· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən saylarında)

   

Hörmətli oxucular, bu məqalədə Azərbaycan təhsili üçün yeni olan, lakin dünya təhsilində geniş tətbiq edilən inklüziv təhsil sahəsində atılmış ilkin addımlar, mövcud problemlər və perspektivlər barədə fikirlərimi sizinlə bölüşəcəyəm.

Dünyada xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin tarixini nəzərdən keçirsək görərik ki, bu sahədə üç mərhələli inkişaf yolu keçilmişdir. Birinci mərhələ XX əsrin əvvəllərindən 1960-cı ilədək olan dövrü əhatə edir. Bu mərhələdə "tibbi model" tətbiq edilir ki, bu da seqreqasiya (məcburi ayırma, təcridetmə siyasəti, hüquqların məhdudlaşdırılması) adlandırılır. "Tibbi model"in əsasını xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ayrıca təhsil müəssisələrinin yaradılması və həmin müəssisələrdə uşaqlara müntəzəm tibbi xidmətlərin göstərilməsi, uzunmüddətli müalicə həyata keçirildi, inkişaf, sosial adaptasiya amilləri müəyyən mənada arxa plana keçirdi. Azərbaycanda da məhz bu mərhələdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün kütləvi şəkildə internat tipli təhsil müəssisələri, uşaq evləri və xüsusi məktəblər təşkil edilmişdir.

İkinci mərhələ 60-80-ci illəri əhatə edir və bu mərhələdə "normallaşdırma modeli" tətbiq edilir. Bu proses inteqrasiya adlanır. "Normallaşdırma modeli" 1970-ci ildə Skandinaviyada ilk dəfə yaradılır, sonradan ABŞ və Kanadada daha da inkişaf etdirilir. Bu modelin əsasını aşağıdakı amillər təşkil edirdi: xüsusi qayğıya ehtiyacı olan uşaqlar bütün uşaqlarla eyni tələbatlara malikdirlər, onlar maksimum normal həyata yaxın bir mühitdə yaşamalıdırlar, onlar üçün ən yaxşı mühit öz evləridir və hakimiyyət orqanları səy göstərməlidirlər ki, həmin uşaqlar evdə tərbiyə olunsunlar, bütün uşaqlar təhsil ala bilərlər, buna görə də onların xəstəliyinin nə dərəcədə ağır olmasından asılı olmayaraq, təhsil almaq üçün şərait yaratmaq lazımdır. Bu mərhələdə bir sıra ölkələrdə, o cümlədən ABŞ, Böyük Britaniya, İsveçrə və İtaliyada bütün təhsil sistemi yenidən formalaşdırılır, daha humanist modellərə üstünlük verilir, internat məktəbləri və uşaq evləri ləğv edilir, uşaqlar övladlığa, yaxud patronat ailələrə verilir. Qeyd etmək lazımdır ki, Azərbaycanda bu mərhələdə irəliləyiş ondan ibarət olur ki, bir sıra kütləvi təhsil müəssisələrində - uşaq bağçalarında və ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı korreksiya (dayaq) qrupları və sinifləri yaradılır, yəni təhsil müəssisəsi səviyyəsində inteqrasiya həyata keçirilir.

üçüncü mərhələ 80-ci illərdən indiyədək olan dövrü əhatə edir. Bu mərhələdə "sosial model" tətbiq olunur və bu proses inklüzivlik adlanır. İnklüzivlik sağlamlıq imkanlarından, bacarıqlarından, ailə vəziyyətindən, irqindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq bütün uşaqların təhsil prosesində və həyatda bərabərhüquqlu iştirakıdır. İnklüziv təhsil dedikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların öz həmyaşıdları ilə birlikdə kütləvi təhsil müəssisələrində təhsilinin təşkili nəzərdə tutulur. İnklüziv təhsil aşağıdakı səkkiz prinsipə əsaslanır:

1. İnsanın dəyəri onun bacarıqları və nailiyyətləri ilə ölçülmür.

2. Hər bir insan hiss etmək və düşünmək qabiliyyətinə malikdir.

3. Hər bir insan ünsiyyət hüququna malikdir.

4. Bütün insanların bir-birinə ehtiyacı vardır.

5. Əsl təhsil yalnız real qarşılıqlı münasibətlər zəminində həyata keçirilə bilər.

6. Bütün insanlar öz həmyaşıdlarının köməyinə və dostluğuna ehtiyac duyurlar.

7. Bütün təhsilalanların nailiyyətlərinin inkişafı onunla ölçülür ki, onlar nəyi etməyi bacarırlar, onunla ölçülmür ki, nəyi etməyi bacarmırlar.

8. Rəngarənglik insanın bütün cəhətlərini inkişaf etdirir.

"İnklüziv təhsil" modeli xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə yanaşı, onların həyata transformasiyasını və inkişafını nəzərdə tutur. Eyni zamanda bu model daha geniş kateqoriyadan olan uşaqları əhatə edir. Yəni burada yalnız sağlamlıq imkanları məhdud olan uşaqlar deyil, həm də kimsəsiz, valideyn himayəsindən məhrum, çətin tərbiyə olunan, davranışında problemlər olan, zərərli vərdişlərə meyil edən, təhsildən kənarda qalan, hüquqları pozulan, zorakılığa məruz qalan uşaqlar da aid edilir.

Bu mərhələ ölkələrdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və həyata adaptasiyası üzrə qanunvericilik bazasının yaradılması ilə xarakterizə olunur.

Xüsusi vurğulamaq lazımdır ki, "sosial model" insan inkişafı konsepsiyasına da uyğundur. Bu konsepsiyaya görə hər bir şəxsə onun fərdi qabiliyyətlərini, potensial imkanlarını davamlı şəkildə inkişaf etdirmək üçün iqtisadi, sosial, mədəni, siyasi sahələrdə əlverişli mühit yaradılmalıdır. Bu konsepsiya nəzərdə tutur ki, insanların layiqli həyat sürməsi, sağlam olması, təhsil və bilikdən bəhrələnməsi davamlı olmalı, cəmiyyətin inkişaf prosesində həm çağdaş, həm də gələcək nəsillərin layiqli həyat sürmək imkanları təmin edilməli, hər bir fərd üçün bərabər təhsil alma və inkişaf imkanları yaradılmalıdır.

Tədqiqatlar göstərir ki, bu sahədə Kanada, Danimarka, ABŞ, Böyük Britaniya, Almaniya, Norveç, Niderland, İspaniya, İsveç, İtaliya, İslandiya, Malta, Hindistan və digər ölkələrin təcrübəsi əhəmiyyətlidir. Bu ölkələrin təhsil sistemində xüsusi qayğıya ehtiyacı olan uşaqlar kütləvi məktəblərdə və uşaq bağçalarında sağlam uşaqlarla birlikdə təhsil alır, birlikdə asudə vaxtlarını keçirir və birlikdə müxtəlif tədbirlərdə iştirak edirlər. Təhsilin belə bir formada təşkili xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas edir, onların həyata inteqrasiyasına, inkişafına və hüquqlarının təmin olunmasına kömək edir, sağlam uşaqlarda isə öz həmyaşıdlarına qarşı mərhəmət, qayğı hisslərinin formalaşmasına səbəb olur.

Onu da qeyd etmək lazımdır ki, bir sıra ölkələrdə təkmil qanunvericilik yaradılsa da, inklüziv təhsil sahəsində ciddi irəliləyişlər olmamışdır. Məsələn, Hindistanda, Almaniyada, Belçikada xüsusi təhsil müəssisələrində uşaqların sayının artma tendensiyası müşahidə olunur.

Maraqlıdır ki, inklüziv təhsil sahəsində ən radikal və sürətli dəyişikliklər dünyanın ən kasıb ölkələri olan Uqanda, Lesoto, Vyetnam, Laos, Mərakeş, Yəmən və digər ölkələrdə baş vermişdir. Bu amil, həmin ölkələrdə YUNESKO proqramlarının səmərəli reallaşdırılmasının nəticəsi kimi izah edilir.

