· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Xüsusi istedadlı şagirdlərin bilik yarışı

 

İstedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması məqsədilə ölkə başçısı cənab İlham Əliyev "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nı təsdiq edən sərəncam imzalamışdır.

 

Proqramın həyata keçirilməsi sahəsində tədbirlər planına uyğun olaraq mayın 26 və 27-də Bakıda yerləşən "Ankara məktəbi" məktəb-liseyində respublika üzrə riyaziyyat, fizika, kimya və biologiya fənlərindən sınaq imtahanının yekun mərhələsi keçirildi. Bilik yarışında Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalarda təhsil alan məktəblilər daxil olmaqla 8, 9 və 10-cu sinif şagirdləri iştirak etdilər. 800-ə yaxın şagird öz bilik və bacarığını 3 saat ərzində üzə çıxarmağa çalışdı.

Sınaq imtahanında iştirak edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov təhsil naziri Misir Mərdanovun adından iştirakçıları salamladı, Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlərdən bəhs etdi. İstedadlı gənclərə göstərilən dövlət qayğısından danışan nazir müavini bildirdi ki, belə uşaqları müəyyənləşdirmək üçün ikinci ildir sınaq imtahanları keçirilir. Qabiliyyətli uşaqlar üçün həmin fənlərdən ibarət olimpiada xarakterli məsələlər adlı kitablar hazırlanaraq şagirdlərə paylanıb. Xüsusi fərqlənən şagirdlər diplom və fəxri fərmanlarla təltif olunublar. Onlar yayda düşərgələrdə istirahət edəcəklər. Bu şagirdlərin sırasında xüsusi istedada malik olanların sayı çoxdur. çalışacağıq ki, ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramını yerlərdə yüksək səviyyədə həyata keçirək. Şagirdlərə uğurlar arzulayan nazir müavini bilik yarışında ən güclülərinin qalib gələcəyinə əminliyini bildirdi. Sonra şagirdlərə lazımi izahatlar verildi.

Prosesin gedişini nəzarətçilər ciddi izlədilər.

 

Fazil İDRİSOĞLU