· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Bəxtiyar Mahmud oğlu Vahabzadə

Azərbaycan xalqına ağır itki üz vermişdir. Müasir Azərbaycanın görkəmli şairi, dramaturq və ədəbiyyatşünası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq şairi, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Bəxtiyar Mahmud oğlu Vahabzadə 2009-cu il fevralın 13-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Bəxtiyar Vahabzadə 1925-ci il avqust ayının 16-da Şəki şəhərində anadan olmuşdur. O, 1934-cü ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və burada orta məktəbi bitirdikdən sonra 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Bəxtiyar Vahabzadə 1947-ci ildə universiteti, 1950-ci ildə isə onun aspiranturasını bitirmişdir. O, 1950-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində müəllim, dosent və professor vəzifələrində çalışaraq, ömrünün yarım əsrdən artıq bir dövrünü ölkəmizdə təhsilin inkişafına həsr etmişdir.

Bəxtiyar Vahabzadə 1951-ci ildə filologiya elmləri üzrə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2000-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Böyük söz ustası xalqımızın yüzillər boyu təşəkkül tapmış yüksək milli mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb yaratmışdır. O, azərbaycançılıq məfkurəsi ilə dərindən bağlı olan və milli özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində dayanırdı.

Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində və sənətkarlıq imkanlarının genişlənməsində Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri vardır. Dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olmuşdur. Mənəvi ucalıq, dünya və zaman, təbiət və insan həyatının mənası haqqında düşüncələrlə zəngin poeziyası ədəbi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən sözlərinə çoxsaylı mahnılar bəstələnmişdir.

Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərlərinin gənc nəslin tərbiyəsində böyük rolu olmuşdur. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü Vahabzadə dramaturgiyasında böyük məharətlə təcəssümünü tapmışdır. Onun pyesləri Azərbaycan və eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulmuş, müəllifinə geniş şöhrət gətirmişdir.

Bəxtiyar Vahabzadə həm də tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında xidmətlər göstərmişdir. Şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərlərini elmi ictimaiyyət həmişə dərin maraqla qarşılamışdır. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə Bəxtiyar Vahabzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil etmişdir.

Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasına töhfələr vermişdir.

Şairin əsərləri bir sıra dillərə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının nümunələri ilə yaxından tanış olmaq imkanı əldə etmişdir.

Bəxtiyar Vahabzadə respublikamızın hüdudlarından uzaqlarda ölkəmizi layiqincə təmsil edərək, milli mədəniyyətimizin təbliği və ədəbi irsimizin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir.

Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyəti də zəngin və təqdirəlayiq olmuşdur. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisinin deputatı seçilmiş Bəxtiyar Vahabzadə xalqımızın həyatının ən çətin və mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə münasibətdə əsl vətənpərvər ziyalı mövqeyi nümayiş etdirmişdir.

Bəxtiyar Vahabzadənin ədəbi-elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifi olan "İstiqlal" ordeninə layiq görülmüşdür.

Görkəmli ədib, mahir pedaqoq, tanınmış ictimai xadim və səmimi insan Bəxtiyar Vahabzadənin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 

 

İlham Əliyev, Artur Rasizadə,

Oqtay Əsədov, Ramiz Mehdiyev,

Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,

Fatma Abdullazadə, Mahmud Kərimov,

Misir Mərdanov, Əbülfəs Qarayev,

Nizami Cəfərov, Abel Məhərrəmov,

Anar Rzayev, Fikrət Qoca,

çingiz Abdullayev, İsa Hüseynov,

Balaş Azəroğlu, Qılman İlkin,

Gülhüseyn Hüseynoğlu, Söhrab Tahir,

Nəriman Həsənzadə, Əkrəm Əylisli,

Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı,

Mövlud Süleymanlı, Zəlimxan Yaqub,

Nailə Vəlixanlı, Ağamusa Axundov,

Bəkir Nəbiyev