· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Yay kompüter düşərgəsi açıldı

 

İyulun 3-də Bakıdakı akademik Zərifə Əliyeva adına orta məktəbdə yay kompüter düşərgəsinin açılışı oldu. "Microsoft Azərbaycan" şirkəti və "İNFOMAS" qeyri-hökumət təşkilatı tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyinin yardımı ilə təşkil olunmuş düşərgəyə HP, "ULTRA", PC "Maqazine Mina Qroup" və "British Council" şirkət və təşkilatlar dəstək göstərir. Düşərgənin rəhbəri Ramin Mahmudzadədir.

Tədbiri açan Z.Əliyeva adına məktəbin direktoru Məhəbbət Vəliyeva bildirdi ki, 31 iyuladək davam edəcək yay kompüter düşərgəsində 7-10-cu sinifləri təmsil edən 75 şagird iştirak edir. Məqsəd yetişən nəslin informasiya və kommunikasiya texnologiyaları sahəsindəki biliklərinin inkişaf etdirilməsi və tədqiqat işi aparmaq marağının aşılanmasıdır. Tədbirin əhəmiyyətini vurğulayan M.Vəliyeva iştirakçılara uğurlar arzuladı.

Sonra "Microsoft Azərbaycan" şirkətinin proqram meneceri Emin Axundov çıxış edərək yay kompüter düşərgəsi haqqında geniş məlumat verdi. Qeyd etdi ki, məktəblilər maraqlarından asılı olaraq informasiya texnologiyaları ilə məşğul olmaq üçün bir neçə qrupa bölünüblər. Düşərgə çərçivəsində proqramlaşdırma, veb-hazırlıq, multimedia texnologiyaları, informatika üzrə ümumi ilkin biliklər üzrə yaradıcılıq emalatxanaları fəaliyyət göstərəcək. Məktəblilərə məşğələləri təcrübəli informatika müəllimləri, həmçinin proqramlaşdırma üzrə peşəkar mütəxəssislər keçəcək.

"British Council" təşkilatının müəllimləri isə onlara ingilis dili dərsini keçəcəklər. Düşərgədə məktəblilər həmçinin mədəni proqramda iştirak edəcəklər.

Açılış mərasimində çıxış edən düşərgənin rəhbəri Ramin Mahmudzadənin fikrincə, əsas məqsəd hər bir məktəblini müəllimlə bərabərhüquqlu anlaşma prosesinə cəlb etməkdir. Bu cür yanaşma məktəblilərə düşərgənin proqramını daha asan və sərbəst şəkildə öyrənməyə və yaşıdları ilə bir komandada maraqlı layihələri yaratmağa imkan verəcək. Onlar əldə etdikləri bacarıqları günün sonunda müzakirə edəcəklər.

Qeyd edildi ki, qruplarda mini-müsabiqələr keçirilərək ən yaxşı şagirdlər müəyyənləşdiriləcək. Düşərgə başa çatdıqdan sonra məktəblilər layihələr vasitəsilə öz yeni bacarıqlarını ictimaiyyətə, habelə öz valideynlərinə nümayiş etdirəcəklər.

Yay kompüter düşərgəsi zamanı informatika üzrə məktəblilərdən ibarət Azərbaycan olimpiya komandası da xüsusi proqram üzrə təlim keçərək, Bolqarıstanda keçiriləcək beynəlxalq olimpiadaya hazırlaşacaq.

 

Fazil İDRİSOĞLU