· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

"Təhsil haqqında" Qanun qəbul olundu

 

İyunun 19-da Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilmişdir. Gündəlikdəki qanun layihələrinin müzakirəsinə keçməzdən əvvəl deputatlar cari məsələlərə dair fikirlərini bildirmişlər. Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir.

Sonra gündəlikdəki məsələlər müzakirə olunmuşdur. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi üçüncü oxunuşda  müzakirəyə çıxarılmışdır. 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirmişdir ki, 10 ildən artıq bir müddətdə üzərində iş aparılan "Təhsil haqqında" yeni Qanun layihəsi bu gün üçüncü oxunuşda parlamentin müzakirəsinə verilmişdir.

Komitə sədri diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyev təhsilin inkişafına xüsusi diqqət yetirir. Son 5 ildə Azərbaycanda təhsil sürətlə inkişaf edir. Bu sahəyə büdcədən 1 milyard manatdan artıq vəsait ayrılmışdır. Hazırda təhsil sahəsində 16 Dövlət Proqramı həyata keçirilir.

Qanun layihəsi barədə danışan Şəmsəddin Hacıyev əsas müddəalar və edilmiş dəyişikliklər  barədə məlumat verərək təhsil, səhiyyə, ədliyyə, maliyyə, xarici işlər nazirliklərindən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından, qeyri-hökumət təşkilatlarından daxil olan təkliflərin böyük əksəriyyətinin nəzərə alındığını demişdir. Layihənin parlamentdə ikinci oxunuşda və komitənin iclasında üçüncü oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdikləri, həmçinin müvafiq qurumlar, təhsil işçiləri, mütəxəssislər, ictimaiyyət tərəfindən daxil olmuş çoxlu təklif və tövsiyələr əsasında işçi qrupu layihəni daha da təkmilləşdirmişdir. Bu qanunun qəbulu sahəvi qanunların da qəbuluna yol açacaqdır.

Bəzi suallara aydınlıq gətirildikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunmuşdur.

AzərTAc

 

 

 

 

"ümumdünya Rəqəmli Kitabxana" layihəsinin Azərbaycan məktəblilərinə töhfəsi

 

 Azərbaycan məktəbliləri dünya mədəniyyətini birbaşa öyrənmək üçün çox gözəl imkan əldə etmişlər. Bu, YUNESKO-nun "ümumdünya Rəqəmli Kitabxana" layihəsi sayəsində mümkün olmuşdur. "ümumdünya Rəqəmli Kitabxana" layihəsi (WDL) dünyanın ən böyük kitabxanası olan ABŞ Konqresinin kitabxanasının əməkdaşları tərəfindən işlənib hazırlanmışdır.

Kitabxananın yaradılmasında YUNESKO və daha 32  təşkilat iştirak etmişdir. Arzu edən hər bir kəs sayta (www.wdl.org) pulsuz daxil olub dünyanın müxtəlif ölkələrinin mədəniyyəti, elmi, ədəbiyyatı və s. sahələrə aid çoxsaylı materiallarla tanış ola bilər. "ümumdünya Rəqəmli Kitabxana"nın saytında təqdim olunan obyektlərin siyahısına əlyazmalar, xəritələr, nadir kitablar,  musiqili partituralar, yazılar, filmlər, surətlər və arxitektura çertyojları daxildir. İstənilən obyekti asanlıqla tapmağa imkan verən funksiyalar yeddi dildə - ərəb, çin, ingilis, fransız, portuqal, rus və ispan dillərində fəaliyyət göstərir.

Hicran ƏKBƏROVA

 

 

 

 

 

 

İnformatika müəllimləri üçün treninq

 

 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informatika müəllimləri üçün treninq keçirir. Budəfəki kurslarda Qax rayonunun ümumtəhsil məktəblərinin informatika fənnini tədris edən müəllimləri iştirak edəcəklər. Nazirliyin təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının iştirakı ilə keçirilən tədris kursları "HP" şirkəti tərəfindən dəstəklənir. İyulun 3-də başa çatacaq tədris kursunun üçüncü və son mərhələsinin yekunlarına görə avtomatlaşdırılmış qaydada test imtahanlarının keçirilməsi və "Ən yaxşı informatika müəllimi" müsabiqəsinin qaliblərinin müəyyən edilməsi də nəzərdə tutulub.

Treninqlərin keçirilməsində əsas məqsəd ölkə Prezidentinin 2004-cü ildə imzaladığı fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"  çərçivəsində regionlarda rəqəmsal geriliyin aradan qaldırılması və İKT sahəsində milli kadrların hazırlanmasıdır. Qax rayonunun ümumtəhsil məktəblərinin informatika fənni müəllimləri üçün treninqlərin I və II mərhələləri yanvar və mart aylarında keçirilib.

Gələcəkdə belə tədris kurslarının digər regionlarda da keçirilməsi planlaşdırılır.

 

ƏDALƏT

 

 

 

 

Ali məktəblərin magistraturasına qəbul olunanların siyahısı açıqlanıb

 

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009/-2010-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinin magistratura pilləsinə qəbul olunanların siyahısını iyunun 23-də saat 16.00-da TQDK-nın İnternet saytında yerləşdirmişdir.

 TQDK-dan bildirmişlər ki, magistratura pilləsinə qəbul imtahanı iki mərhələdə keçirilmişdir. İmtahanın birinci mərhələsi bu il mayın 3-də keçirilmiş və bakalavrların test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyəsi yoxlanılmışdır. Birinci mərhələnin nəticələrinə görə, imtahanda iştirak etmiş bakalavrlardan müsabiqə şərtlərini ödəyənlər ikinci mərhələyə buraxılmışlar.

Qəbul imtahanının ikinci mərhələsi haqqında elan, magistratura pilləsinə ixtisas seçimi, qəbul aparılan ixtisasların siyahısı və digər məlumatlar "Magistr" jurnalının 4-cü nömrəsində dərc edilmişdir.

İmtahanda iştirak etmək üçün bakalavrlar iyunun 8-dən 13-dək (saat 24.00-dək) TQDK-nın "Bakalavrın elektron ixtisas seçimi ərizəsi" formasına daxil olaraq qəbul proqramını və ixtisasların kodlarını seçərək təsdiq etmişlər.

İmtahanda 6 min 240 bakalavr iştirak etmişdir. 53 nəfər imtahana gəlməmişdir. 1 nəfər isə qaydaları pozduğu üçün imtahandan xaric edilmişdir.

54 saylı proqram üzrə imtahan verən bakalavrlar təklif olunmuş mövzu üzrə inşa (esse) yazmışlar. Qəbul qaydalarına müvafiq olaraq həmin proqram üzrə imtahan verən bakalavrların yazı işində özləri haqqında hər hansı məlumat yazması və ya nəyəsə işarə vurması qadağan olunduğu halda, bu tələbi pozan 4 nəfərin imtahan nəticəsi ləğv edilmişdir.

İmtahanın nəticəsinə əsasən, 3 min 541 bakalavr respublika ali məktəblərinin magistratura pilləsinə daxil olmuşdur. 10 nəfər isə Türkiyə ali məktəblərinin magistraturasına qəbul edilmişdir.

Ali məktəblərin magistraturasına qəbul olunanlar iyunun 25-dən iyulun 15-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları ali məktəbdə qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.

Magistraturaya qəbulun nəticəsi ilə bağlı müraciətlərə apelyasiya komissiyası tərəfindən baxılacaqdır. Hazırda ali məktəblərə qəbul imtahanlarına hazırlıq işləri aparıldığından apelyasiya bir aydan sonra (iyulun 28-dən 30-dək) keçiriləcəkdir.

Göstərilən tarixdə müsabiqə şərtlərini ödəyən bakalavrlardan magistraturanın boş qalan plan yerlərinə ərizə qəbulu aparılacaqdır. Ayrı-ayrı magistr proqramları üzrə boş qalan plan yerlərinin sayı haqqında məlumatlar TQDK-nın İnternet saytında və "Magistr" jurnalında veriləcəkdir.

 

AzərTAc

 

 

 

 

 

 

Müəllim və tələbələr Türkiyədə təcrübə keçirlər

 

Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) xətti ilə son bir il ərzində Azərbaycanda təhsil sahəsi üzrə həyata keçirilən layihələrə əsasən, ölkəmizin müxtəlif bölgələrindən 15 müəllim Türkiyədə ixtisasartırma kursları keçmişdir. Türkiyədən isə elektrik, elektronika, kompüter sahəsində çalışan 10 mütəxəssis Bakıdakı peşə təhsili müəssisələrində dərs demişdir. Azərbaycan Texniki Universitetinin 30 tələbəsi turizm sahəsi üzrə dost ölkəyə təcrübə keçməyə göndərilmişdir.

TİKA tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində yaradılmış Türk Araşdırmalar Mərkəzi müasir avadanlıqla təmin olunmuş, bir neçə təhsil müəssisəsinə kitab yardımı edilmişdir. Naxçıvan Dövlət Universitetində təşkil olunmuş Atatürk Mədəniyyət Mərkəzinin fəaliyyətinə maliyyə dəstəyi göstərilir.

AzərTAc

 

 

 

 

ADPU-da məzun günü

 

İyunun 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ənənəvi məzun günü keçirildi. Bayram tədbirində ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov, akademik Budaq Budaqov, professor Əjdər Ağayev, millət vəkilləri Əli Əhmədov, Aydın Mirzəzadə, Fəzail Ağamalı və digər şəxslər iştirak edirdilər. Rektor Yusif Məmmədov mərasimdə çıxış edərək universiteti bitirənləri təbrik etdi və onların hər birinə məzunları olduqları ADPU-nun adını hər yerdə hər zaman şərəf və ləyaqətlə doğrultmalarını arzu və tövsiyə etdi. Bildirdi ki, bu il ADPU-nun 10 fakültə üzrə əyani şöbəsini 1214 nəfər bakalavr bitirərək pedaqoji fəaliyyətə başlayır. Universitetin qiyabi şöbəsini isə 8 fakültə üzrə 660 nəfər bakalavr başa vurur. Eyni zamanda bu il universiteti 10 istiqamət, 38 ixtisas üzrə 277 nəfər magistr bitirir.

Qeyd olundu ki, hazırda respublikamızın kənd rayonlarında pedaqoji kadrlara böyük tələbat vardır. Şübhəsiz ki, universitetin məzunlarının respulikamızın müxtəlif bölgələrində müəllim kimi fəaliyyətə başlamaları bu tələbatın ödənilməsində mühüm rol oynayacaqdır. Hər il olduğu kimi bu il də universitetin əyani şöbəsini bitirən məzunlar respublikamızın 50-dən çox rayonuna öz ixtisasları üzrə işləməyə göndərilirlər. Bu il universiteti riyaziyyat, fizika, kimya və biologiya ixtisasları üzrə bitirmiş 99 nəfər türkiyəli tələbə də ixtisaslarına uyğun işləmək üçün öz ölkələrinə göndərilmişlər.

Digər qonaqların çıxışından sonra məzunların bir qisminə fərqlənmə diplomu, onların valideynlərinə isə təşəkkür məktubları təqdim edildi.

Mərasim konsert proqramı ilə davam etdi.

 

Fazil İDRİSOĞLU

 

 

 

BSU-da ilk türk-sovet kollokviumu iştirakçılarının nəşr etdirdikləri kitablar təqdim olunub

 

İyunun 22-də Bakı Slavyan Universitetinin (BSU) mərkəzi kitabxanasında "Kitabi-Dədə Qorqud" dastanlarına həsr olunmuş ilk türk-sovet kollokviumu iştirakçılarının 20 ildə nəşr olunmuş kitablarının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, kollokvium iştirakçılarının, ayrı-ayrı ölkələrin alimlərinin, tələbələrin qatıldığı tədbiri BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev açaraq, türk-sovet kollokviumu üzvlərinin yaradıcılıq uğurlarından söhbət açmış, Türkiyə universitetləri ilə sıx əməkdaşlıq münasibətlərindən danışmış, kollokvium iştirakçılarının 20 ildə nəşr etdirdiyi kitablar haqqında məlumat vermişdir. Rektor, eyni zamanda tədbirin əhəmiyyətini də diqqətə çatdırmışdır.

Sonra türk-sovet kollokviumunun üzvləri Əhməd Bican Ercilasun, Fikrət Türkmən (Türkiyə), Tofiq Məlikli (Rusiya), Cavad Heyət, BSU-nun və Bakı Dövlət Universitetinin (BDU) professorları Tofiq Hacıyev, Süleyman Əliyarov və başqaları "Dədə Qorqud" eposu ilə bağlı tədqiqatlar, məqalələr toplusu və araşdırmalar barədə danışmışlar.

Mərasimdə Əhməd Ercilasunun "Türk ləhcələri", "Türk dili tarixi", K.Abdullayevin "Mifdən yazıya və yaxud gizli Dədə Qorqud", Ə.Səfəroğlunun "Seçilmiş əsərləri" və təqdim olunan digər kitabların məziyyətlərindən söhbət açılmışdır.

Təqdimat mərasimindən sonra kollokvium iştirakçıları BSU-nun tələbələri, magistrləri, aspirantları və müəllimləri ilə görüşmüşlər.

 

 

 

 

 

 

İKT-nin tədrisdə tətbiqi üzrə müəllimlərin

hazırlığına həsr olunmuş "dəyirmi masa"

 

"Dəyirmi masa"nı Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təşkil edib. Tədbirdə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı" çərçivəsində müəllimlərin İKT-nin təhsildə tətbiqi üzrə treninqlərin tədris proqramının təkmilləşdirilməsi geniş müzakirə olunub. Qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində indiyədək treninq keçmiş müəllimlər ilkin kompüter bacarıqlarına malikdirlər. Hazırda isə treninqlərə daha çox müəllimlər cəlb olunur və onların əksəriyyəti regionları təmsil edir.

Həmin treninqlərə yeni cəlb olunan müəllimlərin isə ümumi kompüter hazırlığı olmadığından İKT-nin təhsildə tətbiqi üzrə treninqlərdən aldığı biliklərin effektivliyini aşağı salır. Elə buna görə də tədbir iştirakçıları ümumi kompüter savadı az olan müəllimlərə əlavə treninqlərin keçilməsini məqsədəuyğun sayıb. Təklif olunub ki, kompüter bacarığına görə müəllimlər iki qrupa bölünsün, bu istiqamətdə bilikləri az olanlara ilkin biliklər verilsin.

Tədbirdə treninq keçmiş müəllimlərin xüsusi sınaq imtahanı verməsi və sertifikatlaşdırılması da müzakirə olunub. İştirakçıların fikrincə, praktik iş əsasında qurulacaq sınaq imtahanları treninq keçmiş hər bir müəllimin biliklərini yoxlamağa imkan yarada bilər.

 

ƏDALƏT

 

 

 

 

 

 

Texnikumlara sənəd qəbulu başladı

 

 Respublikamızda 9-illik təhsil bazasından orta ixtisas təhsili məktəblərinə sənəd qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, sənəd qəbulu iyunun 24-dən iyulun 31-dək davam edəcək. Abituriyentlər sənədlərini müvafiq orta məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyalarında təqdim edə bilərlər.

Xarici dövlətlərin vətəndaşları isə sənədlərini TQDK-da yaradılmış SQK-da təqdim edəcəklər.