· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Fevralın 27-də Azərbaycan Respublikasının Nazirlər Kabineti "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" qərar qəbul etmişdir.

Qərarda göstərilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl  olmasını təmin etmək məqsədilə 2009-cu ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilsin.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Modul proqramlar əsasında kadr hazırlığı məsələlərinə dair seminar

Martın 2-də Təhsil Problemləri İnstitutunda texniki peşə təhsilinin inkişafına dair Dövlət Proqramı çərçivəsində növbəti seminar keçirildi.

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi, Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi və Beynəlxalq Əmək Təşkilatının (BƏT), maliyyə və təşkilati dəstəyi ilə keçən seminarı Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov açaraq adıçəkilən sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasından, bu sahəyə dövlət qayğısının artmasından geniş söz açdı. Azərbaycan peşə təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə keçirilən seminar modul proqramlar əsasında kadr hazırlığı məsələlərinə həsr olunmuşdu. Beş gün davam edəcək seminarın açılışında Təhsil Problemləri İnstitutunun direktoru A.Mehrabov institutun fəaliyyəti haqqında qısa məlumat verərək bu ilin yanvarından fəaliyyətə başlayan İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin seminarının işinə uğurlar dilədi.

Sonra Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə koordinatoru Rəşad Fərəcov çıxış edərək beynəlxalq layihələr çərçivəsində keçirilən seminarların əhəmiyyətindən danışdı.

Seminarın işini aparacaq beynəlxalq ekspert, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə subregional bürosunun əməkdaşı Danil Anişenko (Ukrayna) modul sistemi ilə kadr hazırlamaq məqsədini qarşısına qoyan seminarın işinin hesabat xarakteri daşımadığını, gərgin əmək tələb edən bir proses olduğunu vurğuladı.

Seminarın birinci iş günü peşə təlimində modul yanaşma - MST-in prinsipləri, BƏT-in modul konsepsiyası, modul bloku MST sisteminin əsasıdır, əmək vərdişləri modulu bloku - modul blokları məcmusunda işin xüsusiyyətləri və digər məsələlər haqqında danışıldı.

 

 

 

Valideynlərin maarifləndirilməsi proqramı çərçivəsində treninqlər keçirilir

 Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış Kredit Sazişinə uyğun olaraq həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə Məktəbə hazırlığın inkişaf etdirilməsi komponenti çərçivəsində Qısamüddətli qruplarda məktəbə hazırlıq və Valideynlərin maarifləndirilməsi proqramlarının tətbiqi nəzərdə tutulmuşdur. Bununla əlaqədar pilot rayonlar (Lənkəran, Quba, Şamaxı, Füzuli, Göygöl, Bakı şəhərinin Xətai rayonu) seçilmiş və proqramlar tətbiq ediləcək müəssisələr müəyyənləşdirilmişdir.

Məktəbə hazırlığın inkişaf etdirilməsi komponentinin icra planına uyğun olaraq bu ilin fevralından iyuladək Valideynlərin maarifləndirilməsi proqramı çərçivəsində müvafiq treninqlərin keçirilməsi planlaşdırılmışdır. Bununla əlaqədar treninqlərin proqramı, iştirakçıların siyahısı və xərclər smetası təsdiq edilmişdir.

Artıq Bakı şəhərində treninqlərin keçirilməsinə başlanmışdır. Növbəti treninqlər qrafikə uyğun olaraq Lənkəran, Füzuli, Şamaxı, Quba və Göygöl rayonlarında keçiriləcəkdir.

 

 

 

 

 

 

Naxçıvan Dövlət Universiteti daha bir beynəlxalq qurumun üzvüdür

Naxçıvan Dövlət Universiteti Asiya Universitetləri Assosiasiyasının üzvlüyünə qəbul edilib. Bu barədə Assosiasiyanın baş katibi professor-doktor Ruben Umalyunun NDU-nun rektoru, akademik İsa Həbibbəylinin ünvanına göndərdiyi 3 fevral 2009-cu il tarixli məktubunda məlumat verilir.

Naxçıvan Dövlət Universiteti beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi sahəsində əldə etdiyi mühüm nəticələrə görə Asiya Universitetləri Assosiasiyasının üzvü olmaq imkanı qazanmışdır.

R.Umalyun bu beynəlxalq qurumun yaranma tarixi və inkişaf yolu haqqında broşüraları, 2008-ci ilə dair hesabatları, qarşıdakı dövr üçün fəaliyyət proqramını NDU-nun rektoruna göndərmişdir.

Məlumat üçün bildirək ki, Naxçıvan Dövlət Universiteti 2007-ci ildən etibarən Avropa Rektorlar Klubunun üzvüdür.

 

Mehriban SULTAN,

NDU-nun mətbuat şöbəsinin müdiri