· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyində görüş

 

İyunun 5-də təhsil naziri Misir Mərdanov Fransanın Pyer və Mari Küri Paris VI Sarbon Universitetinin vitse-prezidenti, Paris Universitetlər İttifaqının Baş katibi Gilbert Bereziat, qeyd olunan universitetin beynəlxalq əlaqələr üzrə direktoru Sabine Lopez və Fransanın ölkəmizdəki səfirliyinin müvafiq əməkdaşları ilə görüşüb.

Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Fransa ilə Azərbaycan arasında mövcud əlaqələrin son illər daha da inkişaf etdiyini və bu əlaqələrin tarixini diqqətə çatdıran nazir bildirib ki, hazırda qeyd olunan ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı çoxalıb. Nazir Fransa universitetləri ilə qurulan sıx əməkdaşlıqdan, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiqindən sonra əlaqələrin daha da inkişafına əlverişli şərait yaranmasından, bu ölkənin KNOUS təşkilatı ilə imzalanan müqavilədən, həmçinin 40-a yaxın azərbaycanlı gəncin hazırda Fransanın universitetlərində təhsil aldığından söz açıb.

Görüşdə Misir Mərdanov Fransa universitetləri ilə əlaqələrin genişləndirilməsi, ölkəmizin orta məktəblərində fransız dilinin xarici dil kimi tədrisinin yaxşılaşdırılması ilə  bağlı təkliflərini irəli sürüb.

Paris Universitetlər İttifaqının Baş katibi Gilbert Bereziat səmimi qəbul üçün nazir Misir Mərdanova təşəkkür edib. Rəhbərlik etdiyi təşkilat və təmsil olunduğu universitet barədə məlumat verən qonaq öz çıxışında səmərəli əməkdaşlığın qurulması üzrə məsələlərə də  toxunub.

Sonra cənab Bereziat kənd təsərrüfatı və texniki ixtisaslar üzrə tələbə seçimi, təbiət elmləri və tibb sahəsində əlaqələrin qurulması, eləcə də ölkəmizdə fəaliyyət göstərən Fransız Dili Tədrisi Mərkəzində müəllimlərin sayının artırılmasından da bəhs edib.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tələbə mübadiləsinin aparılması, müxtəlif mövzular əhatə olunmaqla beynəlxalq elmi konfransların keçirilməsi və ikitərəfli təhsil əlaqələrinin qurulması məsələləri də müzakirə olunub.