· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Rusiyanın "Avrasiya Araşdırmaları İnstitutu" Fondu bir qrup azərbaycanlı tələbəni D.İ.Mendeleyev təqaüdünə layiq görüb

Bakı Slavyan Universitetində Rusiyanın "Avrasiya Araşdırmaları İnstitutu" Fondu tərəfindən təsis olunmuş D.İ.Mendeleyev təqaüdünün təqdim edilməsi mərasimi keçirilmişdir.

Təntənəli mərasimdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin iştirak etmişlər.

Mərasimin əvvəlində Bakı Slavyan Universiteti tələbələrinin ifasında beynəlxalq tələbələr himni səslənmişdir.

BSU-nun rektoru Kamal Abdullayev mərasimi açaraq universitetin yaranma tarixi, onun fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumat vermişdir. O demişdir ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli fərmanı ilə yaradılmış Bakı Slavyan Universiteti bütün regionda nadir tədris müəssisəsidir. Bu ali məktəb bir sıra slavyan dilləri və başqa dillər üzrə mütəxəssislərlə yanaşı, tədrisin rus dilində olduğu məktəblər üçün rus dili və ədəbiyyatı müəllimləri, habelə filoloq-rusistlər, rusiyaşünaslar, tərcüməçilər və başqa mütəxəssislər hazırlayır. Universitetdə bir sıra xarici ölkələrdən olan tələbələr də təhsil alırlar. BSU A.S.Puşkin adına Rus dili İnstitutu ilə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti), Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutu, Moskva Dövlət Linqvistika Universiteti, Ural (Yekaterinburq) Dövlət Universiteti, Moskva Dövlət Pedaqoji Universiteti və başqa ali məktəblərlə uğurlu əməkdaşlıq edir.

Kamal Abdullayev qeyd etmişdir ki, Azərbaycanın ali rəhbərliyi, habelə Azərbaycanın və Rusiyanın, digər slavyan dövlətlərinin elm, təhsil və mədəniyyət nümayəndələri BSU-ya daim real mənəvi və maddi kömək göstərirlər. O, əmin olduğunu bildirmişdir ki, BSU-da keçirilən bu görüş ölkələrimiz və xalqlarımız arasında humanitar əməkdaşlığın möhkəmlənməsinə, elm və təhsil mərkəzlərimiz arasında əlaqələrin inkişafına şərait yaradacaqdır.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev çıxış etmişdir. O, RF Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini salamlayaraq əmin olduğunu bildirmişdir ki, onun Azərbaycana bu səfəri müxtəlif sahələrdə, o cümlədən təhsildə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına layiqli töhfə verəcəkdir.

R.Mehdiyev demişdir: Təxminən bir aydan sonra, aprelin 4-də biz Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər yaradılmasının 17-ci ildönümünü qeyd edəcəyik. Tarix baxımından bu, böyük müddət deyil, lakin dinamik inkişaf edən müasir dünyada, qloballaşma və İnternet epoxasında bu müddət çox şeyi ehtiva etmişdir: ümumi tariximizin yeni mərhələsi başlanmışdır, əməkdaşlığımız yeni məzmun kəsb edir. Şübhəsiz, bunların arxasında ölkələrimizin ali rəhbərlərinin - İlham Əliyevin və Dmitri Medvedyevin dövləti müdrikliyi və gərgin işi, nazirliklərin və idarələrin fəaliyyəti, vətəndaşlarımızın qarşılıqlı fəaliyyəti və möhkəm dostluğu dayanır.

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri vurğulamışdır ki, XX əsr, heç şübhəsiz, tarixə rusdilli mədəni və informasiya məkanının yaranması, formalaşması və fəal inkişafı dövrü kimi daxil olacaqdır. Görkəmli rus maarifçilərinin fəaliyyətindən başlanan bu əsr postsovet məkanında çoxsaylı rus mədəniyyət və təhsil ocaqlarının formalaşması ilə başa çatmışdır. Biz fəxr edirik ki, ölkəmizdə bu mərkəzlər dövlət qayğısı ilə əhatə olunmuşdur. Səməd Vurğun adına Rus Dram Teatrı, Bakı Slavyan Universiteti bu fikri təsdiq edən gözəl nümunələr sayıla bilər.

Bu gün Azərbaycan dinamik inkişaf edir. ölkədə iri iqtisadi layihələrin, regionların inkişafı proqramının həyata keçirilməsi, uğurlu investisiya siyasəti Azərbaycan gənclərinin keyfiyyətli təhsil alması üçün güclü stimul verir. Əlbəttə, dünyada cərəyan edən qloballaşma prosesləri gənclərin zövqlərinə və istəklərinə düzəlişlər edir, lakin rus dili bizim təhsil məkanında öz ciddi mövqelərini qoruyub saxlamaqda davam edir. Heydər Əliyevin fərmanı ilə Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılmış Bakı Slavyan Universiteti faktik olaraq slavyan xalqlarının məskunlaşma arealında cərəyan edən dil proseslərini və siyasi prosesləri öyrənməklə məşğuldur. Universitet, eyni zamanda rus dilinin və ədəbiyyatının öyrənilməsi ilə bağlı çoxsaylı layihələrin əlaqələndiricisi və rəhbəri funksiyalarını öz üzərinə götürmüşdür.

R.Mehdiyev Azərbaycanda rus dilinin öyrənilməsi mənzərəsini əks etdirən statistik rəqəmlər göstərmişdir. Bildirmişdir ki, postsovet məkanındakı bəzi ölkələrdə rus dilinin təhsil sahəsindən praktik olaraq sıxışdırılıb çıxarıldığı şəraitdə biz ümumtəhsil sektorunda nəinki rus dilinin öyrənilməsini, hətta rus dilində təhsili də qoruyub saxlamışıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın ali məktəb sektorunda 16 mindən çox tələbə rus dilində təhsil alır. Bu gün Azərbaycanın dövlət ali məktəblərində 70 min tələbə, yəni bütün tələbələrin 65 faizi rus dilini müstəqil fənn kimi öyrənir. Orta ixtisas məktəblərində bu rəqəm 74 faizə, texniki peşə məktəblərində isə 97 faizə çatır.

Statistik təhlil göstərir ki, rus icmasına mənsub olmayan ailələrdə də valideynlər bəzən öz uşaqlarının təhsil alması üçün rus dilini seçirlər. Onlar dilin daha yaxşı mənimsənilməsi üçün çox vaxt öz uşaqlarını məktəbəqədər hazırlığın rus dilində aparıldığı tədris müəssisələrinə verirlər. Belə ki, respublikanın 202 uşaq bağçasında 7 mindən çox uşaq rus dilində hazırlıq keçir.

Rus dili orta məktəbdə həm də xarici dil kimi öz mövqeyini saxlayır. Daha konkret desək, 215 min şagird rus dilini xarici dil kimi öyrənir. Orta məktəblərdə 109 mindən çox məktəbli isə, ümumiyyətlə, rus dilində təhsil alır. Bu rəqəmlər göstərir ki, bizim bütün sahələrdə uğurlu əməkdaşlıq etməyimiz üçün sanballı kadr bazası yaradılır.

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri diqqəti ona cəlb etdi ki, müstəqillik illərində rus dilində çıxan qəzetlərin sayı artmışdır. Bir əsrdən çox tarixi olan "Bakinski raboçi" qəzeti çox populyardır.

Rus dili Azərbaycanın informasiya məkanında da fəal istifadə edilir. Rus dilində xeyli sayda sayt və informasiya resursları vardır. İTAR-TASS və RİA Novosti kimi informasiya agentliklərinin Azərbaycanda fəaliyyət göstərməsi informasiya mübadiləsi sahəsində də uğurlu əməkdaşlığımıza sübutdur.

2004-cü ildən başlayaraq ölkəmizdə çoxlu sayda ədəbiyyatın latın qrafikası ilə təkrar nəşrinə dair genişmiqyaslı layihə həyata keçirilmişdir. Qeyd etmək istəyirəm ki, rus klassiklərinin əsərlərinin nəşri bu layihədə xüsusi yer tutmuşdur. Puşkin, Lermontov, Tolstoy, Bulqakov, Blok, Yesenin və başqa yazıçı və şairlərin əsərlərinin ümumi tirajı təqribən 1,5 milyon nüsxə təşkil etmişdir.

R.Mehdiyev bildirmişdir ki, dünya ədəbiyyatı klassiklərinə həsr edilmiş yeni layihədə Vladimir Nabokov, Andrey Platonov, Boris Pasternak, Aleksandr Soljenitsın və başqalarının əsərləri Azərbaycan dilində nəfis tərtibatda nəşr olunacaqdır.

Bütün bunlar təhsil və mədəniyyət sahələrində gedən proseslərlə bağlı yalnız ayrı-ayrı ştrixlərdir. Bu yaxınlarda biz Azərbaycanda "Rusiya ili"ni və Rusiyada "Azərbaycan ili"ni böyük uğurla qeyd etdik. Bütün bunlar onu göstərir ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasət - Rusiya ilə mehriban qonşuluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq siyasəti uğurla inkişaf edir, bu sahəyə yeni-yeni insanlar, ilk növbədə, gənclər cəlb olunurlar.

Prezidentin İcra Aparatının rəhbəri salonda əyləşən tələbələrə müraciətlə bir daha xatırlatmışdır ki, onların dünyada ən zəngin dillərdən birini öyrənməsi üçün nadir imkanları var. O demişdir: "Sizin rus mədəniyyəti ilə tərcümələr vasitəsilə deyil, orijinalda ünsiyyətdə olmaq imkanınız var. Bu imkanı əldən verməyin. Axı xarici dili yalnız çox gənc yaşında ana dili kimi öyrənmək mümkündür. Mənə çox xoşdur ki, Rusiya Federasiyası azərbaycanlı tələbələrə bu qədər yüksək səviyyədə diqqət və qayğı göstərir. ümid edirəm ki, bu əlaqələr mütəmadi olacaq və həm təhsil prosesinə müsbət təsir göstərəcək, həm də hər bir tələbənin taleyində əks olunacaqdır. Sizə uğurlar arzulayıram. Mən ümid edirəm ki, bu gün təqdim edilən D.İ.Mendeleyev adına təqaüdlər sizin üçün yeni stimullar yaradacaqdır.

RF Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin tədbir iştirakçılarına Rusiya dövlətinin başçısı Dmitri Medvedyevin salamlarını çatdırmışdır. O demişdir ki, böyük alim, anadan olmasının 175 illiyi bu yaxınlarda qeyd edilmiş  D.İ.Mendeleyevin adını daşıyan təqaüdlərin təqdim olunması mərasimində tələbələrlə görüşmək mənə çox xoşdur. Bu salonda gənc tələbələr - riyaziyyatçılar, kimyaçılar, politoloqlar, filoloqlar, hüquqşünaslar toplaşmışdır. Sizin hamınızı birləşdirən cəhət seçdiyiniz ixtisaslar və peşələr üzrə biliklərin zirvələrinə doğru irəliləmək kimi güclü bir istəkdir. Deməliyəm ki, Azərbaycanda sizin öz məqsədinizə çatmağınız üçün bütün zəruri şərait yaradılır.

çox xoşdur ki, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə böyük maraqla, mən deyərdim ki, həssaslıqla yanaşırlar. Bu, Azərbaycanın dövlət hakimiyyətinin tamamilə uzaqgörən siyasətidir. Ona görə ki, rus dili və rus mədəniyyəti nəticə etibarilə Rusiyanın və ya rusiyalıların mülkiyyəti deyil, bu, sizinlə bizim ümumi sərvətimiz, böyük MDB məkanında yaşayanların hamısının ümumi dəyəridir.

Əlamətdar haldır ki, bu gün bir neçə hadisə baş vermişdir. Lap bu yaxın vaxtlarda Bakıda Moskva Dövlət Universitetinin filialı işə başlamışdır. Bu gün biz Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu nadir tədris müəssisəsinin təntənəli açılışını keçirdik. Biz ölkələrimiz arasında humanitar əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiririk. Bugünkü hadisə - D.İ.Mendeleyev adına təqaüdlərin təmin edilməsi də gələcəyə istiqamətlənmiş humanitar əməkdaşlıq xəzinəsinə bir töhfədir.

S.Narışkin D.İ.Mendeleyev adına təqaüdün təsis edilməsinə görə Rusiyanın "Avrasiya Araşdırmaları İnstitutu" Fonduna təşəkkürünü bildirərək vurğulamışdır ki, bu təqaüdlər təkcə gənc azərbaycanlı tələbələrin istedadına və əməksevərliyinə deyil, həm də bizim ümumi gələcəyimizə yaxşı sərmayə deməkdir. Mən əminəm ki, D.İ.Mendeleyev təqaüdçüləri və sizin universitetin başqa tələbələri öz istəklərinə nail olacaq, yüksək səviyyəli peşəkar mütəxəssislərə çevriləcəklər. İnanın ki, bu, təkcə Azərbaycanın yox, həm də Rusiyanın maraqlarına uyğundur, çünki ölkələrimizin uğurları və firavanlığı sizdən, sizin uğurlarınızdan asılıdır. Buna görə də mən bugünkü parlaq, hərarətli, təntənəli hadisə münasibətilə bu mərasimin bütün iştirakçılarını ürəkdən təbrik edirəm.

Sonra Sergey Narışkin Azərbaycan ali məktəblərinin on nəfər ən yaxşı tələbəsinə D.İ.Mendeleyev adına təqaüdləri təqdim etmişdir.

D.İ.Mendeleyev təqaüdçüləri adından çıxış edən BSU-nun 4-cü kurs tələbəsi Teymur Məmmədov Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinə, habelə "Avrasiya Araşdırmaları İnstitutu" Fonduna azərbaycanlı tələbələrə göstərdikləri diqqətə görə təşəkkürünü bildirmişdir. O vurğulamışdır ki, tələbələr rus dilinin əhəmiyyətini və rolunu yüksək qiymətləndirirlər və Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəklər.

Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova həmin muzeydə olmuş fəxri qonaqların, o cümlədən Rusiyanın tanınmış siyasətçilərinin, ədəbiyyat və incəsənət xadimlərinin imzaları olan miniatür kitabı qonaqlara hədiyyə etmişdir.

Sonra qonaqlar BSU nəzdində Rus Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki, tələbələr bu mərkəzdə Rusiyanın tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında ətraflı informasiya əldə edirlər.

Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin tələbələrlə söhbətində onlara uğurlar arzulamışdır.

Tədbirin sonunda üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə konsert olmuşdur.

 

AzərTAc