Keçmiş sosialist düşərgəsinə aid olan Sloveniya, Xorvatiya, Makedoniya, Rumıniya, Bolqarıstanda YUNESKO tərəfindən reallaşdırılan layihələr nəticəsində bir sıra uğurlu nəticələr əldə olunmuşdur. Postsovet ölkələrindən Pribaltikada, Rusiya, Belarus və Gürcüstanda inklüziv təhsil sahəsində layihələr həyata keçirilməkdədir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda da inklüziv təhsilin həyata keçirilməsi sahəsində müvafiq qanunvericilik bazasının yaradılması təşəbbüsləri olmuşdur. Belə ki, 2001-ci ildə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud şəxslərin, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmış, xüsusi təhsilin təşkili və idarəolunması təsbit olunmuşdur. Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar, o cümlədən həmin Qanunda inteqrasiyalı təhsilin təşkili məsələsi də təsbit olunmuş, Qanunun icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında" 29 may 2002-ci il tarixli, 87 nömrəli qərar qəbul edilmişdir.

Eyni zamanda Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)" hazırlanmış və Azərbaycan hökumətinin 3 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur.

Proqramda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil hüququnun yerinə yetirilməsi, belə kateqoriyadan olan uşaqların hamısı üçün bərabər təhsil alma şəraitinin yaradılması; inteqrasiyalı (inklüziv) təlimə keçidin reallaşdırılması; təhsil müəssisələrində bütün uşaqların təhsili üçün bərabər imkanların yaradılması; dövlət himayəsində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi; müvafiq klassifikasiyaya uyğun olaraq bütün kateqoriyadan olan xüsusi qayğıya ehtiyacı olan uşaqların ölkə üzrə qeydiyyatının aparılması və təhsilə cəlb edilməsi; xüsusi təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının müasir standartlara uyğunlaşdırılması və digər məsələlər öz əksini tapmışdır.

Nəzərdə tutulurdu ki, Proqramın reallaşdırılması nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üzrə normativ-hüquqi baza təkmilləşdiriləcək; bütün kateqoriyadan olan xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsilə cəlb ediləcək və onların təlim-tərbiyəsi üçün əlverişli şərait yaradılacaq; təhsil müəssisələrinin maddi-texniki və tədris bazası möhkəmlənəcək; inteqrasiyalı (inklüziv) təlim həyata keçiriləcək; xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin səmərə və keyfiyyəti yüksələcək; pedaqoji kadr hazırlığı təkmilləşəcək; xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığının mühafizəsi və reabilitasiyası həyata keçiriləcək; təhsil müəssisələrində müasir monitorinq və qiymətləndirmə mexanizmləri tətbiq ediləcəkdir.

Proqramın icrası istiqamətində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Belə ki, ötən məqalədə qeyd edildiyi kimi, Fond tərəfindən xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü işlər görülmüş, 39 məktəb, internat məktəb və uşaq evi tam təmir və bərpa edilmiş, müasir avadanlıqla təmin olunmuşdur.

Maddi-texniki bazanın möhkəmləndirilməsi ilə yanaşı, internat tipli təhsil müəssisələri və xüsusi məktəblər İKT avadanlığı, texniki təlim vasitələri, əyani vəsaitlər, nəqliyyat vasitələri ilə təmin edilmişdir ki, bu da gələcəkdə həmin müəssisələrin transformasiya imkanlarını artırmışdır.

Azərbaycanda "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar: mövqelər, təcrübələr və siyasət" mövzusunda ilk inklüziv təhsil layihəsi Təhsil Nazirliyi, "Dünyaya baxış", ACİ-YF, "Müasir təhsil və tədrisə yardım Mərkəzi" tərəfindən 2004-cü ildən həyata keçirilməyə başlanmışdır. Layihə "Dünyaya baxış" təşkilatının maliyyə dəstəyi ilə Yasamal rayonundakı 153, 199, Binəqədi rayonundakı 246, Xətai rayonundakı 191, Qaradağ rayonundakı 222, Sumqayıt şəhərindəki 11, Mingəçevir şəhərindəki 6, 15 nömrəli məktəbləri, Yasamal rayonundakı 11, Xətai rayonundakı 257, Qaradağ rayonundakı 20, Sumqayıt şəhərindəki 40, Mingəçevir şəhərindəki 10,16 nömrəli uşaq bağçalarını əhatə etmişdir.

Bu layihənin reallaşdırılmasında, ümumilikdə ölkəmizə inklüziv təhsil təcrübəsinin gətirilməsində "Dünyaya baxış" təşkilatının təhsil proqramlarının rəhbəri Lesli Harnişin xüsusi xidmətləri olmuşdur. Məhz onun ciddi səyləri, Nazirlər Kabinetində, Maliyyə Nazirliyində müzakirələri sayəsində və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əlaqələri nəticəsində bu layihəni başlamaq və uğurla davam etdirmək mümkün olmuşdur. İlk illərdə layihənin maliyyələşdirilməsi, müəllim və tərbiyəçilər üçün treninqlərinin təşkili, layihənin əhatə etdiyi təhsil müəssisələrinə xüsusi xidmətlərin cəlb edilməsi "Dünyaya baxış" təşkilatı tərəfindən həyata keçirilmişdir və bu xidmətlərinə görə Lesli Harnişə təhsil ictimaiyyətinin minnətdarlığını ifadə etməyi özümə borc bilirəm.

Azərbaycan üçün yeni olan inklüziv təhsilin tətbiqi sahəsində maarifləndirmə işinin vacibliyi nəzərə alınaraq, Təhsil Nazirliyinin təşkilati dəstəyi və "Dünyaya baxış" təşkilatı tərəfindən əlil bir uşağın həyatından bəhs edən "Yuxuların çin olduğu yerdə" adlı oxu vəsaiti Azərbaycan dilinə tərcümə edilmiş və 2004-2005-ci illərdə 150 min nüsxə çap olunaraq ölkənin bütün ümumtəhsil məktəblərinə çatdırılmışdır. "Yuxuların çin olduğu yerdə" oxu vəsaiti ümumtəhsil məktəblərinin IV siniflərində öyrədilmiş və sonra inşa müsabiqəsi təşkil edilmişdir. Müsabiqənin məqsədi ümumtəhsil məktəbləri şagirdlərinin diqqətinin xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəldilməsi, onlarda həmin uşaqlara qarşı tolerantlıq hisslərinin formalaşdırılması, inkluziv təhsil üzrə maarifləndirmə işinin həyata keçirilməsi olmuşdur. Müsabiqə məktəb, rayon və respublika mərhələləri üzrə həyata keçirilmiş, 140 minədək IV sinif şagirdini əhatə etmişdir.

Kitabın müəllifi Linda Li Ratto Azərbaycana səfər etmiş, Səbail rayonundakı 7 nömrəli məktəbdə şagirdlərlə, Azərbaycan Müəllimlər İnstitutunda Bakı şəhərinin ibtidai sinif müəllimləri ilə, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllimlərlə, Mingəçevir və Lənkəran şəhərlərində valideynlərlə görüşlər keçirmişdir.

Təhsil Nazirliyi ilə YUNESKO-nun birgə layihəsi Bakı şəhərinin Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey Kompleksi nəzdindəki məktəbi və uşaq bağçasını, Sumqayıt şəhərindəki 4 nömrəli məktəbi və 66 nömrəli uşaq bağçasını əhatə etmişdir. Layihə 2005-ci ildən başlanmışdır, Təhsildə İslahatlara Yardım Mərkəzi və UAFA qeyri-hökumət təşkilatlarının yaxından iştirakı ilə həyata keçirilir. Layihənin əhatə etdiyi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühiti yaradılmış, təhsil müəssisələrinə zəruri avadanlıqlar, o cümlədən uşaqların problemlərinə müvafiq xüsusi vasitələr (aparatlar, cihazlar, əlil arabaları və sair) alınmışdır. Bu layihə çərçivəsində ilk dəfə olaraq inklüziv təhsilə həsr olunmuş xüsusi veb-sayt yaradılmışdır.

