş, bir
neçə mərhələli seçim aparılaraq ölkə üzrə
"İstedad bankı" yaradılmışdır.
Bundan başqa, müəllimlər üçün zəruri
vəsaitlər hazırlanıb nəşr edilmiş, 12
lisey və gimnaziya əsaslı təmir edilərək müasir
avadanlıqlarla təchiz olunmuş, xüsusi istedada malik uşaqlar
üçün Bakı şəhərində yay düşərgəsi
təşkil edilmişdir. Respublikanın orta ümumtəhsil
məktəblərində kifayət qədər istedadlı
və qabiliyyətli uşaqların olduğunu deyən
nazir onlarla aparılan işlərin davamlı olacağını
bildirdi. Nazir bununla bağlı perspektivlərdən söz açdı,
həmçinin dünya fənn olimpiadalarında
Azərbaycan məktəblilərinin 1998-2008-ci illər üzrə
nəticələri ilə bağlı fikirlərini söylədi. Məruzə-təqdimatda qeyd olundu ki,
"2008-2012- ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı" çərçivəsində
bir sıra mühüm işlərin həyata keçirilməsi
nəzərdə tutulub. Bundan əvvəl həyata keçirilmiş
"Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin İKT ilə təminatı Proqramı
(2005-2007-ci illər)" çərçivəsində bir sıra
uğurlu addımlar atılıb. Belə ki, 2005-ci
ildə 228 məktəbə 5644, 2006-cı ildə 942
məktəbə 10 908, 2007-ci ildə isə 2569
məktəbə 15 125 kompüter verilib. 2005-2007-ci illəri
əhatə edən Proqrama uyğun olaraq 1103 məktəb
noutbuk və proyektorla təmin olunub və beləliklə,
V-XI siniflərdə hər 29 şagirdə 1 kompüter
nisbəti təmin edilib. Beynəlxalq təşkilatlarla 20
minə yaxın müəllim və məktəb
rəhbəri öyrədici treninqlərdə İKT bacarıqlarına
yiyələnmişdir. İlk dəfə olaraq Azərbaycan tarixi,
kimya, biologiya, fizika fənləri üzrə elektron tədris
resursları hazırlanıb məktəblərə çatdırılmışdır.
Bir neçə məktəbdə "Elektron
məktəb" layihəsinə başlanmış,
Təhsil Nazirliyində təhsil sisteminin informasiyalaşdırılması
idarəsi yaradılmışdır. Misir Mərdanov kollegiya iştirakçılarının
diqqətinə çatdırdı ki, " 2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı "na əsasən
bir sıra mühüm işlərin reallaşdırılması
nəzərdə tutulur. Proqrama müvafiq olaraq 2009-cu ilin
sonunadək 500 məktəb (Bakı, Sumqayıt,
Gəncə şəhərləri, Abşeron payonu) genişzolaqlı
sürətli İnternetlə təmin olunacaq, elektron
tədris resursları bazası, vahid təhsil portalı
yaradılacaq, çevik idarəetmə və qərar
qəbuletməyə xidmət edən DATA mərkəz
yaradılacaq. "2005-2009-cu illər üçün Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri
şəbəkəsində pedaqoji kadr təminatı üzrə
İnkişaf Proqramı" çərçivəsində atılan
addımlardan da məruzə-təqdimatda söz açıldı.
Qeyd olundu ki, proqrama əsasən 2005-2008-ci illərdə
ucqar kənd məktəblərinə güzəştli
şərtlərlə 4788 müəllim göndərilmişdir.
O cümlədən 2008-ci ildə nəzərdə tutulduğu
kimi, 1308 müəllim ucqar kənd məktəblərində
işlə təmin olunmuşdur. 2009-cu ildə daha 1308 müəllimin
ucqar kənd məktəblərinə təyin olunması
nəzərdə tutulur. Görülmüş işlərlə yanaşı,
yerlərdə kadr siyasətinin düzgün aparılmaması
nəticəsində son 5 ildə şagirdlərin sayı
265 513 nəfər azaldığı halda, müəllimlərin
sayı 4602 nəfər artmış, müəllim-şagird
nisbəti 9,9-dan 8,2-yə enmişdir. Təhsil Nazirliyində bu məsələ
çox ciddi araşdırılmış, müəllimlərin
seçilməsi və işə təyin olunması
sahəsində dünyada sınaqdan keçirilmiş
mexanizmlərin tətbiqi istiqamətində bir sıra addımlar
atılmışdır. Bakı şəhərində
son iki, respublikanın rayonlarında isə cari dərs
ilindən müəllimlərin seçilməsi və yerləşdirilməsi
Təhsil Nazirliyi tərəfindən nəzarətə götürülmüşdür.
Bütün bunlar haqqında kollegiya iştirakçılarına
məlumat verən Misir Mərdanov daha sonra bildirdi ki, aparılan
təhlilə əsasən ötən dərs ilində RTŞ-lar
tərəfindən Təhsil Nazirliyinə təqdim olunmuş
4000 vakansiyadan yalnız 1850-sinin əsaslı olduğu müəyyənləşdirilmiş
və cari dərs ilində vakant yerlərin sayına uyğun
müəllimlərin işə qəbuluna razılıq
verilmişdir. Nazir müqayisə üçün bildirdi ki, ötən
tədris ilində bütün rayon və şəhərlər
üzrə 4654 müəllim işə qəbul olunmuşdusa,
cari dərs ilində proqram da
daxil olmaqla 1829 müəllim işə götürülmüşdür. Görülən
tədbirlər nəticəsində son 10 ildə ilk
dəfə olaraq müəllimlərin sayının artma
tendensiyası dayanmış, azalma müşahidə olunmuşdur.
Belə ki, pedaqoji kadrların sayı ötən dərs
ilindəki 175 221 nəfərdən 173 100
nəfərə enmişdir.Misir Mərdanov qeyd etdi ki, bu istiqamətdə cari dərs
ilində pedaqoji kadr təminatı vəziyyətinin
monitorinqi aparılmalı və müvafiq proqram hazırlanmalıdır.
Məsələnin olduqca ciddiliyini diqqətə çatdıran
təhsil naziri həmin istiqamətdə görülməsi
nəzərdə tutulan tədbirlərdən danışdı. Nazir daha sonra "Azərbaycan Respublikasında
xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları
məhdud) uşaqların təhsilinin təşkili
ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu
illər)"ndan danışaraq həmin proqram çərçivəsində
beynəlxalq təşkilatlarla birlikdə inklüziv
təhsil layihələrinin həyata keçirildiyini dedi.
İnklüziv təhsil layihələri 30-dan çox təhsil müəssisəsini,
200-dən artıq məktəbəqədər və
məktəbyaşlı xüsusi qayğıya ehtiyacı
olan uşağı əhatə etmişdir. Heydər Əliyev Fondunun gördüyü işləri
xüsusi qeyd edən təhsil naziri Misir Mərdanov Fondun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban Əliyevanın xüsusi
qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı
internatlara, məktəblərə getməsini, orada müəllim və şagirdlərlə
keçirdiyi görüşləri,
onlara xüsusi diqqət və qayğı ilə yanaşmasını,
problemləri ilə maraqlanmasını bu
istiqamətdə çox ciddi işlərin görülməsinə
təkan verdiyini qeyd etdi. Nazir bildirdi ki, Heydər Əliyev
Fondu ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan
uşaqların təhsil aldığı bütün müəssisələr
əsaslı təmir və bərpa olunmuş, müasir
avadanlıqlarla təmin edilmişdir. Ekranda
həmin təhsil müəssisələrindən fotogörüntülər
nümayiş olundu. Məruzə-təqdimatda qeyd olundu ki, ötən
il "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (de-institutlaşdırma)
və alternativ qayğı
Dövlət Proqramı (2006-2015-ci illər)"na müvafiq
olaraq bir sıra əhəmiyyətli işlər
həyata keçirilmişdir. Belə ki, proqramın icrası
istiqamətində əlaqədar qurumlarla birlikdə bütün
internat məktəb və uşaq evlərinin
fəaliyyətinin monitorinqi aparılmış, dövlət
uşaq müəssisələrinin və orada yaşayan uşaqların
qiymətləndirilməsi keçirilmiş, məlumat bazası
yaradılaraq müvafiq transformasiya planı hazırlanmışdır.
Plana əsasən Bakı şəhəri 2 nömrəli uşaq
evi nəzdində alternativ qayğı mərkəzi -
"Günərzi Qayğı Mərkəzi" yaradılmışdır.
Bu sahədə görülən digər işlərdən
danışan nazir görülməsi vacib olan məsələləri
də qeyd etdi. ölkədə "Uşaq müdafiə
sistemi" yaradılmasının zəruriliyini
diqqətə çatdıran təhsil naziri
pərakəndə fəaliyyət göstərən qurumların
əvəzinə ilkin mərhələdə Təhsil
Nazirliyinin tabeliyində Uşaq Müdafiə Departamenti, pilot
rayonlarında isə onun şöbələrinin, daha sonra
pilot layihə çərçivəsində məlumat bankının,
alternativ qayğının təşkili,
ailələrə verilmiş uşaqların
vəziyyətinin öyrənilməsi üzrə monitorinq
sisteminin yaradılmasının nəzərdə tutulduğunu
söylədi. ölkə başçısı
cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli
sərəncamı ilə 2009-cu ilin "Uşaq ili"
elan edilməsinin bu istiqamətdə daha bir vacib addım
olduğunu hesab edən Misir Mərdanov bununla bağlı
bir sıra tədbirlərin həyata keçiriləcəyini
söylədi. Məktəblərin maliyyələşdirilməsi
məsələsinə toxunan təhsil naziri 2007-ci
ildən maliyyə islahatlarının reallaşdırılması
istiqamətində bir sıra qabaqcıl ölkələrin
təcrübəsi öyrənilməklə 3 rayonun (Ucar, İsmayıllı
rayonları, Şirvan şəhəri) 59
məktəbində adambaşına maliyyələşmənin
tətbiqi üzrə eksperimentə başlanıldığını
dedi. Məktəbdənkənar təhsildə
də nailiyyətlər əldə olunmuşdur.
Belə ki, dünya və Avropa çempionatlarında,
olimpiadalarda, müsabiqə və yarışlarda qazanılan
çoxsaylı qələbələr məhz
məktəbdənkənar təhsil müəssisələrinin
xidməti sayəsində mümkün olmuşdur.
Məktəbdənkənar təhsil müəssisələrinin
infrastrukturu yeniləşdirilmiş,
onların şəbəkəsinin optimallaşdırılması,
maddi-tədris bazasının möhkəmləndirilməsi
istiqamətində ciddi işlər aparılmışdır.Qarşıda
bu sahənin inkişafı ilə bağlı bir sıra
tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Məruzə-təqdimatında
"Azərbaycan Respublikasında texniki peşə
təhsilinin inkişafı üzrə Dövlət
Proqramı (2007-2012-ci illər)"nın icrası
ilə bağlı görülən işlərdən danışan
nazir bu sahədə yeniliklərdən
bəhs etdi. Bildirdi ki, Proqram çərçivəsində
texniki peşə təhsili üzrə analitik məlumat
bazası və İnternet səhifəsi, Avropa
Komissiyası ilə birgə layihənin icrası ilə
əlaqədar idarəetmə qrupu yaradılmışdır.
Müəssisələr 38 adda 1222 dəst olmaqla əyani
vəsaitlərlə təmin edilmişdir. TPİ-də
YUNESKO-nun dəstəyi ilə "Texniki peşə
təhsilinin inkişaf mərkəzi"nin yaradılmasına
başlanmışdır. Cari dərs ilinin
əvvəlində Qəbələdə turizm və otelçilik
üzrə müasir tələblərə cavab verən peşə-
tədris mərkəzi açılmışdır. 9 peşə
təhsili müəssisəsi əsaslı
təmir edilmiş və avadanlıqlarla təmin olunmuşdur.
