· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Təhsil və karyera" sərgisi

"Avropa" mehmanxanasında Təhsil Nazirliyi və Sənaye və Ticarət Palatasının fəal dəstəyi ilə 2-ci Azərbaycan beynəlxalq "Təhsil və karyera" sərgisi keçirildi. Sərginin təşkilatçıları - İTECA Caspian və İTE Qroup PLC şirkətləridir. Tədbirdə təhsil naziri Misir Mərdanov, Sənaye və Ticarət Palatasının vitse-prezidenti Mehman Əhmədov, təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev, Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Karalin Braun, İTECA Caspian şirkətinin direktoru Fərid Məmmədov, ali və orta ixtisas məktəblərinin rəhbərləri və digər şəxslər iştirak edirdilər. "Təhsil və Karyera" sərgisini açıq elan edən təhsil naziri Misir Mərdanov qeyd etdi ki, sərginin tədris ilinin əvvəlində keçirilməsinin məqsədi - gələcək  məktəb məzunlarına və tələbələrə faydalı məlumat və müxtəlif istiqamətli tədris kurslarının fəaliyyətini təqdim etməklə kömək göstərməkdir ki, onlar yerli əmək bazarının tələbatına uyğun gələcək təhsil yolunu seçə bilsinlər. Həmçinin sərgi sahibkarlar ilə gələcək işçi heyəti arasında görüş imkanı yaradır ki, bu da işədüzəlmə probleminin həllini xeyli asanlaşdırır.

Cənab nazirin çıxışından məlum oldu ki, 2-ci Azərbaycan beynəlxalq "Təhsil və karyera" sərgisi dünyanın 11 ölkəsindən 40 şirkət və təşkilatı qəbul edəcək ki, bu da ötən ilə nisbətən 25 % çoxdur. Keçən ilə nisbətən ekspozisiya sahəsi 20 % artmışdır. Eksponentlər arasında həm Azərbaycanda çoxdan fəaliyyət göstərən tanınmış təhsil müəssisələri, həm də fərqli tədris sistemini təklif edən və burada öz biznesini inkişaf etdirmək istəyən yeni təşkilatlar var. İştirakçı ölkələr arasında İtaliya, Almaniya, Böyük Britaniya, Yunanıstan, İsveçrə və s. ölkələrin tanınmış təhsil mərkəzləri var. ötən ilə nisbətən "Xaricdə təhsil" bölməsi daha geniş təmsil olunacaq. Burada AKİ İnter şirkəti (Azərbaycan) ABŞ və Böyük Britaniyada təhsil almaq imkanlarını təklif edəcək; Paris, London və Milan moda mərkəzlərində öz filialları olan məşhur Maranqoni İnstitutu (İtaliya) xaricdə təhsil sahəsinə aid xidmətlərini ilk dəfə təqdim edəcək; GTZ və DAAD isə Almaniyada xüsusi təhsil proqramlarında iştirak etmək imkanını verəcək. Orta və ali təhsil müəssisələrini kompüterləşdirmək, habelə dövlət müəssisələri və özəl idarələrdə işin keyfiyyətini artırmaq üçün elektron imkanlarını təklif edən KUR Somputers və SİNAM kimi yerli şirkətlərin sərgidə iştirak etməsi sevindirici haldır. Beləliklə, sərginin ekspozisiyası orta və ali təhsil, xaricdə təcrübə və iş imkanları, dil kursları və ixtisasartırma təlimləri, işədüzəlmə, tədris ədəbiyyatı, təhsil sahəsində informasiya texnologiyaları və digər xidmətləri təqdim edəcəkdir.

2008-ci ildə təhsil sektoru üçün respublikanın dövlət büdcəsindən ayrılmış vəsait 1 milyard ABŞ dolları təşkil etmişdir. Bu vəsaitin xeyli hissəsi peşə təhsilinin maddi-texniki bazasının inkişafı və təkmilləşdirilməsinə, ümumtəhsil məktəblərinin müasir avadanlıqlarla təminatına, tədris prosesində İKT-nin tətbiq etdirilməsinə, istedadlı uşaqların intellektual xüsusiyyətlərinin inkişafına və s. məqsədlərə sərf olunacaq. Təhsil müəssisələrinin sayca artması, onların təchizatı və peşəkar kadrlarla təmin edilməsi - dövlətin qarşısındakı strateji məsələlərdən biridir. Buna görə də "Təhsil və karyera" sərgisi "Təhsilini seç, gələcəyini təmin et!" şüarı altında keçirilir. "Təhsil və karyera" - təhsilə  və ixtisasa malik olan, lakin bunları harada tətbiq edəcəyini bilməyən tələbələr, ali təhsil müəssisələrinin məzunları və gənc mütəxəssislər üçün, habelə öz peşəkar inkişafı ilə maraqlanan hər kəs üçün məlumat mənbəyidir.

çıxışının sonunda nazir sərginin təşkilatçılarına uğurlar arzuladı və onun daha da inkişaf etdirilməsinin vacibliyinə toxundu.

Tədbirdə Sənaye və Ticarət Palatasının vitse-prezidenti Mehman Əhmədov çıxış edərək sərginin əhəmiyyətindən danışdı. İTECA Caspian şirkətinin direktoru Fərid Məmmədov da sərginin təşkili barədə öz fikrini bildirdi. "Təhsil və karyera" sərgisinin açılış lenti kəsildikdən sonra qonaqlar salona daxil olaraq ekspozisiya ilə ətraflı tanış oldular.

 

Fazil İDRİSOĞLU