· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən saylarında)

   

Hörmətli oxucular, bu məqalədə Avropa məkanına inteqrasiya prosesində ali təhsil müəssisələrimizin rolu və Azərbaycan ali təhsil sistemində nəzərdə tutulan islahatlar barədə məlumat verməyə çalışacağam.

Qeyd etmək istərdim ki, 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra ötən müddət ərzində ali məktəblərimizdə müəyyən işlər görülsə də, ümumilikdə bu istiqamətdə həyata keçirilən tədbirlər qaneedici hesab edilə bilməz. Avropa məkanına inteqrasiyanın ümumilikdə ali təhsil sahəsində islahatların əsas istiqaməti kimi bəyan edilməsinə baxmayaraq, heç də bütün universitetlərimiz bununla əlaqədar zəruri addımları atmağa kifayət qədər səy göstərmirlər.

Məlumdur ki, Boloniya Bəyannaməsinin tələbləri baxımından ali təhsilin inkişafı sahəsində tədbirlər üç səviyyədə həyata keçirilməlidir. Dövlət, Təhsil Nazirliyi və universitet səviyyələrində.

Qeyd etmək lazımdır ki, dövlətin bu işə böyük dəstəyi vardır. ölkə Prezidentinin tapşırığı ilə ali təhsildə islahatlar üzrə Dövlət Proqramının layihəsi hazırlanmışdır, normativ-hüquqi bazanın yaradılması ilə bağlı hökumət tərəfindən bir sıra qərarlar verilmişdir və bundan sonra da zəruri addımlar atılacaqdır. Dünya Bankının qrantı hesabına islahatlar layihəsi hazırlanır.

Təhsil Nazirliyi bu sahədə xüsusi Fəaliyyət Planı hazırlamışdır və həyata keçirir. Avropa universitetlərinin təcrübəsi göstərir ki, keyfiyyətin təmin olunması və rəqabətqabiliyyətli kadr hazırlığı sahəsində dünya səviyyəli universitetlərə yaxınlaşma prosesində ali təhsil müəssisələrinin özlərinin rolu daha çoxdur.

Bu mənada bir sıra məqamlara diqqəti cəlb etmək istərdim. İlk növbədə, narahatlıq doğuran məsələlərdən biri universitetlərimizin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı müvafiq inkişaf proqramlarının olmamasıdır. Ali məktəblərdə müəllimlər və tələbələr arasında aparılan sorğular göstərmişdir ki, Boloniya prosesinin mahiyyəti, tətbiq edilən yeniliklər- akkreditasiya, kredit sisteminin tətbiqi, məzmun islahatları barədə müəllimlərin özlərinin təsəvvürləri yoxdur, nə təhsilverənlər, nə də təhsilalanlar ümumilikdə aparılan islahatların, nəzərdə tutulmuş hədəflərin nədən ibarət olduğu barədə kifayət qədər məlumata malik deyildir. Əgər müəllimlər əvvəlki qaydalarla, metodlarla işləyəcəklərsə, öz fəaliyyətlərində heç bir dönüş etməyəcəklərsə, hansı islahatlardan danışmaq olar, Avropa universitetləri səviyyəsinə necə çatmaq olar? Onu da nəzərə almaq lazımdır ki, Avropa universitetləri də dayanıb yerlərində saymırlar, sürətlə inkişaf edirlər ki, rəqabətdə uduzmasınlar. Hesab edirəm ki, hər bir universitetin professor-müəllim heyətinin qarşıdakı dəyişikliklərə hazır olması üçün inkişaf proqramı olmalı, bu inkişaf proqramında hər bir müəllimin ehtiyacına uyğun tədbirlər nəzərdə tutulmalıdır.

Daha bir problem universitetlərimizin idarəolunması ilə bağlıdır. Sirr deyil ki, Boloniya Bəyannaməsinin əsas tələblərindən biri ali təhsil müəssisələrində idarəetmə sisteminin təkmilləşdirilməsidir. ötən məqalələrdə qeyd etdiyim kimi, universitetlərimizdə müəllim-tələbə nisbətinin aşağı olması, strukturun təkmil olmaması, lüzumsuz fakültələrin, kafedraların saxlanılması barədə hər dəfə danışsaq, bu məsələləri nazirliyin kollegiya iclaslarında müzakirə etsək də, vəziyyət demək olar ki, dəyişmir, ali təhsil müəssisələri bu və digər sahələrdə vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmırlar. Hökumət tərəfindən bakalavr hazırlığı üzrə ixtisasların (proqramların) yeni siyahısı təsdiq edilib, lakin ali təhsil müəssisələrində bununla əlaqədar zəruri dəyişikliklər ləng aparılır. Prorektorlar, dekanlar, kafedra müdirləri təşəbbüskarlıq göstərmirlər, ənənəvi iş prinsiplərinə üstünlük verirlər, daha çox cari məsələlərin həlli ilə məşğul olurlar. Bu vəzifələrə gənc və perspektivli, beynəlxalq təcrübə ilə tanış olan kadrlar irəli çəkilmir, onların inkişafı sahəsində sistemli iş aparılmır. Xüsusi vurğulamaq istəyirəm ki, ali təhsilimizin inkişafı bilavasitə idarəetmə sisteminin təkmilləşdirilməsi, dünyanın aparıcı universitetlərində tətbiq olunan müasir idarəetmə mexanizmlərindən istifadədən birbaşa asılıdır və bu istiqamətdə də təsirli tədbirlər görülməlidir.

Boloniya prosesində həlledici amillərdən biri universitetlərin beynəlxalq əlaqələrinin genişləndirilməsi, dünyanın aparıcı universitetləri ilə səmərəli əməkdaşlığın qurulması və təcrübə mübadiləsinin təşkilidir. Bu əməkdaşlıq innovasiyaların, inkişaf tendensiyalarının bizim universitetlərə gətirilməsində əvəzsiz rol oynaya bilər. ölkəmizin ali təhsil müəssisələri müəyyən beynəlxalq layihə və proqramlarda iştirak edirlər, bir sıra universitetlərlə əməkdaşlıq əlaqələri yaratmışlar. Lakin bu əməkdaşlığın real səmərəsi hiss olunmur, həyata keçirilən tədbirlər universitetlərin fəaliyyətinin təkmilləşdirilməsinə və keyfiyyətin yüksəldilməsinə yönəldilmir. Bu gün dünya universitetlərində əsas prioritet təşkil edən məsələlər bizim ali məktəblərin təcrübəsinə gətirilmir və fəaliyyətdə nəzərə alınmır. Elə bu səbəbdəndir ki, həm ölkədaxili, həm də beynəlxalq hesabatlarda Azərbaycanda ali təhsillə bağlı pessimist proqnozlar verilir, daha çox neqativ hallardan bəhs edilir. Hesab edirəm ki, bu vəziyyət hamımızı ciddi düşündürməlidir.

