“Agro Food İnvestments” qrupa daxil olan Grand Agro MMC-nin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüş keçiriblər.



Görüşdə AFİ Qrupun İnsan resursları departamentinin müdiri Fərid Nəcəfov, Grand Agro MMC-nin İnsan resursları şöbəsinin müdiri Emil İbişov və baş mütəxəssis Leyla Ələkbərova iştirak ediblər.



Tədbirin məqsədi ADAU-da Grand Agro MMC tərəfindən istifadəyə veriləcək AFİ Karyera Mərkəzinin fəaliyyəti haqqında tələbələri məlumatlandırmaq olub.



F. Nəcəfov bildirib ki, Azərbaycanın aparıcı şirkətlər qrupu olan AFİ Qrupa 10-a yaxın şirkət daxildir. Bu şirkətlər Bakıda və regionlarda fəaliyyət göstərərək ölkəmizdə aqrar sahənin inkişafına öz töhfələrini verirlər. Daha sonra AFİ Karyera Mərkəzinin fəaliyyət istiqamətlərindən bəhs olunub.



Diqqətə çatdırılıb ki, layihənin məqsədi “Aqronomluq”, “Bağçılıq”, “Torpaqşünaslıq və aqrokimya”, “Meliorasiya mühəndisliyi”, “Aqromühəndislik” və “Bitki mühafizəsi” ixtisasları üzrə tələbələri ödənişli təcrübə proqramından faydalanmağa dəvət etməkdir.



Həmçinin, bu təcrübə proqramında şirkət tərəfindən tələbəyə 600-800 azn arası təqaüd ödəniləcək.



Qeydiyyatdan keçən tələbələr ixtisaslarına dair test imtahanından keçdikdən sonra müsahibə mərhələsinə şans qazanacaqlar. Müsahibədə tələblərə cavab verən namizədlər 15-20 nəfər olmaqla, təcrübə proqramında iştirak edə biləcək. Bu tələbələr mütəmadi olaraq yerli və xarici mütəxəssislərdən nəzəri və praktik biliklər alacaq, həmçinin, onların praktik biliklərini gücləndirmək üçün xarici ölkələrə səfəri də şirkət tərəfindən təmin olunacaq. Sonda uğurlu olan namizədlər sertifikat əldə edərək şirkətlər qrupunda iş imkanı qazanacaqlar.