Bu sahədə görülən işlərin davamlı olacağını
bildirən nazir perspektivlərdən danışdı. Təhsil naziri daha sonra ali təhsilin
yeniləşməsi, keyfiyyət göstəricilərinin
artması istiqamətində həyata keçirilən
və keçirilməsi nəzərdə tutulan
məsələlərdən geniş söz açdı. Misir
Mərdanov qeyd etdi ki, son illərdə Boloniya
Bəyannaməsinin müddəalarına uyğun olaraq ali
təhsil sisteminin yeniləşdirilməsi və
təhsilin keyfiyyətinin ümumavropa
tələblərinə uyğunlaşdırılmasına
ciddi diqqət yetirilmişdir. Dövlət başçısının
"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı
bəzi tədbirlər haqqında"
31 yanvar 2008-ci il tarixli sərəncamından
irəli gələn vəzifələrin həlli
istiqamətində mühüm addımlar atılmışdır. ölkə Prezidentinin həmin sərəncamına
əsasən "2009-2013-ci illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı" layihəsi hazırlanıb hökumətə
təqdim edilmişdir. Nazir bildirdi ki, adıçəkilən
Proqram təsdiq olunduqdan sonra onun icrası ilə bağlı
həyata keçiriləcək tədbirlər ali təhsil
sisteminin inkişafında mühüm bir
mərhələ təşkil
edəcəkdir. Digər verilən məlumatdan aydın
oldu ki, Dünya Bankı ilə imzalanmış Sazişə
əsasən ölkəmizdə ali təhsilin inkişafı
üzrə layihə hazırlanır. Ali təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
və infrastrukturunun yeniləşdirilməsi, əlverişli
təhsil şəraitinin yaradılması
istiqamətində də əhəmiyyətli işlər
görülmüşdür. Ekranda əsaslı təmir olunmuş, müasir
avadanlıqlar, maddi-texniki baza ilə təchiz olunmuş
ali məktəblərin, yeni tikilmiş tədris korpuslarının,
laboratoriyaların, təcrübə mərkəzlərinin,
informasiya resursları kompleksinin, qapalı və açıq
idman zallarının fotogörüntüləri nümayiş olundu. Nazir sonra
diqqəti müəllim hazırlığı
məsələsinə yönəldərək, bu işlə
məşğul olan ali və orta ixtisas
məktəblərinin rəhbərlərinə
məsələyə çox ciddi, diqqətlə yanaşmağı
tövsiyə etdi və bununla bağlı bir sıra
məqamlara toxundu. Ali təhsil sahəsində görülən
işlər haqqında kollegiya iştirakçılarına
ətraflı məlumat verən nazir, həmçinin qarşıda
duran vəzifələri də
diqqətə çatdırdı. Təhsil nazirinin slaydlarla təqdim etdiyi
məruzədə orta ixtisas təhsili, təhsil
sənədlərinin tanınması, Təhsil Nazirliyinin
beynəlxalq təşkilatlarla əməkdaşlığı,
ali təhsil elmi məsələlərindən də söz
açıldı, bu istiqamətdə görülmüş işlər
təhlil olundu, həyata keçirilməsi nəzərdə
tutulan tədbirlər sadalandı. "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"ndan söz açan
nazir bunun ölkəmizin təhsil sahəsində
beynəlxalq əlaqələrinin daha da genişlənməsinə
hərtərəfli imkan və şərait yaratdığını
söylədi. Bildirdi ki, hazırda 4000 nəfər
azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin
ali məktəblərində təhsillərini müvəffəqiyyətlə
davam etdirir, onlardan 895 nəfəri dövlət hesabına
təhsil alanlardır. Bu tələbələrin böyük
əksəriyyəti Türkiyə, Rusiya, çin və
Misirdə təhsil alırlar. Dövlət başçısı
tərəfindən təsdiq edilmiş Proqram çərçivəsində
xaricdə təhsil almağa göndərilənlərin sayının
2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması
əsas hədəf kimi müəyyənləşdirilmişdir.
Proqrama əsasən iki il ərzində 199 gənc dünyanın
14 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura
və doktorantura pillələrində müxtəlif
sahələr üzrə təhsil
almağa göndərilmişdir. Nazir
2008-ci ildə dövlət xətti ilə, həmçinin proqram
çərçivəsində 2007, 2008-ci illərdə
təhsilalanlar və onların
hansı ölkələrdə oxuması ilə bağlı
statistik rəqəmlərlə kollegiya iştirakçılarını
tanış etdi. Dövlət Proqramının icrası
ilə bağlı 2008-ci ildə ABŞ hökuməti, Alman
Akademik Mübadilə Xidməti (DAAD) və Fransanın KNOUS
təşkilatı ilə Təhsil Nazirliyi arasında
sazişlər imzalandığını söylədi. Nazir onu da xüsusi qeyd etdi ki, ali təhsil
sahəsində aparılan məqsədyönlü islahatların
nəticəsidir ki, ölkəmizdə təhsil alan
əcnəbi tələbələrin sayı da ilbəil
artır. Əgər 2004-cü ildə Azərbaycanın ali
məktəblərində 28 ölkədən 2471
nəfər əcnəbi tələbə təhsil alırdısa,
hazırda onların sayı 40 ölkəni təmsil
etməklə 7111 nəfərə çatmışdır.
Təhsil naziri sonra ali
məktəblərimizdə təhsil alan əcnəbi
tələbələrin ölkələr üzrə
təsnifatını apardı, onların ali
məktəblər üzrə sayını göstərdi.
Bununla bağlı digər
məsələlərə də toxunan Misir Mərdanov çıxışının
sonunda ötən il təhsil sahəsində görülən işlərin davam etdiriləcəyini deyərək, təhsil
sektorunun ayrı-ayrı sahələri üzrə 2009-cu
ildə qarşıda duran vəzifələrin uğurla
həyata keçiriləcəyinə ümidvar olduğunu
bildirdi, bu yolda bütün təhsil işçilərinə uğurlar
arzuladı. Məruzə-təqdimat başa çatdıqdan
sonra kollegiya iclasında mövzu ətrafında müzakirələr
aparıldı. çıxış üçün söz alan Milli
Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov
nazirin təqdim etdiyi hesabat məruzəsindən çox razı
qaldığını dedi. Artıq bir neçə ildir ki,
kollegiya iclaslarında iştirak edərək bu
sahədə gedən proseslərlə yaxından tanış
olduğunu bildirən natiq Azərbaycanda təhsilin çox sürətlə
inkişaf etməsi qənaətinə gəldiyini və
bunun hamı üçün sevindirici fakt olduğunu qeyd etdi. Ziyafət Əsgərov Azərbaycan dövləti
və ölkə parlamentinin bu gün təhsilin vətəndaş-cəmiyyət-dövlət
triadası formasında inkişafını zəruri saydığını
diqqətə çatdırdı. çünki Azərbaycan
vətəndaşı kamil bir insan kimi yetişirsə,
deməli, biz Azərbaycanda yaxşı vətəndaş
cəmiyyəti qura bilərik. Əgər vətəndaş
cəmiyyəti qurulubsa, deməli, biz güclü dövlət
yarada, beləliklə, nüfuzlu dövlət quruculuğunu müvəffəqiyyətlə
həyata keçirə bilərik. Daha sonra çıxışında
uzun illər parlamentdə müzakirə obyekti olan və II
oxunuşda qəbul edilən təhsil haqqında qanundan
bəhs edən Z.Əsgərov bəzilərinin yanlış
təsəvvürlərinin əksinə olaraq, bu qanunun bütün
standartlara cavab verməsinin qeyri-mümkün olduğunu vurğuladı.
Dedi ki, əslində bu bir çərçivə qanunudur.
Qəbul edildikdən sonra ümumi prinsiplər əsasında
təhsilin ayrı-ayrı sahələri üzrə
sənədlər hazırlanmalı, qanunlar qəbul
edilməlidir və yalnız bundan sonra biz
istədiyimizə nail ola bilərik. Tədris müəssisələrində
Konstitusiyanın tədrisi məsələsinə toxunan
Ziyafət Əsgərov bu istiqamətdə müvafiq işlər
görülməsinin labüd olduğunu dedi. Qeyd etdi ki, biz hüquqi dövlət
qururuqsa və bu dövlətin ali məqsədi insanların
hüquq və azadlıqlarının təminatıdırsa,
ilk növbədə, vətəndaşların öz hüquqlarını
dərindən bilməsi ilə məşğul olmalıyıq.
Etiraf etmək lazımdır ki, bu gün hər bir
Azərbaycan vətəndaşının istər siyasi,
istər iqtisadi, istərsə də mədəni hüquq
və vəzifələrini mənimsəməsində
istənilən səviyyə yoxdur. Bu səbəbdən
də orta məktəblərdə Azərbaycan Respublikasının
Konstitusiyası fənninin tədrisinə daha
məsuliyyətlə yanaşılmalı,
gənclərin öz hüquq və azadlıqları haqqında
biliklərə yiyələnməsinə xüsusi diqqət
yetirilməlidir. Millət vəkili Asəf Hacıyev
belə əhəmiyyətli bir tədbirə dəvət
olunduğu üçün təşəkkür edərək
təhsil nazirinin çox əhatəli və məzmunlu çıxışını
dinləməkdən məmnun qaldığını dedi.
