· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

NDU-da ziyalılarla görüş

 

Naxçıvan Muxtar Respublikasının 85 illiyi münasibəti ilə keçirilən yubiley təntənələri çərçivəsində Naxçıvan Dövlət Universitetində Azərbaycanın tanınmış ziyalılarının, elm və maarif xadimlərinin bir qrupu ilə görüş keçirilmişdir. Görüşdən öncə qonaqlar universitetin 108 hektarlıq kampusunu gəzmiş, muhəndis və memarlıq, tibb  fakültələrində, olimpiya tipli idman kompleksində və buradakı idman tarixi muzeyində olmuşlar. Heyət NDU-nun beynəlxalq münasibətlər və xarici dillər fakültəsi üçün nəzərdə tutulan 6 mərtəbəli müasir tipli tikili ilə tanış olmuş, müxtəlif dillərin tədrisi üçün nəzərdə tutulan elektron fakültənin yerləşəcəyi binada aparılan tikinti işləri ilə maraqlanmışlar. Ziyalılarımız son illərdə bir-birinin ardınca istifadəyə verilən yeni tədris korpuslarını muxtar respublikada təhsilin inkişafına göstərilən misilsiz qayğı kimi dəyərləndirmişlər.

Mərasimi giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli Azərbaycan ziyalılarının ən müxtəlif  nümayəndələri ilə yubiley ərəfəsində keçirilən görüşü yüksək qiymətləndirmişdir. Rektor Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 85 illiyinin keçirilməsi haqqında" imzaladığı 6 fevral 2009-cu il tarixli sərəncamı regionun sosial-iqtisadi, mədəni tərəqqisinə, doğma diyarın çiçəklənməsinə göstərilən dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd etdi. Akademik İsa Həbibbəyli Gəmiqaya tarixi abidələri, Nuh tufanı ilə bağlı aparılan arxeoloji-mifoloji tədqiqatlar nəticəsində Naxçıvanda şəhərsalmanın 5000 illik tarixinin müəyyənləşdirilməsi barədə məlumat vermişdir. Natiq uzun illər boyu xain ermənilərin göz dikdiyi, blokada şəraitində yaşayan doğma diyarın inkişafında, muxtariyyət statusunun qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs etdi. Son illərdə Naxçıvanda gedən quruculuq-abadlıq işlərini, misli görünməmiş sosial-iqtisadi inkişafı dahi öndərin ideyalarının layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin fəaliyyətinin əməli bəhrələri olduğunu bildirdi, Azərbaycan Resrublikası Prezidentinin 14 arrel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Resrublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əhəmiyyətindən söz açdı. Rektor regionda gedən sürətli inkişafın Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmlənməsində, yeni tədris korpuslarının istifadəyə verilməsində, müxtəlif ixtisasların açılmasında, dünya təhsil sisteminə uğurla inteqrasiya olunmasında da öz təsdiqini tapdığını vurğuladı.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Naxçıvanın çoxəsrlik tarixinə nəzər salaraq qədim dövlətçilik ənənələrindən, buranın görkəmli tarixi şəxsiyyətlər, ədəbi simalar və sənətkarlar beşiyi olmasından söz açdı. Akademik Azərbaycanın milli müstəqillik tarixində Naxçıvanın özünəməxsus rol oynamasından, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə mühüm siyasi qərarların burada qəbul edilməsindən, 1992-ci ildə "Qars" müqaviləsinin təzələnməsi ilə buranın ərazi toxunulmazlığının təmin olunmasından, Naxçıvanın muxtariyyətinin siyasi əhəmiyyətindən danışdı.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Naxçıvanı milli mədəniyyətimizin beşiyi adlandıraraq Naxçıvan MR Bəstəkarlar İttifaqının 30 illik fəaliyyətinin, NDU-nun Konservatoriyasının regionda yeganə ali musiqi təhsili verməsinin Azərbaycan musiqisinin inkişafındakı rolundan söz açdı.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov muxtar respublikanın güclü elmi potensiala malik olduğunu bildirərək AMEA-nın 2002-ci ildən fəaliyyətə başlayan Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin birgə elmi tədqiqatları, burada keçirilən bir çox beynəlxalq elmi konfransları və simpoziumları Azərbaycan elminin inkişaf göstəriciləri kimi səciyyələndirdi.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov dünyaşöhrətli şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində Naxçıvanın 85 illik muxtariyyət tarixində möhtəşəm uğurlar qazandığını, dövlət başçısı və muxtar respublika rəhbərliyi tərəfindən bu strategiyanın bu gün də davam etdirildiyini söylədi.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov naxçıvanlıları əlamətdar yubiley münasibəti ilə sənətkar həmkarları adından təbrik etdilər, Naxçıvanın qədim sənət məbədi olmasından, Azərbaycan incəsənətinə bənzərsiz töhfələr verməsindən danışdılar.

Mərasimdə yekun sözü ilə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Naxçıvanda təhsilin inkişafı ilə bağlı son illər ərzində əldə olunan müvəffəqiyyətlərdən, buradakı yeganə dövlət ali məktəbi - Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə milli təhsil tariximizə yazdığı tarixi nailiyyətlərdən söz açdı.

Tədbirdə nümayiş etdirilən universitetin tanıtma filmi, slaydlar, regionda elmin inkişafını əks etdirən monoqrafiya və dövri nəşrlərdən ibarət sərgi tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat

şöbəsinin müdiri