· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Dini və mədəni müxtəlifliyin tədrisi

Təhsildə qarşılıqlı hörmət və tolerantlığın yüksəldilməsi üçün innovativ metodlar və vasitələr

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Avropa Şurası ilə birgə "Dini və mədəni müxtəlifliyin tədrisi:təhsildə qarşılıqlı hörmət və tolerantlığın yüksəldilməsi üçün innovativ metodlar və vasitələr" mövzusunda seminar keçirmişdir.

İnstitutun rektoru, professor Asəf Zamanov seminarın işə başlaması münasibətilə iştirakçıları və qonaqları təbrik edərək, onlara uğurlar arzuladı. Asəf müəllim xatırlatdı ki, BMT Baş məclisinin qərarı ilə 2001-ci il sivilizasiyaların dialoqu ili elan olundu və bununla da mədəniyyətlərarası dialoq ideyası yeni mərhələyə qədəm qoydu. Bildiyimiz kimi, Avropa Şurası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında 2007-2009-cu illər üzrə əməkdaşlıq Proqramı çərçivəsində "Cənubi Qafqaz ölkələrində və Ukraynada mədəniyyətlərarası və dinlərarası dialoqun tədrisi" mövzusu üzrə layihə həyata keçirilir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd adıçəkilən ölkələrin, o cümlədən Azərbaycanın təhsil müəssisələrində mədəniyyətlərarası dialoqun tədrisi prosesinin təkmilləşdirilməsi, bu sahə üzrə kurrikulumların və müəllimlər üçün dərs vəsaitlərinin hazırlanmasıdır. Layihənin ikinci mərhələsində müəllimlər üçün yeni tədris metodikaları və dərs vəsaitlərinin hazırlanması üzrə treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün öz işinə başlayan seminar da həmin məqsədlə keçirilir.

Bugünkü seminarın Şərqlə Qərbin mədəni dəyərlərini özündə cəmləşdirən, əsrlərdən bəri bu sivilizasiyaları tarixi ipək yolu boyunca körpü kimi birləşdirən Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsinin təhsil işçiləri üçün böyük əhəmiyyəti vardır. Mədəniyyətlərarası dialoq sahəsində zəngin təcrübəyə malik olan və yüksək tolerantlığı ilə seçilən ölkəmizdə təhsil işçiləri - müəllimlər cəmiyyəti düşündürən problemlərin həlli istiqamətində xeyli işlər görmüş, bütün dövrlərdə sülhə, əmin-amanlığa və dinc yanaşı yaşamağa səy göstərmişlər. Müəllimlər gələcək nəsillərin maraqlarının müdafiəsi naminə səylərini bu gün də əsirgəmir, beynəlxalq aləmdə ölkələrin və mədəniyyətlərin bir-birini daha yaxşı tanımaları üçün qüvvələrini səfərbər edirlər. İnanıram ki, bugünkü seminar təhsil sistemində mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini verəcəkdir.

Əminəm ki, seminar səmərəli keçəcək, iki gün ərzində müxtəlif fikir və təkliflər səslənəcək, seminarın nəticələri mədəniyyətlərarası dialoqda təhsilin yerini göstərəcəkdir.

Seminarın BPKİYİ-də keçirilməsinə dəstək olduqlarına görə Təhsil Nazirliyinin və Avropa Şurasının rəhbərliyinə təşəkkür edən natiq giriş nitqindən sonra seminarı açıq elan etdi və sözü Avropa Şurası tərəfindən layihənin koordinatoru Natia Jgentiyə verdi. Layihə çərçivəsində görülən işlər və perspektiv planlardan danışan koordinator bu seminarın da qarşılıqlı anlaşma və tolerantlıq şəraitində keçiriləcəyinə əmin olduğunu bildirdi.

Seminarın birinci günündə "çoxmədəniyyətli və çoxdinli cəmiyyətdə, məktəbdə dözümlülüyün tədrisi" mövzusunda Avropa Şurasının eksperti xanım Ulrike Volf-Contofson geniş məruzə etdi. Ekspert xanım çıxışında dinlər və inanclar təlimində əsas prinsiplər, konsepsiyalar, metodik tövsiyələr, onların həyata keçirilmə yolları haqqında məlumat verdi.

Sonra mövzu ətrafında müzakirələr başlandı. Müzakirələrdə ailələrin, dini təşkilatların rolu, təhlükəzlik mühiti və tolerantlıq haqqında maraqlı fikirlər söyləndi . Həmin mövzuda qruplarda təşkil olunan iş də ekspertlərin diqqətini cəlb etdi. "Dini və mədəni müxtəlifliyin müəyyənləşdirilməsi" mövzusunda məktəb layihələri hazırlandı. Müzakirələr məktəb-icma əlaqələri ətrafında ziddiyyətli fikirlərə aydınlıq gətirdi.

Seminarın ikinci günü xanım Ulrike Volf - Contofson "Təhsildə qarşılıqlı hörmət və tolerantlığın yüksəldilməsində innovativ metodlar və vasitələr" mövzusunda çıxış etdi. Müzakirələrdən sonra "Kurrikuluma dini və mədəni müxtəliflik məsələlərinin daxil edilməsi" haqqında ekspert Kalin Rusa söz verildi. Bu mövzu ətrafında qruplarda maraqlı iş təşkil olundu.

çoxmədəniyyətliliyin təhsilin bütün pillələrində həyata keçirilməsi ilə bağlı dərs planları yazıldı, valideyn-müəllim görüşlərinin, tədbirlərin təşkili haqqında təkliflər irəli sürüldü. Müzakirələrdə bütün iştirakçılar fəallıq göstərdilər.

Sonda Avropa Şurasının ekspertləri seminar iştirakçılarına, xüsusilə institutun rəhbərliyinə öz təşəkkürlərini bildirdilər, seminarın çox maraqlı və məhsuldar keçdiyini qeyd etdilər. Seminar iştirakçılarına müvafiq sertifikatlar təqdim edildi və gələcək iş planları müəyyənləşdirildi.

 

F.İDRİSOĞLU

 

 

Alimin yubileyi qeyd edildi

Naxçıvan Dövlət Universitetində görkəmli elm xadimi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Ağasəlim Ələsgərovun 80 illik yubiley tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli Ağasəlim Ələsgərovun Azərbaycan iqtisad elminə verdiyi töhfələrdən, elmi irsindən və yetirmələrindən bəhs edərək yubilyarı təbrik etdi, elmi fəaliyyətində ona uğurlar arzuladı.

 

İqtisad fakültəsinin dekan müavini, iqtisad elmləri namizədi Müslüm Cabbarzadə "Ağasəlim Ələsgərovun həyatı və elmi-pedaqoji fəaliyyəti" mövzusunda ətraflı məruzə etdi. İqtisadçı alimin zəngin elmi-pedaqoji və 55 illik elmi-tədqiqatçılıq fəaliyyətindən söz açan məruzəçi onun 200-dən çox əsər müəllifi olduğunu, 70 dissertasiya işinə elmi rəhbərlik və opponentlik etdiyini vurğuladı, yubilyar alimin təşkilatçılıq bacarığından bəhs etdi.

Universitetin iqtisad fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor Asif Şirəliyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əli Nuriyev, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri Həsən Allahverdiyev, iqtisadçı alim Gəncəli Gəncəli və başqaları yubilyarı təbrik etdilər, onun yüksək insani məziyyətlərindən, alimlik səriştəsindən danışdılar.

Sonda yubilyar ona göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlığını bildirdi.

 

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universiteti mətbuat

xidmətinin rəhbəri