NDU-da təqdimat


Naxçıvan Dövlət Universitetində  “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub. Mərasimdə bu ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov   Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA Folklor İnstitutunun direktoru Muxtar Imanovu salamlayaraq bu qiymətli kitabın təqdimatında iştirak etdiklərindən məmnunluq duyduğunu bildirib. Rektor qeyd edib ki, Azərbaycanda multikulturalizmin çox ciddi tarixi, coğrafi, ideoloji, siyasi əsasları var. Buna görə də Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti səviyyəsinə çatdırıb. Dövlətimizin başçısının kitabda yer almış fikirlərinin məcmusu bütövlükdə Azərbaycan multikulturalizmi haqqında tam təsəvvür formalaşdırır.

 

Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru Əli Həsənov, tərtibçiləri Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyevdir.

 

Akademik Kamal Abdulla kitab haqda məlumat verərək qeyd edib ki, müasir dövrdə Azərbaycan multikultarilizmin əsas mərkəzlərindən biridir. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti kimi formalaşmasında ümummilli liderin xidmətlərini önə çəkən akademik bu siyasətin müasir dövrdə dövlətimzin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulayıb. Qeyd edilib  ki, Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında söylədiyi dəyərli fikirləri toplanıb. Həmçinin nəşrdə dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur. Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verilərək bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini sürətləndirir.  Dövlətimizin başçısının nəşrdə toplanmış hər bir fikrində ölkəmizə, xalqımıza, dünyadakı bütün sülhsevər insanlara məhəbbət və sevgi hiss edilir. Kitabın digər dillərə tərcüməsi də nəzərdə tutulur.

 

Diqqətə çatdırılıb ki, “Azərbaycan multikultarilizmi” fənni artıq Azərbaycanda bir çox universitetlərin tədris prosesinə daxil edilib.  Bu fənn, həmçinin, dünyanın bir çox ölkələrində (İtaliya, Almaniya, İsveç, Ruminiya, Rusiya, Gürcüstan, Moldova, Litva, Çin, İndoneziya) tədris olunur.

 

AMEA Folklor İnstitutunun direktoru, Muxtar Imanov vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunması multikulturalizm siyasətinə dövlətin önəm verməsinin bariz nümunəsidir. Diqqətə çatdırılıb ki, Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Ölkəmiz multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsi ilə tanınır. Təqdimatı keçirilən bu kitab Azərbaycan Prezidentinin multikultural dəyərlərə nə qədər çox önəm verməsinin bariz göstəricisidir. Bildirilib ki, kitab təkcə Azərbaycan multikulturalizmini deyil, Azərbaycan xalqının tarixini, ədəbiyyatını, mədəniyyətini, mənəviyyatını öyrənmək istəyənlər üçün gözəl vəsaitdir.

 

Qeyd edək ki, kitaba daxil olan sitatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AZƏRTAC tərəfindən yayılmış nitqlərindən, çıxışlarından və müsahibələrindən götürülüb.

 

Kitab siyasətçilər, ölkəşünaslar, mədəniyyətşünaslar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Sonda qonaqlar universitetin Elmi Kitabxanasına “Azərbaycan multikulturalizmi” dərsliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanmış “Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları” kitabının Azərbaycan, rus, ingilis dillərindəki  variantı, “Basatın Təpəgözü öldürdüyü boy”un 20 dilə tərcümə olunmuş versiyasını təqdim ediblər.