Azərbaycan müəllimləri XVI qurultayına hazırlaşır


Ölkə müəllimləri növbəti - sayca XVI qurultayına hazırlaşır. Gələn həftə baş tutacaq qurultayda dövlət rəsmiləri və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil işçiləri, ümumilikdə 1700-ə yaxın nümayəndənin iştirak edəcəyi gözlənilir.

 

Qurultayın keçirilməsində məqsəd Azərbaycan  Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilən hədəflərə necə nail olunduğu, eləcə də 2018-ci ilin noyabrında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayından sonrakı müddətdə təhsil sistemində həyata keçirilən tədbirlər və islahatlar barədə ölkə ictimaiyyətini məlumatlandırmaqdır. Bu mühüm tədbir təhsil sistemi qarşısında duran yeni vəzifələri də müəyyənləşdirəcək.

 

Ümumiyyətlə, qeyd edək ki, qurultay müəllimlərin təhsil həyatında xüsusi əhəmiyyətə malik hadisədir və  ənənəvi olaraq 5 ildən bir keçirilir. Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib.

 

Müstəqillik dövründə Azərbaycan müəllimlərinin artıq 5 qurultayı keçirilib. Ötən V qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb ki, “Azərbaycan müəllimi” onların bəziləri ilə 5 il öncə yaşadıqları hissləri paylaşıb, 5 il sonra da canlı qalan təəssüratlarını bölüşüb.

 

Qurultayda iştirak etməyin qüruru

 

Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev qurultayda nəinki iştirakçı, hətta çıxışçılardan biri idi: “2018-ci ilin noyabrında  keçirilən qurultaya dəvət alanda çox sevindim. Haşiyə çıxaraq qeyd edim ki, 2016-cı ilin aprel döyüşlərində dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhədə böyük uğur əldə etmişdik. Ermənilərə sarsıdıcı zərbə vuran ordumuz Lələtəpə yüksəkliyini düşməndən xilas etmiş, Cocuq Mərcanlıda yaşayış bərpa olunmuş, həyat normal axarına düşmüşdü. O vaxt bir ümid işığı yanmışdı və “Cocuq Mərcanlıdan Şuşaya!”fikri güclənmişdi. Çoxlarımız üçün Qarabağa Böyük Qayıdışın başlanğıcı idi Cocuq Mərcanlı kəndində bərpa edilən həyat. Bu fikrin yaratdığı çox böyük, ümid dolu düşüncələrlə qatılmışdım mən də qurultaya. Bu cür böyük hadisələrdən sonra qürurluyduq və elə bu düşüncələrin təsiri ilə qurultayda qürurla iştirak və çıxış etdim. Mən bu kənddə doğulub böyümüşəm. 1993-cü ildə kəndimizi tərk edəndə cəmi 12 yaşım vardı. Üstündən 20 il keçəndən sonra bu kəndə qayıtmışdım. Ürəyimdə həm bu hisslərin, həm qurultayda iştirak etməyin qüruru vardı. Ölkəmizdə 4500 məktəb var və bilirdim ki, təsadüfi hallarda məktəb direktoru qurultayda çıxış edir. Sadaladığım güclü hissin üstünə bunun da qüruru əlavə olunmuşdu. O gün çıxışımın sonunda Qarabağ torpaqlarının tamamilə işğaldan azad olunacağına olan ümidlərimi dilə gətirdim. Xankəndidə Azərbaycanın üçrəngli bayrağının dalğalanacağına olan inamımı ifadə etdim. Bu gün mənim 5 il əvvəl dilə gətirdiyim həmin arzular reallaşıb. Doğrusu, o cür mötəbər tədbirdə, dünyagörüşlü insanların, tanınmış müəllimlərin qarşısında çıxış etməyin məsuliyyəti çox ağırdır. Amma çıxışımdan sonra zaldan aldığım dəstək alqışları hələ qulaqlarımdadı. İndi o günü daha böyük qürurla xatırlayıram. Sevinirəm ki, budəfəki qurultayda sinəsi mənim 5 il əvvəl keçirdiyim hisslərlə dolu çox müəllimlər olacaq. Öz torpağına qayıtmağın sevincini yaşayan, hələ köçə bilməsə də, o günün artıq xəyal olmadığını bilən müəllimlərlə növbəti qurultayın daha möhtəşəm olacağına inanıram!”

 

 

“Qurultayda iştirak etmək mənə stimul verdi”

 

Qurultay iştirakçılarından biri də İmişli rayonundan qatılıb. O, Buludlu kənd İ.Allahverdiyev adına tam orta məktəbin direktoru Əli Nəcəfov olub. 1979-cu ildən müəllim kimi fəaliyyət göstərən Əli Nəcəfov üçün yaddaqalan çıxışlar çox olub: “Qurultayda iştirak etmək mənə stimul verdi. Qurultayın tələbləri əsasında işimizi yenidən qurduq. Hər müəllim üçün burada iştirak əhəmiyyətli hadisədir”.

 

Ə.Nəcəfov deyib ki, 40 ildən çoxdur məktəb direktorudur və XV qurultay onun fəaliyyətinin ən yaddaqalan hadisəsi olub: “İlk dəfə qurultayda iştirak edirdim. Biz Sovet təhsilinin yetirmələriyik. Qurultayı təsəvvürümdə başqa cür canlandırırdım. Sovet dövründə çağırılan qurultaylar kimi olacağını düşünürdüm. Ancaq tədbir mənim üçün çox maraqlı keçdi. Demokratik prinsiplərin üstünlük təşkil etdiyi ölkə əhəmiyyətli bir hadisə olduğunu gördüm. Azərbaycan təhsilinin keçmişinə hörmət, gələcəyinə ümid verən bir tədbir oldu”.

 

 

 

“Hər yeniliyin ölkə səviyyəsində əks-sədasını gördüm”

 

Azərbaycan müəllimlərinin qurultayında iştirak edənlərdən biridir Şuşa məktəbinin müəllimi Gülafət Şəfiyeva. Həm də universitetdə dərs deyən G.Şəfiyeva peşəsində nailiyyətləri olan müəllimlərdən biri olaraq müəllimlərin XV qurultayına dəvət edilib. Belə ki, 2015-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq uğur qazanıb. 52 balla  Şuşa şəhər 8 nömrəli tam orta məktəbində işə qəbul olunub. 2017-ci ildə keçirilən diaqnostik qiymətləndirmədə 58 bal toplayıb və bu nəticəsi ilə yerdəyişmə müsabiqəsinə qoşulub. Şuşa şəhər 3 nöməli tam orta məktəbinə dəyişib: “Mən yenə Şuşanı seçdim. Əslən Şuşadan olan müəllimlərlə çiyin-çiyinə şuşalıların balalarına təhsil vermək istədim”.

 

Bu uğurların ardınca XV qurultayda iştirak etmək də ona çox şey qazandırıb: “Azərbaycandakı təhsil islahatlarının mahiyyəti barədə geniş məlumatlar aldıq. Panel müzakirələrdə xüsusi həvəslə iştirak etdim. Ali təhsil istiqaməti üzrə perspektivlərdən, təhsildə innovasiyalardan tutmuş şagird qiymətləndirməsinə qədər bir çox mövzuda yeni yanaşmaları öyrəndik. Qurultay ən çox müəllimlərin öyrəndikləri yenilikləri öz aralarında necə qızğın müzakirə etmələri ilə yaddaşıma həkk olundu”.

 

G.Şəfiyevanın fikrincə, qurultayın nəticəsi müasir təhsil sistemində əksini tapıb: “Qurultaydan sonrakı dövrdə müəllimlərin işə qəbulu müsabiqəsində dəyişikliklər, sertifikatlaşdırmanın keçirilməsi bunun təsdiqidir. Yaxud, başqa bir nümunəyə diqqətinizi çəkim. Qurultayda peşə təhsilinin inkişafı ilə bağlı maraqlı müzakirələr oldu, müxtəlif səpgili təkliflər səsləndirildi. Ötən 5 il ərzində peşə təhsilində gedən proses, qət edilən yol və əldə edilənlər həmin müzakirələrin nəticəsiz qalmadığının göstəricisidir”.

 

G.Şəfiyeva qurultayda iştirakçı olmağın qürurverici olduğunu deyib:  Müşahidəm əsasında deyə bilərəm ki, elə müəllimlərlə tanış olub müzakirələrə qatıldım ki, onların qurultayda olması təhsilin inkişafına bir töhfə idi”.

 

G.Şəfiyeva qurultayı müəllimlərin islahatları daha yaxşı anlaması və nəticəsini görməsi baxımından da əhımiyyətli hesab edir: “Qurultayda məktəbdə həyata keçirdiyimiz hər yeniliyin ölkə səviyyəsində əks-sədasını gördüm, nəticəsini öyrəndim. İstər ali təhsil, istər orta təhsil sahəsində həyata keçirilən islahatların nəticəsini göstərən rəqəmlərin təhlilini dinləməyə, kəmiyyət və keyfiyyət dəyişikliyini daha aydın görməyə imkan verən qurultayın sayəsində əslində, Azərbaycan təhsilində nə qədər böyük inkişaf olduğunu görə bildik ”.  

 

Ruhiyyə DAŞSALAHLI