Universitetlərimizin beynəlxalq layihə və proqramlarda iştirak səviyyəsi də qənaətbəxş hesab edilə bilməz. Bu gün dünyanın aparıcı universitetləri daha çox qrantlar əldə etməklə təhsilin inkişafına yönələn maliyyə resurslarının həcmini artırırlar, eyni zamanda sınanmış təcrübələrin tətbiqinə şərait yaradırlar. Ali təhsilə cəlb edilmiş qrantların həcminə görə ölkəmiz nəinki Avropa və dünya, hətta postsovet və region ölkələrindən də dəfələrlə geri qalır. Universitetlərin beynəlxalq əlaqələrinin, beynəlxalq layihə və proqramlarda iştirakının kifayət qədər səmərəli sisteminin yaradılmamasının səbəblərindən biri də odur ki, bu sahəyə rəhbərlik edən səriştəli mütəxəssislər çox azdır. Təsəvvür edin ki, ali təhsilin Avropa təhsil məkanına inteqrasiyasından danışırıq, lakin universitetlərimizdən yalnız 7-də beynəlxalq əlaqələr üzrə prorektorlar fəaliyyət göstərir ki, onların da əksəriyyəti xarici dillər, o cümlədən ingilis dili üzrə bacarıqlara malik deyildir. Fikrimcə, bu məsələ universitetlərdə ciddi araşdırılmalı və müvafiq tədbirlər görülməlidir.

Xarici dillər sahəsində yüksək bacarıqları olan, beynəlxalq təcrübəyə malik ali təhsil mütəxəssislərinin hazırlanması sahəsində zəif iş aparılır. Bununla əlaqədar rastlaşdığım bir problemi diqqətinizə çatdırmaq istəyirəm. 2008-ci ilin mayında Bakı şəhərində 30 ölkənin 200-dək təhsil ekspertinin iştirak etdiyi "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransı keçirilirdi. Etiraf etmək lazımdır ki, bu konfrans təhsil tariximizdə mühüm hadisə idi. Problem ondan ibarət idi ki, konfransın bölmə iclaslarını aparmaq üçün ingilisdilli, beynəlxalq səviyyəli tədbiri apara bilən ali təhsil mütəxəssisləri tapmaq müşkül bir işə çevrilmişdi. Az qala bütün ölkədə belə mütəxəssislər axtarmağa məcbur olmuşduq, təəssüflər olsun ki, ADU-nu çıxmaq şərtilə digər ali təhsil müəssisələrimizdə belə mütəxəssislər tapmaq mümkün deyildi. Fikrimcə, bu barədə də ciddi düşünmək lazımdır.

Daha bir "yaralı" yerə toxunmaq istərdim. Təhsil Nazirliyi 10 ildən çoxdur ki, Dünya Bankı ilə əməkdaşlıq edir, təhsil sektorunun inkişafı üzrə layihələr həyata keçirir. Bu illər ərzində layihələr çərçivəsində çoxlu sayda beynəlxalq ekspertlərlə əməkdaşlıq etmişik. Həmin ekspertlər müxtəlif inkişaf etmiş, etməkdə olan, yaxud inkişaf etməmiş ölkələrdən olmuşlar. Onların arasında postsovet ölkələrindən olanlar da var idi. Ona təəssüf edirəm ki, bu illər ərzində yüzlərlə ekspertlər içərisində bir nəfər də olsun azərbaycanlıya təsadüf etməmişəm. ümid edirəm ki, Dövlət Proqramı ilə xaricdə təhsil alıb ölkəmizə qayıdanlar arasından beynəlxalq səviyyəli təhsil ekspertləri də yetişəcəkdir.

Fikrimcə, mövcud problemlərdən biri də ondan ibarətdir ki, bizim universitetlərin əksəriyyəti müəyyən profillər üzrə fəaliyyət göstərir, məsələn, tibb, pedaqoji, iqtisadiyyat, inşaat, mədəniyyət-incəsənət və sair. Əlbəttə, dünyada belə istisnalar vardır, məsələn, Massaçusets Texniki Universiteti. Lakin təhlil göstərir ki, konkret profillər üzrə tədris universitetlərin fəaliyyətini məhdudlaşdırır, rəqabət imkanlarını azaldır. ölkəmizdə tibb, mədəniyyət-incəsənət, inşaat sahələrində mütəxəssislər yalnız bir, digər sahələr üzrə mütəxəssislər isə bir neçə universitetdə hazırlanır. Bu səbəbdən də müvafiq sahələr üzrə mütəxəssis olmaq istəyənlərin seçim imkanları yoxdur, bu hal isə universitetlərdə keyfiyyətin yüksəldilməsinə və inkişafa gətirib çıxarmır. Bir qayda olaraq, dünya səviyyəli universitetlər xüsusi profillər üzrə fəaliyyət göstərmir, fikrimcə bu amil gələcək islahatlar prosesində nəzərə alınmalıdır.

Daha bir vacib məsələ barədə. Son zamanlar müxtəlif dövlət qurumları tabeliyində ali təhsil müəssisələrinin yaradılması tendensiyası müşahidə olunur. Bildiyiniz kimi, ümummilli lider Heydər Əliyev məhz ali təhsilin keyfiyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə 13 iyun 2000-ci il tarixli "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərman vermişdi və həmin fərmana müvafiq olaraq mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarət səlahiyyəti Təhsil Nazirliyinə həvalə edilmişdi. Həmin fərmandan sonra ölkədə ali təhsil sahəsində vahid təhsil siyasəti həyata keçirilməyə başlanmışdı. Fikrimcə, bu, yeganə düzgün yoldur. Əsas məsələ universitetin kimin tabeliyində olmasından daha çox, müstəqil akkreditasiya sisteminin olmasındadır. Şəxsən mənim fikrimcə bütün universitetlərə muxtariyyət statusu, müstəqil maliyyələşmə və idarəetmə səlahiyyətləri verilməlidir. Dünya təcrübəsində də universitetlər müstəqildir, yəni idarəetmə funksiyalarını sərbəst yerinə yetirirlər. Düşünürəm ki, ölkəmizdə də universitetlərə maksimum sərbəstlik verilməli, tabelik naminə səlahiyyətləri məhdudlaşdırılmamalıdır. Təcrübə göstərir ki, fəaliyyətin təşkili və idarəolunmasında müstəqil olan universitetlər daha çox uğurlar əldə edir və dünya səviyyəli universitetlərə çevrilirlər.

Azərbaycanda təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini, Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 31 yanvar 2008-ci il tarixli sərəncam imzalandı. Sərəncamda deyilir: "2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Bu proseslərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Boloniya Deklarasiyasını imzalamaqla respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyası yolunda mühüm addım atmışdır. Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişafı ümumavropa təhsil məkanına inteqrasiya prosesinin daha da sürətləndirilməsini və bu sahədə həyata keçirilən işlərin intensivləşdirilməsini tələb edir. ölkənin intellektual potensialının gücləndirilməsinin Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarından biri olması ali təhsil sistemində islahatlara dair müvafiq dövlət proqramının hazırlanması zərurətini meydana çıxarmışdır".

Həmin sərəncamla ölkəmizin ali təhsil sisteminin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini sürətləndirmək məqsədilə "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" hazırlanması, eləcə də ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO-nun qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılması məsələləri Təhsil Nazirliyinə tapşırıldı. Bununla bağlı nazirlikdə mütəxəssislərdən ibarət işçi qrupu yaradıldı. İşçi qrupu tərəfindən mövcud vəziyyət təhlil edildi, dünya təcrübəsinə əsaslanaraq bakalavr pilləsinin ixtisaslarının siyahısı və Dövlət Proqramının layihəsi hazırlandı, təsdiq üçün hökumətə təqdim olundu.

