· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Təhsil Nazirliyinin kollegiya iclasında

üçüncü yoxlama  imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıqla bağlı məsələlər müzakirə olundu

 

İyunun 4-də Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının iki iclası keçirildi. Günün birinci yarısında keçirilən və bütövlükdə ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsinə həsr olunan iclasda kollegiya üzvləri ilə bərabər, Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbə müdirləri mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının aparılacağı məktəblərin direktorları və imtahan rəhbərləri iştirak edirdilər.

İclasın müzakirəsinə 2 məsələ çıxarılmışdı: "27 aprel 2008-ci il tarixində mərkəzləşdirilmiş qaydada keçirilmiş üçüncü yoxlama imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıq" və "2006-2007-ci dərs ilində ümumtəhsil məktəblərinin XI siniflərini "əla" qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti".

İclası təhsil naziri, kollegiyanın sədri Misir Mərdanov açaraq müzakirəyə çıxarılan məsələlərin çoxluğunu və yerlərdən təhsil şöbə müdirlərinin dəvət olunduğunu nəzərə alıb gün ərzində iki kollegiya iclası keçirilməsinin qərara alındığını bildirdi.

Nazir iki gündən sonra aparılacaq mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının obyektiv keçməsi və müvəffəqiyyətlə nəticələnməsinə hər iki məsələnin müzakirəsinin müsbət təsir göstərəcəyinə inandığını bildirdi.

Misir Mərdanov qeyd etdi ki, orta məktəbləri "əla" qiymətlərlə bitirmiş və fərqlənmə attestatları almış məzunların son illər ali məktəblərə qəbulda zəif nəticələr göstərmələri ilə bağlı Təhsil Nazirliyinin ünvanına tez-tez iradlar səslənir. Ona görə də bu məsələnin araşdırılması və müzakirə olunması lazım bilinib.

Nazir qeyd etdi ki, hələ də təhsil işçilərinin hamısı bu məsələlərin məsuliyyətini dərindən dərk etmir. Mərkəzləşdirilmiş imtahanların keçirilməsi zamanı bir sıra neqativ və xoşagəlməz hallara yol verilir ki, bunlara da şərait yaradan əsasən bəzi məktəb direktorlarıdır. Belə hallara qarşı tədbirlər görüldüyünü deyən nazir ümumi işə mane olan, ona kölgə salan, ziyan vuran neqativ hallara son qoyulmasını, mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlara hamının məsuliyyətlə yanaşmasını tələb etdi.

Nazir, yeri gəlmişkən, son vaxtlar gündəlik məşğul olduqları bir məsələyə -- ən yaxşı müəllim müsabiqəsi üçün namizədlərin seçimi məsələsinə də toxundu və bildirdi ki, bu mötəbər müsabiqədə iştirak üçün yerlərdən göndərilənlər arasında layiqli namizədlərlə yanaşı, özünü doğrultmayanlara da rast gəlinir.

Bu baxımdan Tovuz, Zaqatala və Qax rayonlarından göndərilənlərin səviyyəsindən razı qaldığını deyən nazir bu məsələyə heç də hər yerdə məsuliyyətlə yanaşılmadığını söylədi. Bildirdi ki, hətta müsabiqə iştirakçıları arasında öz işi haqqında bir kəlmə belə danışa bilməyənlər də vardır.

Misir Mərdanov bu mühüm işə səhlənkar yanaşmış R(Ş)TŞ müdirlərinə öz narazılığını bildirdi.

Təhsil nazirinin giriş sözündən sonra nazirliyin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi müdirinin müavini Təranə Hacıyeva müzakirə olunan birinci məsələ ilə bağlı "27 aprel 2008-ci il tarixində mərkəzləşdirilmiş qaydada keçirilmiş üçüncü yoxlama imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıq" mövzusunda məruzə-təqdimatla çıxış etdi.

Ekranda slaydların nümayişi vasitəsi ilə təqdim olunan məruzədə bu il mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilmiş sonuncu yoxlama imtahanının nəticələri müxtəlif yön və parametrlərdən təhlil olundu, əvvəlki sınaqlarla müqayisələr aparıldı, yoxlama imtahanının müsbət cəhətləri, yol verilmiş qüsurlar və onların səbəbləri göstərildi, nöqsanların aradan qaldırılması, buraxılış imtahanlarının yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq tövsiyələr verildi.

