· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2009-cu ilin fevral ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 ili tamam olur.

Qüdrətli qələm ustası Cəlil Məmmədquluzadənin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Ədibin yüz il əvvəl yaratdığı "ölülər", milli vəhdət ideyasının carçısına çevrilmiş "Anamın kitabı", eləcə də digər dramaturji, nəsr və publisist əsərləri Azərbaycanın çoxəsrlik söz xəzinəsinin qiymətli incilərini təşkil edir. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə çap olunan "Molla Nəsrəddin" jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkurənin formalaşmasına öz layiqli töhfəsini vermişdir. Klassik Azərbaycan və dünya bədii fikri ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnən sənətkarın milli oyanışa səsləyən yaradıcılığı həm Qafqaz xalqlarının, həm də bir sıra Şərq ölkələrinin ədəbiyyatlarına böyük təsir göstərmişdir.

Azərbaycan mədəni və ictimai fikrinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin respublikada layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 fevral 2009-cu il

 

 

 

 

 

 

 

Mehdi Hüseynin 100 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2009-cu ilin mart ayında görkəmli ədib, Azərbaycanın xalq yazıçısı Mehdi Hüseynin (Mehdi Əli oğlu Hüseynovun) anadan olmasının 100 ili tamam olur.

Yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında istedadlı nasir, dramaturq və tənqidçi Mehdi Hüseynin özünəməxsus yeri vardır. O, tarixi və müasir mövzulu bədii əsərlərin bir çox dəyərli nümunələrini meydana gətirməklə yanaşı, peşəkar ədəbiyyatşünas kimi sənətkarlıq və yaradıcılığın nəzəri məsələlərinə dair aktual mülahizələri ilə ədəbi prosesə istiqamət vermişdir.

Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş yazıçı Mehdi Hüseynin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq yazıçısı Mehdi Hüseynin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 fevral 2009-cu il

 

 

 

 

 

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 saylı fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Rüstəmova Fəridə Eldar qızı - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi.

Sevdiməliyev Ramiz Ramiz oğlu - Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi.

Yusifli Zəhra Ceyhun qızı - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 fevral 2009-cu il