· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Xarici ölkələrin ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi

 

İyulun 24-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili  üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə və onların valideynləri ilə görüş keçirildi.

Tədbiri təhsil nazirinin müavini  Elmar Qasımov açaraq xarici ölkələrin tanınmış ali məktəblərinə qəbul olunan tələbələri və onların valideynlərini Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini bildirdi. Nazir müavini qeyd etdi ki, son illər bir çox sahələrdə olduğu kimi, təhsildə də mühüm əhəmiyyətə malik proqramlar həyata keçirilməkdədir. ölkə başçısı cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" da məhz bizim yüksək biliyə malik, bacarıqlı gənclərimizin öz təhsillərini xarici ölkələrin nüfuzlu ali məktəblərində davam etdirmələrinə hərtərəfli şərait yaradır. Adıçəkilən Dövlət Proqramı 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilməkdədir. Proqramın əsas məqsədi rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, gənclərimizin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və onun  səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.

Elmar Qasımov məlumat üçün bildirdi ki, 2007-2008-ci tədris ilində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan 7 nəfər artıq məzun kimi Azərbaycana dönərək əmək fəaliyyətinə başlayıb. 2008-2009-cu tədris ilində dünyanın 19 ölkəsinin yüksək reytinqə malik olan 81 ali məktəbində bakalavr, magistratura, rezidentura, aspirantura, doktorantura pillələrində ölkəmiz üçün əhəmiyyət kəsb edən prioritet ixtisaslar üzrə 186 nəfər azərbaycanlı gənc təhsilini uğurla davam etdirib. Başa çatan tədris ilində bunlardan 35 nəfərinin məzun olacağı gözlənilir. 2009-2010-cu tədris ilində isə Dövlət Proqramı çərçivəsində təhsil alacaq gənclərin sayının iki dəfə artırılması nəzərdə tutulub. Hazırda xarici ölkələrdə təhsil almaq üçün müraciət edən 177 gəncdən 53-ü haqqında  artıq müvafiq qərar qəbul edildiyini və onların Dövlət Proqramına əsasən təhsillərini davam etdirmək imkanı əldə etdiyini söyləyən nazir müavini həmin tələbələrin hər birinin adını və təhsil alacağı ali məktəblərin siyahısını açıqladı.

Gənclərin  xaricdə təhsilinin təşkilində Təhsil Nazirliyi ilə birgə İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondu tərəfindən lazımi tədbirlər görüldüyünü deyən E.Qasımov onların bu istiqamətdə apardığı işləri, adları çəkilən dövlət qurumları arasında qurulmuş işgüzar əməkdaşlığı müsbət qiymətləndirdi. Qeyd olundu ki, xaricdə təhsil almaq, yüksək biliyə, istedada malik hər bir tələbənin arzusudur. Dövlət Proqramı belə gənclərə öz arzusunu reallaşdırmağa geniş imkanlar açıb.

Azərbaycandan kənarda gənclərimizin  ali təhsil alması məsələsini ulu öndərimiz Heydər Əliyevin hər zaman diqqətdə saxladığını deyən E.Qasımov bununla bağlı müəyyən faktları görüş iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, hələ ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə çoxlu sayda azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilib. Hazırda bu ənənə ölkə başçısı cənab İlham Əliyev tərəfindən  layiqincə davam etdirilməkdədir və neçə-neçə azərbaycanlı gənc xarici ölkələrin tanınmış ali məktəblərində təhsil alır.

Dövlət Proqramının uğurla həyata keçirilməsi istiqamətində görülən işlərdən söz açan nazir müavini görüş iştirakçılarına Təhsil Nazirliyi tərəfindən xüsusi İnternet saytının (www.xaricdetehsil.edu.gov.az) yaradıldığını dedi. Bu veb- səhifədə öz əksini tapan məsələlər haqqında ətraflı söz açdı.

Təhsil nazirinin müavini Elmar Qasımov çıxışının sonunda bütün tələbələri nazir Misir Mərdanovun adından və öz adından təbrik edərək, onlara təhsillərində yüksək nəticələr əldə etmələrini arzuladı. Gənclərə təhsil aldıqları ölkələrdə respublikamızı layiqincə təmsil etməyi, azərbaycançılıq ideyalarının, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması işində fəallıq göstərmələrini tövsiyə etdi.

Görüşdə iştirak edən İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Ədalət Muradov və Dövlət Neft Fondunun nümayəndəsi Müşfiq Bayramov xarici ölkələrin ən aparıcı ali məktəblərində təhsil almaq imkanı əldə edən tələbələri ,onların valideynlərini təbrik edərək ən xoş istəklərini çatdırdılar.

Böyük Britaniyanın Şərqi İngiltərə Universitetinə daxil olmuş Simuzər Baloğlanova, həmin ölkənin Mançester Universitetinin beynəlxalq biznes və menecment fakültəsində təhsilini magistratura pilləsi üzrə davam etdirəcək Səməd Səfərov çıxış üçün söz alaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən onların yüksək təhsil almaları üçün yaradılan imkan və şəraitdən razılıq hissi ilə danışdılar. çıxış edən tələbə gənclər onlara etimad göstərdiyinə, diqqət, qayğı ilə yanaşdığına görə təhsil naziri Misir Mərdanova və bu işin həyata keçirilməsində əməyi olan bütün şəxslərə öz təşəkkürlərini bildirdilər.

Valideynlər adından Tahirə Əsədova danışaraq təhsilə göstərdiyi diqqət və qayğıya görə  ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq etdi.       

Sonda Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində  təhsil alıb ölkəmizə yüksək ixtisaslı kadrlar kimi dönən və hazırda Mərkəzi Bankda çalışan Kamil Ələsgərov, Vergilər Nazirliyində işləyən Ruslan Mirzəyev söz alaraq onlara göstərilən bu etimadı hər zaman doğruldacaqlarını, Azərbaycanın inkişafı, tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcəklərini  söylədilər və bütün gənclərə uğurlar arzuladılar.

 

Samirə KƏRİMOVA