· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Cəlil Məmmədquluzadə - 140

Yubileylə əlaqədar yeni nəşrlər hazırlanır

 

Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatının və mətbuatının inkişafında, ictimai fikrin və milli məfkurənin təşəkkülündə misilsiz xidmətləri olan yazıçı-publisist Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 6 fevral 2009-cu il tarixli sərəncam imzalamışdır.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun bu sərəncamın icrasını təmin etmək məqsədilə 14 fevral 2009-cu il tarixli sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetində də kütləvi tədbirlər geniş vüsət almışdır. Bu günlərdə universitetdə C.Məmmədquluzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar hazırlanmaqda olan yeni nəşrlər müzakirə edilmişdir. Tədbirdə AMEA-nın Naxçıvan Bölməsinin bir qrup əməkdaşı da iştirak etmişdir.

NDU-nun rektoru, akademik İsa Həbibbəyli Naxçıvan MR Ali Məclisi sədrinin qayğısı və dəstəyi sayəsində böyük mütəfəkkir, demokrat ədib Cəlil Məmmədquluzadənin ədəbi irsinin, onunla bağlı elmi-tədqiqat əsərlərinin yenidən nəşrinin əhəmiyyətindən bəhs etmişdir.

çıxışlarda qeyd olunmuşdur ki, görkəmli mirzəcəlilşünas, akademik İsa Həbibbəyli tərəfindən ədibin əsərlərinin ikicildliyi tərtib olunmuşdur. Tədbir iştirakçıları yeni nəşrin ikinci cildində dahi yazıçının 300-dən artıq naməlum əsərinin toplanmasının elmi-ədəbi dəyərini yüksək qiymətləndirmişlər.

Bundan başqa, nəşr ərəfəsində olan Əziz Şərifin "Molla Nəsrəddin" necə yarandı", Qulam Məmmədlinin "Molla Nəsrəddin" salnaməsi, akademik İsa Həbibbəylinin "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" kitablarının çapı məsələləri də müzakirə olunmuşdur. Görkəmli ədəbiyyatşünas, akademik Məmməd Cəfərin Cəlil Məmmədquluzadə haqqında yazdığı "İnsanlar, talelər" kinopyesinin akademik İsa Həbibbəyli tərəfindən ilk dəfə üzə çıxarılıb çapa hazırlanması xəbəri də böyük maraq doğurmuşdur. Tədbirdə vurğulanmışdır ki, Naxçıvan MR Ali Məclisinin təsis etdiyi "Naxçıvan" jurnalının növbəti nömrəsi də ədibin 140 illik yubileyinə həsr olunmuşdur. çap ərəfəsində olan yubiley nömrəsində NDU-nun və AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının məqalələri toplanmışdır. "Cəlil Məmmədquluzadə: taleyi və sənəti" adlı məqalələr toplusunun da nəşr olunacağı bildirilmişdir.

Yubiley nəşrləri qələmini və həyatını xalqının milli istiqlal mücadiləsinə həsr etmiş, azərbaycançılıq ideologiyasının əsl tərənnümçüsü Cəlil Məmmədquluzadənin şəxsiyyətinə və yaradıcılığına dövlət qayğısının bəhrəsidir. İnanırıq ki, bu yeni çap məhsulları XXI əsrin oxucusuna bir daha dahi dramaturq-publisistin hər zaman aktual olan, milli və bəşəri dəyərlərlə zəngin mənəvi mirası ilə yaxından tanış olmaq fürsəti verəcək.

 

NDU-nun

Mətbuat şöbəsi