· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Akademik Zərifə Əliyeva adına qızlar liseyinin açılışı

Sentyabrın 19-da Zaqatala şəhərində akademik Zərifə Əliyeva adına qızlar liseyinin açılışı olmuşdur.

Prezident İlham Əliyevi təhsil işçiləri, liseyin kollektivi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və liseylə tanış oldu. Prezidentə məlumat verildi ki, Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş 500 şagird yerlik lisey binasının təməli 2007-ci ildə qoyulmuşdur. İkimərtəbəli binanın ümumi sahəsi 5100 kvadratmetrdir. Burada 50 otaq, o cümlədən 9 sinif otağı, 15 fənn kabineti, kompüter otağı, habelə akt və idman salonları vardır. Binanın həyətində idman meydançası da tikilmişdir. Binanın ayrıca qazanxanası, nasos stansiyası, iki su anbarı vardır.

Prezident İlham Əliyev liseyin kollektivini bu gözəl təhsil ocağının açılışı münasibətilə təbrik etdi.

Liseyin həm xarici, həm də daxili görünüşünün gözəl olduğunu bildirən dövlətimizin başçısı burada şagirdlərin yaxşı təhsil almaları üçün müasir şəraitin yaradıldığını söylədi.

Prezident İlham Əliyev liseyin kollektivi ilə xatirə şəkli çəkdirdi. 

 

 

 

 

 

 Tükənməz mənəviyyat mənbəyi

Naxçıvan Dövlət Universitetinin konservatoriya binasında Milli musiqi günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə çıxış edən universitetin rektoru, akademik İsa Həbibbəyli milli musiqini milli mənəviyyatımızın zəngin bir parçası kimi qiymətləndirdi, üzeyir musiqisinin ecazkar qüdrətindən bəhs etdi.

 Rektor Naxçıvanda sənətşünaslığın inkişafı, istedadlı və ixtisaslı musiqiçilərin hazırlanması üçün universitetin təsviri incəsənət fakültəsində görülən işlərdən danışdı, milli musiqinin gənclərin əxlaqi tərbiyəsində və milli şüura yiyələnmələrində əvəzsiz rolundan söz açdı.  Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan bölməsinin sədri, universitetin musiqi təlimi kafedrasının müdiri, bəstəkar Şəmsəddin Qasımov "üzeyir Hacıbəyov və milli musiqi mədəniyyətimiz" mövzusunda məruzə ilə çıxış etdi. Natiq üzeyir Hacıbəyovun Şərq operasının banisi, Azərbaycan musiqişünaslığının yaradıcılarından biri, gözəl librettolar müəllifi, tanınmış mollanəsrəddinçi publisist olmasından danışdı.

Sonra söz musiqiyə verildi. İfaçılıq kafedrasının müəllimi Günay Süleymanovanın, Naxçıvan MR-in əməkdar artistləri Mübariz Əsgərov və Gülyanaq Fərzəliyevanın, nəfəsli alətlər ixtisası üzrə I kurs tələbəsi Zümrüd İsmayılovanın, musiqi təhsili ixtisası üzrə II kurs tələbəsi Əli Bədiyevin, xalq çalğı alətləri ixtisası üzrə II kurs tələbəsi Zeynəb Yusifovanın, universitetin kamera ansamblının və vokal qruplarının ifasında xalq musiqiləri, Fikrət Əmirov, Tofiq Quliyev kimi tanınmış Azərbaycan bəstəkarlarının əsərləri ifa olundu. Doğma  Qarabağın rəmzi sayılan füsunkar üzeyir musiqisi qəlbləri ovsunlamaqla yanaşı, milli vətənpərvərlik, mərdlik və şücaət tərənnümü kimi səsləndi.

 

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universiteti

mətbuat xidmətinin rəhbəri

 

 

 

 

Yeni nəşrlər

"Azərbaycan müəllimlərinin qurultayları. I-XII"

Respublika müəllimlərinin XIII qurultayı ilə bağlı Təhsil Nazirliyində Təşkilat Komitəsi yaradılmışdı. Qurumun xəttilə qurultaya hazırlıqla bağlı bir sıra işlər görülmüş, tədbirlər həyata keçirilmişdi. Bunlardan biri indiyə qədər keçirilmiş qurultaylarla bağlı tarixi-xronikal, stenoqrafik materialların toplanılıb sistemləşdirilməsi və tərtibi olmuşdur.  

Buraxılışa məsul təhsil naziri, professor, əməkdar elm xadimi Misir Mərdanov 780 səhifədən ibarət olan kitaba ön söz yazmışdır. ön sözdə Azərbaycan təhsil tarixinə qısa ekskurs edilmiş, tədris müəssisələrinin açılmasına toxunulmuş, XX əsrin əvvəllərində dünyəvi təhsilin inkişafı ilə bağlı məsələlərin həlli üçün müəllimlər ictimaisinin (qurultayının) keçirilməsinin tarixi zərurət olması açıqlanmışdır.

ön sözdə hər bir qurultayın əhəmiyyəti, ali məclislərdə müzakirə edilmiş məsələlər şərh olunur. Professor Misir Mərdanov qloballaşma əsrinin problemlərinin həllində zəka və təhsilin əhəmiyyətli rolunu dəyərləndirir.

Topluda mövcud elmi-pedaqoji ədəbiyyat əsasında I qurultayın təşkili və keçirilməsi təsvir və təhlil olunur. II qurultayın iclaslarının gedişi verilir, III qurultayın keçirilməsində ADC-nin fəaliyyəti açıqlanır.

Sonrakı qurultaylar barədə materiallar daha çox tarixi-stenoqrafik üslubdadır. Bu baxımdan müstəqillik dövründə keçirilmiş XI və XII qurultayların gedişini əks etdirən materiallar kitabda geniş əksini tapmışdır.

Kitabın sonunda I və II qurultaylarla bağlı materiallardakı alınma söz və tarixizmlərin lüğəti verilmişdir.