· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsil islahatının prioritet istiqamətidir

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli, 168 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı" ölkəmizdə təhsil sahəsində islahatların həyata keçirilməsi üçün ilkin təkan oldu. Bu müddət ərzində təhsil sahəsində islahat proqramının ilkin mərhələləri müvəffəqiyyətlə həyata keçirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" və "Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası" kimi dövlət əhəmiyyətli mühüm sənədlər qəbul olunmuşdur. Eyni zamanda cari dərs ilində Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və təhsil sistemində çox mühüm əhəmiyyət kəsb edən bir sənədin, ümumtəhsil məktəblərində və peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında qaydaların tətbiqinə başlanmışdır.

ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən təhsil islahatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Qiymətləndirmə siyasəti bir neçə istiqaməti, o cümlədən PISA, TIMSS, PRLS, Milli Kurikulum üzrə və məktəbdaxili qiymətləndirməni əhatə edir.

Beynəlxalq şagird qiymətləndirilməsi proqramı - "PISA-2009" layihəsi ümumtəhsil məktəblərində və peşə liseylərində təhsil alan 15 yaşlı şagirdlərin "Yaşamaq üçün öyrənmək" sahəsində qabiliyyətlərinin qiymətləndirilməsini həyata keçirir. Cari dərs ilinin aprel-may aylarında "PISA-2009" üzrə əsas mərhələ imtahanları və sorğuları həyata keçirilmişdir. Bu mərhələdə 162 məktəbin 4761 nəfər şagirdi iştirak etmişdir. Əsas mərhələnin həyata keçirilməsi üçün ACER aparıcı təşkilatı, PISA konsorsiumu tərəfindən təqdim edilmiş testlər yerli şəraitə uyğunlaşdırılmış, şagirdlər üçün 13 variantda imtahan test kitabçaları, həmçinin müəllimlər, məktəb rəhbərləri üçün sorğu kitabçaları, test rəhbərləri və testləri qiymətləndirənlər üçün treninqlər keçirilmişdir. Hazırda imtahanın nəticələrinin qiymətləndirilməsi və nəticələrdən ibarət məlumatlar bazasının hazırlanması davam edir. Toplanmış məlumatlar emal və təhlil olunmaq üçün Beynəlxalq Konsorsiuma göndəriləcəkdir. Beynəlxalq qiymətləndirmə imtahanlarında istifadə olunan müxtəlif test  modellərindən kurikulum hazırlığında istifadə olunması nəzərdə tutulur.

Təhsil Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində kurikulum üzrə beynəlxalq qiymətləndirmənin həyata keçirilməsini təmin etmək üçün TIMSS və PRLS beynəlxalq qiymətləndirmə proqramına qoşulmağı məqsədəuyğun hesab etmiş və hazırda TSİİL ilə birlikdə müəyyən edilmiş prosedura üzrə fəaliyyətlər həyata keçirilməkdədir. Bu proqramlar üzrə qiymətləndirmənin əsas mərhələsi 2011-ci ildə başa çatdırılacaqdır. TIMSS və PRLS üzrə qiymətləndirmənin məhz 2011-ci ildə həyata keçirilməsinin əsas məqsədi həm də ölkə təhsil sisteminin ibtidai təhsil pilləsində ilk dəfə tətbiq olunan Milli Kurikulumun ölkə daxilində tətbiqini, bu işin əhəmiyyətini, təhsilə təsirini öyrənməkdir.

Beynəlxalq qiymətləndirmə proqramı ilə yanaşı, bu ilin may ayında respublikanın 52 rayonunun 216 məktəbində 12960 nəfər IV və IX sinif şagirdini əhatə edən milli qiymətləndirmə həyata keçirilmişdir. Milli qiymətləndirmə şagirdlərin nailiyyətlərinin ayrı-ayrılıqda qiymətləndirilməsi kimi qəbul edilməməlidir, o, təhsilə, məktəblərin fəaliyyətinə qiymət verməklə yanaşı, həm də təhsilə təsir edən amilləri öyrənir, təhsildəki proqnozlaşdırmaya, perspektivlərin müəyyənləşdirilməsinə xidmət edir. Bu məqsədlə şagirdlər üçün ana dili və riyaziyyat fənlərindən test imtahan kitabçaları, müəllimlər, şagirdlər,  valideynlər və məktəb rəhbərləri üçün sorğu kitabçaları hazırlanmışdır. Həmin sorğu kitabçalarından nümunələri diqqətinizə təqdim edirik:

 

 

 

 

Analoji sorğu kitabçaları beynəlxalq qiymətləndirmədə də istifadə edilir.

