· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Məktəb və pedaqoji fikir tariximizdən səhifələr

 

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının

Azərbaycan şöbəsində aparılan sinifdənkənar tədbirlər

 

VII məqalə

 

Ekskursiya və gəzintilər. Qori Müəllimlər Seminariyasında geniş tətbiq edilən sinifdənkənar tədbirlərdən biri də ekskursiya və gəzintilər idi. Ekskursiya və gəzintilər də planlı aparılırdı. Bu məqsədlə seminariyanın pedaqoji şurası hər dərs ilinin başlanğıcında (sentyabrda) bütün il üçün ekskursiyaların təşkilati surətdə hazırlanmasını planlaşdırmaq üçün direktor və inspektorun sədrliyi ilə pedaqoji şuranın üzvlərindən ibarət komissiya yaradırdı. Pedaqoji şuranın təklifi ilə ekskursiyalar ardıcıl surətdə bayram günlərində yaxşa hava olduqda təşkil edilirdi. Gəzintilər müəllimlərin, bəzən də direktor və inspektorun, onların ailə üzvlərinin iştirakı ilə 3-4 saatlıq müddətə, yaxud bütün günü qabaqcadan hazırlanmış plan üzrə keçirilirdi.

 Seminariyada ekskursiyalara böyük fikir verilirdi, bunlar 2 gündən 2 həftəyə qədər müddətə plandaşdırılırdı. Qafqazın, Ukraynanın və Rusiyanın bəzi yaxın və uzaq mərkəzi şəhərlərinə, Tiflisə, Bakıya, Batumiyə, Kutaisiyə, Kiyevə, Moskvaya, Peterburqa və başqa şəhərlərə belə ekskursiyalar təşkil edilirdi. Ekskursiyaların qarşısına sinif məşğələlərinin həyatla əlaqələndirilməsi, imkan daxilində bütün fənlər üzrə təcrübə məşğələlərinin aparılması və s. tələblər qoyulurdu. Bunun da tələbələrin qazandıqları nəzəri biliklərin təcrübə yolu ilə möhkəmləndirilməsində ciddi və böyük əhəmiyyəti vardı.

Seminariyanın ekskursiyalara aid sənədlərinin birində deyilir: "Ekskursiyalar tələbələrə vaxtı boş keçirməmək imkanı verməklə onların fiziki cəhətdən inkişaf etmələrinə kömək edib, tez-tez qarşısını almaq lazım gələn çətinlik və maneələrlə mübarizə şəraitində iradələrini möhkəmləndirir, gənclərdə təbiətə qarşı məhəbbət hissini inkişaf etdirir, əyani olaraq onları təbiətin gücü və tükənməz zənginlikləri ilə bilavasitə tanış edir, onlarda hər şeyə maraq oyadır, müşahidəçilik qabiliyyətlərini inkişaf etdirir, şəxsi fəaliyyətlərini gücləndirir. Ekskursiyalar tələbələri qocaman keçmişin abidələri əsasında keçmiş nəsillərin tarixi ilə tanış edir. Və bununla da doğma xalqın müasir həyatına, onun bütün sevinc, kədərlərinə birlikdə açıq nəzər yetirmək imkanı yaradaraq, təbiətin xəritəsindən ən təmiz və yüksək zövq almaq imkanı verir. Onlarda estetik həvəs hər cür gözəlliyə nail olmaq həvəsinin oyanmasına kömək edir. Ekskursiyalar gənc nəslin qəlbini vətənə qarşı şüurlu məhəbbət toxumları ilə dolduraraq onların öz vətənlərinin xeyri üçün böyük qüvvə ilə çalışmalarına kömək edir və bununla  da sağlam həyati idealın əmələ gəlməsinə təsir göstərir".

Ekskursiyaların vəzifələrinin bu cür müəyyənləşdirilməsinə etiraz etmək olmaz. Lakin ekskursiyaların yalnız diqqətlə və məqsədəuyğun bir şəkildə təşkili bu vəzifələrin yerinə yetirilməsinə imkan verər. Bu halda ekskursiyalar böyük elmi, tərbiyəvi və maarifləndirici əhəmiyyət daşıyır. Ekskursiyaların təşkili barədə seminariyanın yuxarıda xatırlatdığımız sənədində oxuyuruq: Ekskursiyaların yuxarıda göstərdiyimiz elmi, tərbiyəvi xarakter daşıması, onların boş əyləncəyə çevrilməməsi üçün həm tələbələrin, həm də ekskursiya rəhbərlərinin əsaslı surətdə əvvəlcədən hazırlaşmaları tələb olunurdu. Ekskursiya rəhbərləri elmin müxtəlif sahələrində nisbətən dərin biliyə malik olan müəllimlərdən olmalı idi. Onlar gələcəkdə ekskursiya təşkil ediləcəyi nəzərdə tutulan yerdə hər şeyi: yerin coğrafi xarakteristikasını, onun xəritəsini, quruluşunu, iqlimini, əhalisinin etnoqrafik tərkibini, sənayesini, geoloji və zooloji xüsusiyyətlərini, tarixi keçmişini, bu yerlə əlaqədar olan ədəbi və tarixi xatiratları qabaqcadan öyrənməli və ekskursiya iştirakçılarını bunlarla tanış etməli idilər. Ekskursiyanın verə biləcəyi bütün faydanı almaq üçün onun düzgün təşkilində və birgə aparılmasında təbiətçi də, tarixçi də, dilçi də, coğrafiya, rəsm və şəriət müəllimləri də, riyaziyyatçı da bütün qüvvələrilə iştirak etməliydi.

Ekskursiya  iştirakçılarına təbiət və başqa fənlərə aid kolleksiyalar, müxtəlif şeylər toplayaraq seminariyanı əyani vəsaitlərlə zənginləşdirmək təklif olunurdu. Əldə edilmiş artıq kolleksiyaları dəyişdirmək məqsədilə başqa məktəblərə və ya Qafqaz tədris dairəsinin mərkəzi pedaqoji sərgisinə göndərmək məsləhət görülürdü. Ekskursiya komissiyası o zaman mövcud olan "Pyatiqorsk Qafqaz dağ cəmiyyəti" ilə əlaqə saxlayırdı. Bu cəmiyyət, öz növbəsində, lazım gəldikdə pulsuz təcrübəli rəhbər ayırmaq, nəqliyyat vermək, yaşayış yerlərində sığınacaqla təmin etmək, ağac növlərini toplamaq, icazə verilən yerlərdə ov etmək, balıq tutmaq, cəmiyyətin kitabxana və sərgilərindən pulsuz istifadə etmək və s. işlərdə də kömək göstərməliydi. Beləliklə, ekskursiyalar seminariyada məktəbdənkənar tədbirlər sahəsində mühüm yer tuturdu. Xarakterik cəhətlərdən biri də bu idi ki, ekskursiya, hər şeydən əvvəl, həmin tədris müəssisəsinin yerləşdiyi qəzada, quberniyada və ölkədə keçirilməli, özündən sonra lazımi iz qoymalı idi. Ekskursiyanın özünü, onun təşkil olunduğu yeri yazılı surətdə təsvir etmək tələb olunurdu. Hər tələbə sinif yazı işi həcmində yazılı hesabat təqdim etməliydi.

Seminariyada gəzintilərə də böyük yer verilirdi. Gəzintilər kiçik miqyaslı ekskursiya idi. Gəzintilərin üstünlüyü ondan ibarət idi ki, kütləvi xarakter daşıyırdı. Burada təkcə müxtəlif sinfin tələbələri deyil, ibtidai məktəb müəllimləri də ailə üzvləri ilə birlikdə iştirak edirdilər. Gəzintilərin bu cür təşkili tələbələri yaşlarından, milliyyətlərindən, dini əqidələrindən və mənşələrindən asılı olmayaraq bir-birinə yaxınlaşdırır, yoldaşlıq hissini möhkəmləndirir, kiçiklərdə böyüklərə hörmət, böyüklərdə kiçiklərə qayğıkeşlik hissi yaradırdı. Gəzintilər müəllimlərlə tələbələri də qarşılıqlı surətdə bir-birinə yaxınlaşdırırdı. Onlar bir-birini artıq rəsmi sinif şəraitində deyil, daha yaxın yoldaşlıq şəraitində öyrənirdilər. Onlar maraqlı məsələlər ətrafında sərbəsi söhbətlər aparır, bir-birinin zəif və qüvvətli cəhətlərini əyani görürdülər. Belə gəzintilər tələbələri boş, məqsədsiz, zərərli vaxt keçirməkdən qoruyurdu. Tələbələr istirahət günlərini təmiz havada müəllimləri ilə birlikdə keçirməklə nəinki öz sağlamlıqlarını möhkəmləndirir, eyni zamanda sinif rəhbərləri ilə Qori şəhərinin tarixi, tarixi abidələri, onun yerləşdiyi ərazi barədə məlumatlar toplayırdılar. Belə gəzintilərdə əsas məqsədlərdən biri  də qeyri-rus mənşəli tələbələrin şifahi nitqinin inkişaf etdirilməsi idi. Gəzintilər onun təsvirinə həsr olunan yazı işləri ilə tamamlanırdı.

(Ardı var)

 

Fikrət SEYİDOV,

professor