· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən saylarında)

   

Hörmətli oxucular, bu məqalədən başlayaraq bir neçə yazıda təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi və təhsilin informasiyalaşdırılması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, mövcud problemlər və perspektivlər barədə düşüncələrimi sizinlə bölüşmək istərdim.

Sirr deyil ki, müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri həyatın bütün sahələrinin informasiyalaşması, informasiya cəmiyyətinin yaranmasıdır. Bununla da bəşəriyyət informasiya cəmiyyətinə qədəm qoymaqla təxminən iki əsr davam edən industrial və postindustrial mərhələləri arxada qoymuşdur. Əlbəttə, bu şəraitdə təhsil sistemi də əsrlər boyu olduğu kimi, bəşəriyyətin yeni inkişaf mərhələsinin tələblərinə cavab verən insanlar yetişdirməlidir. Məhz təhsil sisteminin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi rəqabətədavamlı insan resursları formalaşdırmağa imkan verə bilər. Qeyd etmək lazımdır ki, ABŞ, Yaponiya, Qərbi Avropa ölkələri bugünkü inkişaf səviyyələrinə, ilk növbədə, insan resursları sayəsində nail olmuşlar. İnsan resursları isə məhz həmin ölkələrin milli təhsil sistemləri tərəfindən yaradılmışdır.

Onu da qeyd etmək lazımdır ki, informasiya cəmiyyətində insan resurslarına yanaşma cəmiyyətin əvvəlki inkişaf mərhələlərindən xeyli fərqlidir. Bu fərqlilik informasiya cəmiyyətinin xüsusiyyətləri ilə bağlıdır. Belə bir cəmiyyətdə istehsalın əsas məhsulu informasiya və bacarıqlardır. Bu mərhələdə qlobal informasiya məkanı yaranır və fərdlər, təşkilatlar, hökumətlər yeni müstəvidə münasibətlər qururlar. Həmin münasibətlərdə informasiya-kommunikasiya texnologiyaları mərkəzi yer tutur. Təhsil sisteminin də əsas vəzifəsi informasiya cəmiyyətinin tələblərinə uyğun yeni nəsil insanlar yetişdirməkdir.

Təsadüfi deyil ki, informasiya cəmiyyəti üzrə ümumdünya sammitlərində (Cenevrə, 2003-cü il və Tunis, 2005-ci il) qəbul edilmiş sənədlərdə ölkələr qarşısında bir sıra vəzifələr müəyyənləşdirilmiş, bu vəzifələr sırasında təhsilə də xüsusi diqqət yetirilmişdir. Belə ki, həmin sənədlərə əsasən, 2015-ci ilə kimi dünyanın bütün məktəbləri İnternetə çıxış əldə etməlidirlər.

Maraqlıdır ki, müasir dövrdə İKT bacarıqları insan inkişafı indekslərindən biri kimi qiymətləndirilir. Bu amil YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində 2008-ci ilin mayında "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda keçirilən YUNESKO-nun regional konfransında da geniş müzakirə olunan məsələlərdən biri olmuşdur. YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın, 30 ölkədən 200-dək təhsil ekspertinin də iştirak etdiyi bu konfransda "savadlılıq" anlayışı müasir yanaşmalar çərçivəsində müzakirə olunmuş, bununla əlaqədar təhsil sistemi qarşısında mühüm vəzifələr qoyulmuşdur. Həmin konfransda qeyd edilmişdir ki, 1990-cı ildən başlayaraq İnternetin inkişafı savadlılıq anlamının daha geniş kontekstdə irəli sürülməsinə səbəb olmuşdur. Həmin vaxtdan savadlılıq həm də kompüterdən, İnternetdən, mətn mesajlarından istifadə etmək (kompüter savadlılığı, informasiya savadlılığı, multimedia savadlılığı) bacarığı kimi qiymətləndirilməyə başlanmışdır.

Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarından istifadə bir sıra məsələlərin birgə həllini tələb edən kompleks problemdir. Onun optimal həlli isə istifadə edilən İKT vasitələrinin həm texniki imkanlarının, həm də tədris prosesində səmərəli istifadə yollarının təhlilini aparmadan mümkün deyildir. Qeyd etməliyəm ki, təhsil sahəsinin informasiyalaşdırılması keçici bir mərhələ olmayıb, inkişafin tələbidir.

