· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

IX Bakı kitab bayramı

 

Mayın 26-da M.F.Axundov adına Milli Kitabxanada IX Bakı kitab bayramı milli kulturoloji layihənin əsas mərasimi - sərgi, ədəbi-mədəni ictimaiyyətin görüşü və mükafatlandırma mərasimi keçirilib. Builki IX  Bakı kitab bayramı Azərbaycan Xalq Cümhuriyyətinin  91, Azərbaycan Yazıçılar Birliyinin 75, Cəlil Məmmədquluzadənin 140 illiyinə, həmçinin "İslam Mədəniyyəti Paytaxtı: Bakı-2009" kimi əlamətdar hadisələrə həsr olunub.

Ədəbi-mədəni ictimaiyyətin - yazarların, naşirlərin, media nümayəndələrinin, tələbələrin, ədəbiyyatsevərlərin iştirak etdikləri sərginin və IX kitab bayramı - Azərbaycanda milli kulturoloji mükafatların təqdimat mərasimində Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq  Aydın Xan (Əbilov), M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri və b. qonaqlar çıxış edib təbriklərini çatdırıblar.

Builki sərgidə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ekspozisiya, Türkiyə və Misir Mədəniyyət Mərkəzinin xüsusi stendləri, uşaq ədəbiyyatına, elektron nəşrlərə, Qarabağa və başqa mövzulara aid xüsusi guşələr təşkil edilib.

Rəsmi açılışda çıxış edənlər təşkilatçıları təbrik ediblər. Sonra 2008-ci ilin ayrı-ayrı nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr məhsulları sahiblərinin -milli kulturoloji mükafat qaliblərinin adları açıqlanıb, fərqlənənlərə IX Bakı kitab bayramının qiymətli planşeti   və hədiyyələri verilib. Sərgidə yeni kitablara ictimai baxış, yazar və şairlər tərəfindən öz kitablarının imzalanma mərasimi, mini-təqdimat  və tanıtım olayları ədəbiyyatsevərlərə ünvanlanıb.

IX Bakı kitab bayramı - milli Kulturoloji Mükafat Komissiyası üzvlərinin son toplantısında müsabiqəyə təqdim olunmuş çoxsaylı (300-dən artıq) ədəbi-mədəni və kitab-nəşr layihələrinin sırasında 25 iş uğurlu sayılmış və mükafata layiq görülmüşdür. Eyni zamanda kitab nəşri və yayımıyla bağlı bir sıra uğurlu işlər görmüş, nəşriyyat, qurum, TV verilişi və Milli Kitabxana Fəxri fərmana layiq görülüb.

"2008-ci ilin bədii-sənədli kitabı", "Heydər Əliyev: şəxsiyyət və zaman" çoxcildliyinin müəllifi, tanınmış nasir-publisist Elmira Axundova, "2008-ci ilin mədəniyyət dostu", azərbaycanlıların və digər türkdilli xalqların əməkdaşlıq mərkəzinin sədri, eləcə də Türk Dünyasının intellektual-mədəni inteqrasiyası istiqamətindəki məhsuldar fəaliyyətinə, kulturoloji layihələr və yeni kitabların nəşrinə verdiyi dəstəyə görə xeyriyyəçi İlham İsmayılov və başqaları xüsusi mükafatlara layiq görülüb.

 

Nizami MİRZƏ

 

 

 

 

 

BDU ilə Atatürk Universiteti arasında anlaşma memorandumu imzalandı

 

Bu məqsədlə mayın 13-də Türkiyənin Atatürk Universitetinin rektoru, professor Dr.Hikmət Koçakın rəhbərlik etdiyi 15 nəfərlik nümayəndə heyəti Bakı Dövlət Universitetində səfərdə olub. Memorandum tərəflər arasında beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədilə elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlığı nəzərdə tutur.

Memorandumu BDU tərəfindən rektor, millət vəkili, akademik Abel Məhərrəmov, Atatürk Universiteti tərəfindən isə rektor, professor Dr.Hikmət Koçak imzalayıblar. Bu əməkdaşlıq memorandumu nəticəsində universitetlər arasında tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasında qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi olacaq. Anlaşmaya müvafiq olaraq ikitərəfli birgə elmi simpozium, seminar və konfranslar da təşkil ediləcək.

 

Şahanə ƏLİYEVA,

Kəmalə VAHİDOVA,

BDU-nun jurnalistika fakültəsinin

IV kurs tələbələri

 

 

 

 

Tələbə Gənclər Təşkilatının hesabat-seçki yığıncağı

 

Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilmişdir. Tədbirdə çıxış edən rektor, akademik İsa Həbibbəyli ölkədəki ictimai-siyasi proseslərdə, elmin və təhsilin inkişafında, Azərbaycanın beynəlxalq miqyasda layiqincə təmsil olunmasında gəncliyin rolundan danışmışdır. Universitetin tədris işləri üzrə prorektoru, əməkdar elm xadimi  Hüseyn Həşimli gəncliyin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, ixtisaslı mütəxəssislər kimi yetişməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.

Universitet Tələbə Gənclər Təşkilatının sədri Mehdi Əliyev hesabat məruzəsi ilə çıxış edərək təşkilatın gördüyü işlər barədə ətraflı məlumat vermiş, tələbə gənclərin dövlətçilik və vətəndaşlıq mövqeyindən, universitetin mühüm ictimai-siyasi tədbirlərində, beynəlxalq konfrans və simpoziumlarda, xaricdəki elmi-istehsalat təcrübələrində fəal iştirak etmələrindən danışmışdır. Tələbə Gənclər Təşkilatının son illərdəki fəaliyyəti müsbət qiymətləndirilmişdir.

Universitetin magistratura üzrə dekanı, tarix elmləri namizədi Elbrus İsayev və fəal tələbələr ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafına göstərdikləri diqqət və qayğıdan, bununla bağlı imzaladıqları mühüm tarixi fərman və sərəncamlardan bəhs etmişlər. çıxış edənlər təşkilatın tələbələrlə universitet rəhbərliyi arasında əlaqələndiricilik funksiyasından razılıqlarını bildirmişlər.

Sonra seçkilər keçirilmiş, daha çox səs toplayan tarix-filologiya fakültəsinin III kurs tələbəsi, Heydər Əliyev təqaüdçüsü Arzu Abdullayev təşkilatın yeni sədri seçilmişdir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis konfransında NDU-nu təmsil edəcək 8 nəfərdən ibarət nümayəndə heyəti müəyyəndirilmişdir.

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat şöbəsinin müdiri