· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Məlumat və Resurs Mərkəzi açıldı

 

Paytaxtımızda Azərbaycan Respublikası Təhsil Nazirliyinin ən müasir texnoloji standartlara cavab verən yeni Məlumat və Resurs Mərkəzi yaradılıb.

İyunun 11-də Məlumat və Resurs Mərkəzinin rəsmi açılışı oldu. Bu münasibətlə keçirilən təntənəli mərasimdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Prezident Administrasiyası Humanitar siyasət şöbəsi müdirinin müavini Məhərrəm Əhmədov, Nazirlər Kabinetinin şöbə müdirinin müavini Qurban Əmirov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, təhsil nazirinin müavinləri, nazirliyin şöbə və struktur bölmə rəhbərləri, İKT ilə bağlı ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri və KİV nümayəndələri iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəmzi açılışı bildirən qırmızı lenti kəsib açılış münasibəti ilə mərasim iştirakçılarını təbrik etdilər, Mərkəzin fəaliyyətinə xeyir-dua verdilər.

Sonra yüksək səviyyədə təmir olunmuş ikimərtəbəli binada yerləşən Mərkəzlə tanışlıq başlandı. Təhsil naziri, onu müşayiət edən rəsmi şəxslər və media mənsubları Mərkəzi gəzərək server otağına, konfrans zalına, təlim mərkəzinə baxdılar. Təhsil Nazirliyi Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov nazirə və mərasim iştirakçılarına  mərkəz haqqında məlumat verdi.  Məlumatdan aydın oldu ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində yaradılmış Məlumat və Resurs Mərkəzi (DATA Mərkəzi) ölkəmizdə təhsil sektorunun informasiyalaşdırılmasında mühüm yer tutur. Dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi ilə yaradılan mərkəzin funksiyası olduqca genişdir və ən müasir texnoloji standartlara cavab verir. Mərkəz Azərbaycan təhsil şəbəkəsində İnternetə "giriş və çıxış nöqtəsi" olmaqla yanaşı, həm də təhsilə aid informasiya resurslarının toplanacağı yerdir. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulub, bütün avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür texniki imkan yaradılıb.

Mərkəzin yaradılmasında "ULTRA" şirkəti və AZEDUNET təşkilatı yaxından iştirak ediblər. İntel, HP, Microsoft, CİSCO şirkətlərinin Azərbaycanda rəsmi tərəfdaşı olan "ULTRA" şirkəti tərəfindən Mərkəzdə avadanlıq yerləşdirilib, təhlükəsizlik sistemi və Azərbaycan təhsil şəbəkəsinin verilənlər bazasını yerləşdirmək üçün ən müasir İntel platformalı HP dördnüvəli serverləri quraşdırılıb. Bu serverlər, eyni zamanda milyonlarla əməliyyatları həyata keçirmək gücünə malikdir. Mərkəzdə Azərbaycanda analoqu olmayan ən yeni fiziki təhlükəsizlik sistemləri quraşdırılmışdır ki, bu da toplanılacaq məlumatlara kənar müdaxilələrin qarşısını alacaqdır.

AZEDUNET təşkilatı tərəfindən Məlumat və Resurs Mərkəzində Şəbəkə İdarəetmə Mərkəzi və Kompüter Şəbəkələrinin Təhlükəsizlik Mərkəzi (CERT/CSİRT) də yaradılmışdır. Şəbəkə İdarəetmə Mərkəzi Azərbaycan təhsil şəbəkəsinin idarəolunmasını təmin edir. CERT-in əsas vəzifəsi həm Azərbaycan təhsil şəbəkəsinə istiqamətlənən, həm də şəbəkədən çıxan məlumatların təhlükəsizliyini təmin etməkdir. AZEDUNET təşkilatı tərəfindən vahid "Call-mərkəzi" də yaradılmaqdadır. Qaynar telefon xətti vasitəsilə təhsilin informasiyalaşdırılmasına dair bütün suallar üzrə məlumatlandırma və yaranmış problemlərin operativ həlli üçün imkan yaranacaqdır.

Quraşdırılmış avadanlıq Mərkəzə bir çox funksiyaları yerinə yetirməyə imkan verir. Məsələn, xüsusi mərkəzləşdirilmiş antivirus proqram təminatı məktəblərdəki kompüterlərə avtomatik olaraq yeniləşdiriləcəkdir. Məktəblərdəki bütün kompüterlər birbaşa mərkəzdən idarə olunacaqdır ki, bu da kompüterlərə texniki xidmətin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaqdır. Mərkəzdə quraşdırılmış texnologiya videokonfranslar keçirməyə imkan verəcəkdir. Bu texnologiya Mərkəzin konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş bütün məktəblərə, eyni zamanda mühazirələr və ya "açıq dərs"lər keçirməyə imkan yaradacaqdır.

Mərkəzdə həmçinin tədris elektron resursları yerləşdiriləcəkdir. Bu resurslar İKT-nin təhsildə tətbiqini daha səmərəli etməklə yanaşı, tədrisin keyfiyyətini də yüksəltməyə imkan verəcəkdir.

Mərkəzin serverində Azərbaycan məktəblərinin elektron xəritəsi də yerləşdirilmişdir. İnternet vasitəsilə ictimaiyyət üçün açıq olan bu resursdan məktəblər haqqında bütün zəruri məlumatları əldə etmək mümkündür.

Videotelefoniya sistemi mərkəzinə baxış zamanı tədbir iştirakçılarına məlumat verildi ki, DATA Mərkəzi ilə bu Mərkəzə qoşulmuş 10 məktəb arasında videotelefon əlaqəsi yaratmaq mümkündür. Elə buradaca 23 nömrəli, akademik Zərifə Əliyeva adına məktəblərlə, Bakı Avropa Liseyi və "İntellekt" məktəb-liseyi ilə canlı videobağlantı yaradıldı, təhsil naziri Misir Mərdanov həmin təhsil ocaqlarının rəhbərləri ilə dialoq apardı.

Sonra Məlumat və Resurs Mərkəzinin konfrans zalında jurnalistlər üçün brifinq keçirildi.

Təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını salamladı, dəvətlərini qəbul edib açılış mərasiminə gəldiklərinə görə onlara təşəkkür etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş müvafiq Dövlət Proqramı əsasında yaradılan Məlumat və Resurs Mərkəzini nazir Azərbaycanda yeni bir hadisə kimi dəyərləndirdi, onun gələcəkdə ölkə təhsilinin informasiya və kommunikasiya texnologiyaları ilə yararlanmasında çox əhəmiyyətli mərkəzə çevriləcəyinə əmin olduğunu bildirdi. Qeyd etdi ki, hələlik Bakı, Gəncə və Sumqayıtın 200 seçilmiş məktəbi bu Mərkəzə birləşdirilib. Yaxın gələcəkdə isə ölkənin bütün təhsil müəssisələri bu Mərkəzə qoşulub onun resurslarından istifadə edəcəklər.

Sonda təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərin suallarını cavablandırdılar.

 

Yusif ƏLİYEV