· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Təhsil haqqında" qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb

 

"Təhsil haqqında" qanun layihəsi iyunun 16-da Milli Məclisin Elm və təhsil komitəsinin iclasında üçüncü oxunuşda müzakirə olunmuşdur.

Komitənin sədri Şəmsəddin Hacıyev demişdir ki, müzakirələrdə Təhsil, Ədliyyə, Müdafiə, Səhiyyə, Xarici İşlər nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və digər dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Komitə sədrinin sözlərinə görə, "Təhsil haqqında" qanun layihəsinin parlamentdə ikinci oxunuşda müzakirəsindən sonra işçi qrupuna təhsil, səhiyyə, ədliyyə, maliyyə və digər bir sıra əlaqədar qurumlardan çoxsaylı rəy və təkliflər daxil olmuşdur. İşçi qrupu bu təklifləri diqqətlə öyrənmiş, onların böyük əksəriyyəti layihədə əksini tapmış və sənəd əsaslı surətdə təkmilləşdirilmişdir.

Bu gün ölkədə strateji sahələrdən sayılan təhsilin inkişafına yönəldilmiş 16 dövlət proqramı həyata keçirilir deyən komitə sədri əlavə etmişdir ki, əldə olunan nailiyyətlər mövcud qanunvericilik bazasını geridə qoymuşdur. Odur ki, mükəmməl qanuna ehtiyac vardır.

"Təhsil haqqında" qanunun qəbulu bu sahədə hüquqi prosesləri tənzimləməklə yanaşı, təhsilin gələcək inkişafına təkan verəcəkdir.

Təhsil naziri Misir Mərdanov qanunda beynəlxalq olimpiada qaliblərinin ali məktəbə imtahansız qəbul olunmasını, eyni zamanda orta məktəbdə qızıl və gümüş medalın tətbiqini stimullaşdırıcı hal kimi xarakterizə etmişdir.

Milli Məclis sədrinin müavini Bahar Muradova layihənin ikinci oxunuşda müzakirəsindən sonra ötən müddət ərzində sənəd üzərində səmərəli iş aparıldığını qeyd etmişdir.

Xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev, Milli Məclisin deputatı Əli Əhmədov və digər çıxış edənlər qanunun qəbulunu zəruri sayaraq bildirmişlər ki, növbəti mərhələdə təhsilin ayrı-ayrı pillələri, sahələri üzrə yeni normativ-hüquqi sənədlər hazırlanacaqdır.

Qeyd olunmuşdur ki, üçüncü oxunuşa təqdim olunan layihədə ciddi dəyişikliklərdən biri təhsil müəssisələri ilə bağlıdır. Bununla əlaqədar 14-cü maddədə göstərilir ki, təhsil müəssisələri dövlət, bələdiyyə və özəl mülkiyyət növünə ayrılır. Sənəddə dövlət təhsil müəssisələrinə lisenziya müddətsiz, özəl və bələdiyyə təhsil müəssisələrinə 5 il, təsisçisi xarici vətəndaşlar olan təhsil müəssisələrinə isə 3 ildən az olmayaraq müddətə nəzərdə tutulmuşdur.

Layihədə deyilir ki, məktəbəqədər təhsil üç yaşdan başlayır. Beşyaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir.

ümumi təhsil ibtidai, ümumi orta, tam orta təhsil pilləsində müəyyənləşmişdir. İcbari təhsil ümumi orta təhsilə endirilib və burada müddət göstərilməmişdir. Ali təhsil isə bakalavr, magistratura və doktorantura pillələrinə ayrılır.

Müzakirələr zamanı deputatlar qanun layihəsinin ayrı-ayrı maddələri ilə bağlı rəy və təkliflərini bildirmişlər.

Sonda qanun layihəsi parlamentin müzakirəsinə tövsiyə olunmuşdur.

 

AzərTAc