Tədris prosesində İKT-dən istifadənin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, burada kompüter təkcə müəllim əməyini yüngülləşdirən, onu daha səmərəli edən bir vasitə olmayıb, həm də bir öyrənmə obyektidir. Bu gün İKT vasitələrinin pedaqoji imkanları o qədər genişdir ki, bütün fənlərin tədrisində onlardan istifadə imkanları mövcuddur.

ölkəmizin sosial-iqtisadi inkişafının əsas tələblərindən, təhsil sahəsində informasiya texnologiyalarının zəruriliyini diktə edən əsas amillərdən biri də təhsil pilləsindən asılı olmayaraq, bütün təhsilalanlarda informasiya texnologiyalarından istifadə vərdişləri formalaşdırmaqdır.

Bu vəzifənin həyata keçirilməsi isə yetişməkdə olan gənc nəslin real həyati proseslərdə intellektual fəaliyyət imkanlarını artırmağa şərait yaradır. Tədqiqatlar göstərir ki, kütləvi İKT savadlılığının təmin olunmasının ölkəyə verdiyi fayda istənilən sənaye yeniliyinin verdiyi faydadan bir neçə dəfə artıqdır. Digər tərəfdən, İKT-dən istifadə müasir cəmiyyətdə təhsilin vacib komponentlərindən birinə çevrilmişdir.

Son dövrlər informasiya texnologiyalarının inkişafı və İnternetin yaranması tədris prosesində yeni imkanlar açmışdır. Belə ki, müasir kompüter texnologiyaları yalnız fənlərin tədrisi prosesinə yeni keyfiyyətlər gətirmir, onlar həm də ümumilikdə təhsil sisteminin idarəolunmasında əvəzolunmaz rol oynayır.

Müasir dövrdə təhsil sistemində İKT-dən istifadənin aşağıdakı istiqamətləri müəyyənləşdirilmişdir:

1. İKT - öyrənmə obyekti kimi: burada nəzərdə tutulur ki, təhsilalanlar zəruri İKT biliklərinə və bacarıqlarına malik olmalıdırlar.

2. İKT - tədris prosesində bir vasitə kimi: yəni, yeni nəsil elektron tədris vəsaitlərindən, multimedia və interaktiv alətlərdən istifadə etməklə bütün fənlər üzrə tədrisin keyfiyyəti yüksəlir.

3. İKT - təhsilin idarəolunmasında bir vasitə kimi: bu istiqamət çərçivəsində məlumat bazaları və şəbəkə texnologiyalarının yaradılması vasitəsilə təhsilin daha çevik və effektiv yollarla idarəedilməsinə imkan yaradılır.

4. İKT - təhsil tədqiqatlarında, pedaqoji araşdırmalarda bir vasitə kimi: bununla əlaqədər şəxsiyyətyönümlü tədris mühitinin yaradılması istiqamətində İKT-nin geniş istifadəsini nəzərdə tutan tədris metodikaları hazırlanır, yeni təlim texnologiyaları tətbiq edilir.

Düşünürəm ki, informasiya cəmiyyətinin yarandığı bir dövrdə keçmiş SSRİ-də, o cümlədən Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi tarixinə qısa nəzər salmaq yerinə düşərdi. 1960-cı illərdə məktəb informatikasının əsasını kibernetika elementlərinin öyrədilməsi istiqamətində nəzəri və eksperimental tədqiqatlar təşkil edirdi. 1970-ci ildə 140 saatlıq (70 saat IX, 70 saat X sinifdə) "Kibernetikanın əsasları" kursu orta ümumtəhsil məktəblərinin fakültativ kursları siyahısına rəsmi daxil edilmişdi. 1984-cü ilədək bu kurs əsasən fizika-riyaziyyat təmayüllü məktəblərdə tədris olunurdu. Qeyd etmək lazımdır ki, həmin ilədək keçmiş SSRİ-nin, o cümlədən Azərbaycanın ümumtəhsil məktəblərində İKT kütləvi şəkildə tədris olunmamışdır.