İmtahan və sorğuların aparılmasına imtahan rəhbərləri cəlb olunmuş, onlarla treninqlər aparılmışdır. Hazırda imtahan və sorğuların nəticələrindən ibarət məlumatlar bazası hazırlanır, yaxın müddətdə onların emalı və təhlili həyata keçiriləcəkdir. Milli qiymətləndirmənin nəticələrindən yeni fənn kurikulumlarının hazırlanmasında istifadə olunması nəzərdə tutulur. Növbəti üç ildən sonra keçiriləcək milli qiymətləndirmə artıq yeni kurikulumların tətbiqinin nəticələrini və onun nəticələrini bu gün tətbiq edilən kurikulumlarla müqayisə etməyə və təhsili idarəedənlərə müvafiq qərarlar qəbul etmək üçün müvafiq informasiyalar verəcəkdir.

ölkəmizin ümumi təhsil sistemində həyata keçirilən qiymətləndirmə proqramları arasında məktəbdaxili qiymətləndirməyə daha çox önəm verilir. Belə ki, 2005-2006-cı dərs ilindən ölkəmizin ümumtəhsil məktəblərində və peşə liseylərində mərkəzləşdirilmiş qaydada məktəbdaxili summativ qiymətləndirmə və buraxılış imtahanları həyata keçirilməkdədir. Hazırda bu imtahanlar respublikanın bütün ümumtəhsil məktəblərini və peşə liseylərini əhatə etmişdir. Cari dərs ilində ümumtəhsil məktəblərinin və peşə liseylərinin 100916 nəfər şagirdi orta təhsil kursu üzrə yoxlama imtahanları vermişlər. Yoxlama imtahanlar beş bölgə üzrə fevral-aprel aylarında keçirilmişdir. Respublikanın peşə liseylərinin 4495 nəfər şagirdi üçün aprel ayında buraxılış imtahanları aparılmışdır. Həm yoxlama, həm də buraxılış imtahanlarının nəticələri imtahan materialları qəbul edildikdən bir gün sonra elan olunmuş və yerlərə göndərilmişdir.

İmtahanların obyektiv və şəffaf keçməsi üçün müvafiq tədbirlər görülmüşdür. O cümlədən, sinifdə imtahan verən 18 şagirdin hər biri üçün ayrı-ayrı (18 variantda) test kitabçaları hazırlanmış, imtahan rəhbərləri və nəzarətçilər treninqlərdə iştirak etmişlər.

Təhsil nazirinin müvafiq əmrinə əsasən buraxılış imtahanlarının dörd bölgə üzrə 3-16 iyun 2009-cu il tarixlərində keçirilməsi nəzərdə tutulur.

Buraxılış imtahanları ilə yanaşı, bir neçə il bundan əvvəl müxtəlif səbəblərdən əsas və orta təhsil kursunu başa vurmamış şagirdlərin müvafiq təhsil sənədləri almasını təmin etmək məqsədi ilə eksternat qaydasında buraxılış imtahanları keçirilir.

Cari dərs ilindən əsas təhsil pilləsi üzrə buraxılış imtahanlarının ana dili və riyaziyyat fənləri üzrə aparılması nəzərdə tutulur. Azərbaycan və rus dillərində olmaqla, hazırlanmış imtahan test kitabçaları artıq çap olunmuş, qablaşdırılmış və imtahan günü yerlərə çatdırılması nəzərdə tutulur.

ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin keçirilməsi ilə bağlı 105 məktəbdə ana dili və riyaziyyat fənlərindən müsabiqə imtahanı keçirilmiş, nəticələr qiymətləndirilmiş və keyfiyyət baxımından təhlil edilərək təşkilat komitəsinə təqdim olunmuşdur.

ölkədə həyata keçirilən qiymətləndirmə tədbirlərinin şəffaflığını, obyektivliyini təmin etmək məqsədi ilə imtahan keçirilən gündən sonrakı bir həftə ərzində səlahiyyətli apelyasiya komissiyası fəaliyyət göstərir, müraciətlərə diqqətlə yanaşılır və müvafiq cavablar verilir.

Bütün bu işlərlə yanaşı, Monitorinq və qiymətləndirmə şöbəsində fəaliyyət göstərən işçi qrupları yeni qiymətləndirmə siyasətinə uyğun olaraq ibtidai təhsil pilləsində qiymətləndirmə üsul və vasitələri, ayrı-ayrı fənlər üzrə məktəbdaxili qiymətləndirmə nümunələri hazırlamışdır. Bu layihələr ictimaiyyətə təqdim edilmə ərəfəsindədir.

Bütün təhsil ictimaiyyətinə 2008-2009-cu dərs ilini uğurla başa vurmalarını diləyir, buraxılış və ali məktəblərə qəbul imtahanları verən şagirdlərə müvəffəqiyyətlər arzulayırıq!

 

Təranə HACIYEVA,

Təhsil Nazirliyinin Monitorinq

və qiymətləndirmə

şöbəsinin müdiri