Proqramın əsas məqsədi ölkənin ali təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, ali təhsilin rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara tələbatın ödənilməsi, əhalinin ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. Proqramda aşağıdakı 8 istiqamət üzrə islahatların aparılması müəyyənləşdirilmişdir:

1. Boloniya Bəyannaməsinə və beynəlxalq təhsil təcrübəsinə uyğun olaraq, ali təhsilin normativ-hüquqi bazasının yeniləşdirilməsi. Burada nəzərdə tutulacaq müddəalar ali təhsil sisteminin Avropa və mütərəqqi dünya ölkələrinin ali təhsil məkanına inteqrasiyasına hüquqi baza yaratmalıdır. Bununla bağlı, ilk növbədə, birinci oxunuşdan keçmiş "Təhsil haqqında" çərçivə Qanunu və buna müvafiq "Ali təhsil haqqında" Qanun qəbul edilməlidir.

2. Ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi. Burada, ilk növbədə, ali təhsil ixtisaslarının Avropa ixtisas təsnifatına və əmək bazarının tələblərinə uyğunlaşdırılması, tədris plan və proqramlarının (kurikulumların), təhsil resurslarının, müasir fənn proqramlarının (sillabusların) yeni təlim və informasiya texnologiyalarını təmin edən elmi-metodiki tövsiyələrin hazırlanması və tətbiqi nəzərdə tutulmalıdır.

3. Ali təhsil müəssisələrinin strukturunun və bütövlükdə onun idarəolunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi. İlk növbədə, idarəçilik strukturunun əsaslı şəkildə təkmilləşdirilməsi, kadr istehlakçılarının ali təhsil müəssisələrinin idarəolunmasında və inkişafında iştirakını təmin edən strukturların yaradılması, hazırda olduğu kimi, ali təhsil müəssisələrinin fəaliyyətinin təcrid formasında deyil, aidiyyəti müəssisələri baza kimi müəyyənləşdirməklə sıx əlaqələrin yaradılması (məsələn, müəllim hazırlığı sahəsində məktəb və təhsil şöbələri ilə, digər sahələrdə isə müvafiq istehsal sahələri ilə əlaqələrin qurulması), tələbə özünüidarə sisteminin inkişafı nəzərdə tutulmalıdır.

4. Ali təhsildə keyfiyyətin təmin olunması. Ali təhsil müəssisələrinin akkreditasiyasına beynəlxalq ekspertlərin cəlb edilməsi təmin olunmalı, universitetlərin reytinqini müəyyənləşdirən sistem yaradılmalı, tələbələrin biliyinin qiymətləndirilməsi sistemi Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğunlaşdırılmalı, ali təhsil müəssisələrinin fəaliyyəti haqqında hesabatvermə sistemi yaradılmalıdır.

5. Ali təhsildə kadr hazırlığı. Bunun üçün elmi, elmi-pedaqoji və pedaqoji kadrların attestasiyasının yeni mexanizminin, ali təhsil müəssisələrində keyfiyyəti təmin edən menecment sisteminin, əmək bazarının monitorinqinin və işədüzəltmə-karyera mərkəzlərinin, professor-müəllim heyətinin ölkə daxilində və xaricdə treninqlərinin təmin olunma sistemlərinin yaradılması nəzərdə tutulmalıdır. Eyni zamanda ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı"nın icra mexanizmləri də bu proqramla müəyyən edilməlidir.

6. Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun qurulması. ölkənin elmi-tədqiqat institutlarının ali təhsil müəssisələri ilə birgə fəaliyyəti, onların potensialından kadr hazırlığı sistemində istifadə olunması, bəzilərinin müvafiq ali təhsil müəssisələri tərkibinə verilməsi məsələlərinə baxılması nəzərdə tutulmalıdır.

7. Ali təhsilin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması. Universitet kampuslarının (şəhərciklərinin, təhsil infrastrukturlarının) qurulması, ali təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyaları mərkəzlərinin, tədris, elmi-tədqiqat, təcrübə-sınaq laboratoriyalarının, resurs, treninq və s. mərkəzlərinin yaradılması və onların müvafiq tədris-metodiki və elmi avadanlıqlarla təchizatı, elektron kitabxanaların və müasir nəşriyyat-poliqrafiya komplekslərinin yaradılması nəzərdə tutulmalıdır.

8. Ali təhsilin iqtisadiyyatının yeni mexanizmlərinin yaradılması və tətbiqi. Burada ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin yalnız dövlət büdcəsindən deyil, təhsil alan subyektlərin maliyyəsi hesabına həyata keçirilməsi, alternativ maliyyələşmə mənbələrinin formalaşdırılması sisteminin yaradılması və universitetlərin maliyyə müstəqilliyinin genişləndirilməsi, adambaşına maliyyələşməyə keçilməsi tədbirləri nəzərdə tutulmalıdır.

Proqramın yerinə yetirilməsindən aşağıdakı nəticələr gözlənilir:

-ali təhsilin normativ-hüquqi bazası yeniləşəcək;

-ali təhsildə beynəlxalq ixtisas təsnifatına uyğun mütəxəssis hazırlığına keçiləcək;

-beynəlxalq standartlara uyğun kadr hazırlığı təmin ediləcək;

-ali təhsil sisteminin tədris-metodiki təminatı müasirləşəcək;

-beynəlxalq tələblərə uyğun müasir tipli elektron kitabxanalar və elektron versiyalı dərslik fondu yaradılacaq;

-interaktiv təlimi təmin edən yeni metodikalar hazırlanacaq;

-tədris prosesində informasiya texnologiyalarının tətbiqinin elmi-metodiki təminatı yaradılacaq;

-Boloniya prosesinin tələblərini təmin edən tədris-metodiki vəsaitlər hazırlanacaq;

-ali təhsildə Boloniya Bəyannaməsinin müddəalarına uyğun vahid terminologiyalar tətbiq ediləcək;

-kredit sisteminin tətbiqi ilə bağlı yeniliklərin yayılması və mənimsənilməsi təmin olunacaq;

-ömürboyu təhsil almaq üçün fasiləsizlik təmin olunacaq;

-ali təhsil sistemi beynəlxalq tələblərə cavab verən tədris sənədləri ilə təmin ediləcək;

-ali təhsil üzrə tədris sənədlərinin beynəlxalq ekspertizası təmin olunacaq;

-ali təhsil müəssisələrinin optimal şəbəkəsi yaradılacaq;

-ali təhsil müəssisələrinin davamlı inkişafı təmin ediləcək;

-universitetlərin idarəedilməsində tələbələrin geniş iştirakı təmin olunacaq;

-ali təhsilin idarəolunması təkmilləşəcək;

-ali təhsilin beynəlxalq təhsil məkanına inteqrasiyası sürətlənəcək;

-beynəlxalq tələblərə cavab verən qiymətləndirmə və keyfiyyətə nəzarət mexanizmi yaradılacaq;

-beynəlxalq ekspertizadan keçmiş yeni akkreditasiya qaydaları yaradılacaq;

-kadr istehlakçılarının təhsilin keyfiyyətinə nəzarət prosesində bilavasitə iştirakı təmin olunacaq;

-ali təhsildə tədrisin təşkili Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun qurulacaq;

-müəllim və tələbə mübadiləsi sahəsində ali məktəblərin imkanları genişlənəcək;

-tələbə və mütəxəssislərin diplomlarının və müvafiq təhsil sənədlərinin qarşılıqlı tanınması asanlaşacaq;

-ali təhsil müəssisələrinin fəaliyyəti haqqında ictimaiyyətin məlumatı genişlənəcək;

-tədris prosesində tələbələrin fəal iştirakı təmin olunacaq;

-elmi və elmi-pedaqoji kadrların fəaliyyətini qiymətləndirən attestasiya mexanizmi yeniləşdiriləcək;

-dünya təcrübəsinə və Boloniya Bəyannaməsinin prinsiplərinə uyğun hazırlanmış yeni ixtisas təsnifatı tətbiq ediləcək;

-ali təhsil müəssisələrinin müasir tələblərə cavab verən kadr potensialı formalaşacaq və yeni rotasiya sistemi yaradılacaq;

-ümumtəhsil sistemi peşəkar kadrlarla təmin olunacaq;

-iqtisadiyyat, sosial və digər sahələr rəqabətə davamlı kadrlarla təmin ediləcək;

-ali məktəb məzunlarının əmək bazarında işlə təmin olunma imkanları artacaq;

-ali təhsil müəssisələrində funksional idarəetmə modelini həyata keçirən menecerlər heyəti formalaşdırılacaq;

-ali təhsil müəssisələrinin elmi və elmi-pedaqoji potensialından səmərəli istifadə təmin olunacaq;

-ali təhsil müəssisələrində elmi-pedaqoji kadrların beynəlxalq nüfuzu artacaq və onların əməyini stimullaşdıran mexanizm yaradılacaq;

-ali təhsil müəssisələrinin elmi-tədqiqat sahəsində beynəlxalq əməkdaşlıq imkanları genişlənəcək;

-elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi ali təhsil müəssisələrinin əlavə maliyyə mənbəyinə çevriləcək;

-müasir tipli universitet şəhərcikləri salınacaq, təhsil infrastrukturu yaxşılaşacaq;

-təhsilin məzmununu müasirləşdirmək üçün maddi-texniki baza təminatı yaradılacaq;

-ali təhsil müəssisələrinin beynəlxalq informasiya-kommunikasiya şəbəkəsinə qoşulması təmin ediləcək;

-ali təhsil müəssisələrində müasir tipli avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat və tədris strukturları yaradılacaq;

-müasir tipli informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və zəruri avadanlıqlarla təchizatı ali təhsil müəssisələrində idarəetmənin səmərəliliyini artıracaq;

-ali təhsil subyektlərinin zəruri informasiya əldə etmək imkanları genişlənəcək və sürətlənəcək;

-ali təhsil müəssisələrinə yeni maliyyə mənbələri cəlb olunacaq;

-ali təhsil müəssisələrində adambaşına maliyyələşdirilmə mexanizmi tətbiq olunacaq;

-ali təhsil müəssisələrinə əldə etdikləri maliyyə resurslarından sərbəst istifadə etmək imkanı veriləcək;

-ali təhsil müəssisələrinin maliyyələşməsinin əsas mənbələrindən olan ödənişli təhsil xidmətinə və maliyyələşmədə iştirak edən investorlara vergi və ya digər güzəştləri verməklə onların maliyyə imkanları genişlənəcək;

-Boloniya Bəyannaməsinin müddəalarının tətbiqi sürətləndiriləcək və buraya əlavə maliyyə resursları cəlb olunacaq;

-nəticədə ali təhsilin keyfiyyəti yüksələcək.

İndi isə Azərbaycanda dünya səviyyəli universitet yaratmaq imkanları barədə fikirlərimi bildirmək istəyirəm. ötən məqalələrdə dünya səviyyəli universitet yaratmağın üç yolu - mövcud universitetlərin səviyyəsinin yüksəldilməsi və müasirləşdirilməsi, ali təhsil müəssisələrinin birləşdirilməsi, yeni təhsil müəssisələrinin yaradılması - kimi yollarından bəhs etmişdik. Bəs Azərbaycan üçün bu yollardan hansı məqbul sayıla bilər? Hesab edirəm ki, ölkəmizdə yeni yaradılmış Diplomatik Akademiyanın bazasında dünya səviyyəli ali təhsil müəssisəsinin yaradılması üçün real imkanlar vardır və bu imkanlardan istifadə edilməlidir.

Daha bir variant isə Azərbaycanda yeni universitetin yaradılmasıdır. Bu yolun üstünlüyü ondan ibarətdir ki, əvvəldən ali təhsil müəssisəsinin strukturunu və idarəedilməsini dünya səviyyəli universitetlərə uyğun müəyyənləşdirmək mümkündür.

Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, təhsilə yönəldilən investisiyaların həcminin ilbəil artırılması, ən başlıcası isə dövlətin təhsilə böyük dəstəyi ölkəmizdə dünya səviyyəli universitetlərin yaradılması üçün əlverişli imkanlar açmışdır. Sinqapur, Malayziya və digər ölkələrin təcrübəsi göstərir ki, qısa müddət ərzində dünya səviyyəli universitetlər yaratmaq çətin olsa da, mümkündür və belə təcrübələrdən yararlanmağı bacarmalıyıq. İlk növbədə, qısa müddətdə dünya səviyyəli universitetlərin yaradılması təcrübəsi öyrənilməli və bu sahədə fəaliyyət istiqamətlərinə çevrilməlidir.

Düşünürəm ki, ölkəmizin hazırkı inkişaf səviyyəsi imkan verir ki, yaxın 10 il ərzində bir və ya iki Azərbaycan universiteti ən nüfuzlu beynəlxalq reytinqlərdə təmsil oluna bilsin. Əlbəttə, bu işlərin məhz dövlət səviyyəsində həyata keçirilməsi real səmərə verə bilərdi. İlk növbədə, bu prosesə ən səriştəli professor-müəllim heyəti, o cümlədən xarici ölkələrin tanınmış təhsil mütəxəssisləri cəlb olunmalı, nəzərdə tutulan və yaradılacaq universitetlər ən müasir texnologiyalarla, resurslarla, xüsusilə beynəlxalq səviyyəyə uyğun şəkildə ehtiyacları ödəməyə qadir maliyyə vəsaitləri ilə təmin edilməlidir.

Hörmətli oxucular, bununla da dünyada ali təhsilin inkişaf tendensiyaları, Azərbaycanda ali təhsilin mövcud vəziyyəti, problemlər və perspektivlər barədə düşüncələrimi başa çatdırıram. Növbəti yazılarda təhsilin digər pillələri, məktəbəqədər, texniki peşə, eləcə də ümumi təhsil sistemində qiymətləndirmə, əlavə təhsil və digər məsələlərlə bağlı görülmüş işlər, problemlər və onların həlli yolları barədə məlumat verməyə çalışacağam. 

Hörmətli oxucular, indi isə  Azərbaycanda özəl təhsil müəssisələrinin təşəkkülü, əldə olunan nailiyyətlər, fəaliyyətlərindəki problemlər və onları doğuran səbəblər barədə fikirlərimi sizinlə bölüşməyə çalışacağam.

Müstəqil Azərbaycanın təhsil sistemində beynəlxalq təcrübənin və yeni iqtisadi-siyasi sistemin doğurduğu yeniliklərdən biri də özəl təhsil müəssisələrinin yaranması hesab olunmalıdır. Hazırda texniki peşə təhsili pilləsi istisna olmaqla, bütün digər təhsil pillələrində dövlət müəssisələri ilə yanaşı, özəl təhsil müəssisələri də fəaliyyət göstərir. Bu müəssisələr içərisində sayına və əhatə dairəsinə görə ümumi orta və ali təhsil müəssisələri üstünlük təşkil edirlər.