12 aprel 1984-cü il keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda ümumtəhsil məktəblərində informatika və hesablama texnikasının əsaslarının öyrənilməsi dövrünün başlanması kimi tarixə düşmüşdür. Məhz həmin gün Sov.İKP Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin sədrliyi ilə keçirilmiş iclasda bu barədə tarixi qərar qəbul edilmişdir. Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1984-cü il 12 aprel tarixli 313 nömrəli qərarı ilə SSRİ Maarif Nazirliyinə, Pedaqoji Elmlər Akademiyasına, Dövlət Texniki Peşə Təhsili Komitəsinə, Ali və Orta ixtisas Təhsili Nazirliyinə tapşırılmışdı:

* ümumtəhsil məktəblərinin yuxarı siniflərində, texniki peşə məktəblərində, orta ixtisas məktəblərində hesablayıcı elektron texnikasının əsaslarının öyrənilməsini təşkil etsinlər, belə ki, şagirdlərə kompüterlərdən istifadə etmək vərdişləri aşılansın və onlar xalq təsərrüfatında bu texnikanın geniş tətbiqi haqqında biliklərlə silahlandırılsınlar. Bundan ötrü şagirdlər üçün xüsusi kurslar hazırlansın, lazımi dərsliklər, dərs vəsaitləri, məktəb kabinetləri və məktəblərarası kabinetlər yaradılsın, habelə baza müəssisələrinin və başqa idarələrin kompüter texnikasından dərs məqsədləri ilə istifadə olunması nəzərdə tutulsun;

* ümumtəhsil məktəblərinin dərs prosesində kompüterlərin tətbiqi ilə bağlı psixoloji-pedaqoji problemlər haqqında 1986-cı ildə Sov.İKP MK-ya və SSRİ Nazirlər Sovetinə məlumat verilsin;

* 1986-1990-cı illərdə hesablayıcı elektron və mikroprosessor texnikası kabinetləri yaradılsın.

SSRİ Nazirlər Sovetinin qərarından sonra 1984-cü ildə "ümumtəhsil və peşə məktəblərində islahatın əsas istiqamətləri" adlı təşkilati-metodik sənəd hazırlandı və bu sənəddə məktəb islahatının əsas istiqamətlərindən biri kimi gənclərin ümumi kompüter savadsızlığının aradan qaldırılmasının təmini, informatika və hesablama texnikasının əsaslarının tədris prosesinə daxil edilməsi elan olundu.

1985-86-cı dərs ilindən ümumtəhsil məktəblərinin X-XI siniflərində informatikanın və hesablama texnikasının əsasları fənninin tədrisinə başlanmışdır. Bununla əlaqədar bir sıra orta məktəblərə "Aqat", "Mir-2", "Elektronika-DK-28", KORVET, YAMAHA, İBM tipli kompüterlər verildi, yeni kabinetlər yaradıldı. Bakıdakı 132 nömrəli məktəbdə də "Aqat" tipli kompüterlər quraşdırılmışdı. Moskvanın Lionozov Elektromexanika Zavodundan mütəxəssislər dəvət olunmuş və məktəbdə hesablama mərkəzi yaradılmışdı. Məhdud imkanları olan həmin kompüterlərdən demək olar ki, yalnız praktik informatika dərslərində istifadə olunurdu, digər fənlərin tədrisində istifadəsi ümumiyyətlə nəzərdə tutulmurdu.

1984-cü ilin sonunda A.P.Yerşov və V.M.Monaxovun rəhbərliyi ilə informatika və hesablama texnikasının əsasları fənninin proqramı hazırlanmağa başlandı və 1985-ci ilin ortalarında həmin proqram SSRİ Maarif Nazirliyi tərəfindən bəyənildi. 1986-cı ildə "İnformatika və hesablama texnikasının əsasları kursu üzrə ilk proqramın elektron hesablama maşınlarından (EHM) istifadə variantı" çap edildi. IX-X siniflərdə tədrisi nəzərdə tutulan həmin kursa 102 saat vaxt ayrılmışdı. Bu variantda nəzərdə tutulan məzmuna uyğun olaraq bir neçə dərs vəsaiti hazırlandı.

1990-cı illərdən başlayaraq ümumtəhsil məktəblərində çoxvariantlı proqramlardan istifadəyə üstünlük verilirdi. 1991-ci ildə informatikanın və hesablama texnikasının əsasları kursu üzrə üç proqram təsdiq edildi və bununla da ilk proqramın vahid metodiki konsepsiyasına, məktəb informatika kursuna yanaşmalarda vahidliyə son qoyuldu.

A.Yerşov və V.Monaxovun tərtib etdikləri eyni adlı dərsliklər və müəllim üçün vəsaitlər 1985-1987-ci illərdə Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir. Müstəqilliyin ilk illərinədək həmin dərsliklərdən istifadə edilirdi. Yalnız 1993-cü ildə professorlar Rafiq Əliyev, Telman Əliyev və Mustafa Salahlının hazırladıqları "İnformatika və hesablama texnikasının əsasları" dərsliyi nəşr olunmuşdu və orta məktəblərdə istifadə edilirdi. 1997-ci ildə informatika üzrə ilk yeni proqram hazırlandı və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edildi.

Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin 26.09.1988-ci il tarixli, 216 nömrəli əmri ilə Bakı şəhəri Əzizbəyov rayonu Türkan qəsəbəsindəki 119 nömrəli məktəbdə məktəblərarası tədris-hesablama mərkəzi yaradılmış, 3-cü və 5-ci siniflərdə eksperiment qaydasında informatikanın və hesablama texnikasının əsasları fənninin tədrisinə başlanmışdı. Sonra isə aparılmış eksperimentlərin nəticələri nəzərə alınaraq Təhsil Nazirliyinin 12.08.1998-ci il tarixli, 553 nömrəli əmri ilə 1998-99-cu dərs ilindən həmin məktəbin 1-6-cı siniflərində maraq üzrə kurs saatları hesabına "İnformatikanın və hesablama texnikasının əsasları" fənninin tədrisi məqsədəuyğun hesab olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 iyun 1999-cu il tarixli, 168 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı"nda "... yeni təhsil texnologiyasının əsas komponentlərindən biri olan multimedia, monitorinq və sair sistemlərin yaradılması məqsədilə təhsil sistemi müəssisələrinin kompüterləşdirilməsi və mərkəzləşdirilmiş informasiya sistemləri proqramını hazırlamaq və təbliğ etmək" nəzərdə tutulurdu.

Onu da vurğulamaq lazımdır ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda bütün sahələrin inkişafına diqqət yetirdiyi kimi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin dövlət siyasətində prioritet istiqamətə çevrilməsinə də zəmin yaratmışdı. Belə ki, 2003-cü ilin fevral ayında "Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiya (2003-2012-ci illər)" qəbul olunmuş və 10 il ərzində bu sahədə görüləcək işlərin ümumi istiqamətləri müəyyənləşdirilmişdi. İKT üzrə Milli Strategiyaya uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının (BMT) inkişaf proqramı ilə əməkdaşlıq çərçivəsində islahatların aparılmasına başlanmışdı.

Sonradan İKT üzrə qanunvericilik bazasının genişləndirilməsi istiqamətində Prezident fərman və sərəncamları ilə aşağıdakı normativ-hüquqi sənədlər qəbul edilmişdir. "Elektron rəqəmli imza haqqında" Azərbaycan Respublikasının Qanunu; "Elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu; "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu; "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu; "Universal telekommunikasiya xidmətlərinin təsnifatının, təşkili və göstərilməsi şərtlərinin (tələblərinin) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu; "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ilin dekabrında Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə ümumdünya Sammitində "qara qızılı insan qızılına çevirək" bəyanatı Azərbaycanda biliyə əsaslanan iqtisadiyyatın qurulması kursunu müəyyənləşdirmişdi. Bununla əlaqədar İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə ölkə Prezidentinin fərmanı ilə 20 fevral 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. ölkədə İKT sahəsinin sürətli inkişafına nail olunması üçün "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan) Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmişdir. "Elektron Azərbaycan" dövlət proqramına uyğun olaraq respublikanın rabitə və informasiya texnologiyaları şəbəkəsində geniş rekonstruksiya və modernləşdirmə işləri aparılmış, respublikanın transmissiya şəbəkəsi tam rəqəmləşdirilmiş, kommutasiya şəbəkəsinin elektronlaşdırılması işləri sürətləndirilmiş, milli rabitə şəbəkəsinin idarəetmə sistemi təkmilləşdirilmiş, İKT sahəsinə kommersiya qurumlarının cəlb olunmasına, yerli istehsal və xidmətlərin inkişafına, xüsusən regionlarda belə xidmətlərin təşkilinə, həmçinin ixracat potensialının gücləndirilməsinə dair stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir.

Onu da qeyd etmək lazımdır ki, ölkə səviyyəsində İKT sahəsində intensiv işlərin aparılması şəraitində Təhsil Nazirliyi də digər əlaqədar təşkilatlarla birlikdə təhsil sisteminin informasiyalaşdırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdu. Bunlar əsasən aşağıdakılar idi:

* öyrədici multimedia sistemlərinin hazırlanmasına başlanılması;

* İnternetə qoşulan məktəblərin şəbəkəsinin genişləndirilməsi;

* təhsilin idarəedilməsinin məlumat sisteminin, informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqi üzrə hazırlıq işlərinin gücləndirilməsi.

Bununla yanaşı, 80-ci illərin sonlarından başlayan məlum hadisələr Azərbaycanda İKT-nin tətbiqi prosesinə mənfi təsirini göstərməyə bilməzdi. SSRİ-nin dağılması, yenicə müstəqillik qazanmış respublikamızın müharibəyə cəlb olunması, iqtisadi problemlər və sair ümumtəhsil məktəblərinin kompüterləşdirilməsi prosesini təxminən 15 il ləngitdi. Belə ki, 2005-ci ilə qədər respublikamızın 1669644 şagird kontingenti olan 4521 ümumtəhsil məktəbində cəmi 1570 müasir kompüter var idi, hər 1063 şagirdə 1 kompüter düşürdü. Bakı şəhərində belə, məktəblərin 80 faizində müasir kompüterlər yox idi.

ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizatı, ixtisaslı pedaqoji kadrlarla təminatı sahəsində öz həllini gözləyən ciddi problemlər mövcud idi. Bu problemlərin bir qismi aşağıdakılardan ibarət idi:

* ümumtəhsil məktəblərində olan 9 minə yaxın kompüter avadanlığının böyük əksəriyyətinin fiziki və mənəvi cəhətdən köhnəlməsi, istifadə üçün yararsız vəziyyətə düşməsi;

* məktəblərdə təlim xarakterli proqram təminatının olmaması;

* ümumi təhsilin dövlət standartlarında "İnformatikanın və hesablama texniksının əsasları" fənninin tədrisinin yalnız X və XI siniflərdə nəzərdə tutulması;

* məktəblərin İnternet şəbəkəsinə qoşulmasında vahid koordinasiya sisteminin olmaması;

* uzun illər ərzində ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı üçün maliyyə vəsaitinin ayrılmaması;

* ümumtəhsil məktəbləri üçün informasiya və kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin köməkçi (laborant) kadrların hazırlanmasına lazımi diqqətin yetirilməməsi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixli, 355 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" bu istiqamətdə atılmış ən əhəmiyyətli addım oldu. Proqramda 3 ildə ölkənin məktəblərinin kompüter və digər informasiya-kommunikasiya avadanlıqları ilə təchiz edilməsi, hər 33 şagirdə (V-XI siniflərdə) bir kompüter nisbətinin reallaşdırılması nəzərdə tutulmuşdu.

Proqram elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris resurslarının işlənilib hazırlanması, yayılması və tətbiqi, təhsil sisteminin informasiya infrastrukturunun formalaşdırılması, informasiya texnologiyalarına əsaslanmaqla təhsilin müasir məzmununun işlənilib hazırlanması, informasiyalaşdırma prosesinin elmi-metodiki təminatı, şagirdlər üçün məsafədən təhsil xidmətinin, təhsil portalının və saytlarının yaradılması, Azərbaycan dilində olan tədris nəşrlərində və elmi-metodiki nəşrlərdə İKT sahəsi üzrə müasir terminologiyanın hazırlanması və sair məsələləri əhatə edirdi.

İKT-nin insanların həyat və fəaliyyətinə geniş nüfuz etdiyi bir dövrdə məktəblərin İKT ilə təminatının əhəmiyyəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəqiq ifadə olunmuşdur: "İndi kompüterləşmə proqramı həyata keçirilir. Bütün məktəblərdə kompüter sinifləri yaradılacaqdır və əminəm ki, təhsil sahəsində ciddi irəliləyiş olacaqdır. Qarşıya belə bir vəzifə qoyulubdur ki, bütün məktəblərdə kompüter sinifləri yaradılsın və uşaqlar bilavasitə İnternetə çıxış əldə etsinlər, dünyada gedən proseslərlə tanış olsunlar. Azərbaycan dünya birliyinə inteqrasiya siyasətini aparır və dünyada gedən bütün hadisələr, yeniliklər, yaranan yeni texnologiyalar-bunların hamısı İnternet, kompüter vasitəsilə bizim uşaqlarımızın ixtiyarında olmalıdır."

Proqramın üç istiqamətdə həyata keçirilməsi qərara alındı. Birinci istiqamət təhsil müəssisələrinin İKT avadanlığı ilə təminatı ilə bağlı idi. İkinci istiqamət müəllimlər üçün treninqlərin keçirilməsi, üçüncü istiqamət isə tədris resurslarının yaradılması və proqram təminatını əhatə edirdi.

Proqrama əsasən, 2005-2007-ci illərdə 3693 məktəb 31677 kompüter, 1103 noutbuk+proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu və digər İKT avadanlığı, 28661 kompüter masası, 23346 stul ilə təchiz olundu, məktəblərdə 1722 kompüter sinfi yaradıldı. Beləliklə, 2007-ci ilin sonuna ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 29 şagirdə 1 kompüter nisbəti təmin edildi. Eyni zamanda ümumtəhsil məktəblərinə ilk mərhələdə 5 min nəfər laborant ştatları verildi.

ölkəmizin təhsil tarixində ilk dəfə olaraq fənlər üzrə elektron təlim materialları və əyani vəsaitlər hazırlanıb məktəblərə çatdırıldı. Azərbaycan tarixi fənni üzrə 20 adda 37900 nüsxə elektron vəsait, 90 adda 170550 nüsxə plakat, 4 adda 7580 nüsxə metodik vəsait, 14 adda 26530 nüsxə test kitabı, kimya fənni üzrə 8 adda 15160 nüsxə elektron vəsait, 64 adda 121280 nüsxə plakat, 4 adda 7580 nüsxə metodik vəsait, 14 adda 26530 nüsxə test kitabı, biologiya fənni üzrə 12 adda 22740 nüsxə elektron vəsait, 90 adda 170550 nüsxə plakat, 8 adda 15160 nüsxə metodik vəsait, 6 adda 11370 nüsxə test kitabı, fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron vəsait, 25 adda 85000 nüsxə plakat, 3 adda 10200 nüsxə metodik vəsait hazırlanıb məktəblərə çatdırılmışdır.

Onu da qeyd edim ki, elektron tədris resurslarının hazırlanması prosesində ciddi çətinliklərlə rastlaşdıq. Proqramın həyata keçirildiyi birinci ildə bir sıra təşkilatlara ümumtəhsil məktəbləri üçün müxtəlif fənlər üzrə elektron tədris vəsaitlərinin hazırlanması ilə bağlı müraciət olunmuşdu. Lakin respublikada belə bir təcrübə olmadığından həmin il heç bir təşkilat tərəfindən belə vəsaitlər hazırlana bilmədi, bu məqsədlə ayrılan vəsait hökumətin qərarı ilə İKT avadanlığının alınmasına yönəldildi.

Qeyd etmək lazımdır ki, adi tədris materiallarından (kitablardan) fərqli olaraq, elektron tədris resursları (və ya şəbəkə məlumat resursları) müasir texnikanın nailiyyətlərini, bütün tədris proqramını və keçilən mövzuya aid digər əlavə materialları, tədris metodikasını, dizayn və bədii keyfiyyəti özündə cəmləşdirən mürəkkəb bir məhsuldur. Adi kitablarla müqayisədə elektron tədris materiallarının yaradılması və istifadəsi üçün proqram-texniki kompleks - mətn, səsləndirmə, musiqi, foto, video, qrafika, animasiya və s. işlərin yerinə yetirilməsi tələb olunur.

Mövcud çətinliklərə baxmayaraq, bu istiqamətdə nazirliyin səyləri davam etdirildi, müxtəlif təşkilatlar tərəfindən ayrı-ayrı fənlər üzrə hazırlanmış audiovizual elektron vəsaitlərin nümunələri Təhsil Nazirliyinə təqdim olundu. Həmin vəsaitlərin tədris proqramlarına uyğunluğunu və multimedia sistemlərinin tələblərinə cavab verib-vermədiyini müəyyənləşdirmək məqsədilə 1 may 2006-cı il tarixdə Təhsil Nazirliyində bu sahədə tanınmış alim və mütəxəssislərdən ibarət Ekspert Komissiyası yaradıldı. Eyni zamanda nazirlikdə "Elektron tədris nəşrləri və resurslarının ekspertizası və onlara Təhsil nazirliyinin qrifinin verilməsi qaydaları haqqında müvəqqəti Əsasnamə" və "Elektron tədris nəşrləri və resurslarının kompleks ekspertizası və onların keyfiyyətlərinin qiymətləndirilməsi meyarları" hazırlanaraq təsdiq olundu. "çaşıoğlu" və "Bakı" nəşriyyatları tərəfindən nazirliyə təqdim olunmuş nümunələr Ekspert Komissiyası tərəfindən texniki, məzmun və dizayn-erqonomika ekspertizasından keçərək müsbət qiymətləndirildi.

Eyni zamanda tədris vəsaitlərindən istifadə qaydaları və tədrisinə dair metodik tövsiyələr hazırlandı və nəfis şəkildə çap olundu. Multimedia resurslarına əlavə olaraq hazırlanmış əyani tədris vəsaitləri müəllim və şagirdlər üçün qiymətli məlumat mənbəyi oldu. Bunlarla yanaşı, müəllimlərin istifadəsi üçün multimedia tədris vəsaitlərində əks olunan testlərin mətni və onların cavabları da ayrıca kitabça şəklində nəşr olundu. "Bakı" nəşriyyatı tərəfindən "Test dizayner" proqram təminatı işləndi ki, bu da müəllimlər tərəfindən elektron test nümunələrinin hazırlanması və istifadə edilməsinə imkan yaratdı.

Bütün bunlarla yanaşı, başa düşürdük ki, təhsil müəssisələrinə İKT avadanlığının verilməsi ilə iş bitmir. Əsas məsələ tədris prosesində və idarəetmədə bu avadanlıqlardan və elektron tədris resurslarından səmərəli istifadə edə bilən müəllim və rəhbər heyətin hazırlanmasıdır.

Müəllimlərlə ilk treninqlərə Bakı Elm və Tədris Mərkəzində başladıq və 300 nəfər informatika müəllimini treninqlərə cəlb etdik. Treninqlərin sonunda onlar imtahan verib beynəlxalq dərəcəli sertifikatlar aldılar. Sonradan bu müəllimlər "öyrədənlərin öyrədəni" kimi digər müəllimlərin də hazırlanmasında mühüm rol oynadılar. Bununla yanaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən aparılan treninqlərdə 200-dən artıq informatika müəllimi lazımi bilik və bacarıqlara yiyələndi. Növbəti mərhələdə ayrı-ayrı fənn müəllimləri üçün treninqlər "Mədəd-Azərbaycan" şirkəti tərəfindən həyata keçirilməyə başladı.

ümumilikdə, 2005-2008-ci illərdə proqram çərçivəsində beynəlxalq təşkilatlarla birlikdə ümumtəhsil məktəblərinin 20 min nəfər müəllim heyəti müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir. Məktəb direktorları və onların müavinlərinin müvafiq bacarıqlara yiyələnməsi məqsədilə proqram hazırlanmışdır və treninqlər həyata keçirilir. Yeni işə qəbul edilən məktəb direktorları üçün İKT-dən istifadə əsas şərtlərdən biri kimi müəyyənləşdirilmişdir.

İKT-nin təlim prosesinə tətbiqi istiqamətində də Təhsil Nazirliyi tərəfindən bir sıra əhəmiyyətli addımlar atılmışdır. Belə ki, hələ 2004-2005-ci dərs ili üçün hazırlanmış tədris planlarında informatikanın 1-ci sinifdən başlayaraq tədrisinə keçilmiş, 1-11-ci siniflər üçün yeni proqram təsdiq edilmişdir. Sonradan kurikulum islahatı çərçivəsində hazırlanmış və 2006-cı ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "ümumi orta təhsilin Konsepsiyası (Milli Kurikulum)" sənədində informatika fənninin I-XI siniflərdə tədrisi nəzərdə tutuldu, onun məqsəd və vəzifələri, təlim nəticələri müasir tələblər baxımından işləndi. 2008-2009-cu dərs ilindən ölkənin ümumtəhsil məktəblərinin I siniflərində yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar informatika fənni üzrə də yeni dərslik komplektləri hazırlandı və məktəblərə verildi. 2009-2010-cu dərs ilində isə II siniflərdə yeni dərslik komplektləri tətbiq ediləcəkdir. Eyni zamanda V-X siniflər üçün yeni məzmunda "İnformatika" dərslikləri hazırlanmışdır və şagirdlərin istifadəsindədir.

Əlbəttə, qısa müddət ərzində İKT-nin tətbiqi sahəsində əldə edilmiş nailiyyətlərlə yanaşı, aparılmış monitorinqlər nəticəsində bir sıra problemlərin olduğu da müşahidə olunmuşdur. Belə ki, Təhsil Nazirliyinin 31 oktyabr 2007-ci il tarixli əmrinə əsasən, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun bir sıra ümumtəhsil məktəblərinin Dövlət Proqramı çərçivəsində İKT ilə təmin olunması, onların quraşdırılması və tədris prosesində istifadəsi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq aparılmışdır. Bu işə 57 nəfərdən ibarət işçi qrupu cəlb edilmişdi. Monitorinq Bakı şəhəri üzrə 304, Sumqayıt şəhəri üzrə 47 və Abşeron rayonu üzrə 5 məktəb olmaqla, ümumilikdə 356 məktəbi əhatə etmişdir.

Monitorinqin nəticələri göstərdi ki, bəzi məktəblərdə İKT avadanlıqları quraşdırılmamış saxlanılır və onlardan istifadə olunmur. Digər hallarda isə lokal şəbəkənin olmaması təlim prosesində İKT-dən səmərəli istifadəyə mane olurdu. Monitorinq onu da aşkar etdi ki, böyük əmək və vəsait sərf edilməklə hazırlanmış elektron tədris resurslarından məktəblərdə istifadə vəziyyəti qənaətbəxş deyildir. Bu vəziyyət bir sıra amillərlə bağlı idi. İlk növbədə, hətta treninqdən keçmiş bir sıra müəllimlər İKT bacarıqlarına tam yiyələnmədiyindən elektron tədris resurslarından istifadə edə bilmirdilər. Bir sıra məktəb rəhbərləri təlim prosesində elektron resursların əhəmiyyətini kifayət qədər dərk etmədiyindən və özləri İKT-dən istifadə bacarıqlarına malik olmadıqlarından bu sahəyə diqqət yetirmirdilər. Daha bir problem kompüterlərdə istifadə edilən əməliyyat sistemi ilə bağlı idi və bu səbəbdən elektron tədris resurslarından istifadə etməkdə çətinliklər yaranırdı.

Təhlil onu da göstərdi ki, informatika fənninin bütün siniflərdə tədris edilməsi ilə əlaqədar ixtisaslı müəllimlərə ehtiyac kəskin şəkildə artmışdır. Bu səbəbdən bir sıra məktəblərdə fənn müəllimlərinin çatışmaması müşahidə olunurdu. Bu problemin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyi yenidənhazırlanma qaydalarında müəyyən dəyişiklik etmək məcburiyyətində qaldı və kadr hazırlığına başladı.

Monitorinqin nəticələri Təhsil Nazirliyinin kollegiya iclasında bütün aidiyyəti orqanların və qurumların nümayəndələrinin iştirakı ilə geniş müzakirə edildi. Aşkar olunan problemlərin aradan qaldırılması istiqamətində kollegiya qərarında bütün fənn kurikulumlarında İKT-dən istifadənin zəruri şərt kimi nəzərə alınması, kompüter siniflərinin fasiləsiz olaraq tədris prosesində istifadə olunması, məktəblərin İnternetə çıxışının təmin olunması üzrə tədbirlərin həyata keçirilməsi, texniki aspektlər üzrə standartların hazırlanması, əməliyyat sistemi üçün alınmış lisenziyaların yeniləşdirilməsi, məktəblərə verilmiş elektron tədris resurslarından müvafiq fənlərin tədrisində maksimum səmərəli istifadəyə nail olunması, məktəblərdə informatika fənni üzrə kadr təminatının təhlil olunması və müvafiq təkliflərin hazırlanması, məktəb rəhbərləri və pedaqoji kadrlar üçün İKT sahəsində treninqlərin daha səmərəli təşkil edilməsi, treninqlərin əhatə dairəsinin genişləndirilməsi, zəruri hallarda təkrar treninqlərin keçirilməsi, İKT-nin tətbiqi üzrə müsbət təcrübələrin təbliğ edilməsi, yaradıcı və İKT sahəsində uğur qazanmış müəllimlər üçün stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi məsələləri öz əksini tapdı.

 

 

(Ardı var)

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor