· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Müasir təlim metodları şəxsiyyətin

formalaşdırılmasında mühüm rol oynayır

 

Müasir dövrdə şəxsiyyətin yetişdirilməsində məktəbin üzərinə böyük vəzifələr düşür. Bu vəzifənin yerinə yetirilməsində demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma prinsiplərinə əsaslanaraq təhsil alanın təlim prosesinin bərabərhüquqlu subyektinə çevrilməsi başlıca vəzifədir. Bu vəzifənin yerinə yetirilməsi isə interaktiv təlim (fəal təlim) metodlarının tədris prosesində təbiqi ilə mümkündür.

Fəal təlim metodlarının tətbiqi zamanı şagirdlərin birgə fəaliyyəti təşkil olunur. Qrupda, cütlərdə birləşən şagirdlər birgə işləyir, qarşılıqlı münasibətdə olur, bir-birinə köməklik göstərir, əməkdaşlıq edir, bacarıq və vərdişləri hazır şəkildə deyil, müstəqil şəkildə aydınlaşdıraraq mənimsəyirlər. Eyni zamanda öz fikrini düzgün əsaslandırmaq və qimətləndirmək bacarığına malik olurlar. Fəaliyyət prosesində şəxsiyyətin qabiliyyəti inkişaf edir. Təlim texnologiyalarının müasir istiqamətləri şagirdlərin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına və inkişafına yönəldilmişdir. Bu tərzdə formalaşan şəxsiyyət öz yaradıcı qabiliyyətini fəal surətdə həyata keçirməyi bacarır. Mənim fikrimcə, müasir dövrdə uşaq və gənclərin mənəvi tərbiyəsi, onların saf əqidəli şəxsiyyət kimi formalaşması üçün ilk öncə məktəb aşağıdakıları təmin etməlidir:

- məktəbdə müstəqil, demokratik fikirli, prinsipial, qətiyyətli şəxsiyyətin formalaşması üçün əlverişli şərait yaradılmalıdır;

- yaşından asılı olmayaraq hər bir şagirdə şəxsiyyət kimi baxılmalıdır;

- şagirdlərin arzu və istəklərinə diqqət yetirilməlidir;

- şagirdlərdə öz imkanlarına, cəmiyyət üçün gərəkli olduqlarına inam hissi aşılanmalıdır;

- şagirdlərin istedad və qabiliyyətlərinin inkişafı üçün lazımi şərait yaradılmalıdır.

Bu gün məktəb şagirdin əqli inkişafının psixoloji ölçülərini həll etmək üçün təhsilin inkişafetdirici, tərbiyəedici olmasını təmin etməlidir. Bütün bunlara isə yeni metodları təlimə tətbiq etməklə nail olmaq olar. Şübhəsiz ki, bu sahədə müəllim əməyi ən mühüm vasitədir. Bəzən müəllimlərin müasir dövrün tələblərinə uyğun təlim, təhsil-tərbiyə prosesini, təlim texnologiyalarını yaxşı bilməməsi, elmi-metodik ədəbiyyatla yaxından tanış olmaması şəxsiyyətin hərtərəfli inkişafında mənfi nəticələr yaradır. Ona görə də pedaqoji əməkdaşlıq, təlim-tərbiyə elə qurulmalıdır ki, hərtərəfli şəxsiyyət tərbiyə etmək mümkün olsun. Fəal təlim metodları ilə işləyən hər bir müəllim şəxsiyyətin formalaşmasında aşağıdakıları təmin etməlidir:

- müəllim-şagird münasibətləri qarşılıqlı əməkdaşlığa çevrilməli;

- tədris prosesində demokratik əsaslara üstünlük verilməli;

- şagirdlərin fərdi xüsusiyyətlərini, meyil və maraqlarını nəzərə almaqla təhsil prosesinin diferensiallaşmasına üstünlük verilməli;

- şagirdlərin əqli və praktik fəaliyyəti ilə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilməli;

- dərs məqsədyönlü və inkişafetdirici xarakter daşımalı;

- fəal təlim metodlarından-əqli hücum, rollu oyun, müzakirə, cütlərlə iş, qruplarla iş və s. istifadə edilməsi.

Müəllim şəxsiyyətin formalaşmaqda olan xüsusiyyətlərinə təsir etməklə onun fəaliyyətini müvafiq qaydada istiqamətləndirir. Belə olan tərzdə  müsbət şəxsi keyfiyyətlər yaranır.

Bu gün öyrətməyə deyil, öyrənməyi öyrətməyə yönələn tədris sistemi, qiymətləndirmənin şagirdlər tərəfindən aparılması, məlumatların toplanmasında şagirdlərə verilən sərbəstlik gələcəyin şəxsiyyətlərinin yetişdirilməsində çox ciddi, əsaslı yenilikdir. Təhsil sistemində aparılan uğurlu islahatlar bunu deməyə əsas verir ki, müasir təlim metodlarının geniş tətbiqi və səmərəli istifadəsi nəticəsində yeni nəslin yetişdirilməsi sahəsində mühüm nailiyyətlər əldə ediləcəkdir.

Ulu öndər Heydər Əliyevin dediyi kimi "Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək" hər bir pedaqoji kollektivin əsas vəzifəsi və borcu olmalıdır.

 

Sevil SOLTANOVA,

Abşeron rayonu Qobu qəsəbə

Ə.İbrahimov adına 2 nömrəli orta

məktəbin ingilis dili müəllimi