· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Bu tədris ili Bakı təhsili üçün uğurlu oldu

 

2007-2008-ci dərs ili başa çatır. Arxada qalan il özünəməxsus yeniliklərlə, yaddaqalan nailiyyətlərlə yekunlaşır.  Təbii ki, hər başa çatan il bir daha təhlil edilir, buraxılmış nöqsanların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilir. Hər ilin nailiyyətləri ötən illərlə müqayisə olunmaqla perspektivli sahələr, inkişaf üçün prioritet istiqamətlər müəyyən edilir. Dərs ili ərzində demokratik idarəetmənin dərinləşdirilməsi prosesi diqqət mərkəzində saxlanılaraq bu sahədə əldə olunan təcrübə ümumiləşdirilməklə, yeni taktika tətbiq edilmiş, təhsil müəssisələrinin idarə olunmasında əks-mərkəzləşmə prosesi bir qədər də dərinləşdirilmişdir. İşin gedişində aydın olmuşdur ki,  idarəetmədə əks-mərkəzləşmə ilə yanaşı, ciddi nəzarət mexanizminin paralel həyata keçirilməsi müsbət nəticələr verir. Qazanılmış təcrübəyə istinad edilərək yeni idarəetmə mexanizmlərinin hazırlanması barədə qərar qəbul etmişik. Yeni dərs ilinin başlanmasına qədər bu mexanizmin bir daha təkmilləşdirilməklə tətbiqinə başlanılacaqdır.

 

Təhsilin idarə olunmasında vacib məqamlardan biri də kadrların düzgün seçilib yerləşdirilməsi və keyfiyyət tərkibinin daim yaxşılaşdırılmasıdır. Bu istiqamətdə atılan addımlar Bakı şəhərində pedaqoji kadrların təyini zamanı yol verilən neqativ halların minimuma endirilməsinə, müəllim sıxlığının azaldılmasına, başlıcası isə mövcud kadr potensialından səmərəli istifadəyə imkan verdi. İndi Bakı şəhərinin məktəblərində şagird-müəllim nisbəti nəzərəçarpacaq dərəcədə dəyişdi. Kadrların sıxlığının azaldılması, mövcud kadr potensialından və müəllim əməyindən səmərəli istifadə sahəsində nəzərdə tutduğumuz tədbirlər həyata keçirildikcə bu nisbət bir qədər də artacaqdır.

Məlumdur ki, əvvəllər 5-6 saat dərslə müəllim  işə qəbulu həyata keçirilmiş, əsassız yerə kadr sıxlığı yaradılmışdır. Hazırda işə qəbul zamanı müəllimlərin orta dərs yükünün 18 saat olması əsas tələb kimi götürülür. Bu, bir tərəfdən müəllimin vaxtının səmərəliliyini artırır, digər tərəfdən, ayrı-ayrı ərazilər üzrə fərqli sıxlığın tənzimlənməsinə müsbət təsir göstərir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki,  hələ də məktəblərdə ibtidai  sinif müəllimlərinin sıxlığı mövcuddur. Belə ki, 1001 nəfər ibtidai sinif müəllimi yığma saatlar hesabına işləyir. Bu problemin həlli üçün ən optimal variant yeni açılmış məktəblərə və boşalan yerlərə həmin kadrların yerləşdirilməsidir. Digər tərəfdən, Təhsil Nazirliyində müəllimlərin işə qəbulu üçün yeni mexanizm hazırlanır. Bu mexanizm əsasında daha savadlı və təcrübəli kadrların qəbul edilməsi ilə yanaşı, mərkəzdən ucqarlara doğru getdikcə artan fərqin aradan qaldırılması durur.

Biz bu xətti qəbul etmişik və hazırda bu istiqamət üzrə fəaliyyətimizi davam etdiririk.

