Bölgə məktəblərində maarifləndirmə tədbirləri davam edir


Ümumi təhsil müəssisələrində fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə kampaniyasının davamı olaraq növbəti tədbir Balakən rayonu  A.Səhhət adına Hənifə kənd tam orta məktəbində keçirilib.

 

Məktəbin direktoru Cavanşir Alqayev açaraq layihənin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.

 

Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev təhsilalanların və təhsilverənlərin yarana biləcək fövqəladə hallara daim hazır olması, bu vəziyyətlərdə davranış qaydalarına dair vərdiş və biliklərə yiyələnməsi vacibliyini diqqətə çatdırıb.

 

Məsələ ilə bağlı maarifləndirici videoçarxlar nümayiş olunub. Müzakirə edilən məsələlər barədə Hənifə kənd tam orta məktəbinin valideyn komitəsinin  sədri İsmayıl Dibirov, Balakən Rayon Təhsil  sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova fikirlərini bölüşüblər.

 

Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə Xəzər dənizi və su hövzələrində boğulma yanğın təhlükəsinə qarşı maarifləndirici tədbirdə də mövzu ilə bağlı geniş müzakirə aparılıb.

 

Tədbirdə rayonun tam və ümumi orta məktəblərinin rəhbərləri, valideyn komitə sədrləri, müəllimlər, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əhatə dairəsində olan  rayonların məktəb, peşə və kollec rəhbərləri, eləcə də Qax RİH-in nümayəndəsi, Qızıl Ayparanın rayon təşkilatının rəhbəri və ümumilikdə 150 nəfər iştirak edib.

 

Tədbiri giriş sözü ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova açıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin, eləcə də 2023-cü ildə anadan olmasının 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Məhbubə Mustafayeva və Nizami Fərəcov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə təhsil sektorunun müdiri Babək Heydərov çıxış ediblər.

 

Çıxışlarda Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirilmə işlərinin aparılması üçün ümumi təhsil müəssisələrində treninq-müşavirələrin keçirilməsi tövsiyə olunub.

 

Tədbirdə həmçinin bölgələrdə yerləşən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması və təhlükəsizliyini artırmaq üçün əlavə tədbirlər barədə müzakirələr aparılıb.

 

Eyni zamanda partlayış təhlükəsinə qarşı təhsilalanların və təhsilverənlərin, valideynlərin məlumatlandırılması və digər fövqəladə halların qarşısının alınması kimi vacib məsələlər  diqqətə çatdırılıb.

 

Tədbirdən sonra Elm və Təhsil Nazirliyinin nümayəndəsi R.Ağayev və qonaqlar rayonun ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olan Vətən müharibəsi iştirakçıları ilə görüşüblər.

 

Kürdəmir şəhər R. Quliyev adına 5 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı baş verəcək hadisələrdən qorunma” ilə bağlı maarifləndirici görüş Mərkəzi Aran Regional Təhsil İdarəsini təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dəstəyi ilə  baş tutub.

 

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ozal Şirinov fövqəladə hallar zamanı davranış, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzular barədə məlumat verib.

 

Elm və Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adıgözəlov çıxışında təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsi, bu istiqamətdə onların bilik və bacarıqlarını artırmağın vacibliyindən danışıb.

 

Sonra çıxış edən təhsil sektorunun müdiri Rəfael Məmmədov fövqəladə hallar zamanı görüləcək işlər, atılacaq addımlar, eyni zamanda təxliyə planları barədə məlumat verib.

 

Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsində “Fövqaladə hallar zamanı baş verəcək hadisələrin qarşısının alınması” ilə bağlı daha bir maarifləndirici tədbir keçirilib.

 

Tədbiri giriş sözləri ilə açan təhsil idarəsinin müdiri Elçin Kərimov təhsil müəssisələrində fövqəladə hallar zamanı müəllim-şagird heyəti tərəfindən davranış qaydalarına düzgün riayət olunması və bu istiqamətdə maarifləndirici tədbirlərin təşkilinin önəmini vurğulayıb.

 

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Məhbubə Mustafayeva və Nizami Fərəcov fövqəladə hallar zamanı davranış, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzular barədə məlumat veriblər.

 

Sonda fövqəladə hallar zamanı baş verəcək hadisələrin qarşısının alınması ilə bağlı videoçarx nümayiş olunub.

 

Qeyd edək ki, görüşün keçirilməsində məqsəd yanğın, dəm qazı, digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarətdir.