“Fəxr edirik ki, İsa kimi qəhrəman şagirdimiz olub”


Qazi məzun haqqında  müəllimləri danışırlar

 

Şanlı Zəfərimizin 3 ili tamam olur. 2020-ci ilin sentyabr ayının 27-də başlanan ikinci Qarabağ müharibəsi Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Böyük Qələbəsi ilə başa çatdı. Azərbaycanın şanlı tarixinə əbədi həkk olunan 44 günlük Vətən müharibəsində Qələbəni bizə qazandıranlara əbədi borcluyuq. Bizlərə Qələbə sevincini yaşatmaq üçün canlarından keçmiş şəhidlərimizi, qazilərimizi heç vaxt unutmamalıyıq və unutmayacağıq!

 

Vətən müharibəsinin qəhrəmanlarından biri də ilk günlərdən ikinci Qarabağ müharibəsində döyüşlərə atılan, Füzulidən Xocavənd istiqamətinə qədər şərəfli döyüş yolu keçən və bu yolda özünü qurban verməkdən bir an belə çəkinməyən Qarabağ Qazimiz Əliyev İsa Şahin oğludur. Gəlin, onun qəhrəmanlıq hekayəsi ilə tanış olaq.

 

44 günlük II Qarabağ müharibəsinin qazisi, müharibə veteranı Əliyev İsa Şahin oğlu 1999-cu il Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə İsa Əliyev Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbində 1-ci sinfə gedib. 8-ci sinfi bitirərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə imtahan verib və yüksək nəticələrlə liseyə qəbul edilib. 2016-cı ildə liseyi bitirən gənc İsa Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və burada da çox tərifəlayiq, nümunəvi kursant olaraq müəllim kollektivinin sevimli tələbəsinə çevrilib. İsa Əliyevin valideynlərinə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən nümunəvi övlad böyütdükləri üçün təşəkkürlər edilib.

 

2020-ci ilin sentyabr ayının 27-də Şanlı Zəfər yolunun ilk yolçularından biri də zabit kimi müharibəyə qoşulan Əliyev İsa Şahin oğlu olub. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Mərdinli və bir çox kəndlərinin azadlığı uğrunda, həmçinin Xocavənd istiqamətində gedən döyüşlərdə şücaətlə iştirak edən qəhrəman zabitimiz mehribanlığı və qayğıkeşliyi ilə əsgər yoldaşlarının da rəğbətini qazanıb. Noyabrın 8-də Xocavənd istiqamətində yüksəklik uğrunda gedən döyüşdə düşmən tərəfindən atılan minamyot mərmisinin yaxınlığına düşməsi nəticəsində İsa Əliyev ayağından qəlpə yaraları alıb və 5 saata yaxın yaralı halda döyüş meydanında qalıb. Beyləqan rayonunda yerləşən Xocavənd xəstəxanasına çatdırılan İsa bir müddət burada müalicə aldıqdan sonra Sabirabad, Şəmkir rayonlarında, Gəncə şəhərində yerləşən xəstəxanalarda müalicəsini davam etdirib və Türkiyədə də müalicə alıb.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əliyev İsa Şahin oğlu torpaqlarımızın düşmənlərdən azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

 

İkinci Qarabağ müharibəsi veteranı İsa Əliyev bu gün də sevdiyi peşəsini davam etdirməkdədir. Müharibədən sonra o, Azərbaycan hərbiçiləri ilə birgə Türkiyədə 3 aylıq kurs keçib. 2022-ci ildə baş verən sərhəd, həmçinin 2023-cü ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə həyata keçirilən antiterror əməliyyatlarında düşmənin separatçı qüvvələrinin Qarabağ ərazisindən çıxarılmasında, xeyli sayda düşmənin şəxsi heyətinin və texnikasının məhvində iştirak edib.

 

Tarix yazan qəhrəman qazimiz haqqında bir vaxtlar şagirdi olduğu, indi isə qəhrəmanlığı ilə qürur duyan Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin müəlimləri “Azərbaycan müəllimi” qəzetinə danışıblar.

 

“Həmişə intizamlı, çalışqan şagird olub, bütün dərslərinə məsuliyyətlə yanaşıb”

 

Solmaz Camalova, Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi: “Mən istərdim məktəbimizin məzunu, 44 günlük Vətən müharibəsində böyük şücaət göstərmiş və yaralanmış qazimiz İsa Əliyevin məktəb illərində necə şagird olması barədə danışım. İsa həmişə intizamlı, çalışqan şagird olub, bütün dərslərinə məsuliyyətlə yanaşıb. Nümunəvi davranışlı, sakit təbiətli şagird kimi hər zaman yoldaşları ilə mehriban rəftar edib. O, riyaziyyat dərsinə xüsusi maraq göstərirdi. Bir gün mənə yaxınlaşıb dedi ki, “müəllim, xahiş edirəm mənimlə 9-cu sinfə qədər olan riyaziyyat proqramını təkrar edəsiniz. Mən Cəmşid Naxçıvanski adına hərbi liseyə sənəd vermək istəyirəm”. Mən İsadan soruşdum ki, “sən niyə məhz bu peşəyə yiyələnmək istəyirsən?”. İsa cavab verdi ki, “mənim arzum torpaqlarımızın, Vətənimizin qorunması kimi şərəfli bir peşəyə sahib olmaqdır”. Bu, o zamanlar idi ki, bizim torpaqlarımız işğal altında idi. Mən İsa ilə riyaziyyat proqramını təkrara başladım. İnanın ki, 5 ayın içərisində o 5 ilin proqramını mükəmməl qavradı, gözəl nəticələrlə də Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul oldu. İsa öz arzusuna çatdı. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək böyük şücaətlər göstərdi. Döyüşlərdə layiqincə iştirak edən İsa medallarla təltif olundu və indi bizim qazimizdir. Qəhrəman şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu. Allah Vətən uğrunda canından keçən Şəhidlərimizin ruhunu şad etsin! Qazilərimizə şəfa versin! İsa kimi, bütün qazilərimiz bizim baş tacımızdır!”

 

 “Vətənpərvərlik hissi, hərbiyə olan sevgisi elə kiçik yaşlarından duyulurdu”

 

Aidə Əmirhüseynova, Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin ingilis dili müəllimi:  “Əliyev İsa Şahin oğlu bizim məktəbin yetirməsi olub. Mən İsaya ingilis dili fənnini tədris etmişəm və dərs dediyim müddətdə ondakı vətənpərvərlik hissi, hərbiyə olan sevgisi elə kiçik yaşlarından duyulurdu. İsa çox ağıllı, tərbiyəli, intizamlı, müəllimlərinə qulaq asan, Vətənini sevən, dostları ilə həmişə mehriban davranan bir şagird olub. O,  dərslərinə həmişə hazırlıqlı, hər bir dərsdə Vətənə olan məhəbbətini nümayiş etdirən bir şagird olub. Biz fəxr edirik ki, bizim İsa kimi qəhrəman şagirdimiz olub. Mən özüm də ikinci Qarabağ müharibəsi veteranının anasıyam və bütün qazilərimizə Allahdan tezliklə sağlamlıqlarına qovuşmağı diləyirəm. Bizim məktəbimizin üç nəfər Şəhid məzunu var. Biz onların əziz xatirələrini də dərin hüznlə yad edirik. Allah torpaqlarımızın azad edilməsi uğrunda canından keçən bütün Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə möhkəm cansağlığı versin!”

 

Öz fədakarlığı ilə  adını  tariximizin  şanlı səhifəsinə yazan cəsur zabitimiz İsa Əliyevə fəaliyyətində hər zaman uğurlar arzulayırıq.

 

Lamiyə ƏLİMƏRDANOVA