· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Pedaqoji universitetdə Elmi Şuranın iclası keçirildi

 Martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində böyük Elmi Şuranın genişləndirilmiş iclası keçirildi. ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov zala toplaşanları salamlayaraq bu iclasın bir qədər qeyri-adi - daha geniş tərkibdə keçirildiyini dedi və dəvəti qəbul etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirdi.

İclasın gündəliyi səsə qoyularaq şura üzvləri tərəfindən qəbul edildi. Professor Yusif Məmmədov gündəlikdəki I məsələ - "ölkə rəhbərliyinin ali məktəblər qarşısında qoyduğu vəzifələr haqqında" məruzə ilə çıxış etdi, daha sonra son illər ADPU-da müxtəlif sahələrdə aparılan islahatlardan söz açdı, görülən işlər və bunun nəticəsində əldə edilmiş nailiyyətlər barədə məlumat verdi və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırdı. Rektor bütün bunlara daim böyük dəstək göstərən, köməyini əsirgəməyən təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirdi.

Tədbir iştirakçıları sonra ADPU-nun tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılovun gündəlikdəki digər məsələlər  - "Qış imtahan sessiyasının yekunları haqqında" və "İmtahan və kollokviumlar üçün tələb edilən testlərin keyfiyyətinə nəzarət komissiyasının yaradılması haqqında" məruzələrini dinlədilər. Komissiya üzvlərinin siyahısı oxundu və səsə qoyularaq şura üzvləri tərəfindən qəbul edildi.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov iclasda səslənən bir sıra məsələlərlə bağlı fikrini bildirdi. O, gənclərin müasir dövrün tələblərinə uyğun formalaşması ilə yanaşı, tariximiz və mədəniyyətimizə aid elementar biliklərə yiyələnmələrinin də zəruri olduğunu qeyd etdi.

Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi. Nazir dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son dövrlər ölkəmizdə təhsil mühitinin və bu sahədə çalışanların sosial vəziyyətinin xeyli yaxşılaşdığını dedi. Elmi Şura iclasındakı çıxışında Misir Mərdanov ali təhsillə bağlı bir sıra məsələlərə toxundu, gənc kadrların fəaliyyətinə geniş imkanların yaradılması, əcnəbi tələbələrin ölkəmizin ali məktəblərində təhsili, universitetlərdə elmi istiqamətin inkişaf etdirilməsi, pedaqoji təcrübənin səmərəli təşkili və s. barədə fikrini bildirdi. Qarşıda duran həlli vacib problemlərdən danışarkən o, ölkənin təhsil sistemində ədalətlilik və şəffaflıq prinsipinin gözlənilməsinin çox vacib olduğunu vurğuladı və bu baxımdan müvəffəqiyyət faizi nə qədər aşağı düşsə də, Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırdı.

Təhsil naziri çıxışında bəzi təkliflərini səsləndirdi. O qeyd etdi ki, paytaxtın yüksək nailiyyətləri ilə seçilən ümumtəhsil məktəblərinin rəhbərləri tez-tez bir sıra fənlər üzrə yaxşı müəllim axtarmaları ilə bağlı müraciətlər edirlər. Buna görə də universitetin kollektivinin, ayrı-ayrı fakültə və kafedraların Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və məktəb direktorları ilə əlaqə yaratması, onlarla müntəzəm görüşlərin keçirilməsi hər iki tərəfin xeyrinə olar və ümumi işə böyük fayda verə bilər.

Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası" haqqında ətraflı məlumat verən Misir Mərdanov məhz pedaqoji kadrlar hazırladığı üçün universitetin bütün fakültələrində bu sənədin dərindən öyrənilməsini tövsiyə etdi.

Təhsil naziri çıxışının sonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin haqq və ədalətə aparan yolun başlanğıcında olduğunu dedi və hamıya bu yolda inamla addımlayaraq böyük uğurlar qazanmağı arzuladı.

 

Hicran ƏKBƏROVA