YUNESKO ilə birgə layihənin ən əhəmiyyətli cəhətlərindən biri ondan ibarət oldu ki, Azərbaycanda ilk dəfə olaraq müəllimlər, tərbiyəçilər və psixoloqlar üçün "İnklüziv təhsil", valideynlər üçün "İnklüziv təhsil sistemində ailə-məktəb, valideyn-müəllim münasibətləri" adlı vəsaitlər hazırlanıb çap edildi.

Layihə çərçivəsində 12-13 iyun 2006-cı il tarixlərdə YUNESKO-nun, Rusiya və Ukraynanın inklüziv təhsil üzrə ekspertlərinin iştirakı ilə "Azərbaycanda inklüziv təhsil təcrübəsi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Təhsil Nazirliyi ilə Beynəlxalq Tibb Korpusunun birgə layihəsi Beynəlxalq Tibb Korpusunun maliyyə dəstəyi ilə Yevlax rayonundakı 2, 7, 8 nömrəli məktəbləri və 2, 3, 4 nömrəli uşaq bağçalarını əhatə etmişdir.

İlkin mərhələdə 3 inklüziv təhsil layihəsi 30-dək məktəb və uşaq bağçasını, 100-dən artıq məktəbəqədər və məktəb yaşlı xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə etmişdir. Layihənin əhatə etdiyi müəssisələrə Nazirlər Kabinetinin qərarı ilə 28 müəllim köməkçisi və 28 tərbiyəçi köməkçisi olmaqla 56 əlavə ştat ayrılmışdır.

Sonrakı illərdə layihələrin əhatə dairəsi genişləndirildi, Bakı şəhəri 150, 222 nömrəli məktəblər, 11 nömrəli xüsusi internat məktəbi, Mingəçevir şəhər Texniki-humanitar lisey, Bakı şəhəri 105 nömrəli, Sumqayıt şəhəri 30 nömrəli uşaq bağçalarını da əhatə etdi və beləliklə, inklüziv təhsilə cəlb olunmuş uşaqların sayı 200-ə çatdırıldı. Hazırda "Uşaqların xilası" təşkilatı tərəfindən 3 təhsil müəssisəsində - Bərdə şəhər internat məktəbində, Göyçay rayon internat orta məktəbində və Qaradağ rayonu 14 nömrəli internat məktəbində inklüziv təhsil layihələrinin həyata keçirilməsi üçün hazırlıq işləri aparılır.

İlk dövrlərdə inklüziv təhsil layihəsinə başlayarkən bir sıra çətinliklərlə üzləşəcəyimizi düşünürdük. Əlbəttə, ilk çətinlik ondan ibarət idi ki, həm məktəb rəhbərləri, həm müəllimlər, həm də valideynlərin bu barədə məlumatları və təcrübəsi yox idi. İlk addımlarımızdan biri kütləvi məktəblərdə və uşaq bağçalarında inklüziv təhsilə cəlb ediləcək uşaqların seçilməsi oldu. Mütəxəssislər vasitəsilə seçim aparıldı. Seçilmiş məktəblərdə inklüziv təhsil tətbiq ediləcək siniflər müəyyənləşdirildi. Həmin siniflərdə lazımi təmir işləri aparıldı, avadanlıqlarla təminat məsələləri həll edildi. Hər bir uşağın problemi ilə əlaqədar xüsusi avadanlıqlar, eşitmə aparatları, əlil arabaları alındı. Məktəblərdə inklüziv təhsilə cəlb edilmiş uşaqların maneəsiz hərəkəti üçün əlverişli şərait və infrastruktur yaradıldı.

Növbəti addımlardan biri inklüziv təhsil təşkil edilən siniflərdə işləyəcək müəllimlər, tərbiyəçilər, müəllim və tərbiyəçi köməkçiləri, məktəb rəhbərləri və valideynlər üçün beynəlxalq məsləhətçilər cəlb edilməklə treninqlərin təşkili oldu.

Həlledici məqamlardan biri valideynlərin bu məsələyə baxışları oldu. övladlarının xəstə uşaqlarla yanaşı təhsil almasına etiraz olaraq uşaqlarını başqa məktəblərə aparan valideynlər, həmin siniflərdə işləməkdən imtina edən müəllimlər də oldu. Lakin biz iradəmizdən dönmədik və başladığımız xeyirxah işi davam etdirdik. Əvvəlcə siniflərdə uşaqlar xəstə həmyaşıdlarına yaxınlaşmaq, onlarla ünsiyyət qurmaqdan çəkinirdilər. Onların arasında psixoloji bir maneə var idi, heç zaman məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birlikdə təhsil almamışdılar.

