· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bərdədə daha iki məktəb binası istifadəyə veriləcək

 

Bu gün respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da yeni təhsil müəssisələrinin tikintisi və yenidən qurulması davam edir. Təsədüfi deyil ki, son 5 ildə dövlət vəsaiti hesabına rayonda 13 yeni məktəb binası tikilib, 20-si isə əsaslı təmir edilib.

 Hazırda rayonun Kətəlparaq və Qaradırnaq kəndlərində yeni məktəblərin tikintisi başa çatmaq üzrədir. Bu məktəblərin yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur. 

Kətəlparaq kənd orta məktəbi 640 yerlik olaraq 3 mərtəbədən ibarətdir. Bununla yanaşı, 31 sinif otağı, kitabxana, müəllimlər, kompüter otağı, fizika və kimya laboratoriyaları, idman və akt zalları şagird və müəllimlərin ixtiyarına veriləcəkdir. Məktəb həmçinin istilik sistemi ilə də təchiz olunub. Türkiyənin "Alarko" firmasına məxsus bu sistem müasir tələblərə uyğun olaraq quraşdırılıb. Məktəbin həyətində abadlıq işləri aparılıb, asfalt salınıb.

Qaradırnaq kənd orta məktəbi isə 2 mərtəbədən ibarət olaraq 480 nəfər şagird üçün nəzərdə tutulub. Tikintisi 2009-cu ilin yanvarından başlayan məktəbdə artıq son tamamlama işləri gedir. Məktəb 23 sinif, 2 kompüter otagı, fizika və kimya laboratoriyaları, kitabxana, bufet, akt və idman zallarından ibarətdir. Bununla yanaşı, məktəb müasir standartlara cavab verən avadanlıqlarla da təchiz olunub. Məktəbin enerji təchizatını yaxşılaşdırmaq üçün əlavə transformator quraşdırılması da nəzərdə tutulub. Həyətyanı sahə abadlaşdırılıb. Yenidənqurma işləri davam edir.   

 

Niyazi RƏHİMOV

 

 

Şəkidə 3 yeni məktəb binası istifadəyə veriləcək

 

"Bilik günü" ərəfəsində Şəki rayonunda daha 3 yeni məktəb binasının istifadəyə verilməsi nəzərdə tutulur.

Şəhər təhsil şöbəsindən bildirmişlər ki, rayonun Baş Göynük və Kiçik Dəhnə kəndlərində dövlət vəsaiti hesabına inşa olunan 640, Dərəcənnətli kəndində isə 240 yerlik yeni məktəb binaları istifadəyə tam hazırdır. Müasir standartlara uyğun inşa edilmiş məktəb binaları avadanlıqla təmin olunmuşdur.

Bundan əlavə, yeni dərs ili ərəfəsində rayonun Köbər Zəyzid və Şin kənd məktəbləri büdcə vəsaiti hesabına əsaslı təmir olunmuş, digər təhsil ocaqlarında isə daxili imkanlar hesabına carı təmir işləri aparılmışdır.

ümumiyyətlə, yeni tədris ilində rayonda 100 məktəb, 60 uşaq bağçası və 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərəcəkdir. Təhsillə əhatə olunacaq şagirdlərin ümumi sayı 26348 nəfər, o cümlədən 1-ci sinfə gedəcək uşaqların sayı 2338 nəfərdir. Bununla yanaşı, 2582 uşaq məktəbəqədər tərbiyə müəssisələrinə cəlb olunacaqdır.

 

AzərTAc

 

 

Şamaxı rayonunun təhsil ocaqları yeni dərs ili ərəfəsində

 

Artıq yeni dərs ilinin astanasındayıq. Rayonun təhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işlərini müvəffəqiyyətlə başa çatdırmaq üçün ən zəruri tədbirlər həyata keçirilir. Elə bunun nəticəsidir ki, S.M.Qənizadə adına şəhər 1 nömrəli orta məktəbin əsaslı təmiri, eyni zamanda burada 15 əlavə sinif otağının tikilməsi, şəhər 2 nömrəli orta məktəb üçün 30 əlavə sinif otağının inşası, eləcə də 3 nömrəli orta məktəb üçün 640 yerlik yeni məktəb binasının "Bilik günü" - 15 sentyabrda şagird və müəllimlərin istifadəsinə verilməsi çoxsaylı pedaqoji ictimaiyyət və valideynlər üçün böyük töhfə olacaqdır. Onu da qeyd edək ki, həmin məktəblər yeni inventarlar, əyani vəsaitlər, ədəbiyyat və dərsliklərlə təmin edilib.

Eyni zamanda Şamaxı rayonunun təhsil müəssisələrində payız və qış mövsümünə də ciddi hazırlıq işləri görülür. RTŞ-nin tədbirlər planına əsasən payız və qış mövsümünə hazırlıq işlərini də sentyabrın 15-nə kimi tam başa çatdırılacaqdır.

Rayonun şəhər 1, 2, 5, 6, 9 nömrəli orta, internat tipli lisey, Şəhriyar, Sabir, Mədrəsə, Y.Məmmədəliyev adına qəsəbə, Meysəri, Mirikənd, Muğanlı, II Cabanı, Qələybuğurd, Nağaraxana, Göylər 1 və 2 nömrəli, Ovçulu kənd orta, Böyük Xınıslı, Sis, Dədəgünəş, çağan kənd əsas məktəblərində yeni dərs ilinə hazırlıq işləri daha nümunəvi təşkil olunmuşdur.

 

Ədalət MƏMMƏDOV,

Şamaxı RTŞ-nin aparıcı məsləhətçisi