Dünya təcrübəsi göstərir ki, məhz bazar iqtisadiyyatı şəraitində azad rəqabətə imkan yaratmaqla, dövlət sektoru ilə yanaşı, özəl sektorun formalaşdırılması və onun imkanlarından istifadə etməklə iqtisadi inkişafa, ölkənin tərəqqisinə nail olmaq mümkündür. Elə buna görə də müstəqilliyin ilk illərindən ölkəmizdə digər sahələrlə yanaşı, təhsil sahəsində də özəl sektor yaranmağa başladı. Qeyd etmək lazımdır ki, Azərbaycan və digər postsovet ölkələri üçün yeni olsa da, dünyada təhsil sektorunda özəl təhsilin payı hissolunacaq dərəcədədir. Şübhəsiz, özəl təhsil müəssisələrinin yaranması bir sıra əhəmiyyətli cəhətləri ilə xarakterizə olunurdu. İlk növbədə, ölkəmizdə ali təhsil müəssisələrinin şəbəkəsi genişlənir, insanların ali təhsil almaq və seçim imkanları artırdı. Digər tərəfdən, ali təhsil almaq istəyən gənclər üçün açıq rəqabət mühiti yaranırdı. Ali təhsil sahəsində dövlət müəssisələrinin inhisarçılığına son qoyulur, kadr hazırlığı sahəsində onlarla real rəqabət aparacaq müəssisələrin fəaliyyəti üçün imkanlar açılırdı. Eyni zamanda özəl təhsil müəssisələrinin yaranması ilə təcrübəmizə bu vacib sahədə müstəqil idarəetmə üsulları da daxil olurdu.

Azərbaycanda bu ideyanı ilk olaraq həyata keçirənlər hazırda fəaliyyət göstərən Xəzər, Azərbaycan və Qərb Universitetləri oldu. O dövrdə Xəzər Universiteti Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun nəzdində - "İngilisdilli Azərbaycan Universiteti" (Nazirlər Kabinetinin 18 mart 1991-ci il tarixli, 41 nömrəli qərarı ilə), Qərb Universiteti Azərbaycan Kommunist Gənclər İttifaqının Zaqafqaziya Komsomol Məktəbinin bazasında - "Gənclər İnstitutu", "Azərbaycan Universiteti" Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində - "Ali Humanitar Kollec" (Təhsil Nazirliyinin 16 iyul 1991-ci il tarixli əmri ilə) kimi fəaliyyətə başlamışdı.

1992-ci ilin sonunda Azərbaycan Parlamenti tərəfindən qəbul olunan "Təhsil Qanunu"nda bu məsələyə xüsusi yer verildi və faktiki olaraq ölkədə özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılması istiqamətində ilk addım atıldı. İlk özəl ali təhsil müəssisələrinin meydana çıxması cəmiyyətdə birmənalı qarşılanmasa da, onların yaranması tarixi zərurət idi. İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə belə təhsil müəssisələri artıq çoxdan fəaliyyət göstərir, dövlət müəssisələri ilə müvəffəqiyyətlə rəqabət aparır, hətta bəzi hallarda öz üstünlüklərini sübut edirlər.

Azərbaycanda özəl ali təhsil müəssisələrinin on səkkiz illik tarixinə nəzər salsaq, onun inkişaf yolunu şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ 1992-1997-ci illəri əhatə edir ki, bu dövr özəl təhsil müəssisələrinin kütləvi şəkildə yaradılması və qeydiyyatdan keçirilməsi mərhələsi kimi xarakterizə olunur. Azərbaycanda fəaliyyət göstərən və gələcəkdə yaradılacaq özəl ali təhsil müəssisələrinin fəaliyyətinin qanuniləşdirilməsi məqsədilə 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin nəzdində Dövlət Ali Ekspert Komissiyası yaradıldı, onun Əsasnaməsi təsdiq edildi. Komissiyanın əsas məqsədi mövcud özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək və yeni təhsil müəssisələrinin yaradılmasına razılıq verməkdən ibarət idi. Əsasnaməyə görə DAEK-in verdiyi müsbət rəylər Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilməli, Nazirlər Kabinetinin müvafiq qərarından sonra təhsil müəssisələri qeydə alınmalı, dövlət reyestrinə daxil edilməli və onlara Təhsil Nazirliyi tərəfindən müvafiq sertifikat verilməli idi.

Lakin bu prosesdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində siyasi sabitliyin pozulması, o zamankı ölkə rəhbərliyinin səriştəsizliyi və özəl təhsilin təşkili sahəsində təcrübənin olmaması səbəbindən mövcud Əsasnamənin tələblərinə əməl olunmadı, özəl təhsil müəssisələri qanuni status almadan yalnız komissiyanın müsbət rəyləri əsasında fəaliyyət göstərərək qanunsuz tələbə qəbulu aparmağa başladılar. Onu da qeyd etmək lazımdır ki, yaradılmış komissiya da vəzifəsinin öhdəsindən gələ bilmədi, əsaslandırılmamış, formal rəylər verməyə başladı. Elə bunun nəticəsi oldu ki, komissiyanın 5 aylıq fəaliyyəti müddətində 30-dək özəl təhsil müəssisəsinin yaradılmasına müsbət rəy verildi.

Heç bir maddi-texniki bazası, müvafiq kadr potensialı olmadan, bu sahədəki qanun boşluğundan istifadə edərək bir çoxları qanunsuz özəl ali təhsil müəssisələri "yaratmaqla" yanaşı, həmin universitetlərin ayrı-ayrı bölgələrdə "filiallarının" təsis edilməsi sahəsində sanki yarışa girmişdilər. Həmin özəl ali məktəblər bu mərhələdə müstəqil olaraq "tələbə qəbulu aparır", fəaliyyətlərində təhsil qanunvericiliyinə və ali məktəbin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi sənədlərə əməl etmirdilər.

ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrə olduğu kimi, təhsil sisteminə də diqqət artırıldı, özəl təhsil müəssisələri ilə bağlı bir sıra qərarlar qəbul olundu. Bunlardan birincisi, 1993 -cü ilin 29 iyulunda Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə DAEK-in yenidən təşkil edilməsi oldu. Dövlət təhsil standartlarının və müvafiq əsasnamələrin hazırlanması işləri başa çatdırılana qədər müvəqqəti olaraq yeni təhsil müəssisələrinin yaradılması və qeydiyyata alınması işi dayandırıldı. Komissiyanın Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərdiyi qısa dövr ərzində müsbət rəy verilmiş 27 özəl təhsil müəssisəsinin fəaliyyəti qeyri-qanuni hesab edildi.

Növbəti qərar isə ölkə Prezidentinin 24 sentyabr 1994-cü il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında yeni DAEK-in yaradılması oldu. DAEK-in tərkibinə ölkənin nüfuzlu alimləri və müəllimləri daxil edildilər. Bundan sonra Təhsil Nazirliyinin nəzdindəki Ekspert Komissiyasının müsbət rəyini almış özəl ali təhsil müəssisələrinin hamısı təkrarən yeni yaradılan DAEK-ə müraciət etməli oldular. 1995-ci ildə DAEK-in verdiyi rəylər əsasında 7 (Xəzər, Qərb, Asiya, Azərbaycan, Qafqaz, Təfəkkür Universitetləri və San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialı (Mingəçevir şəhəri), 1996-cı ildə 6 (Ali Diplomatiya Kolleci, Ali Pedaqoji Qızlar Seminariyası, Odlar Yurdu, Naxçıvan (2 ünvanda- Bakıda və Naxçıvanda olmaqla), Bakıda Amerika universitetləri, Gəncə Elm-Təhsil Mərkəzi (tərkibində 3 ali məktəb - N.Gəncəvi adına Gəncə Universiteti, Aqroekologiya İnstitutu, Azərbaycan Yeyinti-Sənaye İnstitutu) özəl ali məktəblər dövlət qeydiyyatına alındı. Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s nömrəli sərəncamı ilə DAEK-in 1996-cı ildə verdiyi müvafiq rəylər əsasında daha 3 ali təhsil müəssisəsinin (Azərbaycan Beynəlxalq Universiteti, Bakı Biznes Universiteti, Ali İctimai-Siyasi Kollec) fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verildi.

özəl təhsil müəssisələrinin fəaliyyətlərində ikinci mərhələ ölkə Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında" fərmanı ilə təhsil müəssisələrinə lisenziya verilməsi səlahiyyətinin Təhsil Nazirliyinə həvalə edilməsi və 11 aprel 1998-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının ləğv edilməsindən 2001-ci ilədək olan dövrü əhatə edir.

Yaxşı xatırlayıram, 1998-ci il martın 25-də ümummilli lider Heydər Əliyev məni qəbul etdi. O zaman Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışırdım.

ölkədə təhsilin ayrı-ayrı pillələrinin vəziyyəti, professor-müəllim heyətinin sosial problemləri, xüsusən ali təhsil sahəsində mövcud olan problemlər onu daha çox maraqlandırırdı. Bir saatdan çox davam edən söhbətin sonunda Heydər Əliyev məni ölkənin təhsil naziri vəzifəsinə təyin etmək qərarına gəldiyini bildirdi. Onu da yaxşı xatırlayıram ki, ulu öndər bu vəzifənin məsuliyyətindən, səlahiyyətlərindən və əhatə dairəsinin geniş olmasından ürək yanğısı ilə danışırdı. Söhbətimiz başa çatandan sonra Prezidentin katibliyində mənə dedilər ki, indi Prezident Aparatında Heydər Əliyev Sizi təhsil naziri kimi ölkə rəhbərliyinə təqdim edəcək. Təqdimatda ölkənin Baş naziri, Prezidentin İcra Aparatının rəhbəri, Baş nazirin müavini, Humanitar siyasət məsələləri şöbəsinin müdiri və Prezidentin köməkçiləri iştirak edirdilər. Təqdimat zamanı Heydər Əliyev ölkədə ictimai-siyasi durum, təhsilin vəziyyəti, bu sahədəki problemlər və onların həlli yolları ilə bağlı öz fikirlərini bildirdi və tapşırıqlarını verdi. Bununla yanaşı, Prezident DAEK-in fəaliyyətindən ciddi narazılığını da bildirdi və elan etdi ki, bir neçə gündən sonra təhsillə bağlı iki sənəd imzalayacaq. Onlardan biri ölkədə təhsil sahəsində İslahat Proqramının hazırlanması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması, digəri isə DAEK-in fəaliyyətinin dayandırılması və bu səlahiyyətlərin Təhsil Nazirliyinə verilməsi ilə əlaqədar qərarlar idi. Heydər Əliyevin həmin təqdimat zamanı çıxışının stenoqramı ən qiymətli bir sənəd kimi mənim arxivimdə bu gün də saxlanılır. ölkədə təhsilin inkişafında müstəsna əhəmiyyət kəsb edən bu tarixi qərardan sonra Təhsil Nazirliyi tərəfindən özəl ali təhsil müəssisələrinin lisenziyalaşdırılması mexanizminin icrasına başlanıldı. Bu məqsədlə yaradılmış İşçi qrupu tərəfindən ölkədə qanunsuz fəaliyyət göstərən 40-dan artıq "ali təhsil müəssisəsi"nin, o cümlədən özəl təhsil müəssisələrinin bölgələrdə yaratdıqları 18, xarici ölkə ali təhsil müəssisələrinin Azərbaycanda qanunsuz yaradılmış 16 filialı və tədris məntəqələrinin aşkar edilməsi istiqamətində sistemli araşdırmalar aparıldı.

Aparılan araşdırmalar zamanı bəzi özəl təhsil müəssisələri tərəfindən qanunsuz tələbə qəbulu aparıldığı, mövcud qanunvericiliyə zidd olaraq məzunlara ali məktəblər tərəfindən hazırlanmış diplomların verildiyi, zəruri ehtiyac olmadığı halda, respublikanın müxtəlif bölgələrində filial və şöbələr yaradıldığı, tələbələrin köçürülməsi və bərpasında, ikinci ali təhsilə tələbə qəbulunda, buraxılış yekun dövlət attestasiyasının keçirilməsində ciddi nöqsanlara yol verildiyi, qanuna zidd olaraq ali məktəblər tərəfindən təsdiq olunmuş tədris planları əsasında kadr hazırlığı aparıldığı aşkarlandı.

Araşdırmalar, eyni zamanda elmi-pedaqoji potensialı, maddi-texniki bazası, tədrisin keyfiyyəti zəif olan özəl ali məktəbləri də aşkara çıxardı. Aparılan araşdırmaların nəticələri 1999-cu ilin dekabrında Təhsil Nazirliyinin kollegiyasında geniş müzakirə olundu. Kollegiyanın qərarına əsasən, respublikanın müxtəlif bölgələrində qanunsuz yaradılmış filial və şöbələrin fəaliyyəti dayandırıldı. Belə ki, San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialının Göyçay və Bərdə, N.Gəncəvi adına Gəncə Universitetinin, Biznes, Odlar Yurdu və Azərbaycan Beynəlxalq universitetlərinin Ağcabədi, Gəncə Elm-Təhsil Mərkəzinin Beyləqan, Zaqatala, Təfəkkür Universitetinin Salyan, Əli Bayramlı (hazırda Şirvan), Quba filiallarının (cəmi 18 filial) fəaliyyətinə xitam verildi. Beləliklə, özəl ali məktəblərin qanunsuz fəaliyyət göstərən bütün filialları bağlanıldı, bir çox xarici ölkə ali məktəblərinin ölkəmizdəki filialları və tədris məntəqələrinin fəaliyyətinə xitam verildi. Dövlət qeydiyyatından keçməmiş özəl təhsil müəssisələrinin verdiyi diplomlar etibarsız hesab olundu.

2000-ci ildə təsisçilərin təklifi əsasında Ədliyyə Nazirliyinin qərarı ilə Bakıda Amerika Universitetinin dövlət qeydiyyatı, onun əsasında isə Təhsil Nazirliyi tərəfindən verilən lisenziya ləğv edildi.

Aparılmış təhlillər göstərir ki, fəaliyyəti dayandırılmış özəl ali təhsil müəssisələri haqqında qərarlar vaxtında qəbul edilmişdi. Həmin ali məktəblərin bağlanmasından 9 ildən çox vaxt keçməsinə baxmayaraq, bu təhsil müəssisələri ilə bağlı problemlər bu gün də qalmaqdadır.

