ˇ Ana səhifə

ˇ Rəsmi

ˇ Heydər Əliyev Fondu

ˇ Əmrlər, sərəncamlar

ˇ Təhsil Nazirliyində

ˇ Xəbərlər

ˇ Pedaqoji yazılar

ˇ Məktəblərimiz


ˇ Bizimlə əlaqə

 

 

 

Azərbaycanlı və rusiyalı gənclərdən

ibarət qrup ölkəmizdə səfərdədir

 

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəvəti ilə RAGT-ın və Rusiya Gənclər İctimai Palatasının üzvlərindən, rusiyalı dövlət qulluqçularından, Rusiyanın aparıcı ali məktəblərində təhsil alan rus və azərbaycanlı tələbələrdən ibarət bir qrup gənc ölkəmizdə səfərdədir.

Səfərin təşkilindən məqsəd Azərbaycan və Rusiya arasında əlaqələri gücləndirmək və möhkəmlətmək, iki ölkənin gənclərini bir-birinə yaxınlaşdırmaq, tələbələr arasında daha sıx əlaqələr qurmaq, dostluq münasibətlərini inkişaf etdirməkdir.

RAGT-ın İdarə Heyəti Şurasının üzvü Emin Hacıyev bildirmişdir ki, artıq üçüncü ildir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə azərbaycanlı və rusiyalı gənclərdən ibarət belə qrupların ölkəmizə səfəri təşkil olunur.

Avqustun 9-dək davam edəcək bu dəfəki səfər çərçivəsində gənclər bir sıra görüşlər keçirəcək, Naxçıvan Muxtar Respublikasına və Quba rayonuna səfər edəcəklər.

 

 

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin

Bakı filialına qəbul olunmuş tələbələrlə görüş keçirilib

 

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Baki filialinin rektoru, professor Nərgiz Paşayeva avqustun 5-də bu nüfuzlu ali məktəbə qəbul olunan tələbələrlə görüşmüşdür.

Tələbələr qarşısında çıxış edən rektor Bakı filialındakı təhsilin universitetin statusu səviyyəsində olacağını diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, 98 nəfər bu nüfuzlu təhsil ocağının tələbəsi adına layiq görülmüşdür. Bu ildən MDU-nun Bakı filialında filologiya, kimya, riyaziyyat fakültələri ilə yanaşı, psixologiya fakültəsi də fəaliyyət göstərəcəkdir.

Rektor Nərgiz Paşayeva tələbələri təbrik edərək, bu günün onların həyatında ən əlamətdar hadisələrdən biri olduğunu vurğulamışdır. N.Paşayeva qeyd etmişdir ki, tələbə adını qazanan gənclər elm sahəsində çətin və şərəfli yola qədəm qoyurlar. Universitet tələbələrinin qarşısında duran başlıca vəzifə biliklərin əsaslarına mükəmməl yiyələnmək, gələcəyin layiqli mütəxəssisləri olmaqdır. Müsabiqənin asan keçmədiyini deyən Bakı filialının rektoru, abituriyentlərin Moskvadan gələn müəllim-professor heyəti qarşısında biliklərini yüksək səviyyədə nümayiş etdiklərini və sınaqdan uğurla çıxdıqlarını söyləmişdir. M.V.Lomonosov adına universitetin tələbəsi adını daşımağın şərəfli və məsuliyyətli olduğunu deyən rektor imtahanları qəbul edən Moskva komissiyasının üzvlərinə minnətdarlığını bildirmişdir.

Qəbul komissiyasının üzvləri də azərbaycanlı tələbələrin çətin sınaqlardan uğurla çıxdıqlarını bildirmişlər.

Tələbələrlə görüş universitetin himninin səsləndirilməsi ilə başa çatmışdır.

 

AzərTAc

 

 

 

Ali məktəblərə yerləşdirmənin nəticələri

TQDK-nın İnternet saytında yerləşdirilib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər ki, 2009-2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə yerləşdirmənin nəticələri avqustun 5-də saat 16-00-da TQDK-nın İnternet saytında yerləşdirilmişdir.

Abituriyentlər həmin məlumatı, həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə bilərlər. Bunun üçün iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər.

Ali məktəblərə qəbul olunmuş abituriyentlərin siyahısı "Abituriyent" jurnalının 6-cı nömrəsində dərc olunacaqdır.

 

AzərTAc

 

 

 

"Uşaq ili" ilə əlaqədar Naxçıvanda xeyli iş görülüb

 

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ilin lUşaq iliť elan olunması gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğını daha da artırmışdır.

Bu baxımdan onların yaxşı təhsil alması, müasir dövrün tələblərinə uyğun hərtərəfli inkişaf etmələri üçün muxtar respublikada hər cür şərait yaradılır. Belə ki, cari ilin birinci yarısında Naxçıvan şəhərində 100 yerlik 15 nömrəli və 200 yerlik 12 nömrəli uşaq bağçaları tikilərək istifadəyə verilmişdir. Naxçıvan şəhərində 1008 şagird yerlik 8 nömrəli orta məktəb, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi yenidən qurulmuş, Əliabad qəsəbəsində 4 nömrəli uşaq musiqi məktəbi tikilib istifadəyə verilmişdir. Naxçıvan Şahmat Mərkəzinin tikintisi başa çatdırılmış, uşaqların istirahət vaxtının şən və mənalı keçirilməsi məqsədi ilə Naxçıvan şəhərindəki Mədəniyyət və İstirahət Parkında əyləncə üçün avadanlıq quraşdırılmışdır.

 

 

 

 

Azərbaycan məktəbliləri informatika üzrə

XXI Beynəlxalq Olimpiadada iştirak edəcək

 

Avqustun 8-dən 15-dək Bolqarıstanın Plovdiv şəhərində məktəblilər arasında informatika üzrə XXI Beynəlxalq Olimpiada keçiriləcəkdir. Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və "Azerfon" MMC tərəfindən dəstəklənən Azərbaycan komandası da iştirak edəcəkdir.

"Azerfon"-un baş direktoru Gido Xelbix səfər ərəfəsində Azərbaycan milli komandasının üzvləri ilə görüşmüşdür. Görüşdə G.Xelbix Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafı və bu sahədə peşəkar kadr potensialının artırılması istiqamətində şirkətin fəaliyyəti barədə məlumat vermişdir.

Azərbaycan məktəbliləri Beynəlxalq Olimpiadada 1994-cü ildən iştirak edir. 1996-1997-ci və 2004-ci illərdə Azərbaycan komandası bürünc, 2003-cü ildə isə gümüş medallara layiq görülmüşdür.

 

 

 

Xaçmazda yeni məktəb binalarının tikintisi davam edir

 

Xaçmaz rayonunda şahmat məktəbinin, Nərəcan kəndində isə 480 şagird yeri olan məktəb binasının tikintisi başa çatmaq üzrədir.

Xaçmaz şəhərindəki 4 nömrəli məktəb üçün 640 şagird yeri olan yeni binanın tikintisinə də başlanılmışdır.

 

AzərTAc

 

 

 

"Şənlik" rəqs qrupu festivaldan gümüş medalla qayıdıb

 

ARDNŞ Sosial İnkişaf İdarəsinin S.Bəhlulzadə adına Mədəniyyət Sarayındakı "Şənlik" rəqs qrupu artıq 15 yaşına qədəm qoyub. Bu ansambl televiziyanın "Hər birimiz bir çiçək", "Şən mozaika", "Şənlik bizə yaraşır", "YUNİSEF" verilişlərində, eləcə də müxtəlif televiziya kanallarında şən rəqsləri ilə tamaşaçı rəğbətini qazanıb. Təsadüfi deyil ki, ulu öndər  Heydər Əliyev 2002-ci ildə "YUNİSEF" gününə həsr olunan televiziya proqramında "Şənlik" qrupunun ifa etdiyi "Neftçilər" rəqsinə tamaşa etdikdən sonra uşaqların çıxışını  yüksək qiymətləndirmişdir.

"Şənlik" rəqs qrupu 2000-ci ilin aprel ayında Simali Kiprdə Uluslararası çocuq Festivalında, 2003-cü ildə Ankarada keçirilən Qələbə Festivalında, İstanbuldakı 2-ci Mahnı və Rəqs Festivalında, 2004-cü ildə Antalyadakı 4-cü Uluslararası Gənclər Festivalında, 2007-ci ilin iyulunda İstanbul şəhərində 4-cü Mahnı və Rəqs Festivalında, 2008-ci ildə Antalyada Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə aprelin 18-dən 24-dək davam edən festivalda  da uğurla iştirak etmişdir.

Qrupun 3 yaşından 16 yaşa qədər  xüsusi istedada malik olan üzvləri milli rəqslərimizlə yanaşı, türk, hind, yəhudi, ispan, ərəb, Latın Amerikası və digər ölkələrin rəqslərini məharətlə ifa edir.

2009-cu ildə Heydər Əliyev Fondunun  Gülüstan Sarayında keçirilən "Yeni il", "Novruz" bayramlarında "Şənlik" ansamblı gözəl rəqs çələngi ilə çıxış etmişdir.

"Şənlik" rəqs qrupu Bakı Atatürk liseyinin şagirdləri ilə birlikdə bu il mayın 31-dən iyunun 6-dək qardaş Türkiyədə Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə keçirilən "Türk Dünyası çocuq Şöleni" festivalında iştirak etmişlər. 41 uşaq qrupunun qatıldığı festivalda Azərbaycanı təmsil edən uşaqlar milli mahnı və rəqs çələngini tamaşaçılara ərməğan etmiş və böyük uğur qazanmışlar. "Şənlik" ansamblı Türkiyə səfərindən  Vətənə gümüş medalla qayıtmışdır.

 

Təranə CƏBİYEVA

 

 

 

 

 

 

Alman dilinin öyrənilməsinə həsr olunmuş seminar

 

Almaniyanın Höte İnstitutunun tərəfdaşı kimi çıxış edən "Alman Dili Tədrisi Mərkəzi - Azərbaycan" təşkilatı respublikada alman dilinin öyrənilməsində mühüm rol oynayır. Bu məqsədlə mərkəz kurslar təşkil edir, şagirdlər (14 yaşdan yuxarı), tələbələr, öz ixtisası üzrə çalışanlar və iş axtaranlar bu kurslarda alman dilini öyrənirlər.

Kursların məzmunu və məqsədi Dillər üzrə ümumavropa Baza çərçivəsində kommunikativ metoda əsaslanır. Burada dinləmə, oxu, yazı və danışıq vərdişləri eyni dərəcədə çalışdırılır.

Yeri gəlmişkən, böyük alman şairi Hötenin adını daşıyan Höte İnstitutunun filialları alman dilinin öyrənilməsi məqsədilə dünyanın 76 ölkəsində fəaliyyət göstərir. Bununla yanaşı 23 ölkədə, o cümlədən Azərbaycan Respublikasında təcrübi və nəzəri konfranslar və ixtisasartırma kursları və dilöyrənmə problemlərinə dair digər tədbirlər həyata keçirilir. Belə tədbirlər Almaniyanın özündə də həyata keçirilir. Buraya hər il respublikamızdan da müəllimlər, tələbələr və şagirdlər dəvət olunurlar. Onlar burada dilbilmə bacarıqlarını təkmilləşdirirlər.

"Alman Dili Tədrisi Mərkəzi - Azərbaycan"ın təşəbbüsü ilə iyunun 7-dən 13-dək paytaxtda "Schritte İnternational" və "Neu və Ziel" alman dili dərsliklərinin tədrisdə istifadəsi" adlı həftəlik seminar təşkil olunmuşdur. Seminarı Almaniyanın Hueber Nəşriyyatının referenti, əvvəllər Höte İnstitutunda çalışmış müəllim Anne Robert aparırdı. Seminarın əsas məqsədi ali məktəb müəllimlərinin metodiki hazırlıqlarını, kitab və media vasitələrindən daha maraqlı və məqsədyönlü istifadəni təmin etmək idi. Seminar məşğələsi müəllimlərin metodiki təklif və məsləhətləri əsasında başlayır və yekunlaşırdı.

Seminarın yekun məşğələsində müəllimlərin seminarın gedişi və alman dilinin tədrisi haqqında fikir və təkliflərinin müzakirəsi keçirildi. Təklif olundu ki, müəyyən rayon və şəhər məktəblərində alman dili təmayüllü məktəblər və qrupların təşkili, müəllimlərin yenidən hazırlanması və ixtisasının artırılmasını Avropa standartlarına uyğun təşkil etmək, fasiləsiz təhsili təkmilləşdirmək və inkişaf etdirmək, orta və ali məktəblər üçün yeni dərsliklər və vəsaitlərin hazırlanmasını sürətləndirmək, məktəblərdə xarici dil kabinetlərinin yenidən təşkili, onların tədris metodik vasitələrlə təmin edilməsi, təcrübə mübadiləsinin aparılması alman dilinin daha yaxşı öyrənilməsinə müsbət təsir göstərər.

 

Yusif QAZIYEV,

Bakıdakı 276 nömrəli məktəbin

müəllimi, pedaqoji elmlər namizədi