T.Hacıyeva qeyd etdi ki, cari il aprelin 27-də keçirilmiş 3-cü mərkəzləşdirilmiş yoxlama imtahanı respublikanın 29 rayonunu, Təhsil Nazirliyinin tabeliyində və ali məktəblərin nəzdində olan orta məktəbləri və peşə liseylərini əhatə etmişdir. İmtahana 51.557 şagird cəlb edilsə də, 49.780 şagird iştirak etmişdir.

Sonra 2-ci və 3-cü yoxlama imtahanlarının məktəblər və şagirdlər üzrə müqayisəli göstəricilərini əks etdirən cədvəl kollegiya iştirakçılarına təqdim olundu. Cədvəldən aydın oldu ki, əgər 2-ci yoxlama imtahanında müvəffəqiyyət göstəricisi 90-100 faiz arasında olan məktəblərin sayı 42 idisə, 3-cü yoxlama imtahanında cəmi 8 məktəb bu cür nəticə göstərmişdir. 70-90 faiz nəticə göstərən məktəblər 2-ci yoxlama imtahanında 218, 3-cü yoxlama imtahanında 57, 50-70 faiz nəticəsi olanlar müvafiq şəkildə 350 və 243, 30-50 faiz nəticə göstərənlər 173 və 310 olmuşdur.

2-ci yoxlamada 110 məktəb, 3-cüdə isə 275 məktəb 0-30 faiz nəticə göstərmişdir. 2-ci yoxlamada 8, 3-cü yoxlamada isə 22 məktəbin müvəffəqiyyət faizi sıfır bal olmuşdur. Cədvəldən aydın görünürdü ki, məktəblər üzrə göstəricilərdə olduğu kimi, şagirdlər üzrə göstəricilərdə də üçüncü yoxlamada nəticələr ikincidəkindən xeyli aşağı olmuşdur. Belə ki, əgər ikinci yoxlamada 7.649 şagird 1 fəndən, 4.062 şagird 2 fəndən, 792 şagird isə 3 və daha çox fəndən "2" qiymət almış və 30.522 (60,84 faiz) şagird müvəffəq olmuşdursa, üçüncü yoxlama imtahanında 1 fəndən "2" qiymət alanlar 9.911, 2 fəndən "2" alanlar 6.131, 3 və daha çox fəndən "2" alanlar isə 12.256 nəfər olmuş, cəmi 21.482 şagird (43,15 faiz) imtahanı müvəffəq qiymətlərlə vermişdir.

Sonra rayonlar üzrə reytinq cədvəli nümayiş olundu. Cədvələ əsasən 3-cü sınaq imtahanı aparılan bölgələr üzrə 1-ci yerə 71,96 faiz nəticə ilə İsmayıllı rayonu çıxıb. Ali məktəblərin nəzdindəki orta məktəblər 70,24 faizlə 2-ci, Şirvan şəhəri isə 60,11 faizlə 3-cü yeri tutublar. Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilməsi sahəsində artıq 3 illik təcrübəsi olan Bakı şəhərinin, habelə əvvəlki yoxlama imtahanlarında daha yüksək nəticələr göstərən Sumqayıt, Mingəçevir kimi şəhərlərin reytinq cədvəlində sonuncu yerlərdə qərar tutması, təhsilin keyfiyyəti baxımından o qədər də seçilməyən bəzi bölgələrin isə yüksək nəticələr göstərərək reytinq cədvəlinin əvvəlində yer almasının həmin bölgələrdə yoxlama imtahanının obyektiv keçirilməsinə şübhə yaratdığı vurğulandı.

Bakı şəhərinin rayonları üzrə reytinq cədvəlinin nümayişindən aydın oldu ki, paytaxtda ən yaxşı nəticəni Xətai rayonu göstərib: 60,11 faiz. Əzizbəyov rayonu isə 19,63 faizlə ən aşağı  pillədə qərar tutub.

Bilavasitə Təhsil Nazirliyinin tabeliyində olan lisey və gimnaziyaların reytinq cədvəlində isə "İntellekt" liseyi birinci, A.S.Makarenko adına respublka humanitar fənlər təmayüllü gimnaziya sonuncu yerdədir.

Təqdimatda 3-cü yoxlama imtahanlarının bir sıra digər parametrlər üzrə nəticələri də kollegiya iştirakçılarının diqqətinə çatdırıldı. Belə ki, 3-cü yoxlama imtahanı üzrə bütün şəhər və rayonların məktəblərinin nəticələrini əks etdirən cədvəllərin də hazırlandığını deyən T.Hacıyeva Bakının Binəqədi rayonu, Sumqayıt şəhəri və İsmayıllı rayonu məktəblərinin nəticələrini əks etdirən cədvəlləri nümunə kimi kollegiya iştirakçılarına nümayiş etdirdi.

Daha sonra yoxlama imtahanının fənlər üzrə hesabat göstəriciləri haqqında məlumat verildi. Bununla əlaqədar nümayiş olunan slayda əsaslanaraq bildirildi ki, onbirincilər sınaq imtahanında Azərbaycan tarixi, ana dili və xarici dildən daha yaxşı nəticələr göstərmişlər. Ən aşağı nəticə isə fizika fənni üzrə qeydə alınıb. Gətirilən faktlardan məlum oldu ki, Azərbaycan tarixi fənni üzrə şagirdlərin 10,01 faizi "2", 11,53 faizi isə "5" qiymətlər alıblar. Ana dili üzrə müvafiq göstəricilər isə 10,41 və 10,20 faiz olub.

Xarici dil üzrə göstəricilər də digər fənlərlə müqayisədə yaxşıdır. Belə ki, şagirdlərin 14,92 faizi sınaq imtahanında xarici dildən "2", 16,61 faizi isə "5" qiymət alıb.

T.Hacıyeva bu baxımdan coğrafiya fənni üzrə nəticələrin digər fənlərə nisbətən yüksək olduğunu da vurğuladı.

T.Hacıyevanın çıxışından aydın oldu ki, rəhbərlik etdiyi şöbə öz işini təkcə qiymətləndirmə ilə başa çatmış saymır. Cavab kartlarının təhlili, şagirdlərin fənlər üzrə bütün suallara verdikləri cavabların öyrənilməsi istiqamətində də iş aparılır. Bununla əlaqədar hazırlanmış və şagirdlərin fənlər üzrə bütün suallara cavablarını əks etdirən cədvəllər kollegiya iştirakçılarına təqdim olundu.

Cədvəllər üzərində müvafiq izahatlar verən T.Hacıyeva xüsusi qeyd etdi ki, fənlər üzrə suallara şagirdlərin verdikləri cavabların təhlili onların bilik səviyyəsi, fənlərə münasibəti, hansı testdə hansı sualı necə cavablandırdığı və s. kimi məqamlar haqqında məlumat əldə etməyə imkan verir. Təhlillər göstərir ki, şagirdlər nəzəri biliklərə aid suallara daha çox və düzgün cavablar verir, tətbiqi xarakterli testləri isə cavablandırmaqda çətinlik çəkirlər. Bu da şagirdlər arasında əzbərçiliyə meyilin hələ də güclü olduğunu, məktəblərdə biliklərin tətbiqi yönündə kifayət qədər iş aparılmadığını göstərir.

Fikirlərini şagirdlərin ana dili fənnindən 30 suala verdikləri cavablara istinad etməklə əsaslandıran T.Hacıyeva bu yolla digər fənlər üzrə hazırlanmış və şagirdlərin suallara düz və ya səhv cavab verdiklərini əks etdirən cədvəlləri də kollegiya iştirakçılarına təqdim etdi. Şöbə müdirinin müavini şagirdlərin müasirliklə bağlı suallara verdikləri cavabların ürəkaçan olmadığını, fizikadan nəzəri sualları cavablandırdıqları halda tətbiqi xarakterli suallara cavablar verməyə çətinlik çəkdiklərini təəssüf hissi ilə qeyd etdi.

T.Hacıyeva çıxışında son yoxlama imtahanında apelyasiyaya müraciət edənin olmadığını da xüsusi diqqətə çatdırdı. Apelyasiyaya müraciəti yaradan səbəblərdən danışan məruzəçi buna nəzarətçilərin çaşması üzündən variantın qarışdırılmasını, şagirdlərin eyni sayda sualları olan fənlərə cavablar yazarkən cavab kartında onların yerini dəyişik salmaları və s. kimi texniki məsələlərin səbəb olduğunu, son yoxlama imtahanında bu kimi halların müşahidə olunmadığını bildirdi.