Azərbaycanda təhsilə dövlət qayğısı, təhsilin strateji sahə elan edilməsi işimizin ahəngdar qurulmasına və hər bir təhsil işçisinin xalq və dövlət qarşısında böyük məsuliyyət daşımasının dərk edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə xüsusi diqqətlə yanaşması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində imzaladığı sərəncamlar təhsilin prioritet sahə kimi önə çəkilməsi və inkişaf istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynadı.

Dərs ilinin əvvəlində Bakı şəhərində 22 yeni məktəb, 11 yeni məktəbəqədər tərbiyə müəssisəsi və 28 əlavə korpus  istifadəyə verildi. Bu da öz növbəsində təhsil şəraitinin yaxşılaşdırılması, təlimin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində atılan mühüm addımlardan oldu. Kifayət qədər yüksək səviyyədə texniki imkanlar, yeni texnologiyaların tətbiqi təlim şəraitinin tələb olunan səviyyədə qurulmasına imkan verdi. Yeni məktəb və əlavə korpusların tikintisi, şagird yerləri sayının çoxalması nəticəsində II növbədə oxuyan şagirdlərin sayı 31.160,  III növbədə oxuyanların sayı isə 4.029 nəfər azaldı.

Dərs ilinin əvvəlində ilk dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən irəli sürülən və Təhsil Nazirliyi tərəfindən dəstəklənən məktəbli formasına keçid hamını razı salacaq şəkildə tətbiq edildi. İl ərzində məktəblilərin 80 faizi məktəbli formasına keçdi. Əvvəlcədən proqnozlaşdırılmış vahid formanın tətbiqinin şagirdlərin mənəvi-əxlaqi tərbiyəsində mühüm rol oynayacağı fikri özünü doğrultdu. Valideynlər və şagirdlər arasında apardığımız sorğular və monitorinqlər  prosesin davam etdirilməsinin zəruriliyini sübut etdi.  Yeni dərs ilindən etibarən məktəblilərin tamamilə məktəbli formasına keçməsi başa çatdırılacaqdır.                               

Təhsil İdarəsinin fəaliyyətinin strateji istiqamətlərindən biri təhsildə demokratik islahatların dərinləşdirilməsi, məktəblərin müstəqilliyinin və təşəbbüskarlığının artırılması tədbirləri ilə yanaşı, tədrisə nəzarət mexanizminin təkmilləşdirilməsi işi, yeni forma və metodların tətbiqi  kifayət qədər uğurlu nəticələrə səbəb oldu.  İndi məktəblərdə tam demokratik şərait hökm sürür. Hər cür yeniliyi, o cümlədən təhsildə demokratik idarəçiliyi qəbul etməyənlərə bildirmək istəyirəm ki, demokratikləşmə həm də şikayətlərin artmasına yox, azalmasına səbəb oldu. İndi hər bir müəllim məktəbin idarə edilməsində iştirak edir, Valideyn-Müəllim Assosiasiyaları məktəbdə təhsilin inkişafına, mənəvi-psixoloji iqlimin sağlamlaşdırılmasına əməli töhfələrini verirlər.

"Məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına dair Dövlət Proqramı"nın icrası da uğurla başa çatdırıldı. Nəticədə nəzərdə tutulduğu kimi, 33 şagirdə bir kompüter nisbətindən də yaxşı nəticə əldə olundu. Hazırda paytaxt məktəblərində 29 şagirdə bir kompüter düşür. Bu yeni texnologiyalardan səmərəli istifadə olunması üçün müvafiq tədbirlər görülmüş və görülməkdədir. Kompüterlərdən səmərəli istifadə məqsədilə müəllimlərin kompüter kurslarından keçməsi, hər bir müəllimin kompüterdə işləyə bilmək imkanlarının artırılması işi də yüksək səviyyədə təşkil olunmuşdur.

Audiovizual dərs vəsaitlərinin tətbiqi yönündə görülən işlər də ürəkaçandır. İndi əksər məktəblərimizdə biologiya, fizika, Azərbaycan tarixi və kimya fənlərinin tədrisi elektron dərsliklər əsasında aparılır.

