· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ən yaxşı müəllim

 

Almaz İsrail qızı Həsrət 6 iyul 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Bakının Xətai rayonundakı 204 nömrəli orta məktəbi gümüş medalla bitirib. 1991-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub, 1997-ci ildə universiteti "əla" və "yaxşı" qiymətlərlə qurtarıb. 1996-cı ildən doğma təhsil ocağında - 204 nömrəli orta məktəbdə biologiya fənnini tədris edir. 1998-ci ildə keçirilmiş Azərbaycan müəllimlərinin XI qurultayının, həmçinin Azərbaycan qadınlarının qurultayının nümayəndəsi olub. Azərbaycan Respublikası Təhsil Nazirliyi və "İntel" şirkətinin təhsildə İKT-nin tətbiqi üzrə "İntel: Gələcək üçün təhsil" kursunun təlimçisi, Azərbaycan İnternet Forumunun üzvüdür.Türk, rus, ərəb,  ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.

 

Adətən yaxşı, savadlı, peşəkar, təcrübəli müəllimdən söz düşəndə gözlərimiz  önündə, ilk növbədə, müəyyən yaşa çatan, uzunillik təcrübəyə malik şəxslər canlanırlar.

Yaxşı müəllim kimi sorağını aldığımız Bakının Xətai rayonundakı 204 nömrəli orta məktəbin biologiya müəllimi Almaz Həsrətlə tanışlıqdan sonra əslində bunun heç də belə olmadığını gördük. Qarşımızda cavan bir müəllim əyləşmişdi.Qeyd edək ki, bu müəllim haqqında söhbət  düşəndə onu tanıyanların bir sözü olurdu:  yenilikçi, daim axtarış  aparan, təcrübəli, yaradıcı bir müəllimdir. Onu oxucularımızla da yaxından tanış etməyi qərara aldıq. öyrəndik ki, Almaz müəllim ölkəmizdə artıq 2-ci ildir ki, həyata keçirilən "Ən yaxşı müəllim" müsabiqəsində özünü sınamaq qərarına gəlib. Elə onunla müsabiqənin III mərhələsində iştirakından sonra görüşdük.Etiraf edək ki, tanış olduğumuz bu müəllimin cavan olmasına baxmayaraq, çoxlu sayda uğur əldə etməsinə çox sevindik. Həm də qürur hissi keçirdik ki, artıq bizim peşəkar, təcrübəli müəllimlərin sırasına yaşca daha cavan təhsil işçiləri qoşulmaqdadır. Onlar təhsilimizdə gedən əsaslı dəyişiklikləri izləməklə yanaşı, bilavasitə bu sahədə baş verən yenilikləri öz işlərində uğurla tətbiq etməyi də bacarırlar. Almaz Həsrət də məhz belə müəllimlərdəndir. O,  söhbət zamanı bu günün müəllimlərinə verilən tələblərin əvvəlkilərdən tamamilə fərqləndiyini söylədi. Bildirdi ki, uzun illər müəllimlər tərəfindən biliyin şagirdlərə hazır şəkildə verilməsi üstünlük təşkil edib. İndi isə tamamilə başqa cürdür, müəllim bələdçi rolundadır. Bu rolda müəllimin məqsədi şagirdin fənn üzrə keçilən mövzu ətrafında tədqiqat işi aparmasına,  təlimə marağının artmasına, müstəqil bilik qazanmasına nail olmaqdır. Bu zaman düşünmə fəaliyyətinin artırılmasına, bilik mübadiləsinə, maarifləndirməyə, həmçinin şagirdlərin İKT bacarıqlarına yiyələnmələrinə də xüsusi diqqət verilməlidir. Müəllimlər də öz üzərlərində daim işləməli, fənlərin tədrisi zamanı müasir təlim  üsullarından düzgün istifadə etməyi bacarmalıdırlar.

Müasir təhsil sistemində şagirdlərin fəallığı, məntiqi düşünmələri, onlarda yaradıcı təfəkkürün inkişaf etdirilməsi əsas məqsəddir. Yeni təlim üsullarının üstünlüklərindən danışan Almaz müəllim təhsilimizdə tətbiq edilən yeniliklərin uğurlu nəticələrinin onu bir müəllim kimi sevindirdiyini söylədi. Əsasən öz fəaliyyətində layihə metodikasına üstünlük verdiyini, interaktiv təlim üsullarından istifadə etdiyini deyən müəllim söhbət əsnasında tədris etdiyi fəndən keçdiyi mövzular üzrə özü metodik vəsait hazırladığını, bir sıra təqdimatlar etdiyini dedi. Gördüyü işlərlə bağlı verdiyi məlumatlardan aydın hiss olunurdu ki, Almaz müəllim  yenilik axtarışında olan, öz üzərində işləməyi bacaran, mütaliəsi zəngin bir təhsil işçisidir. O, digər ölkələrin təhsilində gedən dəyişikliklərdən, tətbiq edilən yeniliklərdən  də xəbərdar olmağa çalışır.

Azərbaycanda, eləcə də bir sıra ölkələrdə keçirilən təhsil layihələrində uğurla iştirak edən Almaz Həsrət çoxlu sayda diplom və fəxri fərmana layiq görülüb. Uğurlardan söz düşəndə, Almaz müəllim təvazökarlıq edərək bu haqda qısa məlumat verməklə  kifayətləndi. Bunların içərisində bir fakt bizdə daha çox maraq oyatdığından onun haqqında bir qədər ətraflı söz açmaq istəyirik.  2008-ci ilin fevralında Azərbaycanda ilk dəfə olaraq "İntel" və "Trans Telekom" (Rusiya) şirkətlərinin təşəbbüsü ilə letopisi.ru  İnternet- təhsil layihəsi keçirilib. Təhsil layihəsi İnternetdə ingilis, alman, fransız, Ukrayna, qazax, rus və Azərbaycan dillərində aparılıb və 3 mərhələdən ibarət olub. Müsabiqənin I-II mərhələlərində uğurla iştirak edən Almaz Həsrətin rəhbərlik etdiyi komanda - 204 nömrəli orta məktəb finala vəsiqə qazanaraq III mərhələdə də nailiyyət əldə edib və  "300 intellektual məktəb" beynəlxalq İnternet  layihə müsabiqəsində I yerə layiq görülüb. Beləliklə, Azərbaycan məktəbi 300 məktəb arasında lider olub.

Almaz müəllim:- Qazandığımız bu uğur Azərbaycan təhsilinin, məktəbinin və məktəblilərin uğurudur ,- deyərək bu nailiyyətlərin davamlı olacağına ümidvar olduğunu bildirdi.

Gənc müəllim müxtəlif beynəlxalq İnternet saytlarında keçirilən digər layihələrdə də fəal iştirak edərək bir çox ölkələrin təhsillə bağlı təşkilatlarının diplomlarına layiq görülüb. O, Təhsil Nazirliyinin ,beynəlxalq, həmçinin qeyri-hökumət təşkilatlarının birgə keçirdikləri konfrans və seminarlarda, "dəyirmi masa"larda fəal iştirak edib. Bundan başqa, 2008-ci ilin dekabrında Moskva şəhərində  "21-ci yuzildə nəyi və necə öyrənməli və öyrətməli" mövzusunda keçirilmiş elmi-praktik konfransın iştirakçısı olub. Yaradıcı müəllim  Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Latviya kimi ölkələrin müəllimləri ilə əməkdaşlıq edir, qarşılıqlı təcrübə mübadiləsi aparır. Almaz Həsrət öz şagirdləri ilə birlikdə həm məktəb, həm də bütövlükdə Azərbaycan haqqında İnternet resurslarının zənginləşdirilməsi üçün durmadan çalışır. Artıq 2 ildir ki, biologiya müəllimi kimi öz fənninin tədrisində müasir informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə dərslərinin daha maraqlı və canlı keçməsinə nail olub.

İşgüzar müəllim öz fəaliyyəti ilə hər zaman diqqəti çəkib. O, 1997-1998 və  1999-2000-ci illərdə "Ən yaxşı pedaqoji mühazirə"yə görə 204 nömrəli məktəb üzrə I, Xətai rayonu üzrə II yerə layiq görülüb. Digər illərdə də Almaz Həsrət respublikada keçirilən müsabiqələrdə, beynəlxalq layihə olimpiadalarında fəal iştirak edərək, müxtəlif nominasiyalar üzrə fəxri fərman, diplomlarla təltif edilib.        

Həyatında ən böyük uğurunu  isə iştirakçısı olduğu "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olacağı təqdirdə qazanacağını deyir.O, müsabiqənin ilk günlərində tərəddüd keçirsə də, sonradan burada iştirakından fəxr duyduğunu bildirdi. Artıq 2-ci ildir ki, ölkəmizdə həyata keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin bütün təhsil işçilərində bir ruh yüksəkliyi, özünə inam hissi yaratdığını, yaşından asılı olmayaraq yaxşı, peşəkar, təcrübəli, innovativ təlim üsulları ilə işləməyi bacaran müəllimlərin seçilərək mükafatlandırılmasının bir müəllim kimi onu sevindirdiyini qeyd etdi.  "Ən yaxşı müəllim" müsabiqəsinin olduqca obyektiv və şəffaf keçdiyini deyən Almaz Həsrət  onlar üçün yaradılan hər cür imkan və şəraitə görə təhsil naziri Misir Mərdanova öz minnətdarlığını bildirdi. İnanır ki, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri sırasında onun da adı olacaq. Hələlik isə gənc müəllim müsabiqənin həyəcanını yaşamaqdadır. Ona tezliklə qələbə sevincini yaşamağı arzulayırıq.

 

Samirə KƏRİMOVA