· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Yeniləşən Bakı Məktəbəqədər Pedaqoji Texnikumu

 

Yenilikçi təşəbbüslərin müəllifi yeni rəhbərlikdir

 

ölkəmizin orta ixtisas təhsili sistemində özünəməxsus yeri və rolu olan Bakı Məktəbəqədər Pedaqoji Texnikumu məktəbəqədər təhsil pilləsi üçün kiçik mütəxəssislər hazırlayan aparıcı təhsil müəssisələrindəndir. Texnikumun məzunları həm paytaxtımızın, həm də bölgələrin əksər körpələr evi-uşaq bağçalarında, orta məktəblərin ibtidai siniflərində müvəffəqiyyətlə çalışır, öz nəzəri və praktik hazırlıqları, peşəkarlıqları ilə seçilərək işlədikləri kollektivlərin, valideynlərin hörmət və rəğbətini qazanırlar.

Lakin son illər texnikumun fəaliyyətində bir gerilik hiss olunur, mütəxəssis hazırlığının keyfiyyəti zamanın artan tələblərinə cavab vermirdi.

ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunaraq uğurla həyata keçirilən məktəbəqədər təhsilin inkişafına dair Dövlət Proqramında isə qarşıya məktəbəqədər təhsil müəssisələri üçün daha keyfiyyətli kadrlar hazırlamaq vəzifəsi qoyulmuşdur.

Bütün bunlar nəzərə alınaraq texnikum rəhbərliyinin möhkəmləndirilməsi qərara alındı.

Budur, artıq iki ilə yaxındır ki, texnikumun rəhbərliyi dəyişdirilmiş, tanınmış təhsil mütəxəssisi, idarəetmə sahəsində böyük təcrübəsi və səriştəsi olan tarix elmləri namizədi, dosent Vaqif Əmiraslanov texnikuma direktor təyin olunmuşdur.

Təbiətən yenilikçi olan, təhsilin, o cümlədən orta ixtisas təhsilinin müasir inkişaf tendensiyalarını, mütərəqqi idarəetmə üsullarını yaxşı bilən V.Əmiraslanovun gəlişi, onun təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə həyata keçirilən inkişafyönümlü tədbirlər nəticəsində tezliklə texnikumda ətalət buzu əriməyə başlamış təhsil ocağı geniş inkişaf, yeniləşmə yoluna çıxmışdır.

 

Əsaslı təmir texnikumun görkəmini dəyişib

 

Təhsilin yüksək keyfiyyətinə nail olmaq üçün əsas şərtlərdən biri maddi-texniki bazanı möhkəmləndirmək, əlverişli təlim mühiti yaratmaq olduğundan yeni rəhbərlik ilk gündən bu məsələlərə böyük önəm vermiş, texnikumun pis vəziyyətdə olan binasının əsaslı təmir işlərinin aparılması qərara alınmışdır. Təmirlə bağlı kollektiv adından təhsil naziri cənab Misir Mərdanova müraciət olunmuş, müraciətə müsbət cavab verilərək təmir üçün vəsait ayrılmışdır. Bir ildən çox davam edən əsaslı təmir nəticəsində binanın dam örtüyü dəyişdirilmiş, bütün auditoriyaların, digər otaqların və dəhlizlərin döşəmə və tavanlarına müasir tikinti materialları hesab olunan laminat və lambirinlər vurulmuşdur. Divarlarda yüksək səviyyədə ağartma-rəngləmə işləri görülmüş, qapı və pəncərələr tamamilə dəyişdirilmiş, binadaxili elektrik şəbəkəsi yeniləşdirilmişdir. Texnikumun istilik sistemi də təzələnmiş, burada müasir qazanxana quraşdırılmışdır. Texnikumun geniş akt və idman zallarında təmir işləri aparılaraq görkəmi tamamilə  dəyişdirilmiş, onlar yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur.

Tədris ocağında təmir işləri bu il də davam etdirilir. Cənab nazirin tapşırığına əsasən, yarımçıq qalmış təmir işlərinin bu il tamamlanması üçün texnikuma əlavə vəsait ayrılması nəzərdə tutulmuşdur. Həmin vəsait hesabına binanın fasadı və pilləkənləri təmir olunacaq, texnikuma gələn və hazırda bərbad vəziyyətdə olan yol qaydaya salınacaqdır. Bu il, eyni zamanda texnikumun kiçik həyətinin, idman meydançasının abadlaşdırılması da planlaşdırılmışdır.

 

Texnikumda yeni kompüter otağı açılıb

 

Keyfiyyətli təlim mühiti üçün müasir tədris avadanlıqları ilə təminat da mühüm rola malikdir. Ona görə də bu məsələ Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda diqqət mərkəzində saxlanmış və o, yeni rəhbərliyin təşəbbüsü ilə həll olunmuşdur. Belə ki, son iki il ərzində daxili imkanlar hesabına 250 tələbə stolu alınaraq auditoriyalarda yerləşdirilmişdir.

Tədris ocağındakı ən mühüm yeniliklərdən biri isə burada müasir tələblərə cavab verən ixtisas və kompüter otaqlarının yaradılmasıdır.

Müasir şəraitdə informasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqinin, müəllim və tələbələrin kompüter biliklərinə yiyələnməsinin zəruriliyi nəzərə alınmaqla açılmış kompüter otağında müasir markalı 11 kompüter dəsti quraşdırılmış və onlar İnternetə qoşulmuşdur. Burada tələbələr kurs işlərini kompüterlərdə yazır, müxtəlif məlumatlar əldə etmək üçün İnternetdən istifadə edirlər. Bu da tələbələrin intellekt səviyyəsini yüksəldir, dünyagörüşlərini genişləndirir. Kompüter otağında quraşdırılmış İKT avadanlıqları da daxili imkanlar hesabına əldə olunmuşdur.

 

İki yeni ixtisas

 

Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda bu gün məktəbəqədər təhsilin pedaqogika və metodikası, ibtidai təhsil, xarici dil, loqopediya, karların sosial bərpa işinin təşkili, incəsənət fənləri (musiqi üzrə), fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Həmin ixtisaslar üzrə əyani və qiyabi şöbələrdə 1089 tələbə təhsil alır.

Yeni rəhbərliyin təşəbbüsü ilə son iki ildə texnikumda iki yeni ixtisas açılmışdır. Bunlar hazırda təhsil müəssisələrində tələbat olan musiqi və fiziki tərbiyə ixtisaslarıdır. Əvvəlki ixtisaslar kimi yeni ixtisasların öyrədilməsi üçün texnikumda zəruri baza və kadr ehtiyatı vardır. İncəsənət fənləri (musiqi üzrə) ixtisası texnikumda əvvəllər də olub. Lakin sonralar bağlanıb. Bu ildən etibarən o, yenidən bərpa olunub. Həmin ixtisası dərindən öyrənmək üçün texnikumda əvvəllər alınmış, lakin sonralar lazımsız əşya kimi bir tərəfə atılmış musiqi alətləri - pianino, fortepiano və s. əsaslı təmir olunaraq tələbələrin istifadəsinə verilib. Musiqi ixtisasına daha mükəmməl yiyələnmək üçün tələbələrə fərdi şəkildə fortepiano dərsləri də keçilir. Fiziki tərbiyə ilə məşğul olmaq, bu ixtisasa yiyələnmək üçün də tələbələrə bütün imkanlar yaradılıb. Yenicə təmirdən çıxmış idman zalı zəruri avadanlıqlarla təchiz edilərək onların istifadəsinə verilib.

Yeri gəlmişkən qeyd edək ki, müəyyən çətinliklər yarandığından bu ildən etibarən karlarla sosial bərpa işinin təşkili ixtisası qəbul planından çıxarılıb.

 

Keyfiyyətə gedən yol tədris intizamından keçir

 

Təhsilin məzmununun yeniləşdirilməsi, təlim prosesinin təşkili, tədris intizamının möhkəmləndirilməsi, müəllim-tələbə münasibətlərinin pedaqoji əməkdaşlıq zəminində, sağlam əsaslar üzərində qurulması, bu sahələrdə illərlə davam etmiş nöqsanların aradan qaldırılması da son iki ildə texnikumda xüsusi diqqət yetirilən məsələlər olub. Təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində məqsədyönlü addımlar atılıb. 2008-2009-cu dərs ilində bir sıra fənlər üzrə yeni proqramlar hazırlanaraq Təhsil Nazirliyində təsdiq olunub və bu iş davam etdirilir.

Tədris planında göstərilən fənlər üzrə tələbələrə dərin nəzəri biliklərin verilməsi ilə yanaşı, praktik bacarıq və vərdişlərin aşılanmasına, bu məqsədlə pedaqoji təcrübələrin təşkilinə diqqət artırılıb. Dərslərdə yeni təlim texnologiyalarından, fəal təlimdən istifadəyə üstünlük verilir, müəllimlərin qeyri-ənənəvi dərs formalarından istifadə etməsi, innovativ fəaliyyəti həvəsləndirilir, bu sahədə toplanmış müsbət təcrübə öyrənilərək yayılır. Bu məqsədlə elmi-metodik konfranslar, "açıq dərs"lər, qarşılıqlı dərsdinləmələr təşkil olunur. Bu tədbirlərdə müəllimlərlə yanaşı, tələbələr də iştirak edirlər. Xüsusən də pedaqoji təcrübədən əvvəl və sonra konfranslar keçirilir. Onlarda metodist müəllimlər çıxış edib tələbələrə istiqamət verirlər. Tələbələr pedaqoji təcrübə zamanı gördükləri, öyrəndikləri, yeni təlim metodlarından necə istifadə etmələri ilə bağlı çıxışlar, məruzələr edib öz təcrübələrini bölüşürlər. Həmin məruzələr toplu şəklində çap olunub kitabxanada saxlanılır. Növbəti illərdə təcrübəyə gedən tələbələr, onlarla iş aparan metodist müəllimlər həmin materiallardan istifadə edirlər.

Yeni rəhbərlik tədris intizamının möhkəmləndirilməsi üçün də bir sıra tədbirlər həyata keçirib. Müəllimlərin, tələbələrin dərsə davamiyyəti ciddi nəzarətə götürülüb. üzrsüz dərs buraxan, dərslərə müntəzəm gəlməyən bir neçə tələbə texnikumdan xaric edilib. İndi texnikumda təlim-tərbiyə işləri ilə məşğul olan, xüsusən də tədris intizamına nəzarət edən heyət fəaliyyət göstərir. Bütün bunların da nəticəsində tələbələrin məsuliyyəti artıb, üzrsüz dərsburaxma halları aradan qaldırılıb. Texnikumdakı dəyişikliklər, tədris sistemində tətbiq olunan bir çox yeniliklər tələbələrdə təlimə marağı daha da artırıb.

 

Tələbələrin bilikləri çoxballı sistemlə qiymətləndirilir

 

Texnikumda ötən dərs ilindən daha bir yeniliyin tətbiqinə başlanıb - tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsinə keçilib. Bu iş Təhsil Nazirliyinin 20 fevral 2008-ci il tarixli, 231 nömrəli əmri ilə təsdiq olunmuş "Orta ixtisas təhsili müəssisələri tələbələrinin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Müvəqqəti Əsasnamə"yə uyğun həyata keçirilir. Boloniya prosesinin əsas tələblərindən biri olan çoxballı sistem tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə imkan yaratmaqla bu prosesə qoşulmanın ilk mərhələsini təşkil edir. Hələləlik bu sistem texnikumda 3 qrupda eksperiment qaydasında tətbiq olunur və müsbət nəticə verir. Yeni tədris ilindən bütün ixtisaslar üzrə çoxballı qiymətləndirmə sisteminə keçilməsi nəzərdə tutulur. Yeni qiymətləndirmə sistemində, təsdiq olunmuş müvəqqəti əsasnaməyə uyğun olaraq, tələbə 50 bal imtahanaqədərki fəaliyyətinə, 50 bal isə imtahan nəticələrinə əsasən qiymətləndirilir.

 

Tələbələrdə vətəndaş mövqeyi formalaşdıran tərbiyəvi tədbirlər

 

Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda tələbələrin ümumi təhsil və ixtisas fənləri üzrə biliklərə, bacarıq və vərdişlərə mükəmməl yiyələnməsi ilə bərabər, milli və bəşəri dəyərlərə, yüksək insani keyfiyyətlərə yiyələnməsinə, fəal vətəndaş mövqeyi olan mütəxəssislər kimi yetişməsinə də xüsusi diqqət yetirilir. Burada direktor tərəfindən təsdiq olunmuş məzmunlu illik tədbirlər planına əsasən rəngarəng tərbiyəvi tədbirlər həyata keçirilir.

Texnikumda zəngin "Heydər Əliyev Muzeyi" yaradılmışdır. Burada xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin mənalı həyat yolunu, çoxşaxəli ictimai-siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxlu eksponat, böyük öndərin siyasi irsinin dəyərli nümunələri olan kitablar nümayiş olunur. Muzey tələbələrin Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində tərbiyəsində, ulu öndərin zəngin irsinin öyrədilməsində mühüm rol oynayır. Burada tez-tez müxtəlif tədbirlər - görüşlər, konfranslar, disputlar keçirilir.

Texnikumda uşaq ədəbiyyatı geniş tədris olunduğundan uşaq yazıçıları ilə, görkəmli ədiblər, elm və sənət adamları ilə görüşlərin təşkili də ənənə halını alıb. Bu yaxınlarda tədris ocağında BDU-nun professoru Qara Namazovun "Uşaq ədəbiyyatı" dərsliyinin müzakirəsi keçirilmiş, Qara müəllimlə tələbələrin görüşü olmuşdur. Tələbələrin tədris prosesində geniş istifadə etdikləri bir dərsliyin müəllfi olan tanınmış alimlə görüşməsini, təmas qurması, ünsiyyət yaratmasının onlara böyük tərbiyəvi təsiri olmuşdur. Texnikumda milli bayramların, tarixi gün və hadisələrin ildönümlərinin təntənəli şəkildə qeyd olunması, bu münasibətlə keçirilən tədbirlər, bu tədbirlərə hazırlıq prosesində tələbələrin apardıqları araşdırmalar onların mənəvi cəhətdən yetkinləşməsində önəmli rol oynadığı kimi, tədqiqatçılıq vərdişlərinə yiyələnməsində, milli, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsində də mühüm əhəmiyyət kəsb edir.

Texnikumda tələbələrin arzusu nəzərə alınaraq rəqs dərnəyi yaradılmışdır. Bakı Xoreoqrafiya Məktəbinin müəlliminin apardığı həmin dərnək rəqs həvəskarı olan istedadlı tələbə qızların milli rəqslərimizə və klassik rəqslərə yiyələnməsində, mənəvi-estetik tərbiyəsində əhəmiyyətli rol oynayır.

 

Yenilikçi təşəbbüsləri müəllimlər fəal dəstəkləyirlər

 

Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun yeniləşmə yolu ilə inamla irəliləməsində, təhsil ocağının yeni rəhbərliyinin irəli sürdüyü inkişafyönümlü bütün təşəbbüslərin müdafiə olunub həyata keçirilməsində, təhsilin keyfiyyətinin yüksəldilməsində pedaqoji kollektivin də, şübhəsiz, böyük rolu vardır.

Hazırda texnikumda 178 nəfər müəllim çalışır. Yeni direktor rəhbərlikdə də dəyişiklik edib. Müavinlər dəyişdirilib, bu vəzifələrə cavan, işgüzar kadrlar gətirilib. ümumiyyətlə, kadr dəyişikliklərində cavanlara üstünlük verilməklə kadr tərkibinin cavanlaşdırılması məqsəd kimi götürülüb.

üç şöbə müdiri - qiyabi, məktəbəqədər və ibtidai təhsil şöbələrinin müdirləri də yeniləri ilə əvəzlənib. Həmin vəzifələrə də işi bilən, bacarıqlı, peşəkar kadrlar təyin olunub.

Texnikumda öz işinin peşəkarı olan, müasir dövrdə orta ixtisas təhsilinin qarşısında duran vəzifələri yaxşı bilən, yüksək elmi-nəzəri və metodik hazırlığa malik, öz üzərlərində daim çalışmaqla ixtisas bilik və  bacarıqlarını artıran müəllimlər fəaliyyət göstərir. Onlardan 4-ü elmlər namizədi elmi dərəcəsi olan, bir qismi dissertant kimi elmi araşdırmalar aparan müəllimlərdir.

Müəllimlər müasir dərsə verilən tələblərə uyğun fəaliyyət göstərir, dərslərdə qeyri-ənənəvi təlim formalarından, müasir təlim texnologiyalarından, fəal təlim üsullarından geniş istifadə edirlər. Müəllimlərə qayğı, onlar üçün normal iş şəraitinin yaradılması da diqqət mərkəzindədir. Pedaqoji  kollektiv üzvlərindən bir çoxu öz fədakar əməkləri və xidmətlərinə görə fəxri adlara, orden və medallara, qabaqcıl təhsil işçisi döş nişanına layiq görülüb.

 

Valideynlərlə iş səmərə verir

 

Texnikumda valideynlərlə işə də böyük önəm verilir, onlarla sıx əlaqə saxlanılır. Tez-tez valideyn yığıncaqları keçirilir. Valideynlər texnikumun rəhbərliyi tərəfindən dəvət olunaraq söhbətlər aparılır, onlara övladlarının təlim nəticələri, dərslərə davamiyyəti, davranışı haqqında müntəzəm məlumatlar verilir. Tədris intizamını pozan, dərslərə müntəzəm gəlməyən bir neçə tələbənin valideyni texnikuma dəvət olunaraq onlarla söhbət aparılmış və nəticədə həmin tələbələr dərslərə müntəzəm davam etməyə və yaxşı oxumağa başlamışlar. Valideynlər texnikumun keçirdiyi müxtəlif tədbirlərdə də fəallıq göstərirlər. Valideynlərlə işi, əlaqələri daha da gücləndirmək üçün texnikumda orta məktəblərdə olduğu kimi, Valideyn-Müəllim Assosiasiyasının yaradılması nəzərdə tutulub.

Bu il texnikumun irəlidə qeyd olunan ixtisaslar üzrə əyani və qiyabi təhsil formasını 300-ə yaxın tələbə bitirir. Yeni dərs ilində texnikuma 330 nəfər qəbul nəzərdə tutulub.

Təhsil ocağında məzunlarla da müntəzəm əlaqə saxlanılır, onların işlə təmin olunması və ya təhsillərini davam etdirməsi barədə məlumatlar toplanılır. Bu il texnikumun təkcə məktəbəqədər təhsilin pedaqogika və metodikası ixtisası üzrə qiyabi təlim formasını bitirmiş 25 tələbənin əksəriyyəti artıq işlə təmin olunub.

 

Perspektivdə nəzərdə tutulan tədbirlər

 

Yeniləşmə yollarında olan Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda yaxın perspektivdə həyata keçirilməsi nəzərdə tutulan bir çox planlar, rəhbərliyin gerçəkləşdirmək üçün çalışdığı arzular da var. Texnikumun mövcud maddi-texniki bazası tələblərə tam cavab vermir və onun genişləndirilməsinə ehtiyac duyulur. Texnikumun həyətində əlavə tədris korpusu tikmək üçün yer də var. Orada 10 əlavə sinif otağı tikilməsi planlaşdırılır. "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)"nda məktəbəqədər təhsil müəssisələri üçün pedaqoji kadrların hazırlığı ilə əlaqədar mühüm vəzifələr qarşıya qoyulub. Həmin vəzifələrin həyata keçirilməsi pedaqoji kadr hazırlığının keyfiyyətini yüksəltməyi tələb edir. Bu məsələ texnikumda da perspektiv fəaliyyət hədəfidir. 100 ballıq qiymətləndirmə sisteminə keçid yaxın gələcəkdə tədris planlarının dəyişdirilməsini də zəruri edir.

Atılan və atılması nəzərdə tutulan addımlarda əsas məqsəd, şübhəsiz, texnikumda təhsil alan tələbələrin savadlı kadrlar kimi yetişməsidir. Texnikumun yeni rəhbərliyi, bütün təşəbbüslərdə onu dəstəkləyən işgüzar pedaqoji kollektivi bu məqsədə nail olmaq üçün aydın istiqamət götürmüşlər və bu istiqamətdə inamla irəliləyirlər.

 

Yusif ƏLİYEV,

Fazil İDRİSOĞLU