Azərbaycanlı gənclərin xarici ölkələrdə
təhsil alması məsələsinə münasibətini
bildirən Asəf Hacıyev qeyd etdi ki, dünyanın nüfuzlu
universitetlərinə qəbul olunmaq istəyənlər xüsusi
proqramlar əsasında imtahan verməlidirlər. Bu
imtahanlar müəyyən bir qurum tərəfindən
ildə 3 dəfə təşkil olunur. Lakin dövlət
səviyyəsində müraciət olunursa, həmin təşkilatın
nümayəndələri gəlib özləri bu ölkədə
imtahan keçirirlər. Parlament üzvünün fikrincə, Təhsil
Nazirliyinin bu təşəbbüsü öz üzərinə götürməsi
məqsədəuyğun olardı. Sonra o, diqqəti belə bir
məsələyə yönəltdi ki, bu gün AMEA-da,
eləcə də ali məktəblərdə böyük elmi
potensial mövcuddur. çalışmaq lazımdır ki,
alimlərin məqalələri Azərbaycanla yanaşı,
digər dövlətlərin nüfuzlu elmi jurnallarında da
dərc olunsun. çünki müəyyən elm sahələri üzrə
ayrı-ayrı ölkələrin alim və
mətəxəssisləri, onların elmi tədqiqatları
məhz həmin mətbu orqanları vasitəsilə dünya
səviyyəsində tanınır. Kollegiya üzvləri adından çıxış
edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov
bu gün çox böyük bir hesabat dinlədiklərini və bu
hesabatdan da göründüyü kimi, doğrudan da Azərbaycan
təhsilində böyük uğurların olduğunu dedi:
"Hansı dövrdə təhsildə belə böyük
nailiyyətlər əldə olunub? Demokratik, hüquqi dövlət
quruculuğu prosesində Azərbaycan təhsilini dünya müstəvisinə
qoya biləsən, təhsilin dünyəviliyini diqqət
mərkəzində saxlayasan, daxili islahatları aparasan,
bunların paralelliyini gözləyəsən və milli
mənəvi dəyərlərə toxunmayasan. Bu, xırda
məsələ deyil". Abel Məhərrəmov hesabatda təhsilin
ayrı-ayrı sahələri üzrə uğurları
əks etdirən rəqəmlərin arxasında təhsil
işçilərinin böyük zəhmətinin, ilk növbədə,
ölkə rəhbəri cənab İlham Əliyevin uğurlu
siyasətinin durduğunu söylədi. Prezident İlham Əliyevin
təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı"nın həyata keçirilməsi
ilə bağlı fikirlərini diqqətə çatdıran
natiq qeyd etdi ki, bu işə sadəcə azərbaycanlı
gənclərin dünyanın aparıcı
universitetlərində təhsil alıb qayıtması
kimi yanaşmaq düzgün olmazdı. Bu, çox məsuliyyətli
və əhəmiyyətli bir məsələdir.
Həmin gənclər oradakı effekti, potensialı
Azərbaycan mühitinə gətirməlidirlər. Onlar
gəlib Azərbaycan təhsilində inqilab etməli,
məktəb yaratmalıdırlar. Müəyyən müddətdən
sonra onlardan istifadə etmək lazımdır. Xarici ölkələrdə
təhsilini başa vurmuş bir neçə gənclə söhbət
etdiyini və onların ixtisaslarına uyğun iş
tapmaqda çətinlik çəkdiyini deyən natiqin fikrincə,
Proqramın həyata keçirilməsində aparıcı qüvvə
Təhsil Nazirliyi olmalı və bu iş sifariş
əsasında görülməlidir. (Yəni, universitetlər müəyyən
bir sahə üzrə kadr potensialının
zəifləməsi ilə bağlı Təhsil
Nazirliyinə müraciət edir və nazirlik təhsil almaq
üçün göndərilən şəxslə qayıtdıqdan
sonra ehtiyac duyulan müəssisədə işləmək
barədə müqavilə bağlayır). Kollegiya iclasında çıxış
edən millət vəkilləri Məlahət
Həsənova, Gültəkin Hacıbəyli, Qənirə
Paşayeva, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman
Əmiraslanov təhsilin müxtəlif
sahələrinə dair fikir və mülahizələrini
bildirdilər. çıxışlarda gənclərin çağırışaqədərki
hazırlığı fənninin tədrisi
vəziyyəti, xarici ölkələrdə oxuyan
tələbələrin təqaüdlərinin artırılması,
beynəlxalq olimpiada iştirakçılarının xüsusi
diqqət və qayğı ilə əhatə olunmasının
zəruriliyi, texniki peşə təhsili və s.
məsələlərlə bağlı təkliflər
səsləndi. Təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını
maraqlandıran sualları cavablandırdı. Bununla da
kollegiya iclası başa çatdı. Samirə KƏRİMOVA, Hicran ƏKBƏROVA
|