T.Hacıyeva məruzə-təqdimatında yoxlama imtahanında nümunəvi fəaliyyəti ilə fərqlənmiş nəzarətçilərdən də danışdı. Onlara misal olaraq Təranə Əmiraslanovanın, Famil Məmmədovun, Məlahət Babayevanın (189 nömrəli məktəb), Sədi Namazovun (233 nömrəli məktəb), Ziyafət Zeynalovanın (233 nömrəli məktəb), Zöhrə Polvanovanın, Validə Babayevanın (286 nömrəli məktəb), Xanlar Pircanovun (166 nömrəli məktəb), Zərnigar Əlibəyovanın (195 nömrəli məktəb), Zemfira Abdullayevanın (273 nömrəli məktəb), Tərlan Kərimovun (176 nömrəli məktəb), Səbinə Qurbanovanın (314 nömrəli məktəb) adlarını, soyadlarını çəkdi, onlara təşəkkürünü bildirdi. Bütün nəzarətçilərin öz işlərində məsuliyyətli olmalarını arzuladı.

T.Hacıyeva bildirdi ki, imtahandan sonra prosesin gedişi haqqında nəzarətçilərin fikirlərini bilmək və növbəti imtahanda işi daha yaxşı təşkil etmək üçün onlarla anonim anket sorğusu keçirilib. Əsas məqsəd həm nöqsanları görmək, həm də bir mərkəzin nümunəsində imtahanı təhlil etmək olub. Sonra o, sorğunun nəticələrini kollegiya iştirakçılarına təqdim etdi. Söylədi ki, bu fikirlər subyektiv xarakterli olsa da, müəyyən nəticə çıxarmağa imkan verir. Təqdim olunan slayd üzərində məlumat verən T.Hacıyeva dedi ki, anket sorğusunda 43 nəzarətçi müəllim (38 qadın, 5 kişi) iştirak edib.

"İmtahanın gedişindən razısınızmı" sualına nəzarətçilərin 65 faizi "bəli", 23 faizi "qismən", 6 faizi "xeyr" cavablarını vermiş; 6 faizi heç nə qeyd etməmişdir.

"Bir daha nəzarətçi olmaq istərdinizmi" sualına onların 29 faizi "xeyr", 71 faizi "bəli" cavablarını vermişdir. Maraqlıdır ki, 65 faizi imtahanın gedişindən razı olan nəzarətçilərdən 20 faizi bir daha nəzarətçi olmaq istəmədiyini qeyd etmişdir.

"İmtahan nə dərəcədə obyektiv keçdi" (faizlə göstərməklə) sualına nəzarətçilərin 14 faizi imtahanın 80 faiz, 44 faizi onun 100 faiz, 9 faizi 0 faiz, 6 faizi 70 faiz, 14 faizi 90 faiz, 5 faizi 50 faiz, 5 faizi 99 faiz, 2 faizi 30 faiz obyektiv keçdiyini göstərmişdir.

"Nəzarətçi kimi fəaliyyətinizdən nə dərəcədə razısınız" sualına müəllimlərin 64 faizi öz fəaliyyətlərindən 100 faiz razı olduğunu, 6 faizi 90 faiz, 10 faizi 80 faiz, 2 faizi 70 faiz, 2 faizi 99 faiz razı olduğunu qeyd etmişdir. 14 faiz sualı cavabsız qoymuş, 2 faizi özünü "aldadılmış" hesab etdiyini bildirmişdir.

"İmtahan rəhbərinin fəaliyyətindən nə dərəcədə razısınız" sualına nəzarətçilərin 61 faizi 100 faiz, 11 faizi 90 faiz, 6 faizi 80 faiz, 2 faizi 70 faiz qeyd etmiş, 18 faizi heç bir cavab verməmiş,2 faizi "çalışdı" cavabını yazmışdır.

"Mərkəzləşdirilmiş qaydada keçirilən imtahanın müsbət tərəfləri hansılardır" sualına nəzarətçilərin cavabları aşağıdakı kimi olmuşdur: şagirdlərin özünə inamı, müstəqil işləməsi, obyektivlik - 22 faiz; şagirdlər fənlərin öyrənilməsinə ciddi yanaşırlar - 16 faiz; şagirdlərin qəbul imtahanlarına hazırlaşması, testə alışması  - 14 faiz; biliyin düzgün qiymətləndirilməsi 14 faiz; şagirdlər məsuliyyət hiss edirlər - 6 faiz; direktorların özbaşınalığının qarşısı alınır - 2 faiz; şagirdlər 4 deyil, 8 fənni öyrənirlər - 2 faiz;, saxta hazır cavab satanlar gəlir götürürlər - 2 faiz, belə imtahanın müsbət tərəfi yoxdur - 2 faiz. 20 faiz iştirakçı suala cavab verməmişdir.

"Mərkəzləşdirilmiş qaydada keçirilən imtahanın mənfi tərəfləri hansılardır" sualına nəzarətçilərin cavabları aşağıdakı kimi olmuşdur:

şagirdlərdə arxayınçılıq yaranmışdır, aldıqları saxta cavablarla gəlirlər - 3 faiz; psixoloji sarsıntı və gərginlik yaradır - 5 faiz; mənfi tərəfi yoxdur - 46 faiz; müəllimlərin istirahət günü olmur - 2 faiz; eyiblərimiz görünür - 2 faiz; biz buna hələ tam hazır deyilik - 2 faiz; mobil telefonların imtahana gətirilməsi - 5 faiz; mənfi tərəf olsa belə mən onu görmürəm - 2 faiz. 33 faiz iştirakçı sualı cavabsız qoymuşdur.

"Bugünkü imtahanın çatışmazlıqlarını nədə görürsünüz" sualına nəzarətçilərdən 6 faizi cavab verməmiş, 42 faizi "çatışmazlıq yoxdur", 42 faizi "hər şey qaydasında idi", 2 faizi "test sualları məktəb proqramına uyğun gəlmir və bu şagirdlərin narazılığına səbəb olur" cavablarını vermiş, 2 faizi  test kitabçalarının qarışıq düşməsi, 4 faizi şagirdlərin məsuliyyətsizliyi və arxayınçılığını, 2 faizi şagirdlərin imtahana hələ də alışa bilmədiyini qeyd etmişdir.

Kollegiyada yoxlama imtahanı zamanı məktəb direktorlarının səhlənkarlığı üzündən qeydə alınmış bəzi problemlərdən də söz açıldı. Bildirildi ki, bəzi məktəb direktorlarının diqqətsizliyi nəticəsində bir neçə şagirdin oxuduğu məktəb, soyadı, adı və ya atasının adının yazılışında səhvlərə yol verilmişdir. T.Hacıyeva həmin şagirdlərin adı-soyadını və səhvə yol verən direktorların işlədikləri məktəblərin nömrələrini diqqətə çatdırdı.

İmtahanların coğrafiyasının getdikcə genişlənməsi ilə əlaqədar işlərinin çoxaldığını deyən T.Hacıyeva fəaliyyətlərini daha da təkmilləşdirmək üçün müvafiq iş apardıqlarını bildirdi. Qeyd etdi ki, mərkəzləşdirilmiş qaydada keçirilən imtahan nəticələrinin emal olunmasında istifadə olunan OMR-300S optik oxuyucu qurğusundan səmərəli istifadə olunması məqsədilə təhsil nazirinin 11/236 nömrəli əmrinə əsasən şöbənin əməkdaşları Almaniya Respublikasında "DATAWIN" şirkətində təlim səfərində olmuş, OMR-300S qurğusunun sazlanması, optik oxuyucu qurğunun ayrı-ayrı hissələrinin dəyişdirilməsi, qurğunun cavab kartına uyğun olaraq nizamlanması, cavab kartlarının ağırlıq və ölçülərinə görə qurğuda işıq selinin tənzimlənməsi məsələlərini öyrənmişlər. Onlar, eyni zamanda cavab kartı üçün təyinat faylının hazırlanması, yeni avadanlıqlarla və onların texniki göstəriciləri ilə tanış olmuşlar.

Təlimin sonunda "DATAWIN" şirkəti tərəfindən şöbənin əməkdaşlarına sertifikat təqdim olunub.

T.Hacıyeva məruzə-təqdimatında mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanları və onlara hazırlıq istiqamətində görülmüş işlər barədə də kollegiya iştirakçılarına məlumat verdi. Bildirdi ki, bu il iyunun 6-da respublikanın 29 rayonunda, Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalarda, ali məktəblərin  nəzdində olan orta məktəbləri və peşə liseylərini əhatə edən mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçiriləcəkdir. 133 mərkəzdə keçiriləcək imtahanlarda 52 minə yaxın şagird iştirak edəcək. Kənd rayonlarındakı mərkəzlərə iki imtahan rəhbəri təyin edilmişdir.

