· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında "Açıq qapı günü" keçirilib

 

İyunun 13-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında "Açıq qapı günü" keçirilmişdir.

MDU-nun professoru, kimya elmləri doktoru Sergey Karlov demişdir ki, "Açıq qapı günü"ndə öz gələcək peşələri, qəbul imtahanları barədə abituriyentlərin və onların valideynlərinin çoxlu yeni və maraqlı məlumatlar əldə etmək imkanı artır. Ali məktəbin rəhbərliyi və müəllimlər, öz növbələrində, gələcək tələbələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Doğrudan da, "Açıq qapı günü"ndə bu universitetə 2009-cu ilin qəbul imtahanlarının şərtləri və qaydaları ilə tanış olmaq və ali məktəbin filologiya, kimya, tətbiqi riyaziyyat və psixologiya fakültələrində bakalavrlar hazırlanması barədə ətraflı məlumat almaq üçün abituriyentlərə və onların valideynlərinə lazımi imkan yaradılmışdır.

Filologiya fakültəsi iki - rus və roman-alman filologiyası (ingilis, fransız, italyan və ispan dillərində) bölmələrindən ibarətdir. Rus filologiyası bölməsində ixtisaslaşmanın əsasını rus ədəbiyyatı və folklorunun, müasir rus dilinin, qədim slavyan dilinin tarixi, rus dili qrammatikasının, rus ədəbi dili və rus dialektologiyası tarixinin geniş və dərinləşdirilmiş kursları təşkil edir. Roman-alman filologiyası bölməsində tədris planına tələbələrə azı iki müasir xarici dil öyrədilməsi daxil edilmişdir. Praktiki məşğələlərə ikiillik əsas xarici dilin nəzəri kursu, habelə bu dilin tarixi və dialektologiyası əlavə olunmuşdur.

Tətbiqi riyaziyyat fakültəsinin tədris planı bu elmin bütün müasir istiqamətlərini əhatə edir. III kursdan başlayaraq tələbələr riyazi və proqram təminatı, informasiya mübadiləsi, proqramlaşdırma və riyazi iqtisadiyyat sahələri üzrə ixtisaslaşacaqlar.

Kimya fənlərinin öyrənilməsinə dair tədris planına nəzərdə tutulan müddətin 40 faizi ayrılmışdır. Bu müddət nəzəri məşğələlər və laboratoriya işləri arasında təxminən bərabər bölünmüşdür. Tələbələr III kursda neft kimyası və üzvi kataliz, üzvi və qeyri-üzvi kimya, habelə fiziki kimya sahələri üzrə ixtisaslaşacaqlar.

Fundamental psixoloji hazırlığın əsasını ümumi, eksperimental, diferensial psixologiya, psixodiaqnostikanın, psixoloji praktikumun və s. əsasları təşkil edir. İxtisaslaşdırılmış fənlər silsiləsində tələbələr seçdikləri psixologiya sahəsi ilə daha geniş şəkildə tanış olur, habelə psixoloqun tədqiqat üsullarına və praktiki işinə yiyələnirlər.

Bütün fakültələrdə Azərbaycan dili və Azərbaycan tarixi, filologiya fakültəsində isə Azərbaycan ədəbiyyatı tarixi tələbələrin məcburi öyrənməsi üçün fənn kimi proqrama daxil edilmişdir.

Moskva Dövlət Universiteti Bakı filialının professorları və müəllimləri abituriyentləri və onların valideynlərini maraqlandıran bütün suallara cavablar vermişlər. Qeyd edilmişdir ki, MDU-nun yaratdığı qəbul komissiyasının keçirdiyi imtahanlarda yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test imtahanlarında 400 və daha çox bal toplamış abituriyentlər iştirak edə biləcəklər. Qəbul imtahanları müvafiq fənlər üzrə keçiriləcəkdir.

Qəbul imtahanlarında, habelə rus dili üzrə "əla" qiymət almış və TQDK-nın test imtahanlarında 400 və daha çox bal toplamış Azərbaycan bölməsi üzrə orta məktəbi bitirmiş abituriyentlər də iştirak edə bilərlər. Qəbul imtahanlarında iştirak etmək arzusunda olanlar qəbul komissiyasına topladıqları ballar barədə TQDK-dan arayış, orta təhsil haqqında sənəd (əsli), şəxsiyyət vəsiqəsi, 3x4 sm ölçüdə 8 ədəd fotoşəkil təqdim etməlidirlər. Tələbələr bu ali məktəbə MDU-nun qəbul komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə qəbul ediləcəklər.

MDU-nun Bakı filialına imtahandan keçməmiş abituriyentlər heç bir məhdudiyyət olmadan TQDK-nın respublikanın digər ali təhsil müəssisələri üzrə keçirdiyi müsabiqədə iştirak edə bilərlər.

Bakı filialının tədris işi MDU-nun tədris planları və proqramları əsasında həyata keçirilir, tədris prosesində müasir texnologiya və üsullardan istifadə edilir. Tədris, əsasən, MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır. Azərbaycan vətəndaşları üçün tədris pulsuzdur. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu veriləcəkdir.

Sənədlər iyulun 8-dən 23-dək saat 9-dan 18-dək qəbul ediləcəkdir. Qəbul imtahanları iyulun 25-dən avqustun 3-dək keçiriləcəkdir.

 

AzərTAc