ABŞ dövlətinin qeyri-dini,
qeyri-siyasi təşkilatı olan Sülh Korpusu 1961-ci ildə prezident Con F.Kennedi
tərəfindən yaradılmışdır. Sülh Korpusu bütün fəaliyyət göstərdiyi ölkələrə
yalnız yerli hökumətin dəvəti ilə gedir. Onun əsas məqsədi amerikalı
Könüllülərin vasitəsilə dünyada sülh və dostluğun bərqərar olmasına dəstək
vermək, fəaliyyət göstərdiyi ölkənin ehtiyaclarından asılı olaraq təlim keçmiş
ixtisaslı kadrlar vasitəsilə texniki bilik və bacarıqların ötürülməsindən
ibarətdir.
Sülh Korpusu Azərbaycanda
2003-cü ildən fəaliyyət göstərir. Hazırda Könüllülər Azərbaycanda "İngilis
dilinin tədrisi", "İcmanın iqtisadi inkişafı" və "Gənclərin inkişafı"
proqramları üzrə fəaliyyət göstərir.
Sülh Korpusu Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə birgə ingilis dili tədris olunan dövlət
məktəbləri üçün müsabiqə elan edir. Könüllülər seçilmiş məktəblərdə 2010-cu ilin
dekabr ayından başlayaraq ingilis dili müəllimi kimi iki akademik il ərzində
təmənnasız fəaliyyət göstərəcək. Könüllülər azərbaycanlı ingilis dili
müəllimləri ilə birlikdə dərs deyəcək, tələbələrin ingilis dilində danışıq
bacarıqlarını təkmilləşdirəcək, ingilis dili tədrisinin yeni metodlarını təqdim
edəcək və məktəbdə ingilis dili mühitinin yaradılması istiqamətində fəaliyyət
göstərəcəklər.
Sülh Korpusunun Könüllüsü
üçün müraciət etmək istəyən ən azı 2 və ən çoxu 12 ingilis dili müəllimi olan
şəhər və kənd orta məktəbləri ərizə forması üçün müvafiq rayon təhsil şöbəsinin
müdirinə müraciət edə bilərlər. Ərizə forması məktəb direktoru və ingilis dili
müəllimləri tərəfindən doldurulmalı, məktəbin direktorunun imzası ilə təsdiq
olunduqdan sonra təhsil şöbəsinin müdirinə təhvil verilməlidir. Rayon təhsil
şöbəsinin müdiri həmin ərizə formasını təsdiq etməlidir. Hər məktəbdən
yalnız bir ərizə gözlənilir.
Ərizələri yanvar ayının
18-dən başlayaraq rayon təhsil şöbəsindən əldə etmək olar.
Fevral ayının 10-dan
başlayaraq Sülh Korpusunun əməkdaşları ərizələri rayon təhsil şöbələrindən
toplayacaqdır.
Sülh Korpusu Könüllüləri
artıq bir çox rayonlarda çalışır. Müvafiq rayonların siyahısını hazırlayarkən,
Sülh Korpusu rayonda bu günəcən işləmiş, hazirda işləyən Könüllülərin sayını,
rayonda olan məktəblərin sayını və digər məsələləri nəzərə alır. Ərizələrin tam
və düzgün doldurulması seçimdə böyük əhəmiyyətə malikdir.
Bu il keçirilən müsabiqədə
aşağıdakı rayonlar üzrə ingilis dili tədris olunan məktəblər iştirak edə
bilərlər:
Beyləqan, Biləsuvar,
Daşkəsən, Qusar, Quba, Xaçmaz, Goranboy, Göyçay, Gədəbəy, Cəlilabad, Göygöl,
İmişli, Mingəçevir, Masallı, Saatlı, Sabirabad, Şəmkir, Zərdab.
Əlavə məlumat üçün rayon
təhsil şöbəsinə müraciət etmək və ya Sülh Korpusu İngilis dilinin Tədrisi üzrə
Proqram menecerləri ilə əlaqə saxlamaq olar.
Əlaqə telefonları: (012)
596-17-20
Fax: (012) 596-17-24
Mobil: (050) 203-32-65,
(050) 250-54-12
|