Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilimş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir.  

 

Beynəlxalq konfrans MDU, Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU), Litvanın Mikolas Romeris Universiteti (MRU), Ukraynanın Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD) və Qırğız Respublikasının Qırğız İqtisad Universitetinin (KEU) həmtəşkilatçılığı ilə keçirilir.

 

Beynəlxalq konfransa dünyanın 9 ölkəsinin ali təhsil müəssisələri, elmi tədqiqat institutları və müvafiq qurumlarından akademik heyət üzvləri, alimlər və ekspertlər qatılıb.

 

Beynəlxalq konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Qazi Universitetinin rektoru Musa Yıldız, Lənkəran Dövlət Universitetinin  rektoru Natiq İbrahimov, Litvanın Mykolas Romeris Universitetinin rektoru İnqa Zaleniene, Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa,  KNUTD-un rektoru İvan Qrişenko, RİSEBA Tətbiqi Elmlər Universitetinin rektoru Lucija Rutka,  KEU-nun rektoru Almaz Kadıraliyev, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov, AHBVU-nun turzim fakültəsinin dekanı İrfan Yazıcıoğlu, müstəqil tədqiqatçı Işıl Keskin Şahan çıxış ediblər.

 

MDU-nun rektoru Ş.Bayramov konfransın davamlı iqtisadı inkişafın qlobal trendləri, ekoloji dayanıqlığın təmini, sosial-iqtisadi inkişaf hədəflərinin dayanıqlı inkişaf məqsədləri ilə uyğunluğu, dördüncü sənaye inqilabından irəli gələn reallıqlar, regionların tarazlı inkişafı, davamlı enerji təminatı, postkonflikt dövründə müasir tendensiyalar, keyfiyyətli təhsil sahəsində milli və beynəlxalq təcrübələr, yüksək rifah cəmiyyəti və digər mövzularda həyata keçirilən tədqiqatların əsas nəticələrinin təqdim olunması və elmi diskussiyaların aparılması məqsədi daşıdığını diqqətə çatdırıb. Vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası” və digər milli və beynəlxalq strateji sənədlərdən irəli gələn vəzifələrin icrasına töhfə verilməsi ideyasından irəli gələrək, beynəlxalq konfransın dövri olaraq keçirilməsi nəzərdə tutulub.

 

Artıq MDU-nun ev sahibliyində ikinci dəfə keçirilən konfransa həm yerli, həm də xarici ictimaiyyət tərəfindən marağın daha da artdığını qeyd edən rektor, ölkəmizdən və xaricdən ümumilikdə 562 tezis və məqalə daxil olduğunu bildirib.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın mövzusunun aktuallığından və əhəmiyyətindən bəhs edib, davamlı inkişafın təmin edilməsinin dünya ölkələrinin, o cümlədən Azərbaycanın  dövlət siyasətinin mühüm prioritetlərindən olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə ali təhsil müəssisələrinin üzərinə düşən öhdəliklərdən bəhs edən Firudin Qurbanov konfransda təqdim ediləcək məruzələrin və aparılacaq müzakirələrin faydalı olacağına əminliyini bildirib, konfrans iştirakçılarına uğurlar arzulayıb.

 

Daha sonra çıxış edən tərəfdaş universitetlərin rektorları və digər qonaqlar universitetlər arasında akademik və elmi əlaqələrin gücləndirilməsini dayanıqlı inkişaf strategiyasına töhfə kontekstində dəyərləndirib, bu baxımdan beynəlxalq konfransın önəmindən bəhs ediblər. Bununla yanaşı, tərəfdaş universitetlərin təmsilçiləri konfrans çərçivəsində irəli sürüləcək və dayanıqlı inkişafa fayda qazandıracaq yeni fəaliyyət təşəbbüsləri üzrə əməkdaşlığa hazır olduqlarını dilə gətiriblər.

 

Daha sonra konfransın plenar iclası keçirilib.