Məktəblərdə "elektron məktəb" layihəsinin həyata keçirilməsi sahəsində də xeyli iş görülmüşdür. 23 nömrəli məktəbdə həyata keçirilən layihə uğurla başa çatdırılmışdır. İndi bu məktəbdə idarəetmə tam elektronlaşdırılmışdır. Bununla yanaşı, məktəbdə İnternet resurslarından səmərəli istifadə olunur.

Bütün bunlar müəllimlərin və şagirdlərin təlimə olan marağının yüksəlməsinə, onların əməyinin elmi təşkilinə, informatikakommunikasiya mədəniyyətinin inkişafına şərait yaradır.

Şəhərin digər məktəblərində lokal şəbəkələr tam fəaliyyət göstərir. Bütün məktəblərin İnternetə qoşulması sahəsində planlaşdırılan işlərimiz ardıcıllıqla həyata keçirilir və yaxın zamanda bu işlərin başa çatdırılması nəzərdə tutulur.

2007-2008-ci dərs ilinin əvvəlində 155 adda 1,5 milyondan çox dərsliyin bölgüsü aparılaraq məktəblərə çatdırılması təmin olunmuşdur. Daha sonra isə məktəblərdən xarici dilləri nəzərə almaqla şagirdlərin sayına dair proqnoz rəqəmlər götürülmüş və 2008-2009-cu dərs ili üçün dərsliklərə olan tələbat müəyyənləşdirilərək Təhsil Nazirliyinə təqdim olunmuşdur.

Yuxarıda qeyd edilənlərin hamısı təhsilin keyfiyyətinin yüksəldilməsinə  xidmət edən amillər kimi dərs ili ərzində öz bəhrəsini vermişdir. Bunu aşağıdakı faktlarla qeyd etmək yerinə düşər.

ötən dərs ilində məzunlarımızın ali məktəblərə qəbul faizi 38,47 faiz olmaqla əvvəlki illə müqayisədə 3,68 faiz artmışdır. Qəbul imtahanlarında iştirak edən məzunlarımızın orta balı 232,537-dən 245,162-yə yüksələrək resrublika üzrə orta göstəricidən 16,6 faiz çox olmuşdur. 2006-cı illə müqayisədə 2007-ci ildə 0-100 bal torlayanların 28,09 faizdən 22,27 faizə, 200-dən aşağı bal torlayanların da azalaraq 49,80 faizdən 45,23 faizə düşməsi, habelə 300-dən yuxarı bal torlayanların  32,40 faizdən  34,39 faizə qalxması təhsildə gedən müsbət dinamikadan xəbər verir. 600-dən yuxarı bal torlayanların sayı da 2006-cı ildə olan 452-dən artaraq 509-a (qəbul olanların 5,61 faiz,  hər qəbul olunan  17 məzundan biri 600-dən yuxarı bal torlayıb) çatmışdır. Test üsulu ilə qəbul imtahanlarının tarixində ilk dəfə olaraq Bakı məktəblərinin 3 məzunu 700 bal toplayaraq maksimum nəticə göstərmişdir.

Habelə, orta məktəb məzunlarının orta balının 232,537-dən 245,162-yə çatması, yəni 5,44 faiz artması təhsilin keyfiyyətinin yüksəlmə göstəricisidir.

Müəyyənləşdirilmiş  prioritet sahələrdən biri də yeni pedaqoji texnologiyaların və innovasiyaların tətbiqidir. Məktəblərdə interaktiv təlim metodu ilə işləyən müəllimlərimizin sayı xeyli dərəcədə artmış, qabaqcıl iş üsullarının və innovasiyaların tətbiqinə münasibət əsaslı surətdə dəyişmişdir. Müəllimin yeniliyə, onun üstün cəhətlərinə inamı yarandıqca  və hər bir yeniliyin təhsildə inteqrasiya meyillərinin inkişafına köməyi qəbul edildikcə bu sahədə fərqli model və mexanizmlərin  tətbiqi də mümkün olmuşdur. İndi məktəblərimizdə öz yaradıcı iş metodu ilə fərqlənən müəllimlərin sayı getdikcə artmaqdadır.

Müasir təhsil strategiyasının tələblərindən biri də icbari təhsilin həyata keçirilməsi, hamının təhsillə əhatə olunmasıdır. Bu mənada sağlamlıq imkanı məhdud olan uşaqların təhsilə cəlb edilməsi, onların geniş ictimai mühitlə əlaqələndirilməsi mühüm əhəmiyyət kəsb edir.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə 2005-2009-cu ullər üçün İnkişaf Proqramı"nın yerinə yetirilməsi sahəsində planlaşdırdığımız işlər ötən dərs ilində yerinə yetirildi. İlk addım olaraq şəhərin bir çox təhsil müəssisələrində - 43 nömrəli liseydə, 153, 191, 199, 222, 246 nömrəli məktəblərdə, 11, 20, 80, 105, 257 nömrəli uşaq bağçalarında 78 nəfər sağlamlıq imkanı məhdud olan uşaq inklüziv təhsilə cəlb olundular. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu sahədə qeyri-hökumət təşkilatları ilə əlaqəli işləyir, Təhsildə İslahatlara Yardım Mərkəzi ilə birlikdə müxtəlif layihələrin reallaşdırılması sahəsində işləri davam etdirir.

Növbəti dərs ilindən etibarən I siniflərdə tədris Milli Kurrikulum əsasında aparılacaqdır. Bu prosesə hazırlıq mərhələsi Bakı şəhərində başa çatmaq üzrədir. I sinifdə dərs deyəcək müəllimlər treninqlərdən keçərək Milli Kurrikulumun tələblərini mənimsəmişlər. Yeni dərs ilində tətbiq olunacaq bu yenilik gələcək fəaliyyətimizin istiqamətləndirilməsində mühüm mərhələ olacaqdır.

Məlumdur ki, fənn olimpiadaları istedadlı şagirdlərin üzə çıxarılmasında, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsində mühüm rol oynayır. Bu, həm də bilik yarışıdır. Xarakterinə görə kütləvi olan bu yarışda iştirakçılara sərbəst şəkildə bilik və bacarıqlarını nümayiş etdirmək imkanları verilir. Həmişə olduğu kimi, ötən dərs ilində də olimpiadalar yüksək səviyyədə keçirildi. Bunu olimpiadanın respublika turunda şagirdlərimizin göstərdiyi yüksək nəticələr sübut edir. Belə ki, 2006-cı ildə yüksək yer qazanmış şagirdlərimizin sayı 48, 2007-ci ildə 69 nəfər olduğu halda, 2008-ci ildə bu rəqəm 92-yə çatdı. Belə artım dinamikası ararılan məqsədyönlü və ardıcıl işin, habelə şəhərdəki bütün məktəblərə verilən vahid göstəriş və tələblərin öz bəhrəsini verməsinin göstəricisidir.

Bununla yanaşı,  təhsil idarəsində istedadlı şagirdlərin müəyyənləşdirilməsi, onların öz istedad və qabiliyyətlərinin inkişaf etdirilməsinə yardım edilməsinə şərait yaradılması ön plana çəkilir. Bu məqsədlə yaradılmış "İstedad bankı"na adları daxil edilmiş hər bir uşağın yarışlarda, müsabiqələrdə və olimpiadalarda iştirakı təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramına (2006-2010-cu illər)" uyğun olaraq bu sahədə iş davam etdirilir.

Məktəbəqədər təhsil pilləsinin təhsilin və tərbiyənin özülü olduğunu nəzərə alaraq bu sahəyə diqqət ötən dərs ilində bir qədər də artırılmışdır. Təhsil idarəsinin tabeliyində 304 məktəbəqədər müəssisə 1394 qrupla fəaliyyət göstərir.   Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ərzaqla təminat sahəsində işin düzgün qurulması təhsilin bu pilləsinin inkişafında müsbətə doğru irəliləyişlərə səbəb olmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki körpələr evi-uşaq bağçalarının mövcud potensialından səmərəli istifadə edilməsi, tərbiyə işinin müasir standartlara cavab verməsi üçün bu təhsil müəssisələrinin ixtisaslı kadrlarla təminatı sahəsində xeyli iş görülmüş, öz işinin öhdəsindən gələ bilməyən, müasir tələblərlə ayaqlaşmayan müdirləri gənc,  yeniliyi həvəslə öyrənən və tətbiq edən mütəxəssislər əvəz etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli  sərəncamı ilə "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı"(2007-2010) təsdiq olunmuşdur. Proqramın həyata keçirilməsi üzrə tədbirlər planı işlənib hazırlanmışdır ki,burada 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması məsələsi qoyulmuşdur. Bu məqsədlə BŞTİ bütün müəssisə rəhbərləri ilə bu proqramın həyata keçirilməsi üzrə tədbirlər planını müzakirə etmiş və qarşıda duran vəziflər müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli  Sərəncamı ilə "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" təsdiq olunmuşdur. Proqramın həyata keçirilməsi üzrə tədbirlər planı işlənib hazırlanmışdır ki,burada 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması məsələsi qoyulmuşdur. Bu məqsədlə BŞTİ bütün müəssisə rəhbərləri ilə bu proqramın həyata keçirilməsi üzrə tədbirlər planını müzakirə etmiş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

5 yaşlıların məktəbəqədər  müəssisələrə cəlbi və məktəb təliminə hazırlanması ilə bağlı Təhsil Nazirliyinin 22.10.2003-cü il tarixli 46-15-47-88/16 N-li əmrinin icrası ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Hazırda məktəbəqədər müəssisələrdə 7700 5 yaşlı uşaq tərbiyə alır. Eyni zamanda məktəbəqədər müəssisələrdə fəaliyyət  göstərən 230 məktəbəhazırlıq qrupunda 4537 uşaq tərbiyə olunur. 5 yaşlı uşaqların icbari təhsilə cəlb edilməsi ən aktual məsələlərdən biridir.

 Bizi narahat edən məsələlərdən biri uşaqların yalnız 18 faizinin bağçadan məktəbə gəlməsidir. Ona görə də bu sahəyə xüsusi diqqət bağçadan məktəbə qəbul olunacaq uşaqların sayının getdikcə artmasına xidmət edəcəkdir.

ötən dərs ilində tərbiyə işinin yenidən qurulması və milli tərbiyə sisteminin formalaşdırılması sahəsində də xeyli işlər görülmüşdür. Təhsil müəssisələrində dövlət dilinin inkişafı, milli mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirilən tədbirlər-baxış-müsabiqələr, sərgilər, müxtəlif idman yarışları milli tərbiyə sisteminin qurulmasında böyük əhəmiyyət kəsb etmişdir. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə keçirdiyimiz ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş "Biz Heydər Əliyev irsini öyrənirik" mövzusunda müsabiqə öz əhatəliliyinə görə çox böyük tədbir oldu. ümummilli liderin siyasi fəaliyyətinin bütün aspektlərinə nəzər salan müsabiqə iştirakçıları bu böyük tarixi şəxsiyyətin  milli tərbiyə sisteminə verdiyi töhfələri tədqiq edərək Vətənə, xalqa məhəbbət və sədaqət ruhlu yaradıcılıq nümunələri ilə çıxış etdilər.

ötən il hərbi vətənpərvərlik tərbiyəsi sahəsində məktəblərimizin fəaliyyəti də qənaətbəxş səviyyəsi ilə fərqləndi. "Şahin" hərbi-idman oyunlarının məktəb, rayon və şəhər mərhələsində yüksək nəticələr göstərən gənclərimizin respublika turunda  da fərqlənməsi təqdirəlayiq oldu. Xətai rayonundakı 138, Suraxanı rayonundakı 87 nömrəli məktəblərin gənc şahinləri, "Cəsurlar" idman oyunlarında isə Xətai rayonundakı 257 nömrəli məktəbin komandası  ən yüksək nəticə  göstərdilər. ümumiyyətlə, Bakı şəhərinin təhsil müəssisələrində milli, əxlaqi və vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər qənaətləndirici olmuşdur.

İl ərzində milli tərbiyə sisteminin formalaşdırılması, asudə vaxtın səmərəli təşkili, sağlam həyat tərzinin təmin olunması məktəbdənkənar fəaliyyətin rrioritet sahələrini təşkil etmişdir.  

Lakin məktəbdənkənar təhsil işinin təkmilləşdirilməsinə ciddi ehtiyac var. ötən dərs ilində bizim bu sahədə apardığımız araşdırmalardan məlum oldu ki, hələ də bəzi məktəbdənkənar təhsil müəssisələrində heç bir əhəmiyyət kəsb etməyən dərnək və studiyalar saxlanılır. Buna görə də biz belə dərnək və studiyaların fəaliyyətini dayandırdıq və müasir tələblərə cavab verən iş sistemini təşkil etdik. Bu istiqamətdə araşdırmalarımız davam edir və yaxın gələcəkdə məktəbdənkənar təhsil sahəsində ciddi dəyişikliklərin olması günün tələbi olaraq qalır.

Dərs ili ərzində müasir qiymətləndirmə metodlarının tətbiqinə nail olunmaqla hər bir sahədə ətraflı monitorinqlər keçirildi. Funksional vəzifə bölgüsünün düzgün aparılması, hər bir görülən işin nəticələrinin monitorinqi həm müsbət, həm də mənfi cəhətləri aşkara çıxarmaq sahəsində xeyli informasiyanın əldə olunmasına, təhlillər əsasında gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə imkan yaratdı.

2006-2007-ci il tələbə qəbulunun nəticələrinin monitorinqi zəif nəticələr göstərmiş məktəblərdə bu cür geriliyin baş verməsi səbəblərini aydınlaşdırdı. Həmin sahələrə isə dərs ili müddətində ciddi fikir verildi, nəticəsi zəif olan məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün əlavə tədbirlər müəyyən edildi.

İcbari təhsilin vəziyyətinin öyrənilməsi məqsədilə keçirilən monitorinq  hələ də bu sahədə bəzi nöqsanların olduğunu, şagirdlərin hərəkəti zamanı təhsildən yayınma hallarının baş verdiyini aşkarladı.

Təbiidir ki, dərs ili ərzində müsbət işlərlə yanaşı, nöqsanlar və çatışmazlıqlar da mövcud olmuşdur. Əsas odur ki, biz bu nöqsanların olduğunu inkar etmir, onların aradan qaldırılması yollarını müzakirə edir, təhsilimizin inkişafı, xalqın gələcəyi naminə bütün potensialı hərəkətə gətirməyə çalışırıq.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə test üsulu ilə mərkəzləşdirilmiş buraxılış  imtahanlarına ciddi hazırlıq prosesi başa çatmışdır. Bu gün 26900 məzun orta təhsil üzrə buraxılış imtahanları verir. Biz çalışırıq ki, bu imtahanlar obyektiv və şəffaf olmaqla yanaşı,həqiqi bilik nümayişi olsun.

Dərs ili başa çatdı. Qarşıda isə yeni sınaqlar, mühüm vəzifələr durur. Həmin vəzifələrin öhdəsindən gəlmək üçün kollektiv mübarizə, əlbir iş gərəkdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni dərs ilinə hazırlıq prosesinə start verməklə yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə başlayıb.

Bu il həm də seçki ilidir. Paytaxtın pedaqoji ictimaiyyəti təhsilin, milli mənəvi dəyərlərin qayğısına qalan, Azərbaycanın işıqlı gələcəyi uğrunda ardıcıl mübarizə aparan cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləməklə təhsil sahəsində aparılan islahatların sona çatdırılması işində öz töhfələrini verəcəkdir.

Nailə RZAQULİYEVA,

respublikanın əməkdar müəllimi, 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri