· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

İkinci sırada qalmış birinci dərəcəli məsələ

 

yaxud məktəbdə keçirilən tərbiyəvi tədbirlər şagirdə nə verir

 

Şəxsiyyətin formalaşmasında tərbiyə təhsil-təlimdən heç də az rol oynamır. İstər klassik pedaqogikada, istərsə də müasir pedaqoji nəzəriyyələrdə və məktəb təcrübəsində şəxsiyyətin yetişməsində tərbiyənin aparıcı rolu haqqında kifayət qədər nəzəri fikirlər və təcrübə nümunələri vardır. Təhsil, onun əsasını təşkil edən elmi biliklərin böyüməkdə olan nəslə ötürülməsi başlıca olaraq təlim prosesində həyata keçirilir.

Təhsillənmə, biliklərə yiyələnmə insanın əqlini, təfəkkürünü inkişaf etdirir, dunyagörüşünü genişləndirir. Biliklər vasitəsi ilə insan dünyanı dərk edir, əmək fəaliyyəti üçün müəyyən peşəyə yiyələnir, dünyada sürətlə gedən inkişafla ayaqlaşmağa çalışır və s. Amma cəmiyyətdə yaşamaq və fəaliyyət göstərmək üçün insana lazım olan çoxlu sayda keyfiyyətlər, münasibətlər, dəyərlər əsasən tərbiyə yolu ilə əxz edilir.

Düzdür, təlimin tərbiyəedici imkanları da çoxdur. Ağılın, idrakın tərbiyəsi, biliklərin məzmununun əxlaqi-mənəvi keyfiyyətlərin yaranmasına təsiri, keyfiyyətlərdən nəyin yaxşı, nəyin pis olmasını dərk etmək və s. təlimin nəticələri kimi meydana çıxır. Lakin təkcə təlimin tərbiyəedici imkanları ilə yüksək əxlaqi, mənəvi, fiziki, estetik tərbiyəyə yiyələnmiş, vətənpərvərlik duyğuları əxz etmiş nəsil tərbiyə etmək çətindir. İnsanın mürəkkəb psixi hallarının, hiss və duyğularının, zövqünün, musiqi duyumunun, milli mənəvi dəyərlərə münasibətinin, vətəndaşlıq şüurunun formalaşması və s. ardıcıl tərbiyəvi təsirlər tələb edir.

Məktəbdə bu iş əsasən sinifdənxaric və məktəbdənkənar tədbirlər vasitəsi ilə həyata keçirilir və belə tədbirlərin çeşidi olduqca çoxdur: sinif saatları, tarixi günlərin, bayramların qeyd olunması, bunun üçün müxtəlif mümarisələrin, sərgi və tərtibatların hazırlanması, görkəmli adamlarla görüşlər, bilik yarışları, idman turnirləri, konkret mövzulara həsr olunmuş ədəbi-bədii gecələr və s.

Lakin təəssüf ki, indi məktəblərdə təlimə, təhsilin məzmununa, bu məzmunun optimal yolla şagirdlərə çatdırılmasına, təlimdən gözlənilən nəticələrin əldə olunmasına daha çox üstünlük verilir. Müasir təlim texnologiyaları, fəal təlim üsulları indi istər nəzəriyyəçilərin, istərsə də praktiklərin daha çox diqqət yetirdikləri məsələlərdəndir.

Müəllimin fəaliyyəti qiymətləndirilərkən də, ilk növbədə, onun işinə bu prizmadan yanaşılır, dərsdə fəal təlim metodlarından necə istifadə etməsi, fəal təlimlə işləyə bilmək bacarığı əsas götürülür.

Tərbiyə prosesi, xüsusilə də dərsdənkənar vaxtlarda aparılan tərbiyə işi isə diqqətdən kənarda qalır. Bunu nəzərə  alaraq mən liseydə tərbiyə məsələlərinə, il ərzində sistematik olaraq tərbiyəvi tədbirlərin keçirilməsinə, onların bütün şagirdləri əhatə etməsinə və belə tədbirlər planlaşdırılarkən şagirdlərin maraq və istəyinin nəzərə alınmasına xüsusi diqqət yetirirəm.

Əvvələn onu deyim ki, son illər beynəlxalq standartlara uyğun tikilib istifadəyə verilmiş və ən müasir avadanlıqlarla, tədris vəsaitləri ilə təmin olunmuş liseyimizdə keyfiyyətli təlim-tərbiyə işləri üçün ilkin şərtlərdən biri olan yüksək təlim mühiti yaradılmış, əsasən yaradıcı, yüksək hazırlıqlı müəllimlərdən ibarət pedaqoji kollektiv formalaşmışdır. Valideynlərlə sıx əlaqə saxlanır, onlar liseyin bütün tədbirlərində fəal iştirak edirlər.

Təkcə təlimdə deyil təşkilati işlərdə, tərbiyəvi tədbirlərin keçirilməsində fəallıq göstərən müəllimlərimiz çoxdur. Onlardan "Ən yaxşı müəllim" müsabiqəsinin iştirakçısı İradə Əsgərovanı, Asəf Nağıyevi xüsusilə qeyd etmək istərdim. Fəal işlərinə görə Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş həmin müəllimlər, digər həmkarlarım sinifdənxaric və sinifdənkənar tərbiyəvi tədbirlərin keçirilməsində mənə yaxından kömək göstərirlər. Liseyimizdə tərbiyəvi tədbirlər ilboyu, xüsusi plan əsasında müntəzəm keçirilir. Onlar həm ümumlisey, həm də siniflər səviyyəsində təşkil edilir. Tərbiyəvilik baxımından yüksək səmərə verməsi üçün tədbirləri varislik xətti ilə bir-birini tamamlayan, inkişaf etdirən formada keçirməyə çalışırıq. Şagirdlərdə müxtəlif fiziki, mənəvi keyfiyyətlərin tərbiyəsi üçün tədbirlərin mövzuca rəngarəngliyi də mühüm şərtdir və biz bu şərtə əməl edirik.

Tədbirlərin digər təhsil ocaqları ilə birgə təşkili, yaxud başqa təlim-tərbiyə müəssisələrindən qonaqların dəvət olunması da onların tərbiyəvi təsirini artırır. ötən ilin noyabrında "Savalan" qəzetinin yubileyi ilə bağlı keçirdiyimiz mərasimdə bunun bir daha şahidi olduq. Həmin tədbirə qəzetin əməkdaşları ilə bərabər 3 nömrəli uşaq evindən, 171 nömrəli məktəbdən də qonaqlar dəvət olunmuşdu.

Liseyimizin IX sinif şagirdi Elton Mirzəzadə Türkiyə Respublikasında keçirilən XV beynəlxalq layihə olimpiadasında iştirak edib. "Fzika-təbiət fəlsəfəsidir" devizi altında keçirdiymiz fizika gecəsi də (təşkilatçı liseyin fizika müəllimi Kamal Qocayev) müəllim və şagirdlərimizdə böyük maraq yaratdı.

Bu yaxınlarda keçirdiyimiz ən mühüm tərbiyəvi tədbir isə liseyimizin bir qrup şagirdinin Londona səfərinin təşkili oldu.

Liseyin direktoru F.Xəlilovun köməyi ilə reallaşan səfərdə əsas məqsəd dünyada təhsil sahəsində baş verən yeniliklərlə maraqlanmaq, uşaqları ingilis dili dərslərində bu fənn üzrə müxtəlif siniflərin dərsliklərində epizodik məlumatlar aldıqları Böyük Britaniya, onun paytaxtı London şəhəri ilə yaxından tanış etmək idi. Orada olduğumuz müddətdə uşaqlarımız "Lanquapu linq" adlanan məktəbdə təhsil aldılar. Bu təhsil proqramı uşaqlar üçün yenilik və dəyişiklik oldu. Sonda treninq keçirildi. Şagirlərimiz I, II, III yerlərə layiq görülərək diplomlarla təltif edildilər.

İnformasiya kanallarının çoxaldığı, bununla da şagirdlərin müxtəlif xarici təsirlərə məruz qalmaq ehtimalının artdığı indiki şəraitdə şagirdlərlə sistemli, ardıcıl, təsirli tərbiyə işlərinin aparılması çox zəruridir və bunu məktəb rəhbərləri, müəllimlər bir an belə unutmamalıdırlar.

 

Nuranə ŞIXƏLİYEVA,

Heydər Əliyev adına

liseyin təşkilati işlər

üzrə direktor müavini