Təhsil Nazirliyi tənzimləmə tədbirləri ilə yanaşı, nöqsanların aradan qaldırılması və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün özəl ali təhsil müəssisələri qarşısında bir sıra təxirəsalınmaz tələblər də qoydu. Bu tələblər tədris binası, maddi-texniki baza da daxil olmaqla müvafiq infrastruktur yaratmaq, beynəlxalq əlaqələr qurmaq, fəaliyyətlərini mövcud qanunvericiliyə uyğun təşkil etmək, tədrisin keyfiyyətini yüksəltmək, yüksək ixtisaslı elmi-pedaqoji kadrları işə cəlb etmək, ali məktəbin strukturunu - fakültələri və kafedraları optimal formalaşdırmaqdan ibarət idi.

Bəzi özəl təhsil müəssisələri qısa müddət ərzində tədris prosesinin təşkilində yol verilən nöqsanların aradan qaldırılması istiqamətində müəyyən addımlar atdılar, maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində tədbirlər görməyə başladılar. İlk dövrlərdə ayrı-ayrı təşkilatlara məxsus binalarda fəaliyyət göstərən müəssisələrin bir qismi artıq maddi-texniki bazalarını xeyli yaxşılaşdırmağa, müstəqil tədris korpusları tikib istifadəyə verməyə, zəruri avadanlıqlar almağa, müasir tələblərə cavab verən laboratoriyalar, kompüter mərkəzləri, kitabxanalar, nəşriyyat-mətbəə bazası yaratmağa müvəffəq oldular. Bakı Biznes, Bakı Asiya, Azərbaycan Beynəlxalq, Odlar Yurdu, Bakı Ali Pedaqoji Qızlar Seminariyası (hazırda Bakı Qızlar Universiteti) universitetləri, Ali Diplomatiya Kolleci (hazırda Bakı Avrasiya Universiteti) yeni tədris binaları inşa etdilər, Azərbaycan, Xəzər, Qərb universitetləri öz maddi-texniki bazalarını xeyli yaxşılaşdırdılar. Təəssüf ki, digər özəl ali təhsil müəssisələri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı ciddi işlər görə bilmədilər. Belə ki, Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti və Ali İctimai Siyasi Universitetin hələ də tədris binaları yoxdur, hər iki ali məktəb icarəyə götürülən binalarda fəaliyyət göstərir. Hesab edirəm ki, həmin təhsil müəssisələrinin rəhbərləri müvafiq infrastrukturun yaradılması istiqamətində ciddi tədbirlər görməlidirlər.

özəl təhsil müəssisələrinin fəaliyyətində üçüncü mərhələ 2001-ci ilin sentyabrında Bakıda Müasir özəl Təhsil Kompleksinin açılışında ulu öndər Heydər Əliyevin özəl təhsil sisteminin mahiyyəti, vəzifələri, milli təhsil sistemində onun yerinə dair proqram xarakterli çıxışından sonra başlandı.

özəl təhsil müəssisələrinin zamanın tələbi, beynəlxalq təcrübənin diktəsi ilə yarandığını və onu dəstəklədiyini bəyan edən ölkə başçısı, eyni zamanda bu sahə ilə məşğul olanlara, həmçinin təhsil siyasətini aparanlara belə bir tarixi göstərişi də verdi: "Təhsil biznesə çevrilməməlidir. Bunu hamı bilməlidir. Təəssüflər olsun ki, ötən illərdə ölkəmizdə bu məsələlər hələ tam nizamlanmadığına görə bəzi yerlərdə özəl universitetlər, yaxud özəl məktəblər yaranıbdır. Ancaq araşdıranda görürsən ki, bu, onu yaradanların artıq vəsait əldə etməsi məqsədi daşıyır. Başqa universitetlərə, məktəblərə nisbətən daha da yüksək təhsil vermək məqsədi daşımır. Bu, bizi narahat edir... Əgər özəl universitetlər, özəl məktəblər yaradan şəxslər başqa məqsəd daşıyırlarsa, yəni onlar bundan özləri üçün mənfəət götürmək məsələsinə üstünlük verirlərsə, bəzən də və çox hallarda təhsilin keyfiyyəti bizim dövlət universitetlərindən, dövlət məktəblərindən aşağıdırsa, bu, həm xalqa, həm uşaqlara, həm də millətimizə xəyanətdir. Buna qətiyyən yol vermək olmaz... Bu, bizim dövlətimizin siyasətidir. Bu siyasət, yəni özəl təhsil müəssisələrinin də keyfiyyətinin yüksək olması ən vacib amildir. Əgər bu olmasa, biz belə özəl təhsil müəssisələrinin yaranmasına imkan verməyəcəyik...". özəl təhsil müəssisələrinə dair dövlət siyasətinin konseptual prinsiplərini özündə əks etdirən bu tarixi göstərişi həyata keçirmək məqsədilə Təhsil Nazirliyində hazırlanmış fəaliyyət proqramına uyğun olaraq 2001-2002-ci tədris ilində özəl ali məktəblərin fəaliyyəti kompleks şəkildə araşdırıldı, 2002-ci ildə Təhsil Nazirliyinin kollegiya iclasında geniş müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.

Təhsilin keyfiyyətinə nəzarət artırıldı, tədrisin təşkilindəki ciddi pozuntulara görə 2001-ci ildə 5 ali məktəbin (Naxçıvan Universiteti, Gəncə Elm-Təhsil Mərkəzi tərkibindəki 3 ali məktəblə, San-Marino Beynəlxalq Elmlər Akademiyasının Akademik Mərkəzinin Azərbaycan filialı) fəaliyyəti dayandırıldı, ali məktəblərin qəbul planında əsaslı dəyişikliklər aparıldı. 2002-ci ildən başlayaraq bir neçə özəl ali məktəbə hüquqşünaslıq, tibb istiqamətinə daxil olan ixtisaslar, gömrük işinin təşkili, beynəlxalq hüquq, beynəlxalq münasibətlər ixtisasları üzrə, Müstəqil Azərbaycan Universitetinə isə ümumiyyətlə tələbə qəbulu dayandırıldı.

Həmin dövrdə həyata keçirilən tədbirlərə baxmayaraq, müəssisə və təşkilatlar tərəfindən özəl ali məktəb məzunlarının təhsil səviyyəsinin, ixtisas üzrə hazırlıqlarının qənaətbəxş olmadığı, onların zəruri peşə tələblərinə cavab vermədikləri barədə nazirliyə çoxsaylı müraciətlər daxil olurdu. Belə məlumatlar daha çox hüquq və tibb sahəsində kadr hazırlığı ilə bağlı idi. Əksər məzunlarının bilik səviyyəsinin minimum standartlara belə cavab verməməsi ümumilikdə özəl təhsil müəssisələrinin nüfuzuna böyük ziyan vurmaqla ictimaiyyət arasında onlara etimadı azaldırdı.

Bu səbəbdən də 2006-cı ildə ali məktəblərə tələbə qəbuluna dair təkliflər hazırlanarkən ən çox şikayətlər daxil olan hüquqşünaslıq, beynəlxalq hüquq və tibb ixtisasları üzrə kadr hazırlığı aparılan özəl ali təhsil müəssisələrində monitorinqlər keçirildi. Monitorinq nəticəsində müəyyən edildi ki, Azərbaycan Beynəlxalq, Xəzər, Bakı Asiya, Azərbaycan, Qərb, Bakı Biznes, Odlar Yurdu, Elm və Təhsil Mərkəzi Təfəkkür, Bakı Diplomatiya (hazırda Bakı Avrasiya), Qafqaz universitetlərində, Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialında (hazırda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) qeyd edilən ixtisaslar üzrə kadr hazırlamaq üçün maddi-texniki baza zəifdir, kifayət qədər səriştəli və peşəkar müəllimlər yoxdur, tədris planları dövlət təhsil standartlarına uyğun deyildir, tələbələrin istehsalat təcrübəsi formal xarakter daşıyır, ümumilikdə tədris prosesi mövcud normativlərə uyğun təşkil edilmir.

