· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"İnnovativ müəllimlər" müsabiqəsi başa çatdı

"Mikrosoft Azərbaycan" şirkətinin Təhsil Nazirliyinin dəstəyi ilə bu ilin əvvəlindən keçirdiyi "İnnovativ müəllimlər" müsabiqəsi başa çatıb. Bu münasibətlə fevralın 28-də paytaxtın "Park İnn" otelində yekun mərasimi keçirildi. Mərasimdə təhsil naziri cənab Misir Mərdanov, müsabiqəyə dəstək vermiş Mədəd humanitar təşkilatı və HP şirkətinin nümayəndələri, bəzi ümumtəhsil məktəblərinin direktorları iştirak edirdilər.

Tədbiri "Mikrosoft Azərbaycan" şirkətinin "Təhsildə əməkdaşlıq" proqramının meneceri Emin Axundov açaraq bildirdi ki, "Məzmunda innovasiyalar" və "Tərəfdaşlıqda innovasiyalar" adlı iki nominasiyanı əhatə edən müsabiqədə paytaxtın və 13 bölgənin ümumtəhsil məktəbindən 200 müəllim iştirak etmiş, onlardan 20-si ilkin mərhələni aşaraq finala vəsiqə almışdır. Finalçılar arasında müsabiqənin iki nominasiyası üzrə qaliblər həm ekspert, həm də valideyn münsiflər tərəfindən müəyyənləşdirmişdir. Ekspertlərdən ibarət münsiflər heyətinə tanınmış informatika mütəxəssisi Ramin Mahmudzadə rəhbərlik etmişdir. Akademik Zərifə Əliyeva adına orta məktəbdə təşkil olunmuş finalda hər iki nominasiya üzrə müvafiq olaraq I, II, III yerləri tutan qaliblər müəyyənləşdirilmişdir.

Sonra söz təhsil naziri Misir Mərdanova verildi. İştirakçıları salamlayan təhsil naziri öncə tədbirin əhəmiyyətini qeyd etdi, onun İKT savadlılığına yiyələnməkdə müəllimlər üçün güclü motivasiya olduğunu vurğuladı. Nazir qeyd etdi ki, İKT dövlət başçısının siyasətində prioritet istiqamət təşkil edir. Son illər sürətlə inkişaf edən İKT-nin geniş tətdiq olunduğu məkanlardan biri də təhsildir. Bu sahədə həyata keçirilən bir dövlət proqramı artıq başa çatmış, ikincisinə başlanmışdır.

Nazir İKT-nin tətbiqi ilə bağlı müxtəlif layihələr gerçəkləşdirən qeyri-hökumət təşkilatlarının fəaliyyətini təqdir edərək, bu işin onların özünü də inkişaf etdirdiyini söylədi.

Təhsil Nazirliyi olaraq İKT-nin tətbiqi istiqamətində atdıqları addımlardan danışan Misir Mərdanov işə yeni qəbul edilən məktəb direktorlarının İKT sahəsində bilik və bacarıqlarının yoxlandığını, yaxın zamanlarda bunun işləyən bütün direktorlara şamil ediləcəyini bildirdi. Qeyd etdi ki, yaxın gələcəkdə ali məktəblərə qəbul zamanı abituriyentlərin İKT üzrə biliklərinin də yoxlanılması gözlənilir.

çıxışının sonunda qalibləri təbrik edən təhsil naziri onların bu işin yayıcıları olmasını arzuladı, eyni zamanda şirkət rəhbərlərini İKT ilə bağlı işlərdə imkanları daxilində daha fəal iştirak etməyə çağırdı.

Mərasimdə münsiflər heyətinin sədri Ramin Mahmudzadə, HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov, Mədəd humanitar təşkilatı İctimai Birliyinin direktoru Emil Məmmədov çıxış edərək müsabiqənin yüksək səviyyədə və obyektiv keçdiyini qeyd etdilər, qaliblərə təbriklərini çatdırdılar.

çıxışlardan sonra müsabiqənin nəticələri açıqlandı. Məlum oldu ki, "Məzmunda innovasiya" nominasiyası üzrə Bakı şəhəri 7 nömrəli orta məktəbin müəllimi Gülnarə Səlimova "Həyat fəlsəfəsində rəqəmlərin möcüzələri" layihəsi ilə I, Lənkəran şəhər 10 nömrəli məktəbin müəllimi İlhamə Səfərova "Enerji" layihəsi ilə II, Heydər Əliyev adına liseyin müəllimi Ayna Sadıqova "Ətraf mühitin çirklənməsi" layihəsi ilə III yerə layiq görülüblər.

"Tərəfdaşlıqda innovasiya" nominasiyasında Bakı Avropa Liseyinin müəllimləri Rahilə Əliyarzadə və Bahar Kərimova birgə "Virtual həyata təhlükəsizliyini qoru" (I yer), Bakı şəhəri akademik Zərifə Əliyeva adına məktəbin müəllimi Aygün Əzizova "öyrənərək öyrədirik" (II yer), Bakı şəhəri 189 nömrəli məktəbin müəllimi Zemfira Məhəmmədova "İnsan insanlar aləmində" (III yer) layihələri ilə qalib olmuşlar.

Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olundu. Müsabiqədə I yeri tutanlar bu il martın 24-26-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa innovativ müəllimlər forumunda Azərbaycanı təmsil edəcəklər.

 

Yusif ƏLİYEV