· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyinin əməkdaşları Koreyada

beynəlxalq seminarda iştirak ediblər

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov və Texniki peşə təhsili şöbəsinin müdiri N.Məmmədov iyunun 30-dan iyulun 5-dək Koreya İnsan Resursları İnkişaf Xidmətinin təşəbbüsü ilə təhsil siyasətinin, xüsusilə peşə təhsili siyasətinin formalaşdırılması üzrə Cənubi Koreyada təşkil edilən beynəlxalq seminarda iştirak ediblər. Beynəlxalq seminara Cənubi Koreyanın müxtəlif peşə təhsili müəssisələrinin və agentliklərinin rəhbərləri, həmçinin Qırğızıstan, İndoneziya, Nepal, Banqladeş, Kamerun, Yəmən, Vyetnam, Tanzaniya, Anqola   və s. ölkələrdə peşə təhsili sahəsinə rəhbərlik edən şəxslər qatılıblar. Seminarın təşkilində əsas məqsəd Koreyada peşə hazırlığı sisteminin təşkili, peşə təhsili siyasətinin formalaşdırılması prinsipləri və təhsil müəssisələrinin fəaliyyətləri ilə tanış olmaq, Cənubi Koreya hökumətinin dəstəyi ilə peşə təhsili sistemini yenidən quran ölkələrdə həyata keçirilən layihələr barədə məlumat toplamaq idi.

Səfər zamanı Koreya Politexnik Kollecində, İnsan Resursları İnkişaf Xidmətində, Koreyanın iri sənaye şirkətləri olan Hyundai və POSCO-nun bir sıra istehsal müəssisələrində görüşlər keçirilib.

Təhsil Nazirliyinin nümayəndələri ilə Bakıda "Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi"nin yaradılması təşəbbüsü ilə çıxış edən "DAEWOO İnternational" və "ED Corporation"un təmsilçilərinin görüşləri də yaddaqalan olub. Görüşlərdə layihənin Azərbaycan höküməti ilə razılaşdırılması və həyata keçirilməsi üçün səylərin gücləndirilməsi məsələləri müzakirə edilib.

 

 

 

 

 

ADU-da brifinq keçirilib

 

İyulun 7-də Azərbaycan Dillər Universitetində keçirilən brifinq 2008-2009-cu tədris ilinin yekunlarına dair hesabat və növbəti tədris ilində ADU-da nəzərdə tutulan yeniliklərə həsr olunmuşdur. Brifinqdə ADU-nun mətbuat katibi Zeynəb Kazımova bildirdi ki, bu təhsil ocağında 2008-2009-cu tədris ilində 3136 tələbə kredit sistemi ilə imtahan verib.

Universitetimizdə ümumilikdə 5000 tələbə təhsil alır, onlardan 285 nəfəri əcnəbidir.

Bu tədris ilində ADU-da bakalavr pilləsi də daxil olmaqla, əyani, qiyabi,  axşam şöbələri üzrə 907 tələbə təhsilini başa vurur. 132 tələbə avropaşunaslıq və beynəlxalq münasibətlər fakültəsini kredit sistemi ilə bitirir. 2006-2007-ci tədris ilindən ADU-nun bütün fakültələrində kredit sistemi tətbiq olunur.

2009-2010-cu tədris ilindən ADU-da "Təlimdə innovasiyalar və əlavə təhsil" adlı yeni kafedra fəaliyyətə başlayacaq. Bu tədris ilində universitetdə elm sahəsində bir sıra layihələr həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə Elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamına uyğun olaraq ADU-da "Elmin inkişafı üzrə fəaliyyət proqramı" hazırlanmışdır.

2009-cu il ADU-da "Elm ili" elan olunub. Bu çərçivədə universitetdə fəaliyyət göstərən elmi jurnalın dünya standartlarına uyğunlaşması üçün ADU-nun rektoru, professor Səməd Seyidovun sədrliyi ilə xüsusi Koordinasiya Şurası yaradılıb.

ADU xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə əlaqələrini daim genişləndirir. Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri ilə ADU-nun tələbələri arasında mütəmadi görüşlər keçirilir.

Bu il ilk dəfə olaraq 8 amerikalı tələbə ADU-da yay məktəbində iştirak edir.

Sonda KİV nümayəndələrini maraqlandıran suallara cavab verildi.

 

Şakir CƏFƏROV