Araşdırmaların nəticələri nazirliyin kollegiyasının müzakirəsinə çıxarıldı, kollegiyanın 4 may 2006-cı il tarixli qərarı ilə maddi-texniki baza, ştatda olan elmi-pedaqoji potensial və tədris-metodiki təminat mövcud normativlərə cavab vermədiyinə görə özəl ali təhsil müəssisələrinə hüquqşünaslıq, beynəlxalq hüquq və tibb ixtisasları üzrə tələbə qəbulu dayandırıldı.

özəl ali məktəblərin fəaliyyətində baş verməkdə olan neqativ halların səbəblərindən biri də dövlət ali məktəblərinə tələbə qəbulunun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparıldığı halda, özəl ali məktəblərdə bu işin Təhsil Qanununun müvafiq bəndinə əsasən öz nizamnamələrinə əsasən aparmaları idi. 2004-cü ilə qədər TQDK-nın keçirdiyi imtahanlarda keçid balından az bal toplayaraq müsabiqəyə buraxılmayan, müsabiqədən keçməyən, hətta TQDK-nın imtahanlarında iştirak etməyən abituriyentlərin özəl ali məktəblərə qəbulu təhsilin keyfiyyətinə mənfi təsir göstərirdi. Məhz bu səbəbdən 1 iyun 2004-cü il tarixdə Milli Məclisin qərarı ilə Təhsil Qanununun 21-ci maddəsinin dördüncü hissəsinə dəyişiklik edildi. ölkə Prezidentinin "Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə" 17 iyun 2004-cü il tarixli, 78 nömrəli fərmanının 2.1 bəndinə əsasən dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun aparılması səlahiyyəti Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə olundu. Həmin ildən bütün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu TQDK tərəfindən aparılmağa başlandı.

Təhsil Qanununda edilən bu dəyişiklikdən sonra TQDK-nın sərəncamı olmadan qanunsuz olaraq kütləvi şəkildə tələbə qəbulu apardığına, fəaliyyətində aşkar olunmuş qanun pozuntuları və ciddi nöqsanlara görə nazirliyin Lisenziya Komissiyasının 5 may 2006-cı il tarixli qərarı əsasında Müstəqil Azərbaycan Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın vaxtının uzadılması qeyri-mümkün hesab edildi və universitetin fəaliyyəti dayandırıldı.

Eyni zamanda respublikamızda qanunsuz fəaliyyət göstərən təhsil müəssisələri ilə bağlı yenidən geniş miqyaslı araşdırmalar aparıldı və bunun nəticəsi olaraq Təhsil Nazirliyinin həmin kollegiya iclasında xarici dövlətlərin ali təhsil müəssisələrinin Azərbaycandakı bütün filiallarının fəaliyyətinin dayandırılması və qanunvericiliklə müəyyən edilmiş qaydada onların ləğv edilməsi haqqında məhkəmə orqanları qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olundu. Təhsil Nazirliyinin vəsatəti əsasında məhkəmənin müvafiq qərarları ilə Dağıstan Dövlət Universitetinin, Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun, Cənubi-Rusiya Humanitar İnstitutunun, Kiyev Reklam İnstitutunun, Moskva Hüquq və İdarəetmə Akademiyasının, Dnepropetrovsk Milli Universitetinin Bakı filiallarının, habelə Rusiya Federasiyası Maymonid adına Dövlət Klassik Akademiyasının Bakı tədris məntəqəsinin fəaliyyətləri dayandırıldı.

Qeyd etməliyəm ki, həyata keçirilmiş çoxsaylı tədbirlər nəticəsində hazırda ölkəmizdə qanunsuz fəaliyyət göstərən heç bir özəl ali təhsil müəssisəsi və ya filiallar mövcud deyildir.

ölkəmizdə özəl ali təhsil müəssisələrinin yaranması və inkişafı mərhələlərinin təhlili göstərir ki, 1991-1995-ci illərdə qanuni fəaliyyət göstərən təhsil müəssisələrinin sayı kifayət qədər az olmuşdur. Onların sayı 3-4 olsa da, həmin dövrdə, xüsusilə 1993-1995-ci illərdə 40-dək qanunsuz ali təhsil müəssisəsi fəaliyyət göstərmişdir. Sonradan dövlət qeydiyyatına alınan ali təhsil müəssisələrinin sayında ciddi artım baş vermişdir ki, bu da əvvəllər qanunsuz fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. 1996-1997-ci tədris ilindən qanuni fəaliyyət göstərən özəl ali təhsil müəssisələrinin sayı 13-dən 19-a yüksəlmiş, 2000-2001-ci tədris ilindən isə daha ciddi tənzimləmə prosesləri nəticəsində onların sayında getdikcə azalma tendensiyası müşahidə olunmuşdur. Hazırda ölkəmizdə 15 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Bütün bunlarla yanaşı, özəl təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı çox ciddi problemlər bu gün də qalmaqdadır. Həmin problemlərdən biri bu təhsil müəssisələrində qəbul planının dolmaması ilə bağlıdır. Sual oluna bilər, özəl ali təhsil müəssisələrinə o qədər də çox olmayan qəbul planı niyə yerinə yetirilmir? Düşünürəm ki, bunun əsas səbəblərindən biri həmin təhsil müəssisələrində keyfiyyətin aşağı olması, kadr hazırlığının kifayət qədər səmərəli aparılmaması ilə bağlıdır. Etiraf edilməlidir ki, ilk özəl ali təhsil müəssisəsinin yaradılmasından 18 il keçməsinə baxmayaraq, ölkə ictimaiyyətində özəl təhsil müəssisələrinə inam formalaşdıra bilməmişik. Sirr deyil ki, ali məktəblərə sənəd verən abituriyentlər yalnız son sıralarda, dövlət ali məktəblərindən sonra, hər ehtimala qarşı, özəl ali təhsil müəssisələrini qeyd edirlər.

Konkret faktlara nəzər salaq. Cədvəldən görünür ki, özəl ali təhsil müəssisələrinə qəbul planı 1999-cu ildə 969 nəfər, 2000-ci ildə 1823 nəfər, 2001-ci ildə 1977 nəfər, 2002-ci ildə 2565 nəfər, 2003-cü ildə 1625 nəfər kəsirlə yerinə yetirilmişdir. ümumilikdə 1999-cu ildə qəbul planı 84, 2000-ci ildə 69, 2001-ci ildə 60, 2002-ci ildə  29, 2003-cü ildə 65 faiz yerinə yetirilmişdir. Onu da qeyd etmək lazımdır ki, qəbul planının dolmaması ilbəil özəl ali təhsil müəssisələrinə qəbul planlarının azalması ilə də müşayiət olunmuşdur.

Hörmətli oxucular, növbəti məqalədə ölkəmizdə özəl təhsil sahəsində mövcud olan çoxsaylı problemlərlə bağlı fikirlərimizi davam etdirəcək, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı təklifləri də diqqətinizə təqdim edəcəyik. 

 

  

(Ardı var)

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor