· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakı şəhər məktəbləri məzunlarının ali məktəblərə qəbul göstəriciləri müzakirə edildi

 

Fevralın 11-də Bakıdakı 1 nömrəli orta məktəbdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə  müşavirəsi keçirildi. Tədbir 2007-2008-ci tədris ilində Bakı şəhər məktəbləri məzunlarının ali məktəblərə qəbul göstəricilərinin elmi-statistik təhlilinə həsr olunmuşdu.

Müşavirəni Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq  son illər belə bir tədbirin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirdi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatlarının  hər bir kəsdə bir daha təhsilin inkişaf dinamikasına dair ətraflı təsəvvür yaratdığını söylədi. Nailə xanım bildirdi ki, təhsillə bağlı görülən işlər artıq müəyyən nəticələr verib və bu nəticələrin müqayisəli təhlili göstərir ki, təkcə Bakı şəhərində deyil, ümumiyyətlə Azərbaycanda təhsil artan dinamika üzrə inkişaf edir. Bu inkişafın başlıca səbəbi isə dövlətin təhsilə qayğısının nəticəsidir. ölkə başçısı cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət bu sahədə qazanılan uğurların əsasını təşkil edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə  "Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr" mövzusunda geniş məruzə-təqdimatla çıxış etdi. Məzunların ali məktəblərə qəbul imtahanlarında topladıqları ballarla orta attestat qiymətlərinin 2003-cü və 2008-ci illər üzrə müqayisəli təhlilini aparan sədr  daha sonra həmin illərdə  fənlər üzrə attestat qiymətləri əla olan məzunların nisbi bal göstəriciləri,1992-2008-ci illərdə ali məktəblərə qəbul planı, abituriyent ərizələrinin sayının dinamikası və 2008-2009-cu tədris ili üçün ali məktəblərə qəbul planı  ilə bağlı statistik rəqəmləri, xüsusi hazırlanmış cədvəl və diaqramları müşavirə iştirakçılarının diqqətinə çatdırdı. Məruzə-təqdimatda 2008-2009-cu tədris ilində  qəbul aparılan ixtisasların və təsdiq olunmuş yeni ixtisasların saylarının müqayisəsi verildi. Məleykə  Abbaszadə bildirdi ki, 2008-ci ildə ali məktəblərə qəbul imtahanlarında Azərbaycan bölməsi üzrə 100165, rus bölməsi üzrə isə 10622 olmaqla cəmi 110787 nəfər iştirak edib. Qəbul imtahanlarında iştirak edənlərdən Azərbaycan bölməsi üzrə 23440, rus bölməsi üzrə isə 4075 olmaqla cəmi 27515 nəfər ali məktəblərə qəbul olunub.

Müşavirə iştirakçıları 2003-2008-ci illər üzrə ali məktəblərin reytinq cədvəlləri, 2007-ci və 2008-ci illər üzrə imtahan fənləri göstəricilərinin müqayisəsi, eyni zamanda 2008-ci ildə Bakı şəhərinin abituriyentlərinin imtahan fənləri göstəriciləri ilə tanış oldular.

Sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev çıxışında dedi ki, 2007-2008-ci tədris ilində Bakı şəhəri məktəblərini bitirən 26337 məzundan 24546 nəfəri ali məktəblərə sənəd verib. Onlardan 39,50 faizi  qəbul olunub. Qəbul olunanlardan 2 nəfəri maksimum 700 bal toplayıb. Verilən məlumatdan daha sonra aydın oldu ki, 2006-cı ilə nisbətən ali məktəblərə qəbul göstəricisi 4,71 faiz artıb. 0-200 bal toplayanlar 11,25 faiz azalıb, 300-dən yuxarı bal toplayanlar 7,72 faiz, 500-700 bal toplayanların sayı isə 1,77 faiz artıb. Bakı məktəblərinin 2007-2008-ci tədris ili əlaçı məzunlarının 72 faizi özünü doğruldaraq 500-700 bal intervalında nəticə göstərib. Paytaxt üzrə  250-dən yuxarı nəticə göstərən məktəblərin sayı 72-dən 160-a çatıb. İştirakçıları son 3 ildə tələbə qəbulunda məktəblərin qəbulolma faizləri, şəhər məktəbləri  məzunlarının imtahan göstəriciləri, fənlər üzrə düzgün cavab faizləri ilə tanış edən sektor müdiri, həmçinin onların  illər üzrə ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrinin  müqayisəli təhlilini əks etdirən cədvəlləri diqqətə çatdırdı.

Müşavirəni təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirdi, bunun, ilk növbədə, Azərbaycan təhsilinin inkişafına müsbət təsir göstərdiyini dedi. Nazir ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi altında cəmiyyətin bütün sahələrində, o cümlədən təhsil sahəsində də uğurlu nəticələrin əldə olunduğunu qeyd edərək, bu işlərin davamlı olacağına əmin olduğunu bildirdi.

Təhsil naziri söylənilənlərdən hər bir kəsin özü üçün nəticə çıxarmasını, təhsil ocaqlarına rəhbərlik edən  direktorların öz məktəblərində bunları ətraflı təhlil etməsinin vacibliyini diqqətə çatdıraraq bununla bağlı bir sıra tövsiyələr verdi. Nazir Misir Mərdanov  bütün təhsil işçilərinə  Azərbaycan təhsilinin inkişafında, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində  gördükləri işlərdə  uğurlar arzuladı.

 

Samirə KƏRİMOVA