Lakin layihələrin həyata keçirildiyi qısa müddət ərzində müəllimlərdə, valideynlərdə ciddi müsbət dəyişikliklər müşahidə edilməyə başlandı. Müəllimlər inklüziv təhsil sahəsində bacarıqlar əldə etdilər, uşaqlara fərdi yanaşmanı öyrəndilər, fərdi inkişaf planları tərtib etməyə başladılar. Valideynlər müəllimlərə kömək etməklə təlim prosesinin daha səmərəli qurulmasına yardım göstərdilər. Ən əhəmiyyətli dəyişikliklər isə şagirdlərdə oldu. Belə ki, şagirdlər öz xəstə həmyaşıdlarına qarşı tolerant münasibət göstərməyə, onlarla ünsiyyət qurmağa və bütün hallarda kömək etməyə başladılar. Xəstə uşaqlarda isə inkişaf əlamətləri, həyatsevərlik, ünsiyyət fəallığı, birgə iştirak formalaşmağa başlandı.

Təcrübə göstərir ki, inklüziv təhsil tətbiq edilən təhsil müəssisələrində bütün təhsilalanlar, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar bərabərhüquqludur, təhsil prosesi hər bir uşaq üçün əlçatandır, onlara ünsiyyət üçün bərabər imkanlar yaradılıb, təlim prosesi səmərəli təşkil edilir, prosesə cəlb olunan pedaqoji işçilər müvafiq bacarıqlara yiyələnmişlər, proqram hər bir şagirdin tələbatını nəzərə alır, ailələr təhsil müəssisəsinin həyatında fəal iştirak edirlər.

Bununla yanaşı, inklüziv təhsil sahəsində hələ təcrübəmiz kifayət qədər deyildir və bu səbəbdən bir sıra problemlərlə də rastlaşırıq. Belə ki, inklüziv təhsil layihələrinin həyata keçirildiyi təhsil müəssisələrinə əlavə ştatların alınması, müəllimlərin, müəllim köməkçilərinin, tərbiyəçilərin və tərbiyəçi köməkçilərinin, valideynlərin xüsusi treninqlər vasitəsilə hazırlanması, inklüziv təhsilə cəlb olunmuş uşaqlar üçün fərdi təhsil proqramlarının hazırlanması, xidmətlərin təşkili, o cümlədən loqoped, psixoloq, defektoloq və sair mütəxəssislərdən ibarət qrupların yaradılması və təhsil müəssisələrinə təhkim edilməsi məhz bu kimi problemlərdəndir.

İnklüziv təhsilin xüsusiyyətlərindən biri budur ki, ümumtəhsil məktəbləri və uşaq bağçalarının müvafiq siniflərində və qruplarında müəllim və tərbiyəçi ilə yanaşı, müəllim və tərbiyəçi köməkçisi də fəaliyyət göstərməlidir. Lakin mövcud ştat cədvəllərində belə ştatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən hər dəfə layihələrin tətbiq edildiyi təhsil müəssisələri üçün əlavə ştatların alınması zərurəti yaranır. Əlavə ştatlar isə Nazirlər Kabinetinin sərəncamı ilə verilir. Etiraf edim ki, bu problemi indi də həll edə bilməmişik və bir çox hallarda bu prosedur həddən artıq vaxt tələb etdiyindən layihələrin ləngiməsinə gətirib çıxarır. Beynəlxalq təcrübədə isə hər hansı bir təhsil müəssisəsində inklüziv təhsil tətbiq edilirsə, təhsil müəssisəsi əlavə ştatı dərhal ayırmaq səlahiyyətinə malikdir və bu məsələlər planlaşdırma prosesində nəzərə alınır. Hesab edirəm ki, ölkəmizdə də inklüziv təhsil imkanlarının genişləndirilməsi məqsədilə təhsil qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi vacibdir. İlkin addım kimi qeyd edim ki, yeni qəbul edilmiş Təhsil haqqında Qanunda müəllim və tərbiyəçi köməkçisi pedaqoji işçilər kateqoriyasına daxil edilmişdir.

Digər bir problem müəllim hazırlığı ilə bağlıdır. Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələri elə müəllimlər hazırlamalıdırlar ki, onlar məktəbə gələrkən artıq inklüziv təhsil sahəsində müəyyən bacarıqlara malik olsunlar. Sonradan onları öyrətmək lazım gəlməsin. Hesab edirəm ki, hazırda müəllim hazırlığı üzrə Dünya Bankının xətti ilə islahatlar çərçivəsində hazırlanan yeni kurikulumlarda bu məsələ hökmən öz əksini tapmalıdır.

Ən ciddi problem xüsusi qayğıya ehtiyacı olan uşaqlara zəruri xidmətlərin təşkili ilə bağlıdır. Belə xidmətlərin olmaması, yaxud əlçatan olmaması, bir sıra hallarda mütəxəssis çatışmazlığı inklüziv təhsil layihələrinin daha səmərəli həyata keçirilməsinə və əhatə dairəsinin genişləndirilməsinə mane olur. Düşünürəm ki, gələcəkdə de-institutlaşdırma proqramı çərçivəsində yaradılan alternativ qayğı və reabilitasiya mərkəzləri tərəfindən bu xidmətlər göstərilə bilər.

Məni daim narahat edən problemlərdən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı müəssisələrin keçmiş sovet dövründən bizə miras qalmış adları ilə bağlıdır. ötən məqalədə belə təhsil müəssisələrinin adları verilmişdi: yetim və valideyn himayəsindən məhrum, əqli cəhətdən qüsurlu, nitqi qüsurlu, beyin iflici və poliomielit keçirmiş, vərəmin ilkin və sönmüş formasında olan, kar, zəifeşidən və sonradan karlaşmış, kor uşaqlar üçün təhsil müəssisəsi. Etiraf edim ki, hər dəfə bu təhsil müəssisələrinə gedərkən lövhələrdəki yazıları gördükdə uzun müddət özümü narahat hiss edirdim. çünki oradakı yazılar həm uşaqlara, həm onların valideynlərinə mənfi təsir göstərirdi. Cəmiyyətdə də belə təhsil müəssisələri barədə düzgün olmayan təsəvvür yaradırdı və mənfi imic formalaşdırırdı. Beynəlxalq təşkilatlar da bununla əlaqədar öz iradlarını bildirirdilər. Hətta narahatlığım o yerə çatdı ki, Nazirlər Kabinetinə bu adların dəyişdirilməsi barədə təkliflər də təqdim etdik. Lakin bu, bilavasitə qanunvericiliklə bağlı olduğu üçün adların dəyişdirilməsinə nail ola bilmədik. Nəhayət, belə bir imkan yarandı. Təhsil haqqında yeni Qanun layihəsi üzərində işləyərkən bu məsələ müasir yanaşmalar əsasında öz həllini tapdı.

Daha bir problem barədə. Azərbaycanda inklüziv təhsil məktəbəqədər və ümumi təhsil pillələrində tətbiq olunur. Lakin texniki peşə, orta ixtisas və ali təhsil pillələrində belə bir təhsilin təşkili sahəsində layihələr həyata keçirilmir. Şübhəsiz, gələcəkdə həll edəcəyimiz problemlərdən biri də məhz təhsilin bütün pillələrində inklüziv təhsil təcrübəsinin tətbiq edilməsi, bununla əlaqədar təşkilati və normativ-hüquqi bazanın yaradılmasıdır.

Təbii ki, inklüziv təhsil Azərbaycan təhsil sistemi üçün yenidir və bu sahədə gələcəkdə də problemlərin olması istisna olunmur. Lakin ölkənin təhsil strategiyasında inklüziv təhsil prioritet təşkil etdiyindən, Təhsil Nazirliyi bu istiqamətdə işlərin daha sistemli şəkildə aparılmasını bundan sonra da təmin edəcəkdir.

  

(Ardı var)

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor