· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Altı yaşlı Fərəcin sərgisi

 

İyunun 5-də İçərişəhərdə yerləşən "Abşeron" rəsm qalereyasında "Uşaq ili" çərçivəsində növbəti tədbir keçirildi. 6 yaşlı istedadlı rəssam Fərəc Fərəczadənin yaradıcılığına həsr olunmuş sərginin açılışında təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, akademik Vaqif Abbasov və digər şəxslər iştirak edirdilər.

Sərginin rəsmi açılışından sonra balaca rəssamın fəaliyyəti haqqında qısa məlumat verildi. Sonra təhsil nazirinin müavini İsgəndər İsgəndərov çıxış edərək istedadlı şagirdlərə göstərilən dövlət qayğısını önə çəkdi. Keçirilən sərginin əhəmiyyətindən danışan nazir müavini balaca rəssamın qazandığı nəticəni, həmçinin Azərbaycan gənclərinin uğurları hesab etdi. Fərəc Fərəczadəyə rəssamlıq sənətində daha böyük uğurlar arzuladı.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova və rəssamın babası, kimya elmləri doktoru, professor Vaqif Abbasov Fərəc haqqında sözlər dedilər, ona xoş arzularını çatdırdılar.

Sonra balaca rəssama təsviri sənətin sirlərini öyrədən T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının rəsm dərnəyinin müəllimi Tatyana Kesar çıxış edərək bildirdi ki, 3 yaşından rəsmlə məşğul olan Fərəc Fərəczadə uşaq yaradıcılığına maraq göstərən sənətsevərlərin diqqətinə 50 əsər təqdim edir. Onların çoxu müxtəlif boyalarla işlənmiş qrafik əsərlərdir. Ekspozisiyada sulu boya ilə işlənmiş bir neçə rəngkarlıq nümunəsi də vardır. Müəllifin müxtəlif təsvir fəndlərinə və materiallara maraq göstərdiyi duyulur. Bir çox qrafik əsərlər qarışıq texnikada işlənmişdir - burada quaşdan, flomastrdən, pasteldən və s. materiallardan istifadə edilmişdir  ("Su pərisi", "Ay pipiyi qan xoruz", "Rəqqasə" və s.).

Fərəc müxtəlif janrlarda natürmortlar, mənzərələr, portretlər və çoxfiqurlu kompozisiyalar yaradır. Bu, onun zövqünü, dünyagörüşünü təkmilləşdirir, həm də rəssam kimi formalaşdırır.

Sonda sərgiyə baxış keçirildi.

 

Fazil İDRİSOĞLU,

foto müəllifindir