Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın
29-da İsmayıllı rayonuna səfəri çərçivəsində
İvanovka kəndində sakinlərlə görüşü zamanı kənd
məktəbinin direktoru Nadejda Jabina məktəbə
mikroavtobus verilməsini xahiş etmişdi. Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva bu məsələnin
həllini öz üzərinə götürmüşdü.
Artıq Nadejda Jabinanın arzusu reallaşmış,
Heydər Əliyev Fondu tərəfindən İvanovka kənd
orta məktəbinə "Hyunday" markalı 28 yerlik
avtobus hədiyyə edilmişdir. Avtobusun açarları
məktəb direktoruna təntənəli surətdə təqdim
olunmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra
hakimiyyətinin başçısı Nizami Ələkbərov, Milli
Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək
Prezident İlham Əliyevin bölgələrə göstərdiyi
diqqət və qayğıdan, insanların istək və arzusuna
göstərdiyi həssaslıqdan danışmışlar. Natiqlər
Mehriban xanım Əliyevanın bu hədiyyəsini onun
Azərbaycan məktəblərinin hamisi olduğuna bariz
nümunə kimi dəyərləndirmişlər.
Kənd məktəbinin direktoru Nadejda Jabina çıxış
edərək hədiyyə üçün Mehriban xanım Əliyevaya
kollektiv adından minnətdarlığını bildirmişdir.
Sonra icra başçısı Nizami Ələkbərov avtobusun
açarlarını N.Jabinaya təqdim etmişdir. |