Naxçıvan Dövlət Universitetində (NDU) “Çağdaş Azərbaycan dilinin aktual problemləri” adlı respublika elmi konfransı keçirilib.

 

Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov Azərbaycan dilinin xalqımızın mənəvi varlığını ifadə edən əsas amil olduğunu deyib.

 

Bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dil siyasəti bugün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Alim diqqətə çatdırıb ki, muxtar respublikada da dövlətin  dil siyasəti uğurla həyata keçirilir.

 

“Naxçıvan dialekt və şivələrinin öyrənilməsi məsələləri” adlı çıxışında AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev qeyd edib ki, hər bir dildə bir neçə dialekt ola bilir. Dialekt fərqləri dilin həm fonetik sistemində, həm lüğət tərkibində, həm də qrammatik quruluşunda özünü göstərir. 

 

Azərbaycan dilinin dialektologiya, nitq mədəniyyəti və üslubiyyat sahəsindəki problemlərinə dair çıxışında universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova vurğulayıb ki, nitq mədəniyyəti xalqın mədəni səviyyəsi ilə ölçülür. Məlumdur ki, mədəni səviyyə xalqın bütün təbəqələrinin öz ana dilini bilməsi, ona qayğı göstərməsi, onu sevməsi ilə bağlıdır. Professor Ümummilli ­lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində, onun qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən ətraflı bəhs edib. 

 

Tədbirdə çıxış edənlər ədəbi dil normalarının qorunmasında, Azərbaycan oxucusunun və tamaşaçısının ədəbi-bədii zövqünün formalaşmasında dövlətlə yanaşı, bütövlükdə cəmiyyətin mühüm rol oynadığını qeyd ediblər.