Həmçinin, ötən tədris ilində müəyyən fənlərdən qeyri-kafi qiymət almış 1.500-ə yaxın gənc imtahanlara cəlb edilmişdir. Həmin gənclər builki məzunlarla bir yerdə deyil, onlar üçün yaradılmış 4 mərkəzdə imtahan verəcəklər.

Təlimata uyğun olaraq səkkiz fənnin hər hansı birindən qeyri-müvəffəq qiymət alan şagird orta təhsil haqqında attestat almayacaq.

Şöbədə iki istiqamətdə proqram təminatı hazırlanmışdır. Mərkəzləşdirilmiş və təkrar imtahanda iştirak edənlərin cavab kartlarını oxumaq və qiymətləndirmək üçün fərqli proqram təminatından istifadə ediləcək.

T.Hacıyeva təqdimatının sonunda şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində aparılan işləri gələcəkdə daha da təkmilləşdirmək üçün aşağıdakı təkliflərini də kollegiya iştirakçılarının diqqətinə çatdırdı:

1.Dərsliklərdə və müəllim hazırlığında nəzəri biliklərin tətbiqinə yönəlmiş məsələlərə geniş yer verməli.

2.Beynəlxalq qiymətləndirmə proqramında riyaziyyat və təbiət elmlərinə aid təklif olunan məsələlərlə təhsil ictimaiyyətinin, dərslik müəlliflərinin tanış olmalarının və iş təcrübələrində istifadə etmələrinin təmin olunması.

3.Şagird nailiyyətlərinin qiymətləndirilməsi əmsalları və metodlarının təkmilləşdirilməsi.

4.İmtahanda nizam-intizamın gücləndirilməsi məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulsun:

a) imtahan otağındakı şagirdlərin sayına uyğun test kitabçası variantlarının hazırlanması;

b) işçi-ekspert qrupunun genişləndirilməsi;

c) cavab kartında sualların fənlər üzrə deyil, ardıcıl nömrələnməsi;

ç) nəzarətçi müəllimlər bazasının yaradılması;

d) test bankının təkmilləşdirilməsi və test kitabçasını yığan proqram təminatının yaradılması.

Təqdimat başa çatdıqdan sonra təhsil naziri Misir Mərdanov müzakirə olunan məsələ ilə bağlı bəzi fikir və təkliflərini kollegiya iştirakçılarının diqqətinə çatdırdı. Mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanları ilə bağlı tövsiyə və tapşırıqlarını verdi. Nazir üçüncü yoxlama imtahanında yaxşı işi ilə fərqlənən nəzarətçilərin, eyni zamanda şagirdlərin adlı siyahılarının Təhsil Nazirliyinə təqdim edilməsi zamanı səhvlərə yol vermiş məktəb rəhbərlərinin adları-soyadlarının kollegiya qərarında qeyd olunmasını təklif etdi.

Misir Mərdanov yaxın gələcəkdə ümumi təhsilin ibtidai və əsas pillələrinin sonunda imtahanlar keçirilməsini məqsədəuyğun saydı.

Növbəti dərs ilindən yoxlama imtahanlarının hər yarımildə bir olmaqla ildə 2 dəfə keçirilməsinin nəzərdə tutulduğunu bildirdi, rayon və şəhərlərdə məktəb rəhbərlərinin bu istiqamətdə iş aparmalarını zəruri saydı.

Misir Mərdanov gələn ildən başlayaraq Bakı və Sumqayıt şəhərlərində IX siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsini, daha sonra bu təcrübənin bütün ölkədə tətbiq olunmasını zəruri hesab etdiyini söylədi. Bildirdi ki, mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarının nəticələrinə əsasən müəllimlərin, məktəb rəhbərlərinin fəaliyyətinə qiymət verilməli, dərsliklər və proqramlar bu baxımdan yenidən nəzərdən keçirilməlidir.

Təhsil naziri Misir Mərdanov çıxışında bir sıra digər  məsələlərə də toxundu, təhsil rəhbərlərinə mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarında yaranan problemlərin həllinə kömək göstərməyi tapşırdı.